Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Azərbaycanın məşhur şairi Mikayıl Müşfiqin abidəsinin dağıdılmasına kəskin etirazını bildirib.
Müsavat.com-un məlumatına görə kitabxanalarla bağlı keçirlən müşavirədə çıxış edən nazir qeyd edib ki, bu məsələ rəhbərlik səviyyəsində həll olunmalıdır:
"Mikayıl Müfiqin abidəsinin dağıdılması yolverilməzdir! Necə olur ki, abidənin harda yerləşdirilməsinin aqibətini inşaatçılar həll edir? Bu, yolverilməzdir! Məsələ gərək rəhbərlik səviyyəsinə qədər çıxarılmalı, razılaşma ilə həll olunmalı idi. Onlar məsuliyyətə cəlb olunmalıdır".
Qeyd edək ki, bu günlərdə sosial şəbəkələrdə şair Mikayəl Müşfiqin abidəsinin dağıdılması ilə bağlı məlumatlar, fotolar yayılmışdı. Abidənin dağıdılmasına səbəb kimi “Azəravtoyol” ASC-in ərazidə quruculuq işləri aparması göstərilirdi. Lakin qurumdan rəsmi açıqlama verərilərək məlumatların əsassız olduğunu, ərazidə quruculuq işləri aparıldığından büstün müvəqqəti olaraq yerləşdiyi ərazidən götürüldüyü bildirilib.
Xatırladaq ki, şair Mikayıl Müşfiqin abidəsi Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkın ərazisində idi.
Xalidə Gəray
Musavat.com






