İnsanlara hürriyət, millətlərə istiqlal!

Nicat Nəsirli: “Şərqi Avropa, İran və Türkiyədə kartof-soğanla bağlı ciddi böhran yaranıb”

1150 08.04.2019 19:41 Sosial A A

Cəlilabad rayonunda fermerlərin kartof ixracına tətbiq olunan rüsuma etiraz etməsi  ictimai müzakirəyə səbəb olub. Fermerlərin yazlıq məhsulun satış dövründə belə bir çətinliklə üzləşməsi, onlara dəyəcək zərərin həcmi diqqət çəkən əsas məqamlardandır.

Bəs, bu prosesdən fermerlərin zərər görməsinin qarşısını necə almaq olar?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli Musavat.com-a bildirdi ki, regionlarda kartof əkən fermerlərin bu cür reaksiyası başa düşüləndir: “Ənənəvi olaraq, bizdə cənub və qərb bölgəsində kartofçuluqla məşğul olan çoxsaylı fermerlərimiz adətən ilin bu dövründə faraş kartof biznesi ilə məşğul olurdular. Bizdə faraş kartof Rusiyaya nisbətən 25 gün tez yetişdiyinə görə, məhsulu əlverişli qiymətə ixrac edir, xeyli gəlir əldə edirdilər. Ölkədə il ərzində istehsal olunan 1 milyon ton kartofun tən yarısı yazlıq  sortlar olduğu üçün bu sahə bizim fermerlər üçün gəlir baxımından əlverişli idi. Hətta fermerlər çox qısa bir zamanda bu yazlıq sortları əkib satır, sonra yenidən təkrar əkin həyata keçirirdilər”.

Ekspertin sözlərinə görə, bu gün təkcə Azərbaycanda yox, bütün regionda, Şərqi Avropada, İran və Türkiyədə kartof-soğanla bağlı ciddi böhran yaranıb: “Çox məntiqli olaraq Nazirlər Kabineti bazara belə bir müdaxilə alətini ortaya qoyub. İlk növbədə qəbul etmək lazımdır ki, burada dövlət siyasəti var. 10 milyonluq xalqın qida təhlükəsizliyindən söhbət gedir. Son günlərdə həm kartofun, həm də soğanın qiyməti elə həddə çatıb ki, əhalinin sosial təhlükəsizliyi təhlükə altına düşüb. Əhalinin azgəlirli hissəsinin bu gün heç də az deyil. Bu mənada həm də vətəndaşlar bu vəziyyəti anlayışla qarsılasınlar. Qəbul olunan qərar heç də onların iqtisadi maraqlarına zərər vurmur”.

N.Nəsirlinin sözlərinə görə, mayın 1-dən kartof ixracı ilə bağlı rüsum qüvvədən düşəcək: “Azərbaycanda yazlıq kartofda kütləvi yetişmə dövrü may ayının birinci ongünlüyündən başlayır və axıra qədər davam edir. Artıq may ayının 1-dən hər bir fermer öz məhsulunu xarici bazara çıxara bilər. Kütləvi yetişmə dövründə artıq bu qərar qüvvədən düşəcək və hər bir fermer məhsulunu bazara çıxara bilər. Hələ ki, cənub bölgəsində çox az həcmdə yazlıq məhsulun yığımı başlayıb, daxili bazarda satılsa belə qiymətlər kifayət qədər əlverişlidir. Bildiyim qədər, 1.60-2 manat qiymətinə yazlıq kartofu satmaq olar ki, bu da əlverişsiz qiymət deyil”.

Nərgiz LİFTİYEVA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR