İnsanlara hürriyət, millətlərə istiqlal!

Nobel Komitəsində namizədliyi qeydə alınan azərbaycanlı qadın – onun laureat olmasına nə mane olub?  

3789 07.03.2024 13:13 Yaxın tarix A A

 

Dünyanın ən nüfuzlu beynəlxalq mükafatı sayılan Nobel mükafatı 64 dəfə qadınlara təqdim edilib. Statistik göstəriciyə görə son 15-20 il ərzində əvvəlki illərə nisbətdə Nobel mükafatı alan qadınların sayı artıb.

Nobel mükafatı laureatı olan qadınlar altı kateqoriya arasında daha çox ədəbiyyat və sülh kateqoriyalarında fərqləniblər. Bu mükafata layiq görülən ilk qadın isə varşavalı fizik Mariya Küri olub. 1903-cü ildə fizika üzrə Nobel mükafatını alan Mariya Küri 1911-ci ildə ikinci dəfə kimya üzrə bu titula sahib olub. Küri ikiqat Nobel laureatı olan yeganə qadındır. Süni radioaktivliyin kəşfindən bir neçə ay sonra, 1934-cü ildə Mariya Küri şüalanmanın doğurduğu qan xərçəngindən dünyasını dəyişib. Fizika və kimya elminin bilicisi olmasına baxmayaraq o, radioaktivliyin ziyanlı cəhətlərindən xəbərsiz olub, orqanizm üçün təhlükəli olan radium elementini üzərində talisman kimi gəzdirib.

img158.jpg (102 KB)

1930-cu illərin sonlarında Nobel mükafatlı qadınların siyahısında azərbaycanlı qadının adının da yer alması reallaşıb. Sona xanım Vəlixanın “Endoftalmitin patoloji anatomiyasına dair” məqaləsi Nobel Komitəsinin diqqətini özünə cəlb edib və komitədə onun mükafata namizədliyi rəsmi olaraq qeydiyyata alınıb. Ancaq İkinci Dünya müharibəsinin başlanması ilə Nobel Komitəsinin fəaliyyətində yaranan durğunluq  nəticəsində azərbaycanlı alim Nobel mükafatına layiq görülməkdən məhrum olub.

1883-cü ildə Qazaxda anadan olan Sona xanım Vəlixanın adı Azərbaycan tarixinə ilk ali tibbi təhsili olan və ilk tibb elmləri doktoru elmi dərəcəsi alan bir ziyalı kimi həkk olunub. O, 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib. 1923-1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb, 1939-1971-ci illərdə isə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri olub.

1946-1960-cı illərdə Sona xanım Vəlixan Azərbaycan Elmi Tədqiqat Oftalmologiya İnstitutunun elmi işlər üzrə direktor müavini kimi öz elmi fəaliyyətini bu qurumda davam etdirib.

img143-scaled.jpg (115 KB)

Onun elmi nailiyyətləri dünyanın bir çox elm ocaqlarında maraqla qarşılanıb, beynəlxalq elmi təşkilatlar Sona xanım Vəlixanın elmi yaradıcılığını yüksək qiymətləndirib.

Gərgin elmi fəaliyyəti sayəsində onun 60-dan artıq elmi əsəri, o cümlədən 2 monoqrafiyası tibb elminə öz töhfələrini verib.

Pedaqoji fəaliyyətinin əsas hissəsini oftalmoloq kadrların hazırlanması kimi nəcib işə həsr edən Sona xanımın rəhbərliyi altında 3 doktorluq və 18 namizədlik dissertasiyası müdafiə edilib.

Əslən Qazax rayonundan olan Sona xanım Vəlixanın atası İbrahim Rəhimov  da  tanınmış tibb mütəxəssislərindən biri sayılıb. O, Moskva və Vyana Universitetinin tibb fakültəsində təhsil almış ilk azərbaycanlı həkim-psixiatr olub.

11691703658z9i24r7ql4hymhqdb6sywalm16i5s5hbw7bpt8vsskpzj7fyzahaqfwhy6qno6debcnqwqz17gvte2zavtxvonc1xa30bljsiy52.jpg (37 KB)

Atasını yolunu davam etdirən Sona xanım Vəlixan tibb sahəsində bir çox yeniliklərə imza atıb.  Onun elmi işləri əsasən cüzam, sifilis, vərəm və müxtəlif şişlər nəticəsində zədələnmiş görmə üzvünün morfoloji dəyişiklikləri, gözün zədəsi, qlaukoma və traxoma problemlərinə həsr olunub ki, bu da tibbin oftalmologiya sahəsində göz xəstəliklərinin aradan qaldırılmasında böyük rol oynayıb.

Sona xanım Vəlixan elmi-tibbi fəaliyyəti ilə yanaşı həm də fəal ictimaiyyətçi olub. O, bir ziyalı xanım kimi həmişə cəmiyyətin arasında böyük nüfuza sahib olaraq tükənməz enerjisi ilə yorulmadan böyük maarifləndirici işlər aparıb. Qayğıkeşliyi, vətən təəssübü, elinə-obasına bağlı olan bir insan kimi minlərlə insana nümunə olub.

Əməkdar elm xadimi, professor Sona xanım Vəlixanın elmi və ictimai fəaliyyəti dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib, o, mütəmadi olaraq orden və medallarla təltif olunub.

Sona xanım Vəlixanın həkim kimi çalışdığı ilk illərə aid materialların bir qismi, 1920-ci illərə aid oftalmoloji alətlər - ştempel, şpris, pinset, sıxac Milli Azərbaycan Tarixi Muzeyində nümayiş olunur, bir qismi isə  muzeyin hədiyyələr və xatirə əşyaları fondunda qorunur.  

Sona xanım Vəlixan 1982-ci ildə 99 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR