İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft-qaza böyük tələbat uzun illər davam edəcək - təhlil

561 25.04.2024 13:11 İqtisadiyyat A A

Ekspert: "Dünya hələ kömürdən tam uzaqlaşa bilməyibsə, neft-qazdan necə imtina ediləcək?"

Hazırda dünyanın, o cümlədən Azərbaycanın prioritetlərindən biri də yaşıl enerjiyə keçiddir. Əlbəttə, bu böyük bir prosesdir və dünyanın gələcəyi üçün alternativsizdir. Yaşıl enerjiyə keçid prosesinin qısa müddətdə baş verəcəyini gözləmək mümkün deyil. Hazırda belə bir təbliğat da aparılır ki, qısa zamanda neft-qaza dünyada tələbat minimuma enəcək, bu isə hasilat enerjisi ölkələri üçün təhlükə kimi qeyd edilir. Ancaq məsələ heç də belə deyil. Fakt bundan ibarətdir ki, yaşıl enerjiyə keçid uzun zaman alacaq. 

Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında bununla bağlı danışıb. 

“Yaşıl enerji ilə ənənəvi enerji arasındakı mütənasibliyə gəldikdə, düşünürəm ki, dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq. Bunun bir gün ərzində dayandırılmasını düşünmək sadəlövhlük olardı”, - deyə o bildirib.

Dünyanın bunun üçün hazır olmadığını vurğulayan Prezident bildirib: “Dünya iqtisadiyyatı və sənayesi bunun üçün hazır deyil. Fikrimcə, əldə oluna bilinməyən hədəfdənsə, ən yaxşı yol mütənasiblik yaratmaqdır və təkamül yolu ilə getməkdir”.

Qeyd edək ki, son illərdə yaşıl enerjiyə keçid prosesinin sürətlənməsi müşahidə olunur: dünyada alternativ mənbələrdən əldə olunan enerjiylə işləyən avtomobillərin satışı kəskin artır, eyni enerji ilə uçan təyyarələrin, gəmilərin yaradılması istiqamətində nəhəng layihələr həyata keçirilir. 

Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozuna görə, elektrik avtomobillərinin qlobal satışları bu il 20 faizdən çox artaraq 17 milyon ədədə çata bilər. Proqnoz IEA-nın illik sənaye hesabatında əksini tapıb. Hesabatda deyilir ki, birinci rübdə elektrik avtomobillərinin satışları illik müqayisədə təxminən 25 faiz artıb. 2024-cü ildə elektrik avtomobillərinin ümumi avtomobil satışlarında payı təxminən 20 faiz təşkil edəcək və 2035-ci ilə qədər üçdə ikiyə qədər arta bilər. Üstəlik, bu il Çində artım 45 faizə, Avropada 25 faizə, ABŞ-da 11 faizə çata bilər.

Hazırda dünyada elektrotəyyarə istehsalı ilə bağlı böyük layihələr icra olunur. Morgan Stanley analitiklərinin proqnozlarına əsasən şaquli qalxan (eVTOL) elektrik təyyarələrinin qlobal bazarı 2040-cı ildə 1,5 trilyon dollara çatacaq. Bu təyyarələrin potensial istifadəçiləri arasında logistika, kənd təsərrüfatı və hava yolları, fövqəladə hallar və təhlükəsizlik xidmətləri, həmçinin turizm sənayesinin nümayəndələri var.

Əksər eVTOL-lar hələ də sınaq mərhələsindədir, sürət və hündürlük, eləcə də daşıya biləcəkləri yük baxımından çox dəyişir.  Buna baxmayaraq, artıq Şanxayda yerləşən “AutoFlight” şirkəti martın sonunda özünün “CarryAll” pilotsuz təyyarəsi üçün Çin Mülki Aviasiya Administrasiyasından (CAAC) uçuşa yararlılıq sertifikatı alıb. Bu, tənzimləyici təsdiqindən keçən dünyada çəkisi 1 tondan çox olan ilk eVTOL-dur.

Ötən ilin sentyabrında Beynəlxalq Enerji Agentliyi bəyan edib ki, üç əsas növ yanacaq - neft, təbii qaz və kömür istehlakı 2030-cu ilə qədər pik həddə çatacaq. Agentliyə görə, həmin ildən sonra bu yanacaq növlərinin istehlakı azalmağa başlayacaq və buna bərpa olunan enerji mənbələrinin sürətlə yayılması və elektriklə işləyən avtomobillərin sayının artması səbəb olacaq.

Qeyd edək ki, bu, agentliyin eyni vaxtda neft, qaz və kömür üçün bir istiqamətli mənfi istehlak dinamikasını nəzərdə tutan ilk proqnozudur.

BEA rəhbəri Fatih Birol hesab edir ki, dünya “qalıq yanacaq dövrünün sonunun başlanğıcını görür və növbəti dövrə hazırlaşmalıdır”. O hesab edir ki, siyasətçilər vəsait çatışmazlığına və seçicilərin mümkün tənqidlərinə baxmayaraq, enerji keçidini sürətləndirmək və emissiyaları azaltmaq üçün hərəkətə keçməlidirlər.

F.Birol diqqəti son 10 ildə qlobal təbii qaz tələbatındakı artımın təxminən üçdə birini və neft tələbindəki artımın üçdə ikisini təmin edən Çin iqtisadiyyatında “struktur dəyişikliklərinə” çəkib. Söhbət əsasən ağır sənayedən daha az enerji tutumlu sənaye və xidmət sahələrinə keçiddən gedir. İEA rəhbəri vurğulayıb ki, digər məsələlərlə yanaşı, ayrı-ayrı ölkələr tərəfindən hasilatın azaldılması nəticəsində neft qiymətlərinin artması nəqliyyat sektoru üçün xüsusilə vacib olan təmiz enerjiyə keçid sürətinin artırılmasında rol oynayır. Birol bildirib ki, mövcud tendensiyalara görə yeni irimiqyaslı qalıq yanacaq layihələri təkcə iqlim riskləri deyil, həm də maliyyə riskləri daşıyır və problemli aktivlərə çevrilə bilər.

BEA-nın bu proqnozu OPEK-də qəzəblə qarşılandı, təşkilat agentliyi məlumatlara deyil, ideologiyaya əsaslanaraq proqnoz verməkdə suçladı. OPEK-də bildirirlər ki, “onların baxışları tez-tez neft və qaza investisiyaların dayandırılması çağırışları ilə müşayiət olunur ki, bu da enerji xaosuna səbəb ola bilər”.

OPEC öz bəyanatında BEA-nın proqnozunu “son dərəcə riskli və praktiki olmayan” adlandırır. Alyans vurğulayır ki, oxşar proqnozlar əvvəllər də verilib - əvvəlcə təklifin pik həddi, sonra tələbin pik həddi haqqında, lakin onların heç biri təsdiqlənməyib. Eyni zamanda alyans analitiklərinin fikrincə, bu cür bəyanatlar hazırda yeni neft-qaz layihələrinə investisiyaların dayandırılması çağırışlarına səbəb ola bilər: “Bu cür bəyanatlar yalnız qlobal enerji sistemini təsiredici uğursuzluğa düçar edir. Bu, onun potensialında görünməmiş miqyasda enerji xaosuna səbəb olacaq: iqtisadiyyat və bütün dünyada milyardlarla insan üçün dəhşətli nəticələrə gətirib çıxaracaq”.

Neft İstehsalçıları Alyansı qeyd edir ki, BEA-nın proqnozunda bu gün qalıq yanacaqların qlobal enerji kompleksinin 80 faizini təşkil etməsi, eləcə də sənayenin emissiyaların azaldılmasında texnoloji tərəqqi əldə etməsi nəzərə alınmır: “Dünyanın enerji yoxsulluğunun aradan qaldırılması, artan enerji tələbatının ödənilməsi və emissiyaların azaldılması ilə yanaşı enerjinin sərfəliliyinin təmin edilməsi problemi ilə üzləşdiyini dərk edərək, OPEK heç bir enerji mənbəyindən və ya texnologiyasından imtina etmir. Alyans hesab edir ki, bütün maraqlı tərəflər eyni şeyi etməlidir”.

OPEK-in baş katibi Heysəm əl-Qays Küveyt Xəbər Agentliyinə müsahibəsində bildirib ki, iqlim dəyişikliyinə qarşı mübarizə səbəbilə neftdən uzaqlaşma xüsusilə qida, dərman və bərpa olunan enerji mənbələri üçün avadanlıq istehsalının azalmasına səbəb ola bilər. Onun sözlərinə görə, son illərdə ətraf mühitin qorunması bəhanəsi ilə neftdən uzaqlaşmağa çağıran çoxlu səslər var. OPEK-in baş katibi neftin dünya enerji balansının 31 faizini təşkil etdiyinə işarə edərək, bu cür çağırışları “yanlış və qeyri-real” adlandırıb. O qeyd edib ki, neft qlobal iqtisadiyyatda mühüm rol oynayır və gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib: “Neft yox olarsa, bu, külək turbinləri və günəş panelləri kimi bərpa olunan enerji mənbələri üçün avadanlıqların istehsalına təsir göstərəcək, çünki onların istehsalı neft məhsulları ilə bağlıdır”.

Əl-Qaysın sözlərinə görə, neftin istehlakdan çıxarılması yol, dəniz və hava nəqliyyatına, qida, əczaçılıq və tibbi ləvazimatların istehsalına mənfi təsir göstərə bilər, həmçinin sabun və diş pastası çatışmazlığına səbəb ola bilər.

Əl-Qays əlavə edib ki, neftə tələbatın 2030-cu ilə qədər pik həddə çatacağına dair xəbərlər qalıq yanacaqlardan tamamilə uzaqlaşmaq çağırışlarına əsaslanır. OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər qlobal neft tələbatı baza ssenarisi üzrə sutkada 116 milyon barelə, alternativ ssenarilərdən biri üzrə isə 120 milyon barelə çatacaq:  “Zəruri neft tədarükünü təmin etmək üçün 2045-ci ilə qədər biz neft sənayesinin müxtəlif sektorlarına təxminən 14 trilyon dollar sərmayə qoymalıyıq”.

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco”  layihəsini canlandırır” – Caspian Barrel

İlham Şaban

Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, yaşıl enerjiyə keçid qısa müddətdə həll ediləsi məsələ deyil: “Bu, elə proses deyil ki, BMT səsverməyə qoysun, bütün ölkələr "hə" desin, hökumətlər dərhal işə başlayıb 5-10 ilə bütün istiqamətlərdə yaşıl enerjiyə keçsinlər... Hələ 1900-cü ildə Nyu-Yorkda beynəlxalq enerji konfransı keçirilib. Orada bəyan edilib ki, kömürün əvəzedicisi gəlir - neft. Tezliklə neft kömürü enerji bazarından tamamilə çıxaracaq. Onda dünyada gündə 400 min barel - təxminən ildə 20 milyon ton neft hasil olunurdu, onun da yarısı Bakı mədənlərinin hesabına. Neftin qlobal enerji balansında kömürdən əvvələ keçməsi üçün 54 il vaxt lazım gəldi. İndi təsəvvür edin, 2024-cü ildir, qlobal enerji balansında neftin çəkisi 31 faiz, kömürün çəkisi 26 faizdi, qazın çəkisi 24,5 faizdir. Günəş və külək enerjisinin payı 8 faizə çatmır.

Mən xatırlayıram ki, 2005-ci ildə - “Şahdəniz”dən hasilatın başlanmasına hazırlıq gedən vaxtlarda qeyd olunurdu ki, yaxın 5 ildə - 2010-cu ildə qaz dünya enerji balansında 2-ci yerə çıxacaq. Amma 20 ilə yaxın müddət keçib, bu, baş verməyib. Bunun 2027-ci ildə baş verəcəyi gözlənilir. 2030-cu ilə neftin payının 29 faizə düşəcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fateh Birol bugünlərdə öz yazısında qeyd edir ki, elektromobillərdən istifadənin artması nəticəsində 2035-ci ildə neftin istehlakı indiki gündəlik 101-102 milyon bareldən 10 faiz azalacaq".

Ekspert bildirir ki, istənilən halda 2040-cı ildə ənənəvi enerjidaşıyıcılarından istifadə xeyli dərəcədə azalacaq: “Bunu bütün dünyada yaxşı görürlər. Ona görədir ki, "Şahdəniz" qazını daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi üzrə uzunmüddətli müqavilələr bağlanması mümkün olmur. Avropa birmənalı şəkildə 2040-cı ilədək qalıq yanacaqlardan istifadəni minimuma endirməyi hədəfləyir. Lakin dünyada heç də bütün ölkələrin Avropa ölkələri kimi imkanları yoxdur. Dünya ölkələrinin yarıdan çoxunda insanların elektromobil almaq, belə avtomobillər üçün infrastruktur yaratmaq imkanı yoxdur. Bu gün dünyada avro standartından xəbəri belə olmayan onlarla ölkə var. Bütün bunları nəzərə alsaq, neft-qazın hələ ən azı 50 il qlobal enerji balansında ciddi mövqelərə sahib olaraq qalacağını söyləyə bilərik".

Dünya SAKİT,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR