İnsanlara hürriyət, millətlərə istiqlal!

“İlham Əliyev bu mesajı vermək istəyirdi - bu, bizik, bu da bizim müxalifət”

7084 05.02.2016 08:35 Müsahibə A A
Ölkə ciddi iqtisadi kriz dönəminə qədəm qoyub. İslahat adına atılan addımlar, devalvasiya şəraitində insanların ağırlaşan maddi güzəranı, ucuzlaşan neft və bunların fonunda regiondakı mövqeyimiz əsas müzakirə mövzularıdır. “Şərq - Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu “Yeni Müsavat” qəzetinin qonağı kimi cəmiyyətin həyatına birbaşa təsir edən prosesləri təhlil etdi, ilginc proqnozlar verdi. Onunla müsahibənin ikinci hissəsini təqdim edirik. 


- Ərəstun bəy, bu proseslərin fonunda müxalifətin durumunu, mövqeyini, davranışlarını necə təhlil edərdiniz? 

- Müxalifət düşərgəsində çox qəribə proseslər baş verir... 

- Əslində mövcud situasiya müxalifətin əlinə oynamalı, tərəfdarları çoxalmalı, gücü artmalıydı. Amma bu, müşahidə olunmadı. 

- Məncə də müşahidə olunmadı. Əksinə, hakimiyyət çalışdı ki, müxalifətə bir qədər yardımçı olsun... Rayonlardakı aksiyalarla bağlı Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə açıqlaması oldu. Bir sıra rəsmilər müxalifətin bu aksiyaları təşkil etməsi haqda bəyanatlar verdi. Amma müxalifət özünü məsafələdi və dedi ki, bundan xəbərimiz yoxdur. 

- Və israrla dedi...

- (Gülür) Bəli, israrla dedi. Bu, çox qəribə fenomen idi. Mənin fikrimcə, sevinməliydi ki, bir güc olaraq mərkəzə gətirilir.

- Amma sonradan gətirildi. Prezidentin çıxışında, hakimiyyət ideoloqlarının tezislərində bunu etdilər.

- Amil kimi gətirildi gündəmə. Görünür, dövlət başçısı demək istəyirdi ki, biz müxalifət kimi ənənəvi, oturuşmuş müxalifəti görürük. Çünki sosial-iqtisadi böhran dönəmləri həmişə yeni siyasi güclərin ortaya çıxmasına təkan verir. Bu risk həmişə var. Hakimiyyət isə yeniləri istəmir. Hakimiyyət bilir ki, yenilərin dilini tapmaq, davranışlarını proqnozlaşdırmaq çətin olacaq.  

- Sanki İlham Əliyev köhnə müxalifəti yeni təqdimatla ictimaiyyətə və Qərbə təklif etdi -  “...mənim siyasi rəqiblərim bunlardır...” 

- Amma belə göründü. Bəzi diplomatik çevrələrdə bunu belə qəbul etdilər ki, İlham Əliyev bu mesajı vermək istəyirdi - bu, bizik, bu da bizim müxalifət. 

- Sizcə, ordan mənzərə necə görünürdü? Qərbin müxalifətə baxışını nəzərdə tuturam. Alternativ kimi tərəflər arasındakı səviyyə məsələsi kənardan necə təsir bağışlayır, fikrinizcə? 


- Mən bunu keçən dəfə də söyləmişdim. Bu ifadəyə görə sosial şəbəkələrdə xeyli hücuma məruz qaldım. Mən diplomatik korpusla intensiv ünsiyyətdə olan şəxsəm. Demək olar ki, hər həftə görüşlərim, fikir mübadilələrim olur. Mənim fikrimi soruşurlar, mən də nə var onu deyirəm... Yəni artıq müxalifətlə maraqlanmırlar. Bir dəfə çıxışlarımdan birində bunu deyəndə müxalifət liderlərindən biri dedi ki, onlar soruşmurlarsa, siz özünüz danışın. Məsələ burasındadır ki, heç bizdə də  - açığı, meydanda üç-dörd nəfər qalmışıq - bu fəaliyyət izlənmir. (Ərəstun Oruclu rəhbəri olduğu “Şərq - Qərb” Araşdırmalar Mərkəzini nəzərdə tutur - S.T.)

Müxalifət iqtisadiyyatla bağlı elə təkliflər verir ki, bu, ən yaxşı halda acı təbəssüm doğurur”


- Sizə maraq şəxsinizə görədir, ya necə? 

- Şəxsi məsələ deyil. Məsələ burasındadır ki, sırf bizə olan maraq verdiyimiz təhlil və onlar əsasında irəli sürülən proqnozların özünü doğrultması ilə bağlıdır. Proqnozlar da ilk növbədə təhlildən başqa konkret məlumatlara əsaslanır. 

- "Antireklam da reklamdır" məntiqi ilə yanaşsaq, İlham Əliyevin müxalifətlə bağlı dediyi fikirlər onların cəmiyyətdə nüfuzunun artmasına təkan ola bilərmi? Ən azı, ölkədə belə qüvvələrin olduğunu unudanlara xatırlatma rolunu oynaması mümkündürmü? “Dövlət başçısı tənqid edirsə, demək ki, ciddiyə alır”, məntiqi ilə yanaşanda mənzərə müxalifətin xeyrinə görünür. 

- Azərbaycan cəmiyyəti siyasətdən uzaqlaşıb. Uzaqlaşma dedikdə insanların mütləq əksəriyyətində heç bir siyasi düşərgəyə etimad yoxdur. Etimad yoxdursa, onu nə yolla istəyirsizsə - təbliğatla, əks təbliğatla, piarla, qara piarla  - bərpa etmək mümkün deyil. Bunu real işlərlə etmək mümkündür. 

- (Zarafatla) Hətta İlham Əliyevin bu cür “təqdimatı” da edə bilməz...

- Hətta o da edə bilməz. Real iş, proqram ortaya qoyulmalıdır. 

- Durum adekvatdırmı? Dediniz ki, böhranın ayaqlanma və ilk dalğasında müxalifət özünü adekvat aparmadı. Amma sonradan bəzi addımlar atıldı, gələcəyə yönəlik fəaliyyət, hər halda, yəqin ki, var...

- Müəyyən proqramlar dərc olundu. İri, kiçik həcmli yanaşmalar səsləndi. Əslində bunun özü müsbət tendensiyadır. Bu, hakimiyyətin özünə də imkan verir ki, araşdırsın, öyrənsin.

- Yəni deyirsiz ki, müxalifətin iqtidara proqramlar vasitəsilə çıxış yolu göstərməsi yaxşı haldır? 

- Bu, normal bir şeydir. Son halda bu ölkə hamımızındır. Ölkə fəlakətə uğrayacaqsa, heç kimin xilas olma şansı yoxdur. Nə iqtidarın, nə müxalifətin, nə cəmiyyətin. Bayaq dedik ki, iqtidar bu situasiyada yanlış addımlar atır. Amma gəlin icazənizlə müxalifət haqqında da tənqidi fikirlər deyək. İqtisadiyyatla bağlı elə təkliflər verilir ki, bu, ən yaxşı halda acı təbəssüm doğurur. Məsələn, ortada təklif var idi ki, neft qiymətləri düşməkdə davam edərsə, Azərbaycanda neft hasilatı dayandırılmalıdır. Bu, fantastik təklif idi... 


- Niyə elə düşünürsüz? 

- Əvvəla, Azərbaycanda neft hasilatının dayandırılması qeyri-mümkün bir şeydir. Ən azı, neft nə qədər ucuzlaşsa da, istənilən halda bazarı qoruyub saxlamaq lazımdır.  İkincisi, neft, qaz ölkə üçün çox vacibdir. Bu, elə şeylərdir ki, bu sərvətlərə malik olmayan ölkələr onu qızılla satın alır. 

- Texnoloji proses olaraq necə, o da mümkün deyil? 

- Xeyr, texnoloji proses olaraq bu, tamamilə mümkün deyil. Çünki həmin neft yataqlarının dayandırılması bundan sonra onun bərpasına uzun illər və on milyardlarla dollar investisiya tələb edir. Ona görə də istehsal dayana bilməz. 

- Bu təklif hansı partiyadan gəlmişdi? 

“AŞPA-dakı son vəziyyət deputat qrupunun daxilində müəyyən ziddiyyətlərin olmasını göstərdi”


- Detallara varmayaq. Hər halda, müxalifətdən gəlmişdi. Amma tarixdə bunun nümunələri var. Bəzi hallarda hansısa sənəd, kağız-kuğuza, bəndlərə uymaqdansa ortaya ciddi iş qoymaq lazımdır. O addımlardan birini mən dedim. Bu gün insanlara hətta əvəzsiz maliyyə yardımı vermək lazımdır ki, gedib işləsin, torpağı yetişdirsin, bazarı zənginləşdirsin. Qorxmaq lazım deyil ki, 10 nəfərə pul ayırdığınız halda, onlardan 5-i o pulu qızının cehizinə, oğlunun təhsil haqqına xərcləyəcək. Təbii, bu da olacaq. Amma 5-i uğurlu olacaqsa, bu, artıq stimuldur, bazarı zənginləşdirməkdir. Ona görə də bu gün o diskussiyaları uzatmaq lazım deyil, vəziyyət günbəgün ağırlaşır. Üzən məzənnə ilə bağlı mənim bir qeydim olmuşdu. Mərkəzi Bankın İdarə Heyətinin qərarında deyilir ki, manat üzən məzənnəyə keçib. Amma ölkənin başçısı bütün çıxışlarında 21 dekabr qərarına “devalvasiya” deyir. Əslində devalvasiyadır. Çünki üzən məzənnə Azərbaycanın indiki iqtisadi potensialı, daxili istehsalı ilə heç bir zaman belə sabit qala bilməzdi. Üzən məzənnə bir-iki gün işlədi və manat çox sürətlə dəyərdən düşdü. Dollar 2 manata qədər qalxdı, hətta 2 manatı da keçdi, qara bazar işə düşdü. Amma sonra nə oldu? Valyutadəyişmə məntəqələri yığışdırıldı, bütün maliyyə bazarı yenidən monopoliyaya götürüldü. Deməli, söhbət devalvasiyadan gedir. Nəzərə alsaq ki, qısa müddətdə 600 milyon dollardan çox vəsait yenə banklararası birjada  satışa çıxarılıb, deməli, həmin texnologiya davam edir. Məqsəd budur - dollar satışı hesabına manatı sabit kursda saxlamaq. Dünən 78.5 qəpik kursunda saxlayırdılar, bu gün 1.59, 1.60... Bu da uzun müddət mümkün deyil. Bu, 600 milyon dollar kredit, yardım şəklində kənd təsərrüfatı sahəsinə yönəldilə bilər. 

- Böyük bir şəhərin puludur. 

- Bəli. Amma nəzərə alaq ki, bu gün bir bank bağlanır, 900 nəfər işsiz qalır. Digər bank bağlanır, 1200 nəfər işsiz qalır. Mübadilə məntəqələri bağlandı, 6 min nəfər işsiz qaldı. Addımlar yenə də yanlışdir. Bu, guya manatı qorumaq üçündür.  Təcrübə göstərdi ki, 10 ildən artıq müddətdə manatı süni şəkildə qorumaq heç nə vermədi. Bunu asanlıqla hakimiyyətə yaxın mediadan görmək olur. “Neft qalxdı” deyə sevinclə başlıqlar verirlər. Neft qalxmayacaq, belə də oynayacaq. 25-35 dollar arasında rəqs edəcək. Hətta 40 dollara qalxsa belə, vəziyyət dəyişməyəcək. Axı bizim böhran neft 60 dollara düşəndə başladı. Neftin 50-60 dollara qalxma şansı yaxın bir ildə yoxdur. Amma görürük ki, vəziyyət necə sürətlə dəyişir. 


- Prezidentin səfərləri sırasına London da əlavə olunub. Bunu necə dəyərləndirirsiz? London o ölkənin paytaxtıdır ki, onun nəhəng bir şirkəti olan BP Azərbaycanda fəaliyyət göstərir. Bu və ya başqa şəkildə neftin qiymətinin düşməsi, iqtisadi böhran o ölkəyə də təsir edir. London eyni zamanda dünyanın önəmli siyasi mərkəzlərindən biri sayılır. Bu baxımdan, sözügedən səfər Azərbaycana nə verə bilər? 

- Bu məsələdə mən ikinci faktora daha ciddi önəm verirəm.  Məsələ burasındadır ki, bu gün London Qərb siyasətinin avanqardındadır. Hər sahədə Vaşinqtonla çiyin-çiyinədir. Bu baxımdan, haqqında danışdığınız səfər müsbət qiymətləndirilməlidir. Çünki bu gün Azərbaycanın başqa bir problemi də var. Azərbaycan xarici siyasət kursunu müəyyənləşdirməkdə ciddi çətinliklərlə üzləşir. Hər tərəfdən basqılar-filanlar, bunlar əbəs yerə deyil. Bu baxımdan düşünürəm ki, Bakı-London müzakirələri gələcək üçün çox pozitiv rol oynaya bilər. Ortaq məxrəc tapılarsa. Bu halda biz həm də müəyyən mənada təlatümlərdən sığortalanmış olarıq. Bu gün Azərbaycan dövləti faktiki olaraq müdafiəsiz qalıb. 

- Hansı baxımdan? 

- Siyasi baxımdan. Biz əgər AŞ PA-dakı son müzakirələrə baxsaq, orda bir çox şeylər görünür. 

- Amma AŞ PA Azərbaycanın hər zaman yaxşı oynadığı “meydan” idi. Azərbaycan bu istiqamətdən arxayın idi. Hətta Azərbaycan müxalifəti də hər zaman tənqid edib ki, hakimiyyət Avropa Şurası parlamentarilərini təsiri altına alıb. Amma bu dəfə tərs təpdi. Çox kritik məqamda Azərbaycan məğlubiyyətlə üzləşdi,  hətta Türkiyə, Polşa kimi yaxın münasibətdə olduğu ölkələrdən dəstək verilmədi. Nə idi bunun səbəbi? Burda beynəlxalq faktorun rolu var? Yoxsa Azərbaycan tərəfinin dediyi kimi, Xarici İşlər Nazirliyi zəif işlədi?  Bu, Azərbaycana baha başa gələ bilərmi? Bu arada sadalanan bir faktor da xarici ölkələrdəki səfirliklərimizin yarıtmaz fəaliyyəti ilə bağlı oldu. İttihamlar səsləndi ki, səfirlər iş qurmaq, təbliğat aparmaq əvəzinə orda gün keçirirlər. 



- Xarici İşlər Nazirliyi son vaxtlar ənənəvi olaraq hədəfə gələn dövlət qurumudur. Bu da əsassız deyil. Onların fəaliyyətində ciddi qüsurlar var. Amma AŞ PA-dakı son vəziyyət deputat qrupunun daxilində müəyyən ziddiyyətlərin olmasını göstərdi. Belə məlumatlar gəzdi ki, Səməd Seyidov rəhbərlikdən uzaqlaşdırıldı, onun yerinə başqa bir şəxsin gətirilməsi xəbəri yayıldı, sonra bu, təkzib olundu və sair. Məsələn, bir şey bu günə qədər də aydın deyil ki, Səməd Seyidov illərdir bu fəaliyyətdədir. Birdən niyəsə digər bir şəxs qabardılır - Elxan Süleymanov. Deyilir ki, bu adam da orda bir iş görür. Belə bir təəssürat yaranır ki, Azərbaycan hakimiyyətinin yaxşı oynadığı “meydan”da Azərbaycan komandası fərqli qaydalarla oynayaraq bir-birinə maneçilik yaratdı. Digər tərəfdən, mən beynəlxalq amilin rolunu istisna etmirəm. Polşa kimi bir dövlətin Qarabağ kimi məsələdə fərqli mövqe tutmasında beynəlxalq amilin təsirini istisna etmirəm. Türkiyə də beynəlxalq amilin bir parçasıdır. Demək ki, bizim beynəlxalq dünya ilə bir problemimiz var ki, onu yoluna qoymaq lazımdır. 



- Qərblə son illərdə ortaya çıxmış problem özünü bu faktorda - Qarabağ məsələsində göstərdi. Hesab edirsiniz ki, bu, bir simptomdur? 

- Bəli, özünü göstərdi. Təkcə bunda yox. Sanksiyalarla bağlı verilmiş layihələr, Azərbaycanın ünvanına beynəlxalq nüfuzlu media orqanlarında tənqidi materialların dərc olunmasını da həmin siyahıya aid etmək olar. 

İlham Əliyev bu mesajı vermək istəyirdi - bu, bizik, bu da bizim müxalifət”


- Necə düşünürsüz, London səfəri Azərbaycan üçün bu mənada açılım nöqtəsi ola bilərmi? Çünki Azərbaycan dirənmiş vəziyyətdə görünür...

- Bəli, bu baxımdan London görüşündə - hansı çərçivədə olmasının önəmi yoxdur - Azərbaycanın Qərblə münasibətlərinə aydınlıq gətirmək şansları var. Sadəcə olaraq, bu şanslardan acgözlüklə yararlanmaq lazımdır. Unutmayaq ki, bu gün beynəlxalq aləmdə əsas oyunçu Qərbdir və bu amillə hesablaşmamaq qeyri-mümkündür. 

- Siz yazılarınızda, müsahibələrinizdə,  sosial şəbəkədəki statuslarınızda hakimiyyəti müxalifət liderlərindən də kəskin tənqid edirsiz. Müxtəlif addımlarını müxtəlif fraqmentlər üzrə... Sizdən səmimi bir şey soruşum: bu düşüncədə olan birisi olaraq Azərbaycan prezidentinin ölkəni bu vəziyyətdən çıxarmasını istəyirsizmi? Yoxsa əksinə,  Azərbaycanda başqa bir dəyişikliyi, inqilabı arzulayırsız? 

- Siyasətin qaydası budur ki, siyasətdə yaxşı və pis oğlanlar yoxdur. Siyasətdə yaxşı və pis qaydalar var. Əgər bu gün Azərbaycanı böhrandan kim çıxarmağa qadirdirsə, mənim üçün də, dövlət üçün də o, məqbuldur. İnqilab modelini qəti rədd edirəm. Bu ölkədə inqilab təhlükəsi yaranarsa, hamılıqla ona qarşı çıxmalıyıq. İnqilab dağıdıcı, pozucu bir prosesdir. İnqilabdan maksimal dərəcədə qaçmaq lazımdır. Biz bir sıra hallarda niyəsə inqilab haqda danışanda kitablara, verilişlərə istinad edirik. 



- İnqilab sözündə bir romantika var sanki... 

-Yox, bu yaxşı romantika deyil. İnqilab yüz minlərlə, milyonlarla insanın taleyini sındırır, onların ailəsini böhranla üz-üzə qoyur. Bir daha deyirəm ki, burda artıq böyük məsuliyyət yükü iqtidarın üzərinə düşür ki, konkret addımlar atıb islahatlara getsin. İslahatlara gedən yolda olan bütün maneələr aradan qaldırılmalıdır. İlk növbədə hakimiyyətin içində. Amma açıq görünür ki, iqtisadiyyatın, islahatın fəlsəfəsini anlamayan insanlar komandada çoxluq təşkil edir. Dünyadan fərqli olaraq, bizdə iqtisadiyyat sanki lazımsız bir şey kimi kənarda qalıb. Bu gün yalnız böhrana görə iqtisadiyyat müzakirə mövzusuna çevrilib. 

Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR