İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neft pulu ilə Azərbaycanı yenidən qurmaq olardı” iddiasına reaksiya

4103 07.06.2017 08:45 İqtisadiyyat A A

Qubad İbadoğlu: “Yalnız vəsaitlərlə ölkəni yenidən qurmaq mümkün deyil”


Milli Məclisin deputatı Əli Məsimli yeni açıqlaması ilə gündəmə gəlib. O, Neft Fondunun vəsaitlərinin səmərəsiz xərclənməsi məsələsinə toxunub və qeyd edib ki, bu vəsaitlər yeni Azərbaycan qurmaq üçün yetərli idi: “Hazırda Azərbaycanın xarici borcu ümumi daxili məhsulun 20 faizi həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin öz üzərinə götürməsi isə bu rəqəmi 30 faizə çatdıracaq”.


Əli Məsimlinin sözlərinə görə, yaxın gələcəkdə neftdənkənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar. O əlavə edib ki, struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, idarəetmənin səmərəliliyini artırmaqla korrupsiyanın aradan qaldırılmasına nail olmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər.


Deputat qeyd edib ki, son 10 ildə Azərbaycan Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: “Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə büdcəyə əlavə vəsait daxil olmur”.
Deputatın bu fikirlərini dəyərləndirən iqtisadçı eks

pert Qubad İbadoğlu bildirdi ki, bu günə qədər neftdən gələn vəsaitlər 135 milyard dollar təşkil edib: “Onun da təxminən 100 milyard dollara yaxını xərclənib, 35,6 milyard dollar da Dövlət Neft Fondunun aktivləri kimi saxlanılır. Təbii ki, bu vəsaitlərdən istifadə daha səmərəli, daha rasional ola bilərdi. Bu vəsaitlərin xərclənməsi fiskal qaydalara uyğun aparıla bilərdi. İndi bizim Neft Fondunda 35 milyard dollar yox, 70 milyard vəsaitimiz qalardı. Bu 70 milyard dollar vəsait hazırkı durumda Azərbaycanın böhrandan çıxması üçün, ölkənin neft gəlirlərinin ədalətli istifadəsi baxımından çox önəmli bir baza ola bilərdi. Ancaq hazırda qalan vəsaitlərin bir hissəsi istifadə olunub, təxminən 80 faizə yaxını da kommersiya sektorunda yerləşdirilib. Vəsaitlər daha çox infrastrukturun yenilənməsinə xərclənib və bu da kommersiya predmetinə çevrilib”.


Q. İbadoğlu “qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının da baş tutmadığını vurğuladı: “Bu pullar real sektora yönəldilmədi. Vəsaitlər daha səmərəli, daha şəffaf istifadə oluna bilərdi. Azərbaycan dünya iqtisadiyyatında aparıcı ölkələrdən birinə çevrilə bilərdi. Ancaq təəssüflər olsun ki, biz ”qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində də işlər görə bilmədik. İndi artıq həmin imkanlar da itirilib. Biz vaxtında bunu dedik, təkliflərimizi Maliyyə Nazirliyinə, Prezident Administrasiyasına təqdim etdik. Lakin buna diqqət yetirən olmadı".


Ekspert onu da bildirdi ki, bu vəsaitlər ciddi əlavə dəyər yaradan sahələrə yönəldilməyib: “İstənilən vəsaiti xərcləyərkən əlavə dəyər yaranır. Lakin vəsaitlər real sektora yatırılanda bu dəyər daha çox olur. Neft Fondunun vəsaitlərinin xərclənməsində qeyri-kommersiya sahələri üstünlük təşkil edib. Biz həmin vəsaitlərlə yol çəkmişik, tunel tikmişik. Yoldan və tuneldən hansı əlavə dəyər qazanıla bilər ki...”.
Bu vəsaitlərlə yeni Azərbaycan yaradıla biləcəyi iddiasına gəlincə, iqtisadçı bildirdi ki, neft pulları düzgün idarə olunsaydı, Azərbaycan indikindən daha çox inkişaf edə bilərdi: “Burada vəsait bir resursdur, bir amildir. Yalnız vəsaitlərlə ölkəni yenidən qurmaq mümkün deyil. Azərbaycanı yenidən qurmaq üçün vəsaitlərlə yanaşı yeni idarəetmə sistemi də olmalıydı. Eyni zamanda digər faktorlar da olmalıydı ki, Azərbaycan yenidən qurulsun”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR