İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İŞİD-çıları haqda şok məlumatlar - eksklüziv

17819 04.11.2014 09:00 Ölkə A A

Ümumiyyətlə, “İŞİD” eksperimentinin xüsusilə Avropada toplanmış həmin gərginlik daşıyıcılarının öz ölkələrində hərəkətə keçirəcək “fitvaları” gözləmədən “ölüm düşərgələrinə” göndərilməsi məqsədilə düşünüldüyü irəli sürülür.    Bir istisna müşahidə olunur. ABŞ bu məsələdə vətəndaşlarını hələ də “qoruyur”. ABŞ xüsusi xidmət strukturları “cihad” çağırışlarına gedən amerikalıları hətta Türkiyə, Almaniya və başqa ölkələrdə də yaxalayıb, geri qaytarır. 

Bizə daxil olan sensasion informasiyalara görə, Azərbaycan xüsusi xidmət orqanları da onlara ekspertlik edən   xarici ekspertlərin tövsiyəsi ilə    ölkədəki vəhhabi və Suriyada savaşa getmək istəyənlərlə bağlı haqqında danışılan həmin yeni taktikanı qəbul etmək üzərində siyasi rəhbərlik qarşısında məsələ qaldırıb.  Bu barədə “Yeni Müsavat”a adının açıqlanmaması şərti ilə mötəbər mənbədən məlumat daxil olub. Onun iddiasına görə, əgər əvvəllər radikal vəhhabilərə qoşulan, “cihad” çağırışına gedən vətəndaşlarımızın ölkədən çıxmasına, Türkiyə üzərindən savaş meydanına girməsinə maneçilik törədilirdisə, indi durum dəyişib. Qərar verilib ki, ölkədən çıxıb gedənlərə heç bir maneçilik törədilməsin. Hətta xüsusi xidmət orqanlarında və polisdə əməliyyat məlumatları olur, dəqiq bilinir ki, kimlərsə getmək hazırlıqları içindədirlər - bu zaman da müdaxilə etmirlər. 


Xatırladırıq ki, hətta bir qədər əvvəl bu barədə məlumat getmişdi ki, xüsusi xidmət orqanları Suriyaya getməyə hazırlaşan radikalların ev ünvanlarına qədər hər şey məlumdur.  Bildirilirdi ki, getmək istəyənlərin hamısı nəzarət altındadır. Lakin cəmiyyətdə gözlənilən iri proflaktik əməliyyatlar həyata keçirilmədi. Aydındır ki, sıravi “cihad” döyüşçüləri məlumdursa onları cəlb edən şəbəkə və liderlər də məlum olmalıdır. Belədirsə, nə üçün onlara    maneçilik törədilmir.  Rəsmi Bakını daha çox narahat edən bu cür gedişləri təşkil edən şəbəkələr və onların maliyyə qaynaqları olması təbiidir. Ötən həftə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata müsahibəsində bir daha bəyan edib ki, radikal dini qrupları maliyyələşdirən mənbələr sıradan çıxarılacaq. Komitə sədri bununla bağlı müvafiq araşdırmaların aparıldığını daha əvvəl də bildirmişdi, indi isə qəti olaraq bu mənbələrin sıradan çıxarılacağına işarə edir. Bu da onu göstərir ki, hakimiyyət terroru maliyyələşdirən mənbələrlə də bağlı ciddi bilgilərə sahibdir. Lakin hələ yayda həyata keçiriləcəyi deyilən əməliyyatlar o dərəcədə ləngidilir ki, hətta onun gündəmdən çıxması ehtimalı daha ağlabatan görünür.

Bizə çatan bilgilərə görə, hazırda hökumətin əsas diqqətində olan məsələ  radikal cihadçıların getməsi yox, onların geri qayıtmasıdır, çünki artıq dünya ölkələri terrorçuların geri dönməsi ilə bağlı həyəcan təbili çalırlar. Hazırda dövlətin müvafiq strukturları da daha çox gedənlərin geri dönməsinə qarşı əməliyyat hazırlığı görürlər. Belə ki, geri dönənlər dərhal nəzarətə alınır və həbs olunur. Sentyabrın sonlarında MTN 26 Azərbaycan vətəndaşını həbs etdiyini açıqlamışdı. Bu insanların böyük hissəsi Suriyada döyüşlərə qatılan ölkə vətəndaşları idi. 
Əldə etdiyimiz məlumata görə, hazırda “cihad”çıların Azərbaycandan çıxıb Suriya və İraqa getmək marşrutları da dəyişib. Mətbuatdan da məlum olduğu kimi, proses əvvəl Türkiyə üzərindən baş verirdi. Ötən 3 ildə Azərbaycan vətəndaşları Naxçıvan, eləcə də Gürcüstan üzərindən avtobusla Türkiyə ərazisinə keçir, burda isə Suriya ilə sərhədə gedərək burdan rahat şəkildə sərhədi keçərək “cihad” qruplarına qoşulurdu. İddialara görə, Türkiyənin xüsusi xidmət orqanları ölkə ərazisini açıq qapı elan etmişdilər - Bəşər Əsəd rejiminə qarşı dünyanın hər yerindən gələn “cihadçılar”a hər cür şərait yaradılırdı ki, onlar Suriyaya keçib, İŞİD, “əl-Nusra” və digər savaşçı qruplara qoşulsunlar... Sonradan daha bir marşrut Rusiya üzərindən qeydə alındı. 


“Onlara əvvəl dedim ki, gəlin gedək Ağdamda, Kəlbəcərdə şəhid olaq. Cavabları bu oldu ki, həmin torpaqlara dair “Cihad fətfası” yoxdur. Sonra da dedim ki, imanım kamil deyil, mənə zaman lazımdır ki, oxuyum və ibadət edim. Açığı, gedib oralarda ölmək istəmirəm. Lakin həm də burdakılardan qorxuram”


Ancaq hazırda  Türkiyə dünyanın açıq ittihamları qarşısındadır. Dünya ölkələri AKP iqtidarını İŞİD-ə və “əl Nusra”ya dəstək verməkdə, onlarla gizli iş birliyi qurmaqda günahlandırır. Bu səbəbdən də artıq Türkiyədən Suriyaya keçid demək olar ki, dayandırılıb. 

Bugünlərdə  Bakıdakı “cihada dəvət olunanlar”dan biri “Yeni Müsavat”a deyib ki, onlara artıq başqa marşrut təklif olunur. İran üzərindən Pakistana gedilir, Bəlucistan əyalətindən keçərək Talibanın Pakistandakı əsas qalası hesab olunan Vəziristan əyalətində toplanılır. “Yeni Müsavat”a danışan mənbə deyib ki, onlara açıq şəkildə şəhid olmağa getdikləri deyilib: “Mən hələlik bir bəhanə ilə yayınmışam. Onlara əvvəl dedim ki, gəlin gedək Ağdamda, Kəlbəcərdə şəhid olaq. Cavabları bu oldu ki, həmin torpaqlara dair ”Cihad fətfası" yoxdur. Sonra da dedim ki, imanım kamil deyil, mənə zaman lazımdır ki, oxuyum və ibadət edim. Açığı, gedib oralarda ölmək istəmirəm. Lakin həm də burdakılardan qorxuram", deyir, həmin mənbə.
Qeyd edək ki, Pakistan Talibanı ötən ilin yayında bəyanat yayaraq, Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələri dəstəklədiyini elan edib. Eyni zamanda Taliban bəyan edib ki, Suriyada düşərgələr yaradıb və bu düşərgələrə yüzlərlə Pakistan Talibanı üzvü göndərilib. Sitat: “Qardaşlarımız bizə ehtiyac duyduqları üçün yüzlərlə döyüşçümüzü ərəb qardaşlarımızla birlikdə Suriyaya göndərdik”.


Qeyd edək ki, Əfqanıstan və Pakistan Şimali Qafqazdan sonra azərbaycanlı radikal dindarların üz tutduğu ikinci əsas bölgə olub. 90-cı illərin sonu, 2000-ci illərin əvvəllərində radikal islamçılar Azərbaycandan İrana, oradan isə Pakistana keçərək burdakı radikal islamçı qruplara, o cümlədən “əl-Qaidə” və Talibana qoşulurdu. Hətta uzun müddət mətbuatda valideynləri övladlarının Məşhəd ziyarətinə getdiyini iddia edirdilər. Ancaq sonradan məlum oldu ki, əslində onlar diqqəti yayındırmaq və İran üzərindən Pakistana rahat keçmək üçün bu hekayəni uydurublar. Qeyd edək ki, Azərbaycan MTN-i “Meşə Qardaşları” qruplaşmasının bir üzvünü məhz Pakistanda həbs edərək, Azərbaycana gətirib. Bəzi məlumatlara görə, son illərə qədər Pakistanda 300-dən bir qədər çox Azərbaycan vətəndaşı silahlı qruplaşmaların tərkibində olub. 

2012-ci ildə Peşəvər bölgəsində “əl-Qaidə” terror şəbəkəsinin nüfuzlu komandirlərindən olan azərbaycanlı, 1981-ci ildə Sumqayıtda anadan olmuş Aslanov Zaur, yenə həmin ildə yanvarda Xəqani İmamverdiyev adlı azərbaycanlı ABŞ pilotsuz təyyarələrinin hücumu zamanı öldürülüb. Maraqlıdır ki, onun atası mətbuata demişdi ki, oğlu dini təhsil almaq adı altında İrana gedib, daha sonra Pakistandan zəng edərək bu ölkədə olduğunu xəbər verib. X.İmamverdiyev 2009-cu ilin sonlarında İrana, oradan isə Pakistana aparılan 8 azərbaycanlı tələbədən biri olub. Pakistanda “Taliban”a qoşulan azərbaycanlı tələbələrin valideynlərinin bildirdiyinə görə, bu ölkədə yüzlərlə azərbaycanlı terrorçu birləşmələrin tərkibində döyüşür. Onların arasında hətta BDU-nun tələbəsi olmuş qızın da olduğu bildirilirdi. 

Sabiq təhlükəsizlik zabiti, “Trend” İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev deyir ki, Azərbaycandan “cihadçı”ların İran üzərindən Pakistana, oradan da Əfqanıstana keçməsi faktları daha əvvəl də mövcud olub: “Bu marşrut həmişə olub. Azərbaycandan olan radikal dini qrupların üzvləri Pakistana və Əfqanıstana getmək üçün İrandan keçib gedirdilər. Azərbaycandan olan çoxlu sayda insanlar hələ də Pakistan və Əfqanıstandadır”.


Təhlilin əvvəlindəki məsələ barədə müraciət etdiyimiz, adını çəkilməsini istəməyən təhlükəsizlik eksperti deyir ki, potensial gərginlik daşıyıcılarının ölkədən çıxmalarına mane olmama taktikası xətalı və təhlükəlidir. Buna diqqət yetirmək lazımdır. Onun dediyinə görə, İŞİD-in özünün taktika dəyişdiyi və tezliklə yenidən yeraltına çəkiləcəyi barədə informasiyalar daxil olmaqdadır və bunu təsdiq edən dəlillər də görünür. İŞİD- in strategiyasına görə yeraltına çəkilmə  2016-cı ildə baş verməli idi. Lakin dünya dövlətlərinin müdaxiləsi onların təqvimində dəyişikliklər edilməsini zəruri edib. Hələ 2012-ci ildə elan edilən proqrama görə, İŞİD müəyyən hazırlıqdan sonra, 2018-ci ildə qlobal terror vahiməsi mühiti kimi, artıq hər yerdə hərəkətə keçməli və total terror vasitəsi ilə dünyaya qalib gəlməyi planlaşdırır. Həm də artıq sərhədlərdə, qeydə düşmədən “cihad” yerlərinə qeyri - leqal marşrutlar işə salınmışdır. Deməli qeydə düşmədən də geriqayıdış yolları salınmışdır. Odur ki, heç bir eksperimentlərə uymadan təhlükəni yerində boğmaq lazımdır. Sonra gec ola bilər.

Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR