İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Xalqla açıq danışmaq lazımdır ki, “kəmərləri sıxmaq” lazım gələcək”

13047 17.09.2016 07:45 Müsahibə A A
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev “Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında referendum, Dağlıq Qarabağ və gündəmin digər ən aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Qüdrət Həsənquliyevin olduqca maraqlı açıqlamalarla zəngin müsahibəsinin üçüncü hissəsini təqdim edirik.


- Qarabağla bağlı ortada Azərbaycan xalqına elan olunmayan, gizli tutulan bir saziş layihəsi varmı?

- Əslində ortada hansısa həll variantının olduğu barədə indiyədək heç bir rəsmi açıqlama olmayıb. Ümumi şəkildə mərhələli həll variantından söhbət gedir. Mərhələli həll variantı söhbəti rəsmiləşsə belə sazişdə əksini tapan müddəalara son dərəcə diqqətlə yanaşılmalıdır. Çünki saziş sənədində elə müddəalar əksini tapa bilər ki, bu, Ermənistanın istədiyi olar. Məsələn, sazişə qeyri-müəyyən maddələr salınmaqla Azərbaycanın zərərinə bir durum yarada bilərlər. Tutaq ki, sazişdə 5 rayondan erməni qoşunlarının çıxması, sülhməramlıların yerləşməsi əksini tapır və qeyd edilir ki, sonra Kəlbəcər və Laçının məsələsinə baxılır və Dağlıq Qarabağın statusu müəyyənləşir. 

Bu mərhələli həll variantıdır. Diqqət etdikdə bəlli olur ki, sazişdə məhz bu cür müddəanın olması əslində o deməkdir ki, Kəlbəcər və Laçının nə zaman azad edilməsi, azad edilmiş 5 rayona, Dağlıq Qarabağa məcburi köçkünlərin nə zaman köçürüləcəyi öz əksini tapmır. Belə çıxır ki, Ermənistan beş rayondan qoşunlarını çıxarmaqla istədiyinə nail olur, Türkiyə ilə sərhədləri açılır, Azərbaycan blokadanı götürür, biz nə vaxtsa digər rayonlarımızın azad edilməsi üçün hərbi əməliyyatlara başlamaq istəyəndə qarşımızda sülhməramlı qoşunlar adı altında hansısa ölkələrin qoşununu görürük. 

Odur ki, imzalanacaq müqavilədə müddəaların nə cür qoyulacağı xüsusi əhəmiyyət kəsb edir. Yəni bu mərhələli həll variantı Azərbaycanın xeyrinə də ola bilər, zərərinə də. Orada konkret müddətlər əksini tapmayacaqsa, zərərimizə ola bilər. Müddətin müqavilədə göstərilməməsi ermənilərin məsələni bundan sonra da on illərlə uzatmasına şərait yarada bilər.

- Başqa bir mövzuya keçək. Qardaş Türkiyədə iqtidar ortaqları savaşdılar və bu, Azərbaycana da sıçradı. Mən xatırlayıram, 2010-2011-ci illərdə biz nurçu şəbəkə ilə bağlı yazılar yazanda Azərbaycanda azsaylı siyasətçilərdən idiniz ki, bizi dəstəkləyirdiniz. İndi bu baş verənlərə baxışınız necədir?

- Bizim Konstitusiya ilə din dövlətdən ayrıdır. Avropada, məsələn, bir Xristian Demokrat Partiyasının yaranması normal qarşılanır. Ona görə ki, orada dini ekstremizm ehtimalı yoxdur. Amma Azərbaycanda dini adla hansısa bir partiyanın yaranmasını mən dövlətin, cəmiyyətin dünyəviliyinə təhlükə kimi görürəm. Açıq demək lazımdır, mentalitet faktoru və sosial inkişaf indeksi fərqlidir. Avropa o mərhələni artıq çoxdan keçib. Azərbaycan isə hələ keçməyib. Odur ki, Azərbaycanda din dövlətdən ayrı olmalıdır. Din xadimi gəlib dövlət başçısı olursa onun qəbul elədiyi bir uğursuz qərar, dindarların çoxluq təşkil elədiyi parlamentin çoxluq təşkil elədiyi bir uğursuz qanun həm də dinin gözdən düşməsinə gətirib çıxardır, insanlar artıq dindən üz döndərirlər. 


Bu isə ziyanlıdır. Ona görə də mən əvvəldən Gülən camaatının siyasətə, dövlət işinə qarışmasına mənfi yanaşmışam. Mən bir dəfə parlamentin iclasında Gülən hərəkatının çap etdiyi bir kitabı qaldırıb bəyan etmişdim ki, görün burada nə yazılıb? Yazılmışdı ki, yalnız beyni biliklərlə, qəlbi nurçuluq ideyaları ilə dolan insanlar ədalətli cəmiyyət qura bilərlər. Xatırlayırsınızsa, Gülüstan sarayında tədbirlərin birində çıxışı zamanı Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov da Gülən camaatının davranışlarına çox ciddi etiraz etmişdi. Əli Həsənov haqlı idi. 

Çünki bəlli idi ki, onlar hökumət strukturları ilə, iqtidarla isti münasibətlər qururlar. Bəzi hakimiyyət nümayəndələrinin də Gülən camaatı ilə yaxın münasibətləri var idi. Mən Gülən camaatı ilə yaxın olmuş, onlarla hansısa zamanlarda görüşmüş hər kəsin ucdantutma cəzalandırmağın, qınamağın da əleyhinəyəm. Gülən camaatı Türkiyədə hakimiyyət ortağı idi. Onlarla Türkiyə iqtidarı olaraq yaxın olmuş, görüşmüş Azərbaycan məmurlarının qınanması, hədəfə alınması məncə düzgün olmazdı. Azərbaycanlılar çox çevik xalqdır. İnsanlar görürdülər ki, Gülən camaatı Türkiyədə iqtidardır onunla yaxınlaşmağa can atırdılar. Azərbaycanlıların çoxu həqiqi, qəlbən nurçu yox, nurçu işləyənlər idi.

O adamlar hədəf olmalıdır, qınanmalıdır ki, onların Gülən şəbəkəsinin hərbi qiyamında hər hansı şəkildə iştirakı, dəstəkçi olduğu sübuta yetirilib.

““Beynəlxalq Bank məsələsi də göstərdi ki, maliyyə resursları üzərində hökumətin ciddi nəzarəti olmayıb”


- Türkiyədəki 15 iyul hərbi çevrilişə cəhd hadisəsindən sonra Azərbaycanda Gülən Hərəkatı ilə  bağlı cinayət işi açılıb. Həbs olunanlar da var. Bu həbslərə münasibətiniz necədir?

- Əgər sübut olunsa ki, həmin həbs olunan şəxslərin o hadisələrlə əlaqəsi, Hərəkatın məkrli planlarında iştirakı, əlaqəsi var,  o halda əlbəttə onlar məsuliyyət daşımalıdırlar. Amma sübut olunmadığı halda, onların həbs olunmasına nə konstitusiya, nə də digər qanunlar yol vermir.

- Hazırda ölkə gündəminin əsas məsələlərindən də biri də Beynəlxalq Bank işi ilə bağlı həbs olunanların məhkəmə prosesidir. Məhkəmədə açıqlananlar vahim şeylərdir. Məlum olur ki, bir bank rəhbəri dövlətin pulunu qohum-əqrəbasının, sürücüsünün adına kredit adı ilə köçürmüş, sonra da pulları banka qaytarmamış. Bu adamlara hansı cəza verilməlidir ki, dövlətin və cəmiyyətin ürəyi soyusun? İkincisi, o pulların geri qaytarılma mexanizmləri varmı?

- Sivil ölkələrdə olduğu kimi ittiham tərəfi-prokurorluq müdafiə tərəfi ilə-həbs olunanlarla ciddi müzakirə aparmalıdır. Qanunvericiliyə görə, istintaqla səmimi əməkdaşlıq eləyən, vurulan zərəri ödəyən şəxslərə daha yüngül cəzanı nəzərdə tutur. Dövlətə vurulmuş ziyan ödəniləcəyi təqdirdə onlara daha yüngül cəza təyin oluna bilər. Tamamilə məsuliyyətdən azad olunmaqdan isə söhbət gedə bilməz. Əgər dövlətə vurulmuş ziyan ödəniləməyəcəksə, həmin vəsaitlər geriyə qaytarılmayacaqsa, Cahangir Hacıyevin və digərlərinin istintaqa bəlli olan əmlakları müsadirə olunacaq. İstintaqa bəlli olmayan əmlakları sözsüz ki, müsadirə eləmək mümkün olmayacaq. O halda qanunun ən sərtliyi ilə həmin şəxslər cəzalandırılacaq...


- Deməli, o cəzalar xalqın pulunu geri qaytarmayacaq. O adamlar beş-altı il yatıb çıxacaqlar və dövlətdən taladıqları və gizlətdikləri milyonların hesabına yaxşı yaşayacaqlar?

- Beş-altı il yox. Söhbət ən azı 15 il həbsdə yatmaqdan gedə bilər. Yaşlı və səhhətində problemlər olan insan düşünmürəm ki, həyatını həbsxanada başa vurmağa razılaşsın. Ona görə də ağıllı davranıb xalqın pulunu geriyə qaytarmaq lazımdır. Əgər o adam “oğurladıqlarım qalsın arvad-uşağıma, özüm həbsxanada həyatımı başa vurum” yanaşması ilə davranıb bu yolu seçsə, həbsxanada da həyatını başa vurmalı olacaq. Üçüncü yol yoxdur.

Elman Rüstəmov bunu eləmədi”


- Dövlətin milyonlarla manatını oğurlamış məmurlar-indi üzə çıxanları hələlik bunlardır, bir də min manat kredit götürən və devalvasiyaya görə həyatı qaralmış sadə vətəndaşlar... Bir millət vəkili olaraq, parlamentdə həmin həyatı qaralmış sadə vətəndaşların kredit borcları ilə bağlı bir əfv verilməsi təşəbbüsü ilə çıxış edə bilməzsiniz? Çünki insanlar bankdan aldıqları ana məbləği ödəyib qurtarıblar, devalvasiyadan sonra üzərinə gələn faizlər o qədər çoxdur ki, onu ödəyib qurtara bilmirlər.


- Dünyanın hər yerində insanlar, sahibkarlar kreditlə işləyirlər. Azərbaycanda kredit borcu olmayan çox az adam var. Şəxsən mənim qohumlarım da banklardan kredit götürüblər. Bacım oğlu kreditlə aldığı avtomobilin indi az qala iki qat qiymətini ödəyib, ancaq hələ də bitirə bilmir. Artıq nə öz maaşı, nə də valideynlərinin maaşı ödəmələrə bəs eləmir. Sözüm ondadır ki, kreditlərin ödənilməsi məsələsi baxımından vəziyyət doğrudan da dözülməzdir. O biri tərəfdən də onu da bilmək lazımdır ki, bu kreditlər tamamilə amnistiyaya düşsə onsuz da hazırda tənəzzül dövrünü yaşayan bank sektoru tamamilə çökəcək. Banklar da çökəcəyi halda ölkədə iqtisadiyyatı modernləşdirmək az qala mümkünsüz vəziyyətə gəlib çıxacaq.

- Çıxış yolu heç yoxmu?


- Təvazökarlıqdan uzaq olsa da deməliyəm. Mən parlamentdə dəfələrlə məsələ qaldırmışam, Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova parlamentdə bildirmişəm ki, neft pulları real sektorun inkişafına yönəldilməlidir. Məsələn, banklara pul buraxılmadı ki, banklar ucuz kredit verə bilsin. Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda deyilirdi ki, Azərbaycanın xaricdə saxladığı vəsaitlərinin illik gəliri 0,89 faizdir, yəni hətta 1 faiz də deyil. Azərbaycanda isə sahibkarlar banklardan 16-35 faizdən aşağı kredit götürə bilmirdilər ki, istehsal müəssisələri, gəlir gətirən vergi ödəyicisi olacaq obyektlər açsınlar. Mərkəzi Bank insanlara bu imkanı vaxtında yaratmadı. 

2008-ci ildə neftin qiyməti düşdü və o zamanlar da dünyada bir böhran yaşandı. O dövrdə prezident Azərbaycan banklarının dəstəklənməsi üçün hökumətə tapşırıq verdi ki, Dövlət Neft Fondundan yetəli vəsait ayrılsın. Amma sonra yenə də prezidenti inandırdılar ki, buna ehtiyac yoxdur. Mən hər iclasda Elman Rüstəmova sual verəndə o dedi ki, Azərbaycan iqtisadiyyatının o pulu həzm etmək imkanı yoxdur. Rəqəmlər də açıqlanmırdı. Ona görə də insanlarda fikir yaranırdı ki, xaricdəki 34 milyardın Azərbaycana gətirilməyindən söhbət gedir. Halbuki, söhbət 3-4 milyardın gətirilməsindən və bankların vasitəsilə sahibkarlara verilməsindən gedirdi. Elman Rüstəmov isə bunu eləmədi. 


Beynəlxalq Bank məsələsi də göstərdi ki, doğrudan da maliyyə resursları üzərində hökumətin ciddi nəzarəti olmayıb. Olsaydı bank rəhbərinin sürücüsünə, mühafizəçisinə 19 milyon kredit vermək olardı? Əlbəttə ki, olmazdı. Mərkəzi Bank, müvafiq qurumlar maliyyə resurslarına yetərli nəzarət eləməyiblər. İndi Azərbaycanın valyutası niyə əriyir? Ancaq manatın kursunu mümkün qədər sabit saxlamaq üçün. Lakin yenə də gec deyil. Xaricdəki valyutamızdan 3-4 milyard təcili ölkəyə gətirilməli banklara çox aşağı faizlərlə verilməlidir ki, banklar da real sektorun inkişafına gətirəcək layihələrə aşağı faizlərlə versin. Bundan əlavə də Azərbaycan mütləq əlavə borlanmaya getməlidir. Xarici banklardan 10-15 milyard civarında pul alınmalıdır.


“Azərbaycanlıların çoxu həqiqi, qəlbən nurçu yox, nurçu işləyənlər idi”


- Vermirlər axı.

- Çalışmaq lazımdır ki, almaq mümkün olsun. Azərbaycana kənardan maliyyə dəstəyi lazımdır. Yunanıstanın əhalisi təqribən Azərbaycanın əhalisi qədərdir. Amma orada böhran yaşananda Avropa Birliyi 300 milyard avroya qədər kömək elədi. Azərbaycan da 3-4 milyard öz pulunu gətirsə, 10-15 milyard xarici borclanmaya getsə, bir çox dövlət müəssisələri özəlləşdirilsə vəziyyətdən çıxmaq olar. “Azərişıq”, “Azərsu”, “Azəriqaz” mütləq özəlləşdirilməlidir. Kommunal xidmət sahələri özəlləşdirilməlidir. Dövlətin idarəetmə xərcləri minimuma endirilməlidir. Belə olduğu halda biz vəziyyətdən az çətinliklərlə, az itkilərlə çıxa bilərik.



- Qarşıdakı müddətdə yeni kəskin devalvasiya gözlənilir?

Mərhələli həll variantı Azərbaycanın xeyrinə də ola bilər, zərərinə də”


- Kəskin devalvasiyanı əlbəttə heç kim istəməzdi. Amma düşünürəm ki, tədrici devalvasiya getməlidir. Ona görə ki, ölkəyə gələn valyuta ilə çıxan valyuta arasında artıq mənfi disbalans yaranıb. Ona görə də başqa yolu yoxdur. Xalqa yanlış ümidlər vermək yox, xalqa açıq danışmaq lazımdır ki, “kəmərləri sıxmaq” lazım gələcək. 


Kəmərlər sıxılmalıdır və söylədiyim kimi, iş yerlərinin açılması üçün də əlverişli mühit yaradılmalıdır. Elə mexanizmlər işlənib hazırlanmalıdır ki, sahibkarlıq üçün bütün şərait yaransın. Belə mexanizmlər qurulsa, əlverişli mühit yaradılsa, mən əminəm ki, kifayət qədər bacarıqlı olan Azərbaycan xalqı hər bir problemin öhdəsindən gələ biləcək. Bu xalq zəhmətkeş xalqdır, ona şərait yaradılsa vəziyyətdən çıxacağıq.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR