İnsanlara hürriyət, millətlərə istiqlal!

'Kirayə qaldığım evin sahibini inandıra bilmirəm ki, deputatam' - Millət vəkilindən ilginc ad günü etirafları…

17528 11.08.2016 14:36 Müsahibə A A

Elşən Musayev: “İki banka kredit verirəm. Birini dollarla”

Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin musavat.com-a müsahibəsi.

- Bu gün 37 yaşınız tamam olur. Ümumən ad günü təəssüratlarınızı bilmək maraqlıdır.

- Həyatım boyu təmtəraqlı ad günü keçirməmişəm. Nə uşaqlıqda, nə də yetkin dövrümdə. Dəbdəbəni, qarışıq ortamı, ələlxüsus da hədiyyələri sevmirəm. Özümü tanıyandan özəl günlərimdə tək qalmışam, daha doğrusu təkliyə meylli olmuşam. Hətta bəzən telefonu belə söndürüb həmin günün mahiyyətini azaltmağa çalışmışam. Ya da bu kimi başqa şeylər.

- Səbəb?

- Yəqin içimdə keçmişdən qalan zədələr var. Fəqət, bunu ən çox onunla bağlayıram ki, ad günü keçirməyin, hədiyyə almağın özü də bir vərdiş məsələsidir. Bu vərdişi isə məndə uzun illər kimsə yaratmayıb. Uşaqlıqda ailəm yola verib, daha sonra başqaları.

- Amma güman ki, deputat seçiləndən sonra təbrik edənlərinizin sayı artmış olar.

- Deputat olandan sonra adətən xahişlər, “layk”lar, sənin vasitənlə “iş boğmağa” çalışanlar artır, təbriklər elə də artmır. Çünki təbrik mənfəət gətirən iş deyil.

- Yəni, cəmiyyətdəki bütün münasibətlər mənfəət üzərində qurulub…

- Bütün olmasa da, əksər münasibətlər. Çox təəssüf.

- 36 yaşında deputat seçilmisiniz. Gənc olaraq Milli Məclisdə baş çıxarmaq çox çətin deyil ki?

- Qətiyyən. Yetər ki, yerini biləsən.

- Yerini bilməyənə yerini göstərirlər?

- Yerini bilməyən sadəcə nüfuzunu, hörmətini itirir. 

- Qələbə xəbərini aldığınızda ilk telefon açdığınız adam kim olub?

- Qızım. Səsim titrəyərək ona zəng etmişəm. Çünki bu həyatda mənə ondan çox azarkeşlik edən yoxdur. Hətta seçki günü Zaqatalaya dönmədən öncə qızımı bağrıma basıb dedim ki, seçilməsəm, üzülmə və rahat ol. Yəni məğlubiyyətə özümdən çox onu hazırladım. Və…telefonda xoş xəbəri verərkən elə bir bağırtı ilə qışqırdı ki, o səs həyatımın sonuna qədər qulağımda cingildəyəcək. 

- Neçə övladınız var?

- Elə bir qızım var. 4-cü sinfi bu il bitirib. 10 yaşındadı. Həyatda ən böyük arzularım da onunla bağlıdır. İstəyirəm yaxşı təhsil alsın, millətinə, dövlətinə yararlı biri olsun.

- Deputat qızı olmağın xüsusi avantajı varmı? Məsələn, məktəbdə güzəştlər olsun, yüksək qiymətlər yazılsın və s.

- Əsla. Övladımın müəllimlərinin bəlkə də çoxu heç bilmir ki, mən deputatam. Çünki ailə olaraq reklamı sevmirik. Kimsə də bizə hansısa güzəşti eləmir. Məişətdə də eyni cür. Hamı necə, qızım da elə. Hərdən ata-bala metroya düşüb, avtobusa minib gəzirik, paltarlarımızı adi yerlərdən alırıq, pulu qənaətlə xərcləyirik. 

- Özəl məktəbdə oxuyur?

- Xeyr. Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır. Amma bunu çox arzulayıram. İnşallah nə zamansa Əli Kərimli qədər pulum olsa, bunu düşünmədən edəcəm.   

- Danışmaq gümüşdürsə susmaq qızıldır”- ifadəsini Milli Məclisə aid etmək olar? 

- Parlament Qanunverici orqandır. Ehtiyac olanda danışırıq. O danışığa ehtiyac olmayanda susmaq isə bir tək Milli Məclisdə deyil, elə hər yerdə qızıldır.

- Elşən bəy, bir dəfə sosial şəbəkədə belə bir status paylaşmışdınız ki, idarə etdiyiniz maşını taksiyə bənzədiblər və ətrafdakı taksi sürücüləri hətta sizi özlərinə rəqib bilərək üzərinizə şığıyıblar. Avtomobiliniz o qədərmi köhnədir ki, onu taksi biliblər?

- Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər.

- Bu, “sadə deputat” görüntüsüdür, yoxsa, həqiqətən dəyişməyə imkanınız yoxdur?

- Maşın mənim üçün prioritet məqsəd deyil. Ona görə dəyişmirəm. Yəni əlimdəki bütün pulu xərcləyib maşın dəyişəcəyimə, yüz problem həll edərəm. Heç deyim ki, o maşını sürmürəm də. Həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edirəm. Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin. Mən siyasətə pul qazanmaq üçün deyil, sidq ürəkdən Prezidentimə, Heydər Əliyev yoluna bağlı olduğum üçün gəlmişəm. Düzgün və doğru insanları müdafiə etməmdən dolayı da son dərəcə xoşbəxtəm. Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram.

Oqtay Əsədov çox rahat insandı. Ona istənilən sözünü, dərdini, problemini deyə bilərsən


- Müxalifətə qarşı hər zaman aqressiv mövqeyinizlə seçilmisiz. Neyləyib sizə o müxalifət?

- Şəxsi anlamda heç nə. Sadəcə onların səmimiyyətinə və mənim müdafiə etdiyim iqtidardan daha yaxşı olduqlarına heç bir zaman inanmamışam. Bu gün də fikrim ondan ibarətdir ki, tutaq Əli Kərimli xislətində biri hakimiyyətə gəlsə, Azərbaycan uzağı 3 günə müstəmləkəyə çevrilər, Qarabağ əbədiyyən əldən gedər, dövlət viran günə qalar. Ona görə bütün gücümlə belələrinə qarşı vuruşuram. Üstəlik, Azərbaycanda radikal müxalifət adlanan qrupun çörəyi dizi üstündədir. İllərlə onlara təmənnasız yardım edən dostları, silahdaşları bir göz qırpımında satıblar. Elə götürək sizin rəhbəriniz Rauf Arifoğlunu. Adam  müxalifət üçün həyatını fəda edib, bütün riskləri gözə alıb. Nəticə? Nəticə odur ki, liderini satan Əli Kərimli, on illər boyunca bir qabdan yediyi çörəyə gözünü yumaraq tüpürən Arif Hacılı Rauf Arifoğluna bu gün öz aləmlərində dərs keçir, həyat fəlsəfəsi xırdalayır. Oysa, Kərimli ilə Hacılının ikisini bir yerdə tərəziyə qoysaq Rauf bəyin müxalifət adına etdiyi fədakarlıqların 1 faizi qədər ağırlıq etməz. Amma nə olsun, danışanda ağızlarına çullu dovşan sığmır. Utanmadan xalq, millət marağından dəm vururlar. Azərbaycan xalqı da bu cür siyasi personajların əsl simasını görür və daha qlobal miqyasda qiymətini verir. Kişiliyini, yaddaşını, keçmişini unudan kəsdən bu millətə lider olmaz. Mən İlham Əliyevə ona görə hörmət edirəm ki, o dostuna da, silahdaşına da, millətinə də sahib çıxmağı bacaran insandır.

- Nə qədər maaş alırsız?

- Azərbaycansayağı desək, əlimə 2 min gəlir.

- Hər halda yüksək əməkhaqqıdır.

- Təbii. Buna kimsə bir söz demir. Çox şükürlər olsun. Sadəcə bəlli bir statusa sahib olandan sonra xərclər də artır. Məsələn, deputat gedib toya 100 manat yazdırsa, kənardan qəribə görünər. Üstəlik, min yerə gedib-gəlirik. Ya da nə bilim, köməkçi maaşı və s. Bunların hamısı hesabdır.

- Köməkçinin maaşını dövlət vermirmi? Axı deputat köməkçisi ştatı var.

- Verir. Amma məndə durum bir az fərqli oldu. Çox hörmətli insanlar xahiş etdilər ki, məndən öncə deputat olmuş rəhmətlik Hikmət Atayevin köməkçisi öz yerində qalsın. Ayrıca, özüm də kiminsə çörəyinə bais olmaq istəmədim. Həm, yaxşı da insandır, balaları, nəvələri var. Sadəcə bu minvalla mənim Bakıda əsas işlərimi görən, bütün seçki boyu addım-addım yanımda olan, hətta övladımı belə məktəbdən gətirən əsas köməkçim işsiz qaldı. Və bu gün məcburən öz əməkhaqqımın bəlli hissəsini köməkçimlə bölüşürəm. Çünki ona iş tapa bilmirəm. Amma Milli Məclis rəhbərliyinə xahiş etmişəm ki, həmin insanın işlə təmin olunmasına yardım göstərsinlər. Ümid edirəm, dəyərli Oqtay müəllim ilk fürsətdə bu xahişimi nəzərə alacaq. 

- Ümumiyyətlə spikerlə münasibətiniz necədir?

- Çox normal. Oqtay müəllim həddən artıq rahat adamdır. Ona istənilən sözünü, dərdini, problemini deyə bilərsən. Üstəlik, rəhmətlik atamla da normal münasibətləri olub deyə mənə daha həssas yanaşır. İki dəfə qəbul edib, çox gözəl qarşılayıb, dinləyib, fikir mübadiləsi edib. Və deyim ki, Oqtay müəllim əsl ağsaqqaldır. Ona çox böyük hörmətim var.

- Kreditiniz var?

- İki banka kredit verirəm. Birini dollarla.

- O zaman yəqin anlarsız, dollar krediti olanlar hansı çətinlikləri çəkir.

- Təbii, anlayıram və eyni adlı duruma üzülürəm. Fikrim də bundan ibarətdir ki, banklar vətəndaşa güzəştə getməlidir. Ən azından verilən kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır.

- Elşən bəy, ara-sıra deputatlar hansısa yüksək statuslu məmur ya da hökumət adamları ilə dostluqları haqda xüsusi fəxrlə danışırlar. Sizin belə dostlarınız var?

- Dediyiniz kateqoriyada şəxsi münasibətim olan insanlar təhsil naziri Mikayıl Cabbarov və ASAN Xidmətin rəhbəri İnam Kərimlidir. Mikayıl müəllimlə 1 il fərqlə eyni fakültəni bitirmişik, İnam Kərimli isə qrup yoldaşım, lap yaxın dostum və əziz qardaşımdı. 

- Parlamentdə necə, dostunuz var?

- Parlamentdə hər kəs mənim dostumdu. Hər biri də ayrı-ayrılıqda dəyərlidir. Ən çox əlaqə saxladığım, ən yaxın olduğum isə Xaçmazın deputatı Eldəniz Səlimovdur.

- Əyləncəni sevirsiz?

- Mən tip olaraq qapalı adamam. Nəinki əyləncəni, heç şadyanalığı da sevmirəm. Qarışıq mühitdə elə bilirəm hamı mənə baxır, hamının fikri məndədir. Bu səbəbdən sonuncu dəfə hətta harda rəqs elədiyimi belə unutmuşam.

- İçki və siqaretlə aranız necədi?

- Dar ortamda içki içənlərlə həmrəy ola bilirəm. Təbii, bəlli etapa qədər. Amma içki mənlik deyil. Siqaret limitim isə yoxdur. Çox çəkirəm. Təcili tərgitməm lazım.

- Bir siyasətçi nə zaman xoşbəxt olur?

- Siyasətdən gedəndə.

- İnsanlar siyasətçidən ən çox nə istəyir?

- Ağıza gələni deyil, ağıla gələni danışmağı.

- Bu sahədə parlamaq üçün ağıla daha çox ehtiyac var, yoxsa bəxtə?

- Səmimiyyətə.

- Gözünüzü ən çox mazol edən nədir?

- Politoloq və dietoloq. Bu həyatda onlardan çox rastlaşdığım heç nə yoxdur.

- Sizi bu gün ilk təbrik edən kim olub?

- Siqaret. Baş-başa 37 yaşa girdik. Və bir də 12-ci mərtəbədəki eyvanımdan çox uzaqlara baxdım.

- Nə gördünüz?

- Arzuları. Hələ əlim çatmayan, ünüm yetməyən arzuları.

- Müsahibə üçün təşəkkürlər.

- Mən təşəkkür edirəm. 

Xalidə Gərayeva
Musavat.com
 

































  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR