İnsanlara hürriyət, millətlərə istiqlal!

Obama, Conson, Messi, Dassen, Aznavur, Osseyn və başqaları

1629 19.11.2023 14:04 Yazarlar A A

 

Bu qafa ilə italyanların yerinə biz olsaq, ölkənin hər şəhərində, qəzəbəsində Messinin heykəlini ucaldardıq ki, bizdəndir, babası Ancelo Messino vaxtilə Argentinaya bizdən köçüb gedib.

Amma italyanlar belə etmirlər. Birincisi, özlərinin Messi kimi məşhur futbolçuları çoxdur, 4 dəfə də dünya çempionu olublar. İkincisi, italyanlar anlayırlar ki, Messi Argentina futbol məktəbinin yetirməsidir, onun bu qədər parlaq futbolçu olmasında italyan köklərinin elə də rolu yoxdur.

O vaxt Barak Obama ABŞ prezidenti seçiləndə Keniyada millət qol götürüb küçədə oynayırdı ki, serin atası Hüseyn eloğludur. Görməmişlikdən idi. Amma ondan sonra Tramp ABŞ prezidenti seçiləndə almanların tükü də tərpənmədi, eləcə, o faktı, oxumuş adamlar demişkən, konstatasiya etdilər ki, Trampın babası Amerikaya Almaniyadan köçüb, Tramp da alman oğludur.

Boris Conson İngiltərənin baş naziri seçiləndə Türkiyədə nə qədər söz-sphbət oldu, dünənin-srağagünün söhbətidir. Çünki onun ulu babası Əli Kamal türk olub. Adamın özündə isə türklükdən əsər-əlamət yox idi.

Yəqin ki, Odessada məşhur amerikan-fransız estrada ulduzu Co Dassenin babası Semyuelin əslən bu şəhərdən olması ilə qürur duyanlar var, amma bu, elə də kütləvi xarakter daşımır. (Semyuel emiqrasiya edərkən ingilis dilini bilmirmiş, qeydiyyatçı məmur soruşub ki, soyadın nədir, o da elə bilib, gəldiyi yeri soruşur, deyib, Odessa, Odessa, məmur da götürüb yazıb: “soyadı Dassen”).

Başqa sözlə, bir məşhur adamı zorla, israrla “eloğlu”, “həmvətən”, “soydaş” elan etmək yüngülvari formada xəstəlik əlamətidir. Bunu adətən məşhur və bacarıqlı adamların qıtlığını yaşayan qövmlər edir, bu yolla sübut etmək istəyirlər ki, heç də fərasətsiz və əfəl millət deyillər, onların da böyük şəxsiyyətləri var.

İndiyədək bu işlə əsasən ermənilər məşğul idi. Onlar İsa peyğəmbərdən tutmuş ta Suvorova qədər onlarca, yüzlərcə məşhur adamın qanında “erməni qanı” axtarmış və bütün hallarda da tapmışdılar. Bir ara o qədər qızışmışdılar ki, hətta çaydan keçəndə kim bunlara, ya da bunlar kiməsə söykəniblərsə, mütləq bir erməni xətti qururdular.

Biz bu işi çox matah şey imiş kimi ermənilərdən öyrəndik. İndi estafeti ələ almışıq və çapa-çapa gedirik, bu gün-sabah ermənilər deyəcək, ara, bu Azərbaycan türkləri də elə hamını milliləşdirirlər haa.

Yadıma gəlir, 34-35 il öncə ortalıq yeni-yeni qarışanda ermənilər erməni əsilli fransız şansonye Şarl Aznavurdan bərk yapışmışdılar. Allah tərəfi, müsyö Aznavur da onları bərk tuturdu, həyatının yerdə qalan hissəsini “erməni işi”nə həsr etmişdi. Biz o zaman Fransada bir azərbaycanlı tapdıq – Robert Osseyn. Məşhur rejissor, aktyor, prodüsser. Atası əslən Gəncədənmiş. Soyadı da Hüseynovmuş. Amma müsyö Osseyn bizi çox məyus elədi, ona tanışlıq verən azərbaycanlıya deyib ki, nə Azərbaycan, nə Gəncə, mən Fransada yekəlmişəm, başqa bir yer də tanımıram.

Vəssalam. Beləcə, bir məşhur fransız sənətçini tutub özümüzə “həmvətən” düzəltmək cəhdimiz fiaskoya uğradı. Amma Aznavur son gününə qədər ermənilik etdi. (Ana şəkildə: Şarl Aznavur və Robert Osseyn).

Ona görə də Nadir şahın haralı olmasıyla bağlı qaldırılmış süni tozanaq ciddi bir şey deyil. Ona qalsa, sabirabadlılar da deyə bilər ki, şah bizim rayonludur, başına da tacı Arazla Kürün birləşdiyi yerdə - Suqovuşanda qoyub. (Əslində bu, balaca fakt deyil: Sabirabadda bir imperiya yaranıb, imperator elan edilib). Amma Sabirabadda bununla yox, Hikmətlə, bir zamanlar onun postsovet məkanında bir çox müşkülləri həll etməsi ilə fəxr edirlər.

Tarixdə şərikli şəxsiyyətlər də çoxdur. Məsələn, İranda deyirlər, Nizami bizimdir, farsca yazlb, biz də deyirik, yox, bizimdir, adı da üstündə, Gəncədəndir. Bu məntiqlə ruslar deyə bilər ki, Çingiz Aytmatov rusca yazıb, bizimkidir, amma yazıçının şəklinə baxan hər kəs görür ki, o qırğızdır.

Yəni elə şəxsiyyətlər var ki, onlar öz xidmətləri ilə, bəşəriyyətə verdikləri töhfələrlə artıq bir kəndin, mahalın, ölkənin oğlu olmaqdan çıxıblar, bəşəriyyətin oğlu olublar, onları tutub balaca bir məhəlləyə yerləşdirmək düzgün deyil.

Ennio Morrikone öz musiqisi ilə bəşər oğludur, onu israrla italyan və ya amerikalı kimi təqdim etmək maestronun böyüklüyünü kiçiltməkdir. O biri dühalar da eləcə.

P.S. Keşkə, Messi bizdən olaydı, minlərlə yeniyetmə ona özənib yaxşı futbol oynayardı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR