“BakuBus”dan daha bir yenilik...
“BakuBus” MMC öz sürücüləri üçün yaddaş kitabçası hazırlayıb. Sürücülərin maarifləndirilməsi üçün zəruri hesab olunan məlumatların əks olunduğu “Sürücünün yaddaş kitabçası” sərnişindaşıma fəaliyyətini daha səmərəli təşkil etmək və sürücülərin peşəkarlığını artırmaq məqsədi ilə hazırlanıb.
Bu barədə məlumat verən “BakuBus” MMC-nin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur Piriyev yaddaş kitabçasında “avtobus sürücüsü” peşəsinin beynəlxalq standartlara uyğun təsviri ilə yanaşı, “Bakubus”da fəaliyyət göstərən sürücülərin iş rejimi, işə hazırlıq prosesində görmələri zəruri olan tədbirlər, sərnişinlərlə davranış qaydaları, avtobusa texniki xidmət, eyni zamanda gündəlik fəaliyyətə dair qeydlər və hesabatların verilmə qaydalarının əks olunğunu bildirdi: “Bütün bunlarla yanaşı, sürücünün hüquq və vəzifələri, qəza zamanı hansı zəruri addımların atılması və digər məlumatlar geniş şəkildə yaddaş kitabçasında öz əksini tapıb. “BakuBus” sürücülərinə paylanacaq bu kitabçalar bundan sonra “BakuBus”un bütün avtobuslarında olacaq və sürücülər öz fəaliyyətlərini buradakı qaydalara əsasən həyata keçirəcəklər. Kitabçada göstərilən tələbləri yerinə yetirməyən sürücülər isə inzibati qaydada məsuliyyətə cəlb olunacaq”.
Günel MANAFLI,
Musavat.com






