İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müsəlman dünyası həm keçmişdə, həm də indi bu problemdən əziyyət çəkir”

1065 28.04.2023 11:08 Media A A

Elvüsal Məmmədov: “Məhz bu meyar ölkəmizdə ümumi maraqlara xidmət göstərən bütövləşmə və həmrəyliyi təmin edə bilər”

Yola saldığımız ötən həftə müsəlmanlar Ramazan bayramını qeyd etdi. Amma hər il olduğu kimi, bu il də inanclılarımız arasında bayram namazının qılınması ilə bağlı fikir ayrılığı yarandı. Belə ki, Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının aprelin 21-i qılınacağını açıqladı. Bəzi dindarlar isə bildirdi ki, aprelin 21-də Ay görünməyib, bayram namazının qılınması da bu səbəbdən doğru deyil. Bu cür düşüncədə olanlara qarşı isə başqa bir irad tutuldu, siz “İrana işləyirsiniz, orada görünməyib deyə siz də bayramı qeyd etmirsiniz”. 

Bir sözlə, hər iki tərəf bir-birini ittiham etməkdən əl çəkmədi və günlərdir ki, sosial şəbəkələrdə bu barədə müzakirələr səngimir. Nəyə görə hər il belə mübahisələr yaranır, haqlı tərəf kimdir? Nə vaxta qədər Azərbaycanda məzhəblər arasında belə qarşıdurmalar, narazılıqlar olacaq?

Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bizimlə söhbətdə bildirib ki, üzücü haldır ki, bizdə sağlam müzakirə apara bilmirlər: “Niyə? Mövzunun mahiyyəti və məzmununa münasibət bildirmək həm bacarıq, həm də ədəb-ərkan tələb edən məsələdir. Bu və ya digər müddəaya (həm də iddiaya) elmi və əsaslı münasibət bildirməkdə aciz qalan qardaşlarımız ya iddia sahibinin şəxsini ittiham edir, ya da daşlaşmış ifadələrə çevrilən cümlələri təkrarlayırlar. "Bilmirsən; bilmədiyini danışma; elm əhli deyilsən; ilahiyyat təhsili almamışsan; filan alimin dizinin dibində oturmamışsan" kimi giley-güzarları adətən iki halda edirik: a) qarşı tərəfi tanımırıq, onun elmi yaradıcılığı, ideyalarından bixəbərik; b) mövzunu bilmirik, ya da biliklərimiz natamamdır, odur ki qulağımızın eşitmədiyi informasiya qarşımıza çıxanda elə bilirik ki, qarşı tərəf yanlış fikirləşir. Söhbət mübahisəli mövzulardan gedirsə, lütfən,  təktərəfli düşünməyək, bir cəbhənin alimlərinin dediklərini kanonik müddəa hesab etməyək, nəzərə alaq ki, bu kimi mövzularda fikirlər haçalanır, alimlər cəbhələrə bölünür; biz bir nöqteyi-nəzəri əsas götürürüksə, qarşı tərəf digərini əsas götürür.

Ümumiyyətlə, bizə qəribə gələn fikrə münasibətimizin obyektiv olması üçün elmi müzakirə aparmalı, əks arqumentlərlə müqayisəli təhlil əsasında onu puça çıxarmalıyıq".

İlahiyyatçı əlavə edib ki, məzhəblərin meydana çıxması obyektiv gerçəkliyin təzahürüdür: “Deməli, məzhəb, bu mənada, üsuldur, baxış bucağıdır, yanaşma tərzidir. Məzhəblər bu və ya digər vəhy materialını başa düşməkdə üsul, qayda və meyarlar təqdim etdiyi üçün lazımlıdır; onlardan imtina, fərqli düşünmə kimi qanunauyğunluqdan, vəhy materiallarının bir hissəsinin çoxmənalılığından, ayrı-ayrı situasiyalara görə nazil olan ayələrdən, deyilən hədislərdən imtina etməkdir. Məzhəbsizlik xaosdur, sistemsizlikdir. Deməli, məzhəblər, bu mənada, din deyildir, vəhy mətnlərinə xas istinad-mənbə statusu daşımır.

Məzhəblər, özlərini din və əqidə, vəhyin yeganə təmsilçisi kimi apardıqda təhlükəlidir, dağıdıcıdır. Təəssüf ki, müsəlman dünyası həm keçmişdə, həm də indi bu problemdən əziyyət çəkir. Çıxış yolu nədədir? Bu işdə əsas yük islam mütəxəssislərinin, ilahiyyatçıların, din xadimlərinin çiyninə düşür. İslamı ixtisas səviyyəsində bilməyən həvəskar və emosional kütlədən bu işdə mədət ummaq doğru deyildir. Çünki bu kütlə təqlid etdikləri alimlərin, din xadimlərinin əmrinə müntəzirdir.

Problemi həll etmək üçün hər şeydən əvvəl, məzhəblərə donuq ənənəçi baxışdan xilas olmaq lazımdır. Başa düşməliyik ki, Quranı, hədisləri, islam tarixini, fərqli düşünən müsəlmanları məzhəb əsasında qiymətləndirmək təhlükəlidir. Belə yanaşmada məzhəblər Qurana (Allahın mövqeyinə!) və hədislərə (Peyğəmbər təcrübəsinə!) hökm kəsən dominant meyar halına gətirilir.

Biz problemi bu cür qoymalıyıq: məzhəbləri Quran və Peyğəmbər təcrübəsi əsasında nəzərdən keçirək, yoxsa Quran və Peyğəmbər təcrübəsini məzhəblərə təhkim edək?!"

E.Məmmədov qeyd edib ki, məzhəbçiliyin yaratdığı sektant yanaşmadan imtina etmək üçün Quranın ümmətçilik və islam qardaşlığı dəyərlərini meyar seçməliyik: “Təəssüf ki, bizdə sektant (məzhəbçi) paradiqmaların təsirində qalan qapalı dini dünyagörüşünün təsirindən xilas ola bilməyən subyektlər az deyildir. Quran, ümmət şüuru və islam qardaşlığı məzhəbçi, sektant ənənənin qiymətləndirilməsində əsas meyar rolunu oynamalıdır. Ölkə müsəlmanları arasında qarşılıqlı nifrət və etimadsızlığa gətirib çıxaran məzhəbçi fitvalar, ictihadlar istinad-mənbə ola bilməz! Olsa-olsa, ayrı-ayrı qrupları, sektaları formalaşdıra bilər, fərdlərinin bir-birinə hörmət etdiyi ümmət yarada bilməz!

Birlikdən danışarkən Azərbaycan daxilində ayrı-ayrı xüsusiyyətləri (məzhəbləri) sərf-nəzər edən kombinativ birliyi nəzərdə tutmuruq. Nəzərdə tutduğumuz şey ölkədə dinc yaşamaq, bir-birinin dəyərlərinə hörmət etmək şüurunu inkişaf etdirən konfederativ, koalision birlik, yəni həmrəylikdir. Çünki birləşdirmə birləşdirilənlər arasında tam kombinasiyanı, inteqrasiyanı ifadə edir. Bu prosesdə birləşdirilən tərəflərin bəzi xüsusiyyətlərinin ləğvi mümkündür. Amma həmrəylik uyğunluğun mümkün həddini təmin edir, din və məzhəb müxtəlifliyini əməkdaşlığa xidmət edən növbənövlüyə çevirir. Məhz bu meyar ölkəmizdə ümumi maraqlara xidmət göstərən bütövləşmə və həmrəyliyi təmin edə bilər".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Hazırladı: AFAQ MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR