İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı avtosalonlarda maşın satışı dayanıb

6311 24.02.2015 00:28 Ölkə A A

Dolların məzənnəsinin qalxması ölkədəki bir çox iş yerlərini çökdürüb, bəzi sektorlarda qeyri-müəyyənlikdir. Bu sahələrdən biri də maşın alveri ilə bağlıdır. “Yeni Müsavat” dünən şəhərin bir çox avtosalonlarına baş çəkib ümumi vəziyyətlə maraqlandı. 

Öncə “Opel Baku”da olduq. Salonda olarkən diqqətimizi çəkən əsas cəhət əksər maşınların üzərindən qiymətlərinin götürülməsi idi. Cəmi bir-iki maşının üzərində qiymətlər vardı. Şirkət təmsilçiləri müxbirimizə açıqlamalarında isə maşın satışının dayanmasını təkzib etdilər. Maşınların üzərindən qiymət götürülməsini isə “bu, komplentasiya ilə bağlıdır” şəklində izah etdilər: “Qiymətlər barədə isə heç nə deyə bilmərik. Hələlik bu haqda hər hansı məlumatımız yoxdur”. 



Nurgün Motors şirkətinin satış meneceri Yaşar Əlifov isə əməkdaşımıza açıqlamasında satışın dayandırıldığını bildirdi. Onun sözlərinə görə, bunun nə vaxta qədər belə davam edəcəyi bilinmir: “Ötən şənbə günündən satışı dayandırmışıq. Sadəcə bazar günü işləmirik. Artıq iki gündür ki, satış yoxdur. Hazırda bu məsələ ilə bağlı şirkət rəhbərliyində toplantı gedir. Toplantıdakı müzakirələrdən çox şey asılıdır. Orda qərar veriləcək ki, satış bərpa olunacaqmı, olunacaqsa necə olunacaq. Bu məsələlər toplantı sonunda müəyyənləşəcək”. 



Y.Əlifov dedi ki, salonlardakı bütün maşınların üzərindən qiymətlər götürülüb. Müsahibimizin sözlərinə görə, bu günə qədər salondan kreditlə maşın alanların durumunda hər hansı dəyişiklik olmayacaq. Onlar bu günə qədər maşını necə alıblarsa, o cür də ödəyəcəklər. Satış meneceri həmçinin “sizdən kreditlə maşın alan müştəriləriniz üçün hər hansı güzəşt və kompensasiya nəzərdə tutmusuz” sualına cavabda isə dedi ki, onlarda maşın satışı ancaq manatla olur: “Manatla alıblar, manatla da ödəyəcəklər. Hər hansı kompensasiyadan söhbət gedə bilməz”. 



“Hyundai Service”də isə suallarımıza cavab verən tapılmadı. Şirkətin səlahiyyətli nümayəndələri ofisdə olmadıqları üçün buradakı durumun dəyərləndirməsini ala bilmədik. Amma əməkdaşımız salonda olduğu müddətdə oraya gələn alıcılara bir qayda olaraq “maşın satışı dayanıb, bir müddət maşın satmırıq” deyildiyinin şahidi olduq. Əksər maşınların üzərindən qiymətlərin götürülməsi də satışın dayandırılması ilə bağlı qərarın olmasından xəbər verirdi. 

Sevinc TELMANQIZI  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR