İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekspert dövlət sirri ilə bağlı yeni tələblərdən danışdı

920 21.07.2015 08:35 Ölkə A A

APA-nın məlumatına görə, bu tələblərin müddəaları Azərbaycan ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq, dövlət sirri təşkil edən məlumatla bağlı işlər yerinə yetirən müəssisə, idarə və təşkilatlar, Azərbaycan Silahlı Qüvvələrinin birlikləri, hərbi birləşmələri, müəssisələri, qanunvericiliyə uyğun olaraq yaradılmış digər hərbi qurumları tərəfindən əsas götürülməlidir. 

Tələblərin hazırlanmasında məqsəd dövlət sirrinin mühafizəsi üzrə bölmələrin (DSMB) dövlət sirri təşkil edən məlumatların sənədləşdirilməsi və müvafiq sənədlərlə işin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi üçün daha münasib şəraitin yaradılması, dövlət sirri təşkil edən məlumat daşıyıcılarının nəzarətdən çıxması, itirilməsi, aidiyyəti olmayan şəxslərin onlarla tanış olması, surətinin çıxarılması, şəklinin çəkilməsi, yanğın, təbii fəlakət və texnogen qəzalar zamanı məhv olması risklərinin aradan qaldırılması, dövlət sirrinin və onun daşıyıcılarının daha etibarlı mühafizəsinin təmin edilməsidir. 

Hər bir təşkilatda DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər dövlət sirri sahəsində mövcud qanunvericiliyin müddəalarını rəhbər tutaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təşkilatın fəaliyyət istiqamətləri, təşkilatın yerinə yetirdiyi işlər, təşkilatın yerləşdiyi ərazi, təşkilatın inzibati binasının quruluşu, təşkilatda mövcud olan işçilərin say tərkibi və təşkilatda mövcud olan dövlət sirri təşkil edən məlumatların həcmi nəzərə alınaraq hazırlanır və həmin təşkilata təqdim olunur. 


DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirən tələblər təşkilatın tabeliyində olduğu strukturun rəsmi müraciəti əsasında və ya idarələrarası nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlama zamanı şəraitə uyğun gəlməyən hallar aşkar olunduqda təhlükəsizlik orqanı tərəfindən bir ay müddətində müəyyən edilir. DSMB yeni yaradıldıqda, təşkilatın dislokasiya yeri dəyişdirildikdə, DSMB əsaslı təmir olunduqda və ya bölmə yeni otağa köçdükdə təhlükəsizlik orqanı tərəfindən DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğu barədə rəy verilir. DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğu tələblərə cavab verdikdə, təşkilat rəhbərliyi məktubla təhlükəsizlik orqanına rəy alınması üçün müraciət edir. 

Təhlükəsizlik orqanı bir ay ərzində DSMB-nin fəaliyyəti üçün uyğun şəraitin mövcudluğuna dair rəy verir. Rəy iki nüsxədə tərtib olunmaqla təhlükəsizlik orqanının müvafiq struktur bölməsinin rəisi tərəfindən təsdiq edilir. Rəyin birinci nüsxəsi təşkilata göndərilir, ikinci nüsxəsi təhlükəsizlik orqanında saxlanılır. Rəydə təşkilatın adı, ünvanı, DSMB-nin adı, DSMB-nin otağının yerləşdiyi mərtəbə, otaqların sayı, yaradılmış şəraitə baxılma tarixi, DSMB-nin fəaliyyəti üçün şəraitin uyğunluğunu şərtləndirilən tələblər əks olunur, həmçinin rəy tərtib etmiş şəxslər tərəfindən imzalanır. 

DSMB-nin fəaliyyəti üçün şəraitin mövcudluğu tələblərə cavab vermədiyi təqdirdə 15 gün müddətində mövcud nöqsanların aradan qaldırılması üçün vaxt verilir. Bu müddət ərzində çatışmazlıqlar aradan qaldırılmasa yaradılmış şəraitə baxılması üçün təşkilat rəhbərliyi təhlükəsizlik orqanına məktubla müraciət etməlidir.

MTN-in yeni tələbi NATO-nun Azərbaycanın müharibə hazırlıqları aparması haqda məlumat-proqnozlar verdiyi bir vaxta təsadüf edib. Yeni tələbin ortaya çıxması ilə müharibə hazırlıqları arasında səbəb-əlaqə varmı? 

MTN-in sabiq zabiti Arzu Nağıyev deyir ki, yeni qurum, spesifik sahə yarananda tələblər də yenilənir: “Məxfi, tam məxfi, xidməti istifadə üçün və sair məlumatlarla işləməyə buraxılan şəxslərin siyahısı mütəmadi olaraq yenilənir. Müharibə şəraitinə hazırlığa gəlincə, bunların hamısı o tələblərə daxil olan məsələlərdəndir - yəni tam məxfi, məxfi, xidməti istifadə üçün olan məlumatla kimlər işləyə bilər orada göstərilir. 

Tələblərin yenilənməsi müharibə şəraitinə hazırlıq zamanı da ola bilər. Əgər müharibə vəziyyəti yaransa, bu vəziyyətə uyğunlaşma da olacaq. Televiziyalardan şou verilişlərin, konsertlərin  yığışdırılmasından tutmuş vətəndaşların özlərini necə aparması qaydaları da müəyyən olunur. Bu gün belə bir hal yoxdur. Yəni münaqişə şəraitidir. Hələ ki biz Ermənistan tərəfindən işğal olunan torpaqlarımızı dinc yolla almağa çalışırıq. Müharibəyə hazırlıq həm də qanunların daha da sərtləşdirilməsidir”.

Sözügedən tələblərin sərtləşdirilməsi müharibə hazırlıqları çərçivəsində atılan addım deyil ki? 
A.Nağıyev suala belə cavab verdi: “İnanmıram ki, 100 faiz bununla bağlıdır. Amma ümumilikdə ola bilər. Artıq hərbi sahədə, digər sahələrdə yeni texnika və texnologiyaların tətbiqi ilə bağlı tələblər yenilənə bilər”.

E.MƏMMƏDƏLİYEV


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR