İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “İndiki şəraitdə başqa çıxış yolu görmürəm”

6174 18.07.2016 07:35 Müsahibə A A
Ötən həftənin sonlarında qardaş Türkiyədə yaşananlar Azərbaycanda da narahatlıqla izlənildi və təbii olaraq əsas  müzakirə mövzusuna çevrildi. Milli Məclisin deputatı Vahid Əhmədovla söhbətimizə də əvvəlcə Türkiyədə yaşananlar, baş verənlərin Azərbaycana təsirlərindən danlışdıq. 

- Vahid bəy, Türkiyə ilə Azərbaycanı bağlayan əlaqələr kifayət qədərdir və yəqin ki, qardaş ölkədə yaşananlar sizi də narahat  edir. Baş verən qanlı hadisələr barədə nə deyə bilərsiniz?

- Türkiyədə baş verən hadisələr Azərbaycanda da çox böyük narahatlığa səbəb oldu. Çünki faktiki olaraq Azərbaycanı bütün dünyada müdafiə edən, arxamızda duran, beynəlxalq təşkilatlarda Azərbaycanın səsinə səs verən dövlət Türkiyədir. Ona  görə də biz həmişə istəmişik ki, Türkiyə dövləti həm güclü olsun, həm stabillik hökm sürsün və heç bir problem yaranmasın. Mən hadisənin səhəri  günü Türkiyənin Azərbaycandakı səfiri ilə danışdım, narahatlığımızı, bir yerdə olduğumuzu bəyan etdim. Baş verənlər bir daha onu göstərdi ki, Türkiyənin özündə də müəyyən problemlər var. Bu proseslərdə müəyyən daxili və xarici qüvvələrin əlinin olması da istisna deyil. Ona görə qardaş ölkədə baş verənlər əlbəttə ki, bizi ciddi şəkildə narahat edir. Türkiyə demokratik  dövlətdir, azad cəmiyyət var. Fikir verdinizsə, bu hadisələrdə də türk xalqı öz sözünü dedi. Baxmayaraq ki, müəyyən qüvvələr dövlət çevrilişi etməyə cəhd göstərdilər, amma bunun qarşısını xalq aldı. Yəni xalq küçələrə, meydanlara, tankların qabağına çıxdı və dövlət çevrilişinə imkan vermədi. Baş verənlər Türkiyənin demokratik dövlət olduğunu bir daha göstərdi. Müxalif partiyalar da bu proseslərdə dövlətin yanında olduqlarını, demokratiyanı müdafiə  etdiklərini, Türkiyənin demokratik dövlət kimi yaşaması naminə mübarizəyə həmişə hazır olduqlarını bir daha bəyan etdilər. Türkiyə oturuşmuş, dünyada öz sözünü deyən, inkişaf etmiş bir dövlətdir. Ola bilər iqtidarın siyasəti kimlərisə qane etməsin. Amma bütün bunlar Türkiyədə dövlət çevrilişi etməyə əsas vermir. Son zamanlar cənab Ərdoğanın apardığı siyasət, Suriya ətrafında baş verən hadisələr, son on gün ərzində Rusiya ilə münasibətlərin istiləşməsi ola bilər ki, bir sıra xarici qüvvələrin, dövlətlərin maraq dairəsində olmadığı üçün bu hadisələr baş verdi. Tarix boyu türk ordusu Türkiyənin ayaqda qalmasının qarantı olub. Hətta Türkiyə tarixində ordu dövlət çevrilişləri həyata keçirsə də, ardınca ölkədə islahatlar həyata keçirilib, həyat  öz axarına qayıdıb. Əminəm ki, bu məsələlər yoluna qoyulacaq. Əlbəttə, Türkiyənin imicinə böyük zərər dəydi, iqtisadi cəhətdən xeyli maneələr ortaya çıxacaq. Ola bilər bu hadisələr Türkiyənin milli valyutasına da təsir göstərsin, iqtisadiyyatına problemlər yaratsın. Amma Türkiyə böyük dövlətdir, bu hadisələrdən də ayaq üstə çıxacaq. Çox yaxşı  ki, Türkiyə daha böyük  fəlakətlərlə üz-üzə qalmadı. 

- Bu hadisələrdən sonrakı Türkiyəni necə təsəvvür edirsiniz?

- Türkiyə dövlətinin rəhbərliyi, yəqin ki, aparılan siyasətlə əlaqədar olaraq müəyyən nəticələr çıxaracaqlar, ölkədəki problemlərlə əlaqədar ciddi düşünəcəklər. Bu hadisələrlə əlaqədar müəyyən  versiyalar irəli sürülür.  Yəqin ki, istintaqın yekununda məsələlər aydın olacaq. Əlbəttə, Türkiyədə yaşananlar ürəkaçan deyil. Amma son nəticədə dövlət çevrilişinin qarşısının alınması müsbət nəticədir. 

- Türkiyədə baş verənlər tarix boyu Azərbaycanda da izini qoyub, bizə təsirini göstərib. Bu mənada son baş verənlərin Azərbaycana təsirləri hara qədər ola bilər? 

- Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox yüksəkdir. Azərbaycan vətəndaşları, iş adamları Türkiyədə, Türkiyənin vətəndaşları da Azərbaycanda çalışır.  Heydər Əliyev demişkən, “biz bir millət, iki dövlətik” və aramızda da hər hansı problem yoxdur, dövlət başçılarının da münasibəti çox yüksək səviyyədədir. Həmçinin iqtisadi məsələlərlə əlaqədar yüksək səviyyəli müzakirələr aparılır, Strateji Əməkdaşlıq Şurasının vaxtaşırı toplanmır. Amma Türkiyədə olan indiki vəziyyət, müəyyən iqtisadi problemlərin ortaya çıxması təbii ki, bizim üçün yaxşı heç nə vəd etmir. Bu mənada iqtisadi əlaqələrimizə  müəyyən problemlər yarana bilər. Amma mən inanıram ki, türk xalqının qurduğu oturuşmuş, güclü Türkiyə dövləti bütün mövcud problemləri aradan qaldıracaq. 

- Rusiya ilə yaşanan yarımillik gərginliklər qardaş ölkənin iqtisadiyyatına, vətəndaşların sosial vəziyyətinə də kifayət qədər təsir göstərmişdi. Bu mənada dövlət çevrilişi üçün məhz indiki ərəfənin seçilməsi də təsadüf olmaya bilər. Neftin qiymətinin düşməsindən sonra sosial-iqtisadi vəziyyətində çətinliklər yaranan Azərbaycanda analoji hadisələrin baş verməsi mümkündürmü?

- Azərbaycanın ən böyük üstünlüyü budur ki, burada stabillik var. Dövlət başçımızın apardığı siyasətin özəlliyi də bundan ibarətdir ki, Azərbaycandakı stabilliyi qoruyub-saxlamaq lazımdır. Düzdür, müəyyən problemlər olub, xaricdən dini radikalizmə meylli qüvvələr, digər dairələr istəyirlər ki, ölkəmizdə problemlərə yaransın, stabillik pozulsun. Amma belə hesab edirəm ki, dövlət təhlükəsizlik orqanları hər zaman bunun qarşısını almağa qadirdir. İqtisadi cəhətdən müəyyən problemlərin yaranmasına gəldikdə, əlbəttə, bu dəqiqə dünyanın bir çox ölkələrində, xüsusilə də neft ixracatçılarında həddən artıq iqtisadi problemlər yaşanır. MDB ölkələrində neft dəyərdən düşüb, Azərbaycan da istisna deyil. Şübhəsiz ki, Türkiyədə baş verənlər bu ölkə ilə iqtisadi-siyasi, xüsusilə ticarət əlaqələri olan ölkələrə, o cümlədən Azərbaycana öz təsirini göstərəcək. Biz Türkiyə vasitəsilə neft-qaz və digər məhsullar ixrac edirik. Amma çalışmaq lazımdır ki, hadisələrin Azərbaycana təsiri minimuma ensin. 

-Vahid bəy, ötən həftə Azərbaycanda elektrik enerjisindəki qiymət artımı narazılıqla qarşılandı. Tarif Şurası niyə həssas bir məqamda əhalinin etirazına səbəb olan bir addıma getdi? 

“Türkiyə dövlətinin rəhbərliyi, yəqin ki, aparılan siyasətlə əlaqədar olaraq müəyyən nəticələr çıxaracaq, ölkədəki problemlər haqda ciddi düşünəcək”


-Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Neftin qiymətinin kəskin aşağı düşməsi, manatın iki dəfə devalvasiyaya uğraması, digər problemlər hökuməti bu addımı atmağa məcbur etdi. Fikir verdinizsə, xüsusən son zamanlar ölkədə müəyyən qədər manat qıtlığı yarandı. Bank sisteminin sağlamlaşdırılması ilə əlaqədar Nəzarət Palatası müəyyən diaqnostika həyata keçirir, bu iş hələ axıra çatdırılmayıb, bank sistemində çox ciddi problemlər var və s. Ona görə də  bütün bunları nəzərə alaraq, xüsusilə manat qıtlığını aradan qaldırmaq üçün elektrik enerjisinin qiymətini müəyyən qədər artırdılar. Mən bir dəfə də mətbuata demişəm, 2004-cü ildə “Gülüstan” sarayında regionların iqtisadi inkişafı ilə bağlı konfransda cənab prezident hökumətin qarşısında iki məsələni həll etmək tapşırığını qoymuşdu: ərzaq təhlükəsizliyinin təmin edilməsi və qeyri-neft sektorunun inkişafi. Artıq 12 il keçib. Ötən 12 il ərzində çox şey etmək olardı. Qeyri-neft sektorunu elə bir səviyyəyə gətirib çatdırmaq olardı ki, biz heç elektrik enerjisindəki qiymət artımına fikir verməzdik. Yəni qeyri-neft sektoru normal inkişaf etsəydi, dövlət büdcəsinə normal vəsaitlər daxil olsaydı, neftin hasilatı və qiyməti ensə də, bu, bizə elə də təsir etməzdi. Amma çox təəssüf ki, ötən illərdə hökumət ciddi addımlar atmadı. Yalnız son illərdə xüsusilə dövlət başçısının səyi  nəticəsində, onun rəhbərliyi altında kənd təsərrüfatında müəyyən irəliləyişlər yarandı, ixracat 3-4 dəfə artdı, Azərbaycana müəyyən vəsaitlər daxil oldu. Yəni hökumət vəziyyəti nəzərə alaraq işığın qiyməti ilə əlaqədar bu addımı atdı. Amma atmaya da bilərdi. Çünki elektrik enerjisinin qiymətinin qaldırılması bütün  məhsulların qiymətinə təsir edəcək.

- Əgər ciddi zərurət yox idisə, 12 il ərzində üzərinə  düşən vəzifələri yerinə yetirməyən hökumət niyə əhalini hakimiyyətdən narazı salan addıma getdi?

- Burada əhalini narazı salmaqdan söhbət getmir. Hökumətdəkilər çıxış yolu axtarırlar ki, hansı addımı atsalar, büdcəyə əlavə vəsait gələr və s. Mən indiki şəraitdə başqa çıxış yolu görmürəm. Çünki vaxtında bu işlər görülsəydi, tədbirlər həyata keçirilsəydi, indiki şərait yaranmazdı. Mən demişəm, bu dəqiqə bütün dünyada alternativ enerjidən istifadə edilir. Sumqayıtda günəş batareyaları istehsal edən böyük bir zavod tikilib. Azərbaycanda çox sayda  hündürmərtəbəli binalar tikirlər. Niyə o binalarda həmin günəş batareyalarından istifadə etmirlər? Həmin batareyalar xaricə satılır, amma Azərbaycanda çox az səviyyədə istifadə olunur. Hökumət külək, günəş, su enerjisi ilə bağlı məsələlərə baxmalıdır. Çox təəssüflər, proqram olsa da, mən bunun həyata keçirilməsini görmürəm. Yenə də deyirəm, hökumət işığın qiymətinin artırılmasına getməyə də bilərdi. Çünki bu, həm qiymət artımına səbəb olacaq, həm də aztəminatlı ailələri, pensiyaçıların büdcəsinə ziyan dəyəcək. Əlavə problemlərin yaranmaması üçün müəyyən işləri vaxtında həyata keçirmək lazımdır ki, sonra gecikməyək.

- Ölkə başçısı bu yaxınlarda torpaqları mənimsəyən məmurlara da xəbərdarlıq etdi. Bundan əvvəl villalarla bağlı analoji xəbərdarlıq olmuşdu və bir neçə sahibsiz mülk dağıdılmışdı. Bu xəbərdarlığın ardınca hansı addımları gözləyirsiniz?

- Torpaqların mənimsənilməsi  məsələsi daim gündəlikdə olub, Milli Məclisdə də bununla bağlı müzakirələr aparılıb. Torpaqların  özəlləşdirilməsi zamanı kimin imkanı var idi- xüsusilə də məmurlar - külli miqdarda torpağa sahib oldular. 200, 300, 500 hektar torpağa sahib olan insanlar var. Məndə məlumatlar var ki, Qubada 200-300 hektar torpaq alan şəxslər var, ancaq o torpaqlar istifadə olunmur. Özü də zəbt olunan təkcə əkinə yararlı ərazilər deyil. Yaylaqlar var ki, illərdir zəbt olunub. Bu gün rayonlarda fermer təsərrüfatları var, amma onlar heyvanlarını otarmağa yaylaq tapa bilmir. Çünki yaylaqlar müəyyən şəxslər arasında bölüşdürülüb, oraya çıxmaq mümkün deyil. Bunlar da hamısı kənd təsərrüfatı torpaqlarıdır. Ona görə də bu, çox ciddi məsələdir. Qeyri-neft sektorunda əsas sahələrdən biri kənd təsərrüfatıdır. Çünki işlək əhalinin hardasa 38 faizi kənd təsərrüfatında işləyir. Odur ki, bu sahəyə diqqət artırılır. Məncə, bu prosesi axıra çatdırmaq lazımdır. Mən hətta “Yeni Müsavat”da demişdim ki, məmurların siyahısını vermək lazımdır. Qoy hansı məmurun nə qədər torpaq sahəsini zəbt etdiyini xalq bilsin. 

- Ötən günlərdə hansısa məmurun zəbt etdiyi torpaq sahəsini geri qaytardığını eşitmisinizmi?

- Yox, hələlik elə bir şey eşitməmişəm. Amma cənab prezident dedi ki, onda siyahı var. Yəqin ki, o siyahı ilə əlaqədar müəyyən göstərişlər verilib. Dövlət Əmlak Komitəsi, digər təşkilatlar yəqin ki, bununla bağlı tədbir görəcəklər. Çünki bizim başqa çıxış yolumuz yoxdur. Əgər biz qısa müddətdə Azərbaycanda kənd təsərrüfatını inkişaf etdirmək, prezidentin dediyi kimi,  ərzaq təhlükəsizliyini təmin etmək istəyiriksə, ya bu torpaqlar əkilib-becərilməlidir, ya da dövlətə qaytarılmalıdır ki, dövlət ondan istifadə etsin. Deyək ki, torpağı almısan, dəxli yoxdur necə, ya neçəyə almısan, heç olmasa ondan istifadə et! Məmur olmayan, amma torpaq sahəsinə sahib olmuş digər insanlar da var, əkib-becərə bilmir, torpağı satmaq istəyir. Amma kimdir o qiymətə torpaq alan? Bunun yeganə yolu torpağı dövlətə qaytarmaqdır ki, dövlət ondan səmərəli istifadə etsin.

Elşad PAŞASOY



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR