İnsanlara hürriyət, millətlərə istiqlal!

“YAŞIN YOX, HAQSIZLIĞIN AĞIRLIĞINI HİSS EDİRƏM”

4442 16.05.2011 09:36 Müsahibə A A

22 ildir Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinə rəhbərlik edən, mart ayında ömrünün 70-ci baharını qeyd edən hüquq müdafiəçisi Novella Cəfəroğludur həmsöhbətimiz.

- Novella xanım, deputat Fazil Mustafa yubileyinizlə bağlı Sizə dövlət mükafatının verilməsi barədə parlamentdə təşəbbüs qaldırsa da, reaksiya gəlmədi. Gözləntiniz vardı?

- Yox. Fazil Mustafa yaxşı niyyətlə bunu demişdi. Ancaq qəzetlər buna o qədər adekvat olmayan tərzdə yanaşdılar ki...Kimi dedi mən almaram, kimi dedi nə bilim nə. Məndən soruşanda demişdim ki, versələr, alacağam. Düzdür, insan ömründə 70 yaş bir dəfə olur. Amma mən nə ödül, nə medal üçün işləməmişəm. Mənim ödülüm də Azərbaycan, onun millətidir, medalım da. Cəmiyyət olaraq neçə-neçə insanlara köməklik eləmişik, insanları bəlalardan qurtarmışıq. Mənim “podarkam” budur. Mən medal görməyən insan deyiləm. Sovet vaxtından medallarım olub. Dünyada Marta mükafatı 50 nəfərə verilib, biri mənimdir. Dövlət Departamentinin Rumen mükafatı da tək-tək insanlara verilir, bu sırada mən də varam. MDİ-nin mükafatını da almışıq.

- Təkcə öz dövlətimizdən almamısınız...

- Niyə almamışam ki? Forumdan almışam, Azay Quliyev “Ən güclü hüquq müdafiəçisi” mükafatını verib. Bilirsiniz necədir, versəydilər, onların başucalığı olardı. Bu, onlar tərəfindən atılan addım olardı. Mənə çox adam deyirdi ki, bunlardan ödül almaq olmaz. Alaram, niyə almıram ki. Bu, Azərbaycan dövlətinin mükafatıdır. Onu kim, necə verir, fərqi yoxdur. Azərbaycan dövlətinin mükafatı Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan hər bir insanın halal haqqıdır. Müstəqilliyimizin qazanılmasında iştirak edən hər bir insan “İstiqlal” ordeni almalıdır. Niyə almasınlar, götürməsinlər? Söhbət məndən getmir. Mən yaxşını-pisi görmüşəm, yaxşı da həyat keçirmişəm. Mübarizə aparmışam, çox şeyə nail olmuşam. Ancaq bizimlə bərabər meydanlara çıxıb istiqlaliyyət uğrunda mübarizə aparan cavanların haqqı verilməlidir. Bu bayrağı onlar ucaldıb axı. Bu, dövlət tərəfindən bir addım olar. Demirlər dialoq-dialoq? Bax bu, dialoq üçün ilkin addım olardı.

- Azərbaycanda iqtidarla müxalifət arasında körpü rolunu vətəndaş cəmiyyətləri oynaya bilər. Bununla bağlı bir plan, layihəniz varmı?

- Layihə deyəndə ki, biz hər dəfə dövlət qurumları ilə danışıqlar aparırıq. Deyək ki, həbsə düşənlərin buraxılmasına nail oluruq. Amma hazırda siyasi məhbus olan şəxslər ki var, onların çoxunun 1 il 3 aylıq cəzası qalıb. Yaxud son mitinqlərlə bağlı həbs edilən 15 nəfər var. Rəhmətlik Heydər Əliyev vicdan məhbusu adlanan “Çeşmə”çiləri bir həftənin içində buraxdırdı. Ancaq neçə vaxtdır bizim həbsdəki uşaqların adına “vicdan məhbusu” adı verilib, hakimiyyət özündə iradə tapıb onları azad etmir. Amma etməlidir. Avropa Parlamentində Azərbaycan haqqında kəskin qətnamə qəbul olundu. Şəxsən mən vətəndaşı olduğum dövlətin haqqında belə sözlərin deyilməsini istəmirəm. Biz bunu fikirləşirik. Heç olmasa, dövlət məmurları da fikirləşsinlər də. Sabah bu məsələləri Avropa Şurasında da qaldıracaqlar. Məsələ Avropa Şurasına getməsin deyə, deyirik ki, 15 nəfər həbs edilənlərin hamısı buraxılsın, siyasi məhbuslar, Eynulla Fətullayev, Ruslan Bəşirli, Müşfiq Mədətov, Anar Namazov və digərləri azad edilsin. Məndən olsa, Əli İnsanovu, Fərhad Əliyevi, Rafiq Əliyevi, onların hesabına həbs olunmuş adamları, OMON-çuları bir gündə həbsdən buraxaram. Yəni müstəqilliyimizin 20 illiyində bir milli barışıq olsun. Şəxsən mən Suriya, Misir, Liviya inqilablarının Azərbaycanda təkrarlanmasını istəmirəm. Mən istəyirəm ki, iqtidarla müxalifət oturub danışsın. Vallah-billah bu saat heç kim kimisə istefaya göndərmək istəmir. İstefa sözünü leksikondan çıxartsınlar. Qoy iqtisadiyyatla, pensiya, tələbələrlə, həkimlərlə, müəllimlərlə bağlı islahatlara gedilsin. O gün bir iqtidar nümayəndəsi deyir ki, görürsünüz, yeni qərara görə büdcə təşkilatında işləyənlərin hamısı yüksək pensiya alacaq. Dedim bu, dövlət strukturunda işləyənlər üçündür. Bəs, digərləri? Yazıq müxalifəti qoyursunuzmu işləsin? Onlar necə pensiya alacaq? Gülüb dedilər ki, doğrudan da elədir.

- Barışığın əldə olunması, yaxud oturub danışmaq üçün konkret təklifləriniz varmı?

- Məsələn, biz təklif edirik ki, oğurlanan pulların hamısına amnistiya verilsin. Qoy qanun onları qorusun. Amma amnistiyadan sonra bir manat oğurlayan məmur dərhal həbs edilsin, bütün əmlakı müsadirə olunsun. Demirlər korrupsiyaya qarşı mübarizə aparılır? Qoy bunu etsinlər, camaat da görsün. İmkan versinlər orta təbəqə yaransın, biznesi beş nəfərin əlində saxlamasınlar. Mənim 3-4 qohumum Qazaxıstanda bizneslə məşğuldur. Çox gözəl də çalışırlar. Deyirlər necə lazımdır şərait yaradılıb. Niyə bunu Azərbaycanda eləməsinlər? İqtidardakılar deyir niyə gənclər plakatlarla küçələrə çıxırlar? Bu gənclər hamısı savadlı, içərilərində Harvard Universitetini bitirənlər belə var, hamısı qalıb kənarda, heç kim işə düzələ bilmir. Azərbaycanda nə qədər səfirlik var ki, gənclərimiz hamısı orda işləsin? Niyə mən regionlarda bir vəkil tapa bilmirəm. Əgər vəkilə normal şərait yaradılsa, maaş verilsə, məgər işləmək üçün rayona getməz? Ucqar kəndlərdə müəllim, həkim tapılmır, çünki normal məvacibi yoxdur.

- Bütün bu təklifləri paket şəklində hazırlayıb tərəflərə təqdim etmək fikriniz yoxdur ki?

- Monitorinq Qrupu paket şəklində hazırlayıb dövlətə, müxalifətə, səfirliklərə göndərmək niyyətindədir. Hər halda bu, bir yoldur da, görək bu yolla gedə bilərikmi?

- Novella xanım, heç yaşın ağırlığını hiss edirsinizmi?

- Yox. Yaşın yox, haqsızlığın ağırlığını hiss edirəm. Mən Cabbar Savalanlının məhkəməsində iki gün oldum. Prokurorla məhkəməyə çox təəccübləndim ki, onlar evlərində nə cür yatacaqlar. Onlar öz uşaqlarının üzünə necə baxacaqlar. Allah heç nəyi cəzasız qoymur. (Hakim Aslan oğlu idi, dedim vallah dədən elə bilib Aslan doğub, amma sən heç dovşan da olmadın.) Prokuror 3 il iş istəyəndə dəhşətə gəldik. Çünki 334.1 maddə ilə indiyədək heç kəsə belə ağır cəza verilməyib. Hətta biz bilirik ki, bu uşaq narkoman deyil. Məhkəmə də 2,5 il cəza oxuyanda heyrətləndim. Onlar Allahdan qorxmurlarmı? Dünyada Səddam Hüseyndən, Mübarəkdən, Qəddafidən dövlətli adamlar yox idi. İndi haradadırlar, hansı vəziyyətdədirlər. Mən demirəm ki, Azərbaycanda inqilab olacaq. Heç dünyasında olmasın, istəmirəm! Amma həmin o məmurlar fikirləşsinlər. Dünyadan gedən 3 metr parça aparır. Mənim atam 1957-də ölüb, indiyədək atamın nüfuzu ilə yaşayırıq. Kim bilir ki, Cəfərin qızıyam, deyir Allah o kişiyə rəhmət eləsin, o qədər bizə yaxşılıqlar edib. Mənə o bəsdir. Ya da anam Bekdaşilər nəslindən olub, hamısı alim olub. Hər kəs onlara rəhmət oxuyur. Odur ki, 70 yaş mənə təsir eləmir. Mənə Azərbaycanda gedən əxlaqsız hərəkətlər çox pis təsir edir.

- Sizin belə gərgin mühitdə qalmağınıza həyat yoldaşınız nə yaxşı dözür, birdəfəlik özü ilə İsrailə aparmır? Olmaya məhəbbətin gücü...

- Yox, çoxdur, bərkdir. Amma bilirsiniz necədir? Onlar hamısı (həyat yoldaşı və oğulları-E.P.) İsrailə gedəndə mən dedim siz öz dövlətinizi seçdiniz, mən də öz dövlətimi seçirəm. Bunu çox anlayışla qarşıladılar. Özləri də bilirlər ki, mən İsraildə Azərbaycansız uzağı bir-iki ay qala bilərəm. Təbii ki, orda yaşasam, 3 oğlum var, maşallah hamısı qəşəng qazanır, yoldaşımın da qəşəng pulu var, yəni heç nəyə ehtiyacım olmayacaq. Ev-eşik, maşın var. Üstəlik İsrail elə bir ölkədir ki, orda yaşasam, yoldaşıma verilən qədər mənə də pul verəcəklər. Amma onlar bilirlər ki, mən üçüncü ay orda qalsam, ölərəm. Mən Azərbaycansız yaşaya bilmərəm. Özləri gəlib-gedirlər.

- Yəhudi dilini sizə öyrədiblər?

- Yox, öyrənə bilmirəm. Amma onlar Azərbaycan dilini bilirlər. Nəvələrim hamısı danışır. (Gözünün önünə qoyduğu ailə üzvlərinin, həmçinin nəvələrinin şəkillərini göstərir-E.P.)

- Bildiyimizə görə, həyat yoldaşınızın rəhmətlik Elçibəylə yaxın münasibətləri olub.

- Çox yaxın dost olublar. Elçibəy prezident olanda hər gecə zəng vurub “nə var, nə yox” soruşardı. Hər zəng edəndə mən telefonu götürərdim, deyərdim filan problem var, bu çatmır. Elçibəy qulağıma “otboy” verirdi, tənqiddən özünün də xoşu gəlmirdi. Növbəti zəng edəndə Vilen götürüb deyirdi “Əbülfəz, onun sözünə baxma, hər şey yaxşıdır, gözəldir”. Mənə deyirdi ki, onsuz da işi çox gərgindir, sən niyə ona neqativ enerji göndərirsən. Pozitiv bir şey de. Yəni Vilen Əbülfəzi o qədər çox sevirdi. Ölümü də ona çox pis təsir etmişdi. Sizə bir əhvalatı da danışım. Əbülfəz bəy ölməmişdən əvvəl mənə bir paket verdi ki, Vilenə verərsən. Mən də açıb baxmadım, hər dəfə hansısa məktub göndərirdi, bu dəfə nəsə iri paket idi. Vilenə çatdıranda soruşdum nədir. Dedi heç, yazılarıdır, sənə aid deyil. İndi də hər dəfə gedəndə o yazıları axtarıram ki, görüm nədir. Vilen deyir vaxtı gələndə hər şeyi bilərsən. Bir dəfə dedim bəlkə sən öldün, biz bunu haradan tapaq. Cavab verdi ki, oğlanlarım bilirlər. Soruşdum ki, yaxşı, Əbülfəz bəy yazıbmı onun açıqlanmasının vaxtı haçandır? Dedi, hə, yazıb, zamanı çatanda ortalığa çıxaracağıq. Elçibəy yoldaşıma o qədər inanırdı, onunla o qədər sirli söhbəti olub. Beləcə, Elçibəyin həyat yoldaşıma yazdıqları indiyədək mənim üçün sirr olaraq qalır.

- Ailə üzvləriniz İsraildədir. Bəs, Bakıda kimlə qalırsınız?

- Tək.

- Çətin deyil?

- Qızlar (Cəmiyyətdəki xanımları nəzərdə tutur-E.P.) maşallah hamısı yanımdadır, hərəsi gəlib bir gün mənimlə qalır. Bir az xəstə oluram, günlərlə yanımdan ayrılmırlar. Həmçinin bacı-qardaşım var. Bacım qızları mənimlə qalır. Qohum-əqrəbalı adamlar olduğumuz üçün heç problem yoxdur. Özü də səhərdən-axşamadək burdayam, partiyadayam. Siz jurnalistlər qoyursunuz ki, rahat yaşayaq? Səhərdən-axşamadək kiminsə problemləri ilə məşğul oluruq. Bəzən Monitorinq Qrupunda olanları tənqid edirlər. Ancaq bu işi görməyə o qədər öyrənmişik, tənqidi də laqeyd qarşılayırıq. Hərdən inciyirik, öz aramızda danışırıq. Çox inciyəndə İsa bəyə, ya Rauf bəyə zəng edirik ki, bu nədir, bizim haqqımızda yazılıb? İsa bəy deyir “mən bilmirəm”, Rauf da deyir “mən görməmişəm”. (Gülür) Amma jurnalist də öz sözünü yazmalıdır. Biz də tənqidə dözməliyik...
Mən bu xalqın firavan yaşamağını istəyirəm. Heç olmasa minimum yaşayış imkanları olsun. Bu boyda nefti, bu qədər sərvəti olan dövlətin insanları normal yaşamalıdır. Mənim qonşuluğumda elə kasıb insanlar var ki, illərlə ət yemirlər. Mən himayəmə bir ailəni götürmüşəm. Amma bu dövlətin imkanı var axı, həmin kasıbı mən yox, özü saxlasın. Çox haqsızlıqlar görürük.

- Bu gərginlikdən irəli gəlir siz siqaret çəkirsiniz? Yoxsa sadəcə xobbinizdir?

- 40 ildir mən siqaret çəkirəm. Əvvəllər sadəcə “fason” üçün çəkirdim, sonra alışdım. 20 yaşımdan çəkirəm. (Ani pauzadan sonra düzəliş edir) 40 yox, 50 ildir. Yadımdan çıxıb, artıq 70 yaşım var e.

- Bəs, sağlamlığınıza ziyan vurmur?

- Vallah hər dəfə gedib ciyərlərimi yoxlatdırıram. Deyirlər siqaret çəkənə oxşamırsan. Mən axıra qədər çəkmirəm axı.

- Tərgitməyi planlaşdırmırsınız?

- Yox, əşi. Demişəm öləndə yanıma bir qutu qəşəng siqaret qoyarsınız. (Gülür)

- Şəhərdə siqaret damağında maşın sürən xanımlarla, yəqin, rastlaşırsınız...

- Mən onlara pis baxıram. Ya maşın sürməlisən, ya da siqaret çəkməlisən. Mənim “pravam”da var, sürməyi bacarıram. İsrailə gedəndə maşını özüm sürürəm. Orda qayda-qanun var. Amma Bakının küçələrində maşın sürmək özünü xara-kiri eləməkdir. Oğlum bura gələndə maşın götürdü ki, şəhəri gəzsin. Axşam gətirib açarı qaytardı ki, mən burda maşın sürə bilmərəm.
Sonda deyir ki, ata-anası, həmçinin Elçibəylə bağlı zəngin xatirələrini ipə-sapa düzmək istəyir: “Mən rusdilli insan idim. Dostoyevskini, Tolstoyu, o vaxtın dissidentləri Soljenitsin, Yevtuşenkonu tanıyırdım, onları oxuyurdum, bilet alıb Moskvaya gedirdik ki, dissidentləri dinləyək. Əbülfəz bəylə tanış olandan sonra Azərbaycana, Türkiyəyə məndə o qədər məhəbbət yaratdı ki... Məhəmməd Əmin Rəsulzadəni, Atatürkü mən ilk dəfə Elçibəydən eşitmişəm. Üçrəngli bayrağımızı ilk dəfə mənə Əbülfəz bəy göstərib, 69-cu ildə Kələkidə. Mən o zaman Naxçıvanda laboratoriya müdiri idim, Kələkidə kəşfiyyat ekspedisiyasında işləyirdim. Əbülfəz bəyi 67-ci ildən tanıyırdım. Bizi ancaq milli ruh birləşdirib. Mən onu həmişə özümə dost görmüşəm”. Yarızarafat “sevgi-məhəbbət olmadı ki” soruşuram. Cavabında “yox, sevgi-məhəbbət-zad olmayıb, sadəcə yaxın dost olmuşuq. Sevgi-məhəbbət gəldi-gedərdi, dostluq ömürlükdür” deyir. Sonra da bildirir ki, çoxlarından fərqli olaraq o, dostluğu daha üstün tutur: “Bəylə mənim dostluğuma heç kəs girə bilmədi. Çox adam aramızı vurmağa çalışdı, alınmadı. İndiyədək də ailəsi ilə dostluğumuz davam edir. Elçibəyin də haqqı verilməli, onun prezidentlik statusu qaytarılmalıdır. Həmçinin Məhəmməd Əminin haqqı verilməlidir. Bəzən qızlara deyirəm narahat olmayın, tarixdə biz də qalacağıq. Tarixi silmək olmaz...”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR