İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəhayət, insan beyninə çip yerləşdirildi, bizi nə gözləyir? - detallar

3094 01.02.2024 08:51 Texnologiya A A

Maskın şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib, onun köməyi ilə kompüteri birbaşa idarə edə biləcəklər; deputat: “Süni intellekt inkişaf etsə də, insanı əvəzləyə bilməz”

İllərdir insanların həvəslə, maraqla müzakirə etdiyi bir məsələ də adamların bədəninə, beyninə çip yerləşdirilməsi ilə bağlıdır. Xüsusən COVİD pandemiyası zamanı bu söhbətlər geniş yayılmışdı. Düzdür, müxtəlif izləmə, kəşfiyyat məqsədləri ilə bədənin müxtəlif nahiyələrinə çiplər yerləşdirilməsi faktları var. İndi isə ilk dəfə olaraq insan beyninə çip yerləşdirilib. Milyarder İlon Maskın “Neuralink” şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib. Mask X sosial hesabındakı paylaşımında prosesin yaxşı getdiyini yazıb. Qeyd edək ki, implantların beyinə implantasiyası ilə bağlı sınaqlara könüllülər qoşulub. Maskın fikrincə, bununla da insanlar çipin köməyi ilə kompüteri birbaşa idarə edə biləcəklər. İnsan beyninə yerləşdirilən çip konkret hansı funksiyaları yerinə yetirəcək və bu, bəşəriyyət üçün nə vəd edir? 

Ümumiyyətlə, elmi-texniki yeniliklər həmişə inqilab yaradıb, sanki insanlar heç gözlənilmədən, nə baş verdiyinin fərqinə varmadan bir aləmdən çıxıb tamam başqa, paralel dünyalara keçid ediblər. Avtomobilin, qatarın, təyyarənin kəşfi nəqliyyat sistemində köklü dəyişikliklər edərək, Yer kürəsinin sərhədlərini təsvirəgəlməz ölçüdə daraldıb. Sənayedə istifadə olunan cürbəcür texnologiyalar, kompüterləşmə insan əməyini qatbaqat yüngülləşdirib, istehsalın həcmi artıb, maliyyəti azalıb. Son 30-40 ildə texnologiyalar həyatımıza elə dərindən nüfuz edib ki, bizi sıxışdırıb yerimizə keçəcək deyə düşünməyə bilmirsən. Mütəxəssislər bildirirlər ki, saç telindən dəfələrlə incə 1024 elektrod lifi xüsusi qurğu ilə beyinə yerləşdirilib - “əkilib”, iyirmi qəpiklik boyda çipə birləşdiriləcək. Beləliklə, beynimizlə, düşüncələrimizlə hər növ cihazları, hətta avtomobilimizi də idarə edə biləcəyik. Mask dəfələrlə vurğulayıb ki, süni zəka bir gün bəşəriyyətə zərər verməyə başlaya bilər. Məhz bunun qarşısını almaqdan, necə deyərlər, robotların əsarəti altına düşməməkdən ötrü beyin imkanlarımızı genişləndirəcək vasitələr yaratmalıyıq. Bizi daha ağıllı, güclü, bacarıqlı bir varlığa çevirəcək “Neuralink”in də digər məqsədi budur. Bəs reallıqdan daha da qopub, tamam virtuallaşmağımız insanlığın sonu demək deyil ki?

Qeyd edək ki, ilk dəfə rejissor Aaron Russo 2007-ci ilin 24 avqustunda, vəfat etməzdən əvvəl “insanlara çip taxacaqları və onları nəzarət altına alacaqları” fikrini gündəmə gətirib. Birinci mərhələdə yalnız cinayət törətməkdə ittiham olunan şəxsləri nəzarət altında tutmaq üçün qurulmalı olan bu sistem daha sonra ümumilikdə yeni düzən qurmağa hesablandı. Beləcə, bu sistem insanların şəxsi həyatına nəzarət etmə nöqtəsinə qədər gətirildi. Rejissor Russonun dediyindən belə çıxırdı ki, əsas məqsəd bütün insanların bədəninə çip yerləşdirmək, hər insanı bir naviqasiya cihazına çevirməklə onu nəzarətdə saxlamaq imkanı əldə etməkdir. İddiaya görə, insan vücuduna çip yerləşdirməklə, bədəndə hormon dəyişikliyi də daxil olmaqla, göz bəbəyindən topuğa qədər hər şeyə nəzarət etmək mümkün ola bilər.

Deputat Ceyhun Məmmədovun atası vəfat etdi

Ceyhun Məmmədov

Parlamentin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, müasir texnologiyanın inkişafı, süni intellektin tətbiqi yaxşı perspektivlər vəd edə bilər, amma ümumilikdə süni intellektə bu cür sürətli keçid, texnikanın insanla əvəzlənməsi gələcək dünyamız üçün yaxşı tendensiya deyil. Deputat vurğuladı ki, insanlarla indi söhbət etsək, bu prosesin artıq ciddi problem yaratdığını etiraf edəcəklər: “Süni intellekt inkişaf etsə də, insanı əvəzləyə bilməz. Bugünlərdə Amerikada robot işçiyə hücum edib, Cənubi Koreyada robot insanı əşya hesab edərək onu paketləməyə çalışıb. Bu şəkildə tendensiya təhlükəli görünür. Ona görə süni intellekt insanı əvəzləyə bilməz. Təbii ki, müəyyən müsbət təsirləri ola bilər, amma getdikcə texnologiyanın belə inkişafı ciddi fəsadlara səbəb olacaq. Artıq dünya robotların savaşından danışır. İnsanları əvəzləmək üçün dövriyyəyə buraxıla texnikalar gələcəkdə insanın əleyhinə çevriləcək, problem yaradacaq, ona görə bu məsələlər insanın yaradılışı ilə ziddiyyət təşkil edir”.  C.Məmmədov əlavə etdi ki, robotun hissi, duyğusu olmadığına görə əlavə fəsadları meydana çıxa bilər: “İndidən insanlar virtuallaşmadan şikayətlənir, laqeydləşmə, soyuqlaşma başlanıb. Həmçinin süni intellektə keçid həm də ölkələrdə işsizlik problemi yaradacaq. Şirkətlər daha çox pul qazanmaq, daha az adama maaş vermək məqsədi güdürlər, lakin bunun fəsadları haqda düşünməliyik. Çünki gələcəkdə bəşəriyyət üçün bəlaya çevriləcək və çıxış yolları axtarmağa başlayacağıq”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR