İnsanlara hürriyət, millətlərə istiqlal!

“Yeni nəsil ortaya çıxmalıdır ki, inqilaba, qan verməyə hazır olsun”

1857 12.12.2014 08:30 Müsahibə A A


Bundan öncə Bakıda ötən ilin avqustunda olan Mahmud bəy budəfəki səfərində Bakını tamam başqa qiyafədə gördüyünü, hava limanından başlamış bir sıra digər ünvanlara qədər yeni tikililərin şahidi olduğunu dedi, həmçinin ölkəmizin insan haqlarının vəziyyəti ilə bağlı da inkişaf etmiş ölkələr sırasında olmasını arzuladı. Elə Beynəlxalq İnsan Haqları Gününə təsadüf edən söhbətimizdə Güney Azərbaycanda, İranda yaşayan 40 milyona yaxın türkün haqlarına toxunduq.
 
- Mahmud bəy, bu gün Avropada Güney Azərbaycan türkünün haqlarına nə dərəcədə həssaslıq var? Bu problemlər avropalı üçün nə dərəcədə diqqət kəsb edir?

- Gərək bu məsələ Avropanın maraqlarına uyğun gəlsin. Diqqət edirsinizsə, İrandakı kürdlərlə müqayisədə türklərin məsələsi Avropanı daha az maraqlandırır. Bunun əsas səbəbi budur ki, bölgədə regional güc mərkəzi - Türkiyə var. Avropa özünü bölgədə Türkiyə ilə rəqib kimi görür. Habelə ortada Azərbaycan Respublikası var. Avropa bilir ki, Güneydə belə bir dövlətin yaranması Quzey Azərbaycanın böyüməsi deməkdir. Ortaya sual çıxır: Azərbaycanın böyüməsi Avropanın maraq dairəsindədir, ya yox? Düzdür, neft-qaz məsələləri Avropanın maraqlarına uyğundur. O mənada gedişat bizim faydamızadır. Rusiya ilə Avropanın münasibətlərinin pisləşməsi Azərbaycanın bütövləşməsi prosesinə aparır. Avropa Azərbaycanda möhkəmlənəndə Güney məsələsi daha qabarıq ortaya çıxacaq. 

- Maraqlı yanaşmadır. Yeri gəlmişkən, İkinci Dünya müharibəsindən sonra da münasibətlərdəki yeni situasiya Cənubi Azərbaycanda dövlətimizin qurulmasına şərait yaratmışdı. Elə söhbətimiz də Seyid Cəfər Pişəvərinin başçılığı ilə 12 dekabr 1945-ci ildə qurulan və 1 il yaşayan Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümünə təsadüf edir...

- Elədir. 21 Azər bizim üçün mühüm tarixdir. 26 dekabr da bizim soyqırım günümüzdür. O zaman 30 mindən çox şəhid verdik, on minlərlə insan didərgin düşdü. Biz elə keçən ilin indiki vaxtı bu məsələləri Amerikanın gündəminə çıxara bildik, Konqres və Senatda bəyanatlar yaydıq. O zaman konqresmen və senatorlarla görüşdük, həm dövlətçiliyimizi yaydıq, həm Urmu gölü ilə bağlı fəlakətli vəziyyət haqda məlumat verdik, həm də 21 Azərdən danışdıq. Hətta cənab Obamaya məktub yazmışdıq. Həmin məktubda bildirmişdik ki, Obama gərək 1946-cı ildə Azərbaycanda baş verənlərə görə üzr istəsin. Çünki ABŞ-ın həmin vaxt azərbaycanlılara qarşı törədilən soyqırımda əli vardı. 

Bu məsələni ən yüksək səviyyələrdə səsləndirdik, 17 senator və konqresmenlə görüşdük, həmçinin senator Tom Kubinlə, Güney Azərbaycanla bağlı istəklərimizi ortaya qoyduq, Güney həqiqətlərini Konqres və Senatda yaydıq. Növbəti görüşlərimizdə bu məsələlərə bir daha qayıdacaq, Amerika dövlətinin rəsmilərinə istəklərimizi çatdıracağıq. Bakıda olmadığım son il yarımda bizim əsas fəaliyyətimiz lobbiçiliklə bağlı olub. Lobbiçiliklə bağlı çox böyük addımlar atmışıq, Avropa Parlamentinin müxtəlif strukturlarında, insan haqları təşkilatında, xarici işlər bölümündə, müşavirlikdə yüzlərlə görüş keçirmişik. 
- Bəs bu görüşlərin faydasını nə zaman görmək mümkün olacaq?

İran rejimi siyasi baxımdan nə qədər zəifləsə, o qədər də biz qurtuluşumuza yaxın gedəcəyik”


- Artıq faydasını görməkdəyik. Biz Avropa Parlamentinin rəsmiləri ilə görüşmüşdük. Güney mövzusunda müzakirələr apardığımız parlamentarlardan biri Avropa Parlamentinin toplantısında ilk dəfə durub Güney Azərbaycandan, siyasi məhbuslarımız, Urmu gölü fəlakətindən danışdı. Düz 15 dəqiqə ancaq bizdən bəhs etdi. 

- Ancaq Avropa, ümumən Qərb yenə də İranla anlaşmış kimi görünür. Bu mənada yaxın tariximizdə olduğu kimi Güney Azərbaycan növbəti dəfə qurban verilə bilərmi? 

- Elə mən də bu barədə danışmaq istəyirdim. Bizim problemlərdən Avropa Parlamentində danışan parlamentarın rəhbərlik etdiyi heyət 3-4 ay bundan qabaq İrana getdi. 5 nəfərlik nümayəndə heyəti idi. Onların qoltuğunda Güney Azərbaycanla bağlı məlumatlar da var idi. Mən onlardan xahiş etdim ki, gedib bizim Təbrizdə, Kərəcdə, Evindəki siyasi məhbuslarımızı görün, Urmu gölünə yaxından baxın. Biz də bilirdik ki, İran onların bu istəklərini qəbul etməyəcək, ancaq cəhd göstərmələrini istədik. İstənilən halda Avropa Parlamenti nümayəndələrini Avropa ilə üzbəüz qoymaq istədik. 

- Son nəticədə təmas baş tutdumu? 

- Bəli, istəyimiz alındı. Bunlar getdilər, yüksək səviyyədə görüşlər keçirdilər, istəkləri çatdırdılar. Düzdür, gözlədiyimiz kimi, Güneylə bağlı təklifləri, istəkləri Tehran qəbul etməmişdi. Ancaq ötən həftə Avropa Parlamentinin İran bölümünün ikinci başqanı Ernest xanımla görüşümüz oldu. Xanım açıq dedi ki, bizə verdiyiniz bilgiləri çatdırdıq. Ancaq qəbul olunub-olunmaması məsələsi bizim əlimizdə deyil. Çünki İran bizim üzvümüz deyil. Avropa Parlamentinin İrana yaxınlaşıb-yaxınlaşmaması əsasən Amerikanın siyasəti ilə əlaqədardır. Əks təqdirdə, Avropa Parlamentinin İranla bağlı özfəaliyyəti ola bilməz, Qərbdə ABŞ aparıcıdır. Amerika desə ki, İrana qarşı embarqo tətbiq etmişəm, Avropa bu ölkəyə yaxınlaşmasın, o halda Avropa Tehrana doğru addım ata bilməz. 

- Amma İrana qarşı sanksiyaların ən böyük zərbəsi həm də Azərbaycan türklərinə dəyir...

- Düzdür. Amma biz bunu Amerika və Avropa Parlamentindəki görüşlərimizdə açıq şəkildə istədik ki, İrana qarşı embarqoları çoxaldın. Çünki bu gün Urmu gölü faciəsi bir tərəfdən millətimizə zərbə vurur, digər tərəfdən, assimilyasiyaya məruz qalırıq. Biz varlığımızı itirməkdəyik. Millətimizin yaşayışı ikinci məsələdir. Bizim üçün önəmlisi başqadır. İran rejimi siyasi baxımdan nə qədər zəifləsə, o qədər də biz qurtuluşumuza yaxın gedəcəyik. İranda sosial partlayış baş versə, orda yeni dövlətin yaranması müzakirə mövzusudur. Əhalini isə bu partlayışa hazırlamaq lazımdır. 

Sosial partlayış şəraitini də embarqolar yaradır. İranın iki il bundan qabaq neftdən gələn gəliri 118 milyard dollar idi. İndi olub 68 milyard dollar. Bu gəlirlərin azalması bizim faydamızadır. İranın əlində çox pul olanda məgər bizim millətə xərcləyir? Xeyr. Bu pulları polislərə verir, bandalarını çoxaldır, bizi daha çox assimilə edir. Odur ki, mənim nəzərimcə, İran dövlətinin zəifləməsi bizim millətin xeyrimizədir. İranda eynilə sovetlər birliyinin son illərində gedən proseslərin şahidiyik. Qorbaçovun vaxtında sovetlər birliyi iqtisadi baxımdan dağınıq idi. Sovet imperiyasının iqtisadi cəhətdən çökməsi ilə Quzey Azərbaycan Respublikası yarandı. 

Deyək ki, o zaman Bakıya iqtisadi cəhətdən dəstək verilsəydi, bu, sovetləri yaşada bilməzdi. Çünki böyük gəlirlərə malik olmuş Moskva və Leninqrad kimi iri şəhərlər çökürdü. Bizim də əsas məqsədimiz odur ki, mərkəz zəifləsin. Bu, bizim strategiyamızdır.  Hər şey ki, İran rejimini zəiflədir, biz ona yaxınıq.  
 
- Bu gün Güneydəki milli hərəkat səngimiş kimi görünür, üstəlik də hərəkat lidersiz qalıb. Belə olan halda vəziyyətin yaxşılığa doğru dəyişməsinə nə dərəcədə ümid edirsiniz? 

- İran hakimiyyəti “liberal” adlandırdığı Ruhani kartı ilə oynamağa çalışdı, azərbaycanlıların bəzi hissələrini də arxasınca aparmağa çalışdı, bir sıra hallarda buna nail oldu. Biz demişdik ki, bu, bir oyundur. Ancaq rejim bu oyunu bacardı. İndi isə bu oyun əhali arasında öz rəngini itirib. Sual olunur, Ruhani bu il yarımda nə iş gördü? Əslində vəziyyət daha da pisləşib. Camaata basqılar yenə davam edir, Urmu gölü üçün bir iş görmədi, ədalət gətirəcəyini vəd etmişdi, bunu görmədik. Üstəlik, yerindən tərpənən zindana atıldı. Yeni GAMOH-un liderlərindən olan Yürüş Mehrəlibəyli, Lətif Həsənliyə 9 il zindan veriblər. Bu, təkcə onlara verilən cəza deyil. Bizim millətimizin gözünü qorxutmaq üçün belə edirlər ki, o biri fəallar da yerlərində otursunlar. 

Camaatımız bu basqının qabağında nə edir? Görür ki, küçə və meydanlara çıxsa, qan töküləcək, hələ inqilab vaxtı deyil. Ona görə də otaqlara toplaşıb türkləşmə, milliləşməyə aid kitablar oxuyurlar, internetdən materiallar tapırlar, feysbukla əlaqə yaradırlar. Bu yolla milli hərəkat özünü toparlamağa çalışır ki, yenidən hərəkətə keçsin. Bir də ki, inqilab etmək sadə məsələ deyil. 2006-cı ildə milyonlarla insan küçələrə axışdı, onlarla şəhid verdik, yüzlərlə yaralımız oldu, 17 min ada tutuldu. Bu, bir topluma böyük bir zərbəydi. Növbəti dəfə ayağa qalxmaq üçün hazırlıq gərəkdir. Yeni nəsil ortaya çıxmalıdır ki, inqilaba, qan verməyə hazır olsun. Bu hazırlıq da gedir. Əsas məsələ odur ki, rejim zəifləsin, rejimin içərisindəki mafiya qrupları zamanında olduğu kimi bir-birinin qanına daraşsın və Qərb də bizim hərəkatı mənimsəsin, ona yardımçı olsun. Yardımçı olmasa da, heç olmasa hərəkata müxalif də olmasın.

Obama gərək 1946-cı ildə Azərbaycanda baş verənlərə görə üzr istəsin”


- Ancaq təhlükəlisi budur ki, Qərb kürd toplumuna “stavka” edir. Qərbi Azərbaycan torpaqlarına iddia edən kürd təhlükəsi barədə nə deyə bilərsiniz?

- Təbii ki, bu təhlükə realdır. Biz istərdik ki, bütün qonşularımızla normal əlaqələrimiz olsun. Kürdlər də bizim kimi fars şovinizminin zülmü altındadır. Onlarla işbirliyimizin olmasını istərdik. Amma gözlərini bizim torpaqlarımıza dikiblər, torpaqlarımızın üçdə birini “Kürdüstanın ərazisi” elan ediblər. O səbəbdən biz bunlarla bir yerdə otura bilmirik. Avropa təbii ki, o bölgədə özünə ayaq yeri tapmağa çalışır. Bölgədə İsrail kimi bir dövlət yaratmaq istəyir ki, öz maraqlarını təmin etsin. Bizim də gücümüz var. Kürdlər on illər boyu Amerikada, Avropada lobbiçiliklə bağlı işləyiblər. Ancaq biz də son illərdə bu istiqamətdə çox ciddi və sistemli proqramla işləyirik. Artıq azərbaycanlılarla söhbətdə belə bir fikir ortaya qoymuşuq ki, Avropadakı partiyaların içərisinə girmək lazımdır. Seçkilərdə namizədliklər irəli sürülməlidir ki, nümayəndələrimiz olsun. Biz iki qanadla işləməyə başlamışıq, artıq uğurlarımız da var. İsveçin özündə bir azərbaycanlı əyalət parlamentinə, digəri bələdiyyəyə üzv seçildi. Üst qatda da görüşlərimiz davam edir. Yəni artıq öz içimizdəki savaşları durdurub bütün qüvvəmizi vahid məqsədə səfərbər edirik ki, özümüzü tanıtdıraq. 

- Azərbaycana səfəriniz çərçivəsində rəsmi və qeyri-rəsmi səviyyədə kimlərlə görüşməyi planlaşdırırsınız? Ümumən Azərbaycandan indiki həssas dönəmdə Güneylə bağlı gözləntiniz nədir? 

- Biz milli hərəkatın dərdlərinin yayılması baxımından Türkiyə və Azərbaycandan başqa hansısa digər dövlətdən nəsə gözləmirik. Azərbaycan isə elə özümüzük, bədənimizin bir parçasıdır. Ona görə də gözləntimiz təbiidir. Azərbaycanın həm hakimiyyəti, həm də müxalifəti bizə qardaşdır. Biz hər ikisinin yanında olmaq istəyirik. Düzdür, biri mövqeyinə görə bizim dərdimizi çox deyir, digəri bəzi məsələlər səbəbindən deyə bilmir. Arzumuz odur ki, onlar da bizə eyni gözlə baxsınlar, bizi hansısa qüvvənin yanında görməsinlər. Biz güney azərbaycanlıyıq və bizim mənfəətlərimiz Azərbaycanın strateji maraqları ilə üst-üstə düşür. Bütöv Azərbaycanın yaranması Qarabağın qurtuluşudur. O mənada istərdim ki, Azərbaycan  hakimiyyəti bizi açıq dəstəkləməsə də, heç olmasa vətəndaş cəmiyyətinin dərdlərimizi deməsinə imkan yaratsın. Təbii ki, hakimiyyətin siyasi çətinlikləri var. 

- Güney Azərbaycanla bağlı tədbir keçirilən kimi Tehrandan etiraz gəlir, həmçinin Mahmudəli Çöhrəqanlının Bakıdan deportasiyasında da İran faktoru mühüm rol oynayıb. Yəni hakimiyyət bu amilləri də nəzərə alır...

- Təbii. Güney məsələsi çox həssas məsələdir. İran rejimi hər kiçik məsələyə reaksiya verir. Amma Azərbaycan Avropaya inteqrasiya xətti yürüdən müstəqil dövlətdir, Avropa Oyunlarına ev sahibliyinə hazırlaşır, Avropanın bir hissəsidir. Yəni Azərbaycanın insan haqlarına önəm verməsi heç kəsi incitməməlidir. Üstəlik də biz eyni millətik. Cənab prezident İlham Əliyev 50 milyondan söz açıb. Əgər 50 milyonun prezidenti olduğunu deyibsə, onda bu insanların arxasında durması lazımdır. 50 milyonun 35 milyonu çox ağır bir durumdadır. Millətimizi assimilyasiya etmək, silmək istəyirlər, Urmu gölü ilə bağlı 15 milyonun taleyi sual altındadır. 

Üstəlik, Urmu gölünün quruması nəticəsində toplanan duz kütləsi bütövlükdə bölgə üçün, həmçinin Azərbaycanın quzeyi üçün təhlükə mənbəyidir. Azərbaycan hakimiyyəti və müxalifəti bu məsələləri qaldıra, gündəmdə saxlaya bilər. Bu mənada həm müxalifət, həm iqtidar nümayəndələri ilə, həmçinin Azərbaycan nümayəndə heyətləri ilə görüşməyə çalışacağam. Sizin vasitənizlə də sözümüzü çatdırırıq ki, bizim dərdimiz hakimiyyət dərdi deyil. Bizim dərdimiz milli dərddir. Odur ki, bu, hamımızın məsələsidir...






Elşad PAŞASOY
FOTO: Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR