İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabad Əziz Əzizova niyə əziz deyil?

3831 21.08.2014 08:17 Ölkə A A

Bu sətirlərin müəllifi Cəlilabad sakini, I qrup əlil Fəxrəddin Muradovdur. F.Muradov daha sonra yazır: “Prezidentin Ehtiyat Fondundan ən çox vəsait ayrılan rayonlardan bəlkə də birincisi Cəlilabaddır. Ancaq bu vəsaitlər Əzizov tərəfindən necə xərclənirsə, kəndlər bir yana qalsın, hətta şəhərin mərkəzi belə simasını yaxşılığa doğru dəyişmir. İH-in binasına gələn küçə istisna olmaqla qalan yerlər, şəhərdaxili küçələr bərbad vəziyyətdədir.
Gözdən pərdə asmaq üçün qismən abadlıq işləri aparılan yerlər var ki, onun da xərci icra başçısının xırda sahibkarlardan zorla aldığı töycü hesabına ödənilib. Torpağının münbitliyinə görə Cəlilabad SSRİ dövründə 2-ci Ukrayna adlandırıldı. Bu gün də Cəlilabadın o münbit torpağı maşınlarla Bakıya daşınır".

Şikayətçinin sözlərinə görə, digər bölgələri öz torpağıyla yaşıllığa çevirən Cəlilabad şəhərinin mərkəzi səhranı xatırladır: “Təsəvvür edin ki, şəhərin mərkəzində çoxdan salınmış bir park var ki, icra başçısına aylıq töycü verən, çoxlu sayda çayxanaların yerləşdiyi bu park belə bərbad durumdadır, sökülüb dağılır, zibil xirtdəyə çıxır. Zibildən söz düşmüşkən, qayəsi daha çox sərvət toplamaq olan icra başçısı artıq şəhərdəki əvvəllər mövcud olan zibil yerlərini belə ”hərraca" çıxararaq satıb. Nəticədə üfunət iyi verən zibil günlərlə şəhər sakinlərinin evinin qarşısında qalır. Bu rayonun əzəli sakini kimi Cəlilabad mənimçün əzizdir, amma o da həqiqətdir ki, Cəlilabad hər halda Xaçmaz, Quba, İsmayıllı deyil ki, bura müvəqqəti işləməyə göndərilən məmur özünə villa tiksin. Görünür Ə.Əzizov da bunu nəzərə alıb və burda olduğu 8 ili qonaq evində qalıb. Bakıdan nümayəndə gəlməsə, icra başçısı 5-ci gün nahardan sonra rayonu tərk edir və 1-ci gün axşamtərəfi qayıdır. Ancaq villası olmasa da başçının aylıq gəlir gətirən obyektləri yetərincədir. Onlardan biri də “Tut bağı” adlanan yerdə tikdirdiyi şadlıq evidir. Qeyri-rəsmi göstərişə əsasən rayonda aşağı vəzifə daşıyan şəxs belə xeyir işini mütləq bu şadlıq evində keçirməlidir. Başçının çörək sexi də tam gücündə işləyir. Əksər vaxt gecə Cəlilabadın mərkəzi zülmət qaranlığa qərq olanda, qaz kəsiləndə çörək sexində işıqlar yanır, qaz problemi yaşanmır. Hətta fövqəladə hal yaranıb qaz kəsilsə çörək sexinin anbarına doğranıb yığılan qiymətli ağacların odunları iş ahənginin pozulmasına imkan vermir.

Müəllimlər, həkimlər, bir sözlə, büdcədən maliyyələşən təşkilatda çalışanları iməcilik adı ilə məcburi əməyə cəlb edilməsi hesabına da başçı qazanc əldə edir. Belə ki, onların gördüyü iş Kommunal Təsərrüfatı Birliyinin işi kimi qeydə alınaraq büdcədən çıxarılan vəsait mənimsənilir".

F.Muradov daha sonra yazır: “Bu gün 50-100 manat rüşvəti də qəbul edən icra başçısına mən də çox xeyir vermişəm. Belə ki, müxtəlif vaxtlarda ondan 7 sərəncam almışam ki, bunlardan da ən ucuzunun qiyməti 3 min manat olub. Baxmayaraq ki, mənim istəyim tam qanuni olub. İki azyaşlı uşaq atası olan oğlum Səid də məhz ”tamahı Murtuzəli qılıncından iti" Ə.Əzizovun tamahının qurbanı olaraq bu gün zindanda yatır. Belə ki, başçı oğlumun şəriki Mirşahin Əliyevdən 7 kvm yer üçün 5 min manat istəyib. Oğlum Səid də başçının qəbuluna gedib və ona etirazını bildirib ki, bu dərəcədə qansızlıq olmaz, kiçik bir yer üçün bu məbləği tələb etmək ədalətsizlikdir, sahibkarlara şərait yaratmağı tələb edən prezidentin siyasətinə qarşı çıxmaqdır. Başçı da haqq, ədalət tələb edən, hüququnu bilən bu “dikbaş” gəncdən yaxa qurtarmaq üçün statusuna yaraşmasa da həmişə onunla hərlənən rayon məhkəməsinin sədri Ə.Ələkbərovla bir böhtan tamaşası quraraq onu həbs etdirib".

Şikayətçi qeyd edir ki, oğlu başçının qəzəbinə tuş gələrək həbs olunan sayca 13-cü rayon sakinidir: “Belə ki, Əzizov onun rüşvətxorluğuna açıq şəkildə etiraz edən, yuxarı instansiyalara şikayət məktubu yazan rayon sakinlərini müxtəlif formada şantaj edərək, şər və böhtana məruz qoyub, məhkəmənin sədri Ə.Ələkbərovun əli ilə həbs etdirir. Mən prezidentdən xahiş edirəm ki, onun siyasətinə kölgə salan rayon sakinləri arasında çoxdan nüfuzunu itirmiş Əzizovun fəaliyyətinin yoxlanılması üçün aidiyyəti qurumlara, o cümlədən Hesablama Palatasına, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göstəriş versin və bu yoxlamaların nəticələrinə uyğun olaraq da qərar qəbul etsin”.

Hazırladı: Rövşən K.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR