İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar parlament seçkiləri - avqust...

3185 20.04.2024 10:54 Ölkə A A

Seçki üçün son tarix bəlli oldu; müxalif liderdən YAP-a şok mandat təklifi; siyasi təşkilat rəhbərlərinin maraqlı proqnozları...

Bu ilin yayında ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı iddialar səngimək bilmir. Milli Məclisin daha iki deputatı - Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev və ReAL təmsilçisi Erkin Qədirli analoji açıqlama ilə çıxış edib. 

Bundan əvvəl isə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də növbədənkənar parlament seçkilərinin qaçılmaz olduğunu bildirərək, hazırlıq prosesinə start verdiklərini açıqlayıb. AXP sədri, sabiq baş nazir Pənah Hüseyn Bakupost.az-a geniş videomüsahibəsində ehtimalını səsləndirib. Partiya sədri deyib ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri iyul-avqust aylarında keçirilə bilər. Partiya sədri seçkilər öncəsi hakim partiya ilə müxalifət arasında konsolidasiyaya ehtiyac olduğunu vurğulayıb və zəiflədilən müxalifətin dirçəlməsi üçün YAP-ın 30-a yaxın dairədən namizəd irəli sürməməsi təklifi ilə çıxış edib. Həmçinin hakimiyyət komandasındakı mənbələrdən növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarın artıq verildiyini bildirib. 

Məlumatlı şəxsin sözlərinə görə, Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxın 1 ayda, ən gec mayın sonuna kimi məzuniyyətə çıxmaq tövsiyə olunub. Məzuniyyətə çıxmaq istəməyənlərin dekabrdan tez bu hüquqdan yararlana bilməyəcəkləri vurğulanıb. Məlumatlara əsasən, növbədənkənar parlament seçkiləri ilə əlaqədar digər vəzifəli şəxslərin də məzuniyyət hüququ ilin sonuna kimi ertələnib. O da bildirilir ki, bəzi xəbər agentliklərinin rəhbərləri də işçilərinə avqustda məzuniyyətə buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib. 

Akif Nağı: “Paşinyan bu addımı atsa, sülh müqaviləsi...”

 Akif Nağı

“Yeni Müsavat”a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı hesab edir ki, məsələnin P.Hüseynin təklif etdiyi kimi  qoyuluşu daxildə və xaricdə düzgün qəbul olunmaz. Onun fikrincə, sağlam rəqabət olmalıdır: “Qəbul edirik ki, YAP güclüdür, Qarabağdakı qələbədən sonra hakim partiyanın nüfuzu artıb. Sadəcə, bərabər şərait yaradılmalıdır, sağlam rəqabət mühiti olmalıdır. Yəni təbliğat-təşviqat kampaniyası ilə bağlı maneə törədilmədən seçki prosesi keçirilməlidir. Belə desək, süni istixana mühiti yaratmaq olmaz”, - deyə A.Nağı təklifi belə dəyərləndirib. Onun sözlərinə görə, hamı kimi gözləntidədirlər və parlament seçkilərinin konkret nə vaxt olacağı haqda dəqiq informasiya yoxdur: “Amma yay mövsümündə seçki olacağını ehtimal edirik. Ona görə partiyamızda siyahını dəqiqləşdiririk, təbliğatı necə aparmalıyıq, bu barədə müzakirələrimiz gedir”. 

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yeni Çağ Media

 Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə açıqlamasında qeyd etdi ki, bu məlumatlar mətbuatda yayılır, rəsmi rəy bildirilmir: “Amma hazırlıqlara çoxdan start vermişik. Prezident seçkisindən sonra Siyasi Şura olaraq hazırlığa başlamışıq, rayon təşkilatlarına anketlər göndərilib, hansı dairələr üzrə komandalar formalaşacağına qərarlar verilib. Çünki ehtimal böyükdür ki, növbədənkənar parlament seçkiləri keçirilməlidir. Hər halda, gözləntilərimiz böyükdür. Əslində proporsional seçki sisteminin tətbiqini arzulayırdıq. Ümumiyyətlə, bir sıra seçki islahatları aparılmasını təklif etmişdik. Amma seçkilərin nə vaxt olacağı barədə müxtəlif fikirlər səslənir”. A.Əlizadənin sözlərinə görə, parlamentdə müxalifətin çəkisini artırmaq lazımdır: “Son zamanlar xaricdən ölkəyə təzyiqlər artıb. Qarabağ zəfərindən sonra basqılar güclənib. Bunları nəzərə alaraq, müxalifətin parlamentdə təmsilçiliyi gündəmə gətirilməlidir. Hazırda parlamentdəki hakim partiya istisna, digər partiyalar bir nəfərlə, sədrlə təmsil olunur. Bu ənənəyə son qoyulmalıdır. Hakimiyyətin Pənah bəyin təklif etdiyi bu məsələ ilə bağlı siyasi iradəsi olarsa, dövlətçiliyin möhkəmlənməsinə, Azərbaycanın beynəlxalq imicinin güclənməsinə kömək edə bilər”.

Fuad Əliyev səs verdi Yeni Sabah

Fuad Əliyev

Prezidentliyə keçmiş namizəd Fuad Əliyev də parlament seçkilərinə hazırlaşdıqlarını açıqladı. Hazırda “Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi olan F.Əliyevin sözlərinə görə, seçkilərin gələn ilə keçirilməsi konstitusiyaya əsasən mümkün deyil, o səbəbdən yay aylarında seçki olmalıdır: “Bilirsiniz ki, dekabrda bələdiyyə seçkiləridir, ondan bir ay qabaq Bakıda möhtəşəm bir beynəlxalq tədbir keçiriləcək, ona görə də parlament seçkiləri əvvələ təyin oluna bilər. Amma bunun dəqiq zamanını bilmirik. Biz seçkidə iştirak edəcəyik, şəffaf, rəqabətli, maraqlı bir seçki prosesi olacağına əminik”. F.Əliyev qeyd etdi ki, ilk dəfə azad edilən bütün ərazilərdə parlament seçkiləri keçiriləcək: “Fevralın 7-də "Zəfər seçkisi" Xankəndidə, Şuşada, bütün Qarabağda oldu, indi də deputat seçimləri bu ərazilərdə olacaq. Ən maraqlısı odur ki, Rusiya hərbi kontingenti də ərazilərimizi tərk edir və bununla da tamamilə nəzarət dövlətimizdədir. Yəni olduqca tarixi proseslərə şahidik və yeni parlament Zəfərə adekvat olmalıdır, tərkibi rəngarəng, müxtəlif siyasi qüvvələri özündə əks etdirən Milli Məclis olmalıdır".

Xatırladaq ki, Milli Məclisin deputatı Ramin Məmmədovun Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb. İndiyə kimi Milli Məclisdə 9 boş yer vardı. 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələr ləğv edilib. 116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva vəfat edib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müddətinə azadlıq məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatı Şahin Seyidzadə  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.  

Ədalət, Hüquq və Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev  deyib ki, referendumla deputatların sayını ən azı 151 etmək olar: “Hesab edirəm ki, yay aylarında yeni parlamentin formalaşmasından sonra 2025-ci ilin sonlarında və yaxud 2026-cı ilin əvvəlində yeni konstitusiya qəbul olunmalıdır”. 

 Partiya sədri qeyd edib ki, seçki nə qədər tez olarsa, o qədər yaxşıdır: “İnsanlar tam seçkilərə köklənib. Parlament seçkisi bu yaxınlarda olacaq, çox ümid edirik ki, parlamentdə yerlərimizi artıraq. Başqa partiyalarla danışıqlar aparacağıq ki, seçkilərə blok halında girək. Bununla bağlı təcrübələr var. Bu dəfə ən azı fraksiya yaratmağı hədəfləyirik”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR