İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəyi, hara və neçəyə satırıq?

1561 07.03.2018 08:15 İqtisadiyyat A A

Rəşad Həsənov: “İstehsal ixracı dəstəkləmir”

Bu ilin yanvarında Azərbaycandan qeyri-neft sektoru üzrə ixrac 33 faiz  artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin  “İxrac İcmalı”nın 2018-ci ilin fevral sayında qeyd olunur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ilin ilk ayı ərzində ən çox qeyri-neft məhsulları Rusiya Federasiyasına ixrac edilib - 36.8 milyon ABŞ dolları. İkinci yerdə olan Türkiyəyə 23 milyon, İsveçrəyə 17,9 milyon, Gürcüstana 11.3 milyon və Çinə 4.4 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Yanvar ayında ən çox qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda) (17 milyon ABŞ dolları), xurma (13 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (9.7 milyon ABŞ dolları) satılıb.

Qeyd edək ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar ayında elektrik enerjisinin ixracı 86 faiz,  meyvə-tərəvəzin ixracı 45 faiz, kimya sənayesi məhsullarının ixracı 36 faiz, pambıq ixracı 20 faiz artıb. Ümumiyyətlə isə yanvar ayı ərzində meyvə-tərəvəz ixracı 35 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 10 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 9 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5 milyon, kimya sənayesi məhsullarının ixracı 3.6 milyon milyon ABŞ dolları təşkil edib.

İqtisadçı-ekspert Rəşad Həsənovun bildirdiyinə görə, ötən ilin nəticələrinə baxsaq, qeyri-neft idxalı 8 milyard, qeyri-neft ixracı isə 1,4 milyard dolları ətrafındadır: “Yəni əgər enerji resursları olmasa,  sadəcə, qeyri-neft xarici ticarət  saldosu 6,5 milyard dollar ətrafında olur. Bu isə Azərbaycan iqtisadiyyatı üçün kifayət qədər yüksək risklər formalaşdırır. Məhz bu kimi problemlərin aradan qaldırılması məqsədilə Azərbaycanda ixracın təşviqi, subsidiyalaşdırılması mexanizmləri tətbiq olunur, vahid ixrac pəncərəsi yaradılır. İndi əldə olunan nəticələri bu baxımdan müsbət hesab etmək olar. 30 faizlik artım istənilən halda pozitiv tendensiyadır Amma problem ondadır ki, ötən il Azərbaycanın qeyri-neft ixracında 22 faizlik artım baş verdi. Valyuta ifadəsində bu, cəmi 200 milyon dollar deməkdir, yəni kiçik rəqəmdir. Qeyri-neft ixracatının bazasının kiçik olması bu gün bizim yüksək faizlərlə artım fikrini səsləndirmək üçün zəmin yaradır”.

Ekspert deyir ki, yanvarda ümumi ixracın 29 faizi kənd təsərrüfatı məhsullarının payına düşüb ki, bu da müsbət amildir: “Lakin ixracatda ən yüksək paya malik olan sahə yenə də mədən sənayesinin məhsulu olan qızıldır. Yəni qeyri-mədən sənayesi məhsulları hələ ki ixracatda elə də yüksək yer tutmur. Məsələn, istehsal və ixrac potensialı yüksək olan kimya sənayesi məhsullarınım ixracı ümumi ixracatda əhəmiyyətli yer tuta bilmir. Elektrik enerjisinin ixracı 86 faiz artıb, amma bu halda belə ixrac olunan enerjinin dəyəri cəmi 2,6 milyon dollar təşkil edir”.

R.Həsənova görə, qeyri-neft ixracının hazırkı səviyyəsini qənaətbəxş hesab etmək olmaz: “Hazırda Azərbaycanda adambaşına düşən qeyri-neft ixracı 150 dollar təşkil edir. Strateji yol xəritələrində 2025-ci ilədək bunun adambaşına 450 dollara çatdırılması nəzərdə tutulur. Düşünmürəm ki, hazırkı şərtlər daxilində biz bu göstəriciyə nail ola bilək. Çünki doğrudur, ixracı təşviq mexanizmləri hazırlanıb, tətbiq olunur. Lakin əsas görüləcək işlərdən biri ixrac qabiliyyətili məhsulun istehsalıdır. Belə məhsul istehsal olunmursa, ixracı necə artırmaq olar? Hazırda ixracın 30 faizi kənd təsərrüfatı məhsullarıdır. Bəli, bizdə intensiv olmayan kənd təsərrüfatı istehsalıdır, buna görə də məhsullarımız təbiidir, daha çox orqanikdir. Buna baxmayaraq, ixrac coğrafiyamız çox məhduddur, əsas diqqətlər bir istiqamətə - Rusiya bazarlarına yönəlib. Bu bazarlarda hər hansı risk yaranarsa, alternativ bazarımız belə yoxdur. Digər tərəfdən, beynəlxalq qiymətləndirmədə ixracında kənd təsərrüfatının payı çox olan ölkələr iqtisadiyyatı və ixracatı zəif şaxələnmiş hesab olunur. Son məhsulun ixracında ixtisaslaşan ölkələrin iqtisadiyyatı daha şaxələnmiş sayılır”.

Ekspertin sözlərinə görə, ixracın artdığı səviyyədə istehsalın da artmaması ölkədə kənd təsərrüfatı məhsullarının qiymətinin bahalaşmasına gətirib çıxarır: “Bir tərəfdən, kənd təsərrüfatı məhsullarının ixracı artır, difər tərəfdən, həmin məhsulların idxalı da artır. Yəni mövcud istrehsal ixracı dəstəkləmir. Buna görə də kənd təsərrüfatı məhsullarının istehsalını da artırmağa ciddi ehtiyac var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR