İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir müavini vətəndaşların əmlak vergisindən və bələdiyyələrdən danışdı - ÖZƏL

3974 25.02.2023 22:03 Müsahibə A A

Milli Məclisin 24 fevral tarixli iclasında Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib. Müzakirələr başa çatdıqdan sonra Vilayət Zahirov Musavat.com-un suallarını eksklüziv olaraq cavablandırdı.

 - Vilayət müəllim, bələdiyyələrin statusunun artırılması zərurəti uzun müddətdir ki, müzakirə mövzusudur. Parlamentdəki məruzənizin müzakirəsi zamanı deputatların fikirlərinə reaksiyanızı bələdiyyələrin statusu ilə bağlı Konstitusiya dəyişikliklərinə gedilməsinin anonsu hesab etmək olarmı?

- Yox. Mən demək istəyirəm ki, bu gün bələdiyyələrin fəaliyyəti həm Konstitusiyada ayrıca bir fəsildə, bölmədə qeyd olunub, eyni zamanda bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı 30-a yaxın qanun qəbul edilib. Əgər nəsə başqa təkliflər, fikirlər olarsa, onda buna dəyişikliklər zərurəti yarana bilər. Amma bu gün belə bir söhbət yoxdur, yəni bu, real deyil.

- Bəs, yaxın gələcəkdə bələdiyyələrin statusunun artırılması reallaşa bilərmi?

- Gələcək üçün bu, təbiidir, yəqin ki, olacaq. Yəni bu, artırılır, son illərdə də bu istiqamətdə addımlar olub. Bəzilərində elə təsəvvür yaranır ki, bu proses dayanıb. Amma bələdiyyənin fəaliyyəti ilə bağlı, o cümlədən fermer təsərrüfatlarına xüsusi şəhadətnamənin verilməsini bələdiyyələrə həvalə etdilər. Kənd təsərrüfatı ölkəmizdə xeyli geniş sahədir. Bu sahə bələdiyyələrə etibar olundu.

- Bələdiyyələr vətəndaşlardan yaşadıqları mənzilə görə illik əmlak vergisi tələb edirlər və bir sıra hallarda bu, narazılıqlar doğurur. Hətta ödəniş olmadığı halda verginin üzərinə faizlər də gəlir.

- Təbii ki, bu, qanunvericiliyə uyğundur. Vergi olmalıdır. Büdcə sistemi haqqında Qanunda, Bələdiyyələrin statusu haqqında Qanunda birbaşa hansı vergilərin tutulması göstərilib. Orda yazılıb ki, fiziki şəxslərdən əmlak vergisi tutulmalıdır. Siz dediyiniz məsələ də həmin vergiyə aiddir. Yəni bu, qanunauyğundur. Bununla bağlı Vergilər Nazirliyi tərəfindən də verginin dərəcəsi, miqdarı ilə əlaqədar qaydalar hazırlanıb, bələdiyyələr o qaydalara uyğun fəaliyyət göstərirlər. Yəni həm rayonlardakı, həm də şəhərdəki əmlakla bağlı qiymətlər fərqlidir.

- Amma bir çox hallarda sakinlərin “bələdiyyə mənimçün nə iş görüb ki, ona vergi ödəməliyəm”-şəklində qıcıqlı reaksiyaları olur. Bəs belə yanaşmalarla bağlı münasibətiniz necədir? Türkiyədəki ideal bələdiyyə sistemi bizdə nə zaman tətbiq olunacaq?

- Nə demək olar? Qanuna hamı hörmətlə yanaşmalıdır. Bu gün biz istəyirik ki, bələdiyyələr bu istiqamətdə daha da inkişaf etsin, gələcəkdə ərazisində olan sakinlərin sosial, iqtisadi, ekoloji, digər məsələlərlə bağlı problemlərini həll etsinlər. Gələcəkdə bu istiqamətdə addımların şahidi olacağıq. Bu gün də artıq həmin istiqamətlərdə işlərə başlayıblar. Yəni bələdiyyələr insanların rifahı üçün olan qurumdur, xalqımıza, sakinlərə xidmət etmək üçün yaradılan yerli idarəetmə orqanıdır.

- Siz də hesab edirsinizmi ki, paytaxtda böyükşəhər bələdiyyəsi yaradılmasının vaxtı çatıb?

- Bilirsiniz, Azərbaycanın öz reallıqları var. Əvvəllər Avropadan gələn beynəlxalq qurumların təmsilçiləri də suallar verirdilər ki, niyə bu istiqamətdə addımlar atılmır. Siz yaxşı bilirsiniz - mən sizin imzanızla tanışam ona görə deyirəm – torpaqlarımızın 20 faizi işğalda olduğu halda 1 milyondan çox insanlarımız Bakıda və digər ərazilərdə məskunlaşmışdılar. Onlar yerli idarəetmə hüququ pozulmuş insanlar idi. Belə bir problem başqa ölkələrdə olmayıb axı. Ona görə də belə gecikmələr olub.

Elşad Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR