İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhali kreditlərini qaytara bilmir - bilərəkdən ödəniş etməyənlər də var

2665 03.08.2016 08:30 Ölkə A A
Ölkədə vaxtı keçmiş kreditlərin artdığı bildirilir. Mərkəzi Bankın (MB) hesabatına görə, may ayında problemli kreditlərin həcmi 132,9 milyon manat artıb. İyunun 1-i bu rəqəm 1 milyard 514 milyon manata çatıb. Problemli kreditlərin ümumi kredit portfelindəki payının da kəskin artdığı deyilir. Bunun ümumi portfeldə çəkisinin 8,3 faiz olduğu qeyd edilib. Bir ay əvvəl isə bu göstərici 7,4 faiz idi.

Həmçinin bankların kredit qoyuluşlarının da azaldığı açıqlanıb. MB-nin hesabatına görə, iyunun 1-nə ölkə banklarının ümumi kredit portfeli 18 milyard 197,1 milyon manat təşkil edib. Bu may ayında kredit portfelinin 561,6 milyon manat azalması deməkdir. Ancaq Azərbaycandakı müstəqil iqtisadçılar bu rəqəmlərə bir qədər şübhə ilə yanaşırlar. Onlar düşünür ki, problemli kreditlər daha çoxdur.

İqtisadçı alim Fikrət Yusifov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, problemli kreditlər daha çox xarici valyuta ilə götürülən kreditlərdir: “Əgər Mərkəzi Bankın rəsmi saytındakı rəqəmlərə nəzər salsaq, keçən ilin fevral ayı ilə müqayisədə vaxtı keçmiş kreditlərin bu ilin beş ayı ərzində 33 faizdən çox artdığının şahidi olarıq. İlyarım ərzində baş vermiş bu artım kifayət qədər böyükdür. Bəzi banklarda bu rəqəmlərin orta göstəricilərdən daha yüksək olması barədə məlumatlar var. Bu sıraya ilk növbədə bağlanmasına qərar verilmiş və bağlanmaq ərəfəsində olan banklar aiddir. Mərkəzi Bankın məlumatları onu da göstərir ki, artım əsasən xarici valyutada verilmiş kreditlərin ödənişindəki gecikmələr nəticəsində baş verib. Belə ki, keçən ilin fevral ayı ilə müqayisədə, milli valyuta üzrə gecikən kreditlərin həcmi cari ilin may ayında 5,6 faiz azalsa da, xarici valyuta ilə verilən kreditlər üzrə bu gecikmələrin həcmi 2,3 dəfə artıb. Bu rəqəmlər özlüyündə problemin  məhz xarici valyutada olan kreditlər üzrə yarandığını göstərir. Buna görə də hesab edirik ki, problemin həllinin bir yolu var. Mərkəzi Bank daxili borclanma hesabına bankların xarici valyutada verdikləri kreditlər üzrə yaranmış məzənnə fərqini onlara ödəməli və bundan sonra banklar xarici valyutada olan kreditləri köhnə məzənnə ilə manatla olan kreditlərə çevirməlidirlər. Fikrimizcə, bu, məsələnin həllinin ən optimal yoludur”. 

Bankların xarici maliyyə qurumlarından götürdükləri kreditlərə gəldikdə isə ekspert qeyd edib ki, bu istiqamətdə də məqsədyönlü işlərin aparılması mümkündür: “Məsələn, həmin kreditlərin ödəniş vaxtının uzadılması üzrə razılaşmalar əldə etmək mümkündür. Bəzi zəruri hallarda isə bu kreditlərə görə dövlət zəmanəti də vermək olar. Bütövlükdə problemin həlli yollarlarını dediyimiz addımların atılmasında görürük. Əks halda, xarici valyuta ilə verilən kreditlər üzrə gecikmələr daha da artacaq ki, bu da nə banklar üçün, nə də əhali üçün arzu olunan hal deyil”.

Ekspert Əkrəm Həsənov isə bildirib ki, manat kreditləri də artıq qaytarılmır: “Devalvasiya gözləntisi bankların axırına çıxır. Dollar kreditlərinə xüsusi diqqət manat kreditlərini bir qədər kölgədə qoyub. Lakin reallıq budur ki, həm əhali, həm də sahibkarlar nəinki dollar, həmçinin manat kreditlərini də ödəmir. Bir qismi maliyyə çətinliyi ucbatından ödəmir. Bir qismi isə bilərəkdən ödəmir. Məqsəd sadədir: manatın kəskin devalvasiyasını və nəticədə borclarının heçə çevrilməsini gözləyirlər. Təxmini belə düşünürlər: ”Qoy bank məni versin məhkəməyə, məhkəmə prosesini aşağısı 1,5-2 il uzadaram, o vaxta qədər də manat bir neçə dəfə dəyərdən düşər, devalvasiya və inflyasiya olar, qiymətlər və maaşlar artar və sair. Lap faizləri və cəriməsi ilə birgə də qaytarsam, ciddi məbləğ olmayacaq. O vaxtadək də əlimə düşəni dollara çevirib gözləyərəm". Yeri gəlmişkən, elə banklar da məhz bu səbəbdən hazırda manatla kredit verməkdən yayınır. Bəli, Mərkəzi Bankın yarıtmaz pul siyasəti və bank nəzarəti, eyni zamanda bankların da acgöz və qeyri-peşəkar fəaliyyəti hazırda özlərinə qarşı işləyir və nəticədə ölkənin maliyyə sistemini uçuruma aparır".

Röya RƏFİYEVA




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR