İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacı Tale Bağırzadə: “Vəhhabilərin arxasında dayanan oliqarxlar var”

13432 15.10.2015 08:30 Müsahibə A A

“Müsəlman Birliyi” hərəkatının rəhbəri, ilahiyyatçı Hacı Tale Bağırzadə son iki ayda mətbuatın gündəmindədir. İyulun 31-də azadlığa çıxdıqdan sonra o, hökumət əleyhinə sərt bəyanatlar verdi.

Ötən ay MTN-də dindirilməsi, ardınca Yevlax məscidində silahlıların hücumuna məruz qalması onun bir daha populyarlaşmasına səbəb oldu. Lakin bu hadisələrdən sonra “Müsəlman Birliyi” hərəkatının fəaliyyətində sönüklük müşahidə olunmağa başladı. Çoxları bunu Hacı Taleə MTN-də təzyiq olması isə əlaqələndirirlər.

Bu ayın əvvəllərində “Müsəlman Birliyi” hərəkatının parlament seçkilərini boykot etməsi hakimiyyət tərəfindən ciddi narahatlıqla qarşılandı. Milli Məclisin son iclasında bu məsələ əsas müzakirə mövzusu oldu.

Tale Bağırzadə ilə son günlərdə yaşanan hadisələrlə, eləcə də gedən proseslərlə bağlı söhbət etdik.

- Hacı, son günlərdə fəaliyyətinizdə sönüklük hiss olunur. Bəziləri bunu təzyiqlər qarşısında sizin geri çəkildiyiniz kimi yozur. Deyilənlər nə dərəcədə doğrudur? 

- Bu sual kökündən səhvdir. Burada ya qərəz var, ya da məlumatsızlıq. Son üç aydakı fəaliyyətimizin əsas zirvəsi bu aydır. Deyirlər ki, MTN-də mənə qarşı təzyiqlər olub. Əksinə, mən MTN-dən çıxdıqdan sonra lazımı addımlar atmışıq. Məhz bundan sonra Yevlaxda silahlı hücuma məruz qaldım, ölkə gündəmi orada cəmləşdi. Bu ay siyasi ay kimi qəbul olunur. Qarşıdan seçkilər gəlir. Biz təşkilat olaraq mövqeyimizi ortaya qoyduq ki, seçkiləri boykot edirik. Tərəfdarlarımıza da məsləhət görmürük. Bu addımımız birbaşa Milli Məclisin gündəminə çıxarıldı. Qərarımızın təsirini hiss etdilər. Təşkilatımızın nüfuzu, kifayət qədər təsir imkanları var. Reaksiyanın səbəbi budur. Facebookda səhifəmiz var. Daim aktivik. Bizə MTN-də heç bir təzyiq olmayıb. 

- Milli Məclisin son iclaslarından birində dini fəaliyyətlə bağlı qanuna dəyişiklik oldu. Həmçinin parlamentdə deputatlardan biri dini fəaliyyətlə bağlı tənqidi çıxış edib... 

“Bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin əllərində böyük biznes şəbəkəsi var”


- Dinə qarşı basqı bu ilə təsadüf etmir. 1999-cu ildən bu proses başlayıb. 2011-12-ci illərdə daha da kəskinləşdi. Bütün dini kitablar senzuradan keçirilir. Milli Məclisin son sessiyasında bu məsələnin qabardılması islamçıların siyasi arenada fəallaşmaları ilə bağlıdır. Artıq siyasətə təsir imkanlarımız artır. Bu gün qeyri-dindarlardan da bizə dəstək gəlməkdədir. Özünü müsəlman bilən hər kəs hərəkatımızda ola bilər. Biz şiə-sünni fərqi qoymuruq.

Güclənməyimiz hakimiyyəti narahat edir. Qəbul edilən qanunlar kağız üzərində qalacaq. İnanclı insanların qarşısında duruş gətirmək mümkün deyil. 2012-ci ildə xaricdə təhsil alan dindarlara Azərbaycanda dini mərasimlərə başçılıq etmələri, axund kimi çıxış etmələri qadağan edilmişdi. Hətta cinayət işi açılırdı. 

Amma bu gün məscidlərdə xaricdə təhsil almış tələbələri yerləşdirirlər. Təzyiqlər görüntü xarakteri daşıyır. Parlamentdə hətta dedilər ki, cəzalandırmaq lazımdır. Bir bu qurum qalmışdı, hədə ilə danışmayan. Bunların hədə-qorxuları bizə təsir etməyəcək. MTN-ə, DİN-ə sözümüzü demişik. Qanunvericilik artıq başını itirib. Başını itirəndə insan danışığını da itirir. Cəzalandırmaq fikirləri sadəcə gülüncdür. Cəzalandırılmalı insanlar varsa, o da Milli Məclisdə oturan deputatlardır. Xalq özü bir zaman gələcək, onları cəzalandıracaq. 

- Demək istəyirsiniz ki, qəbul edilən qanunlara əməl etməyəcəksiniz?

- Orada qərar dini icmalara qarşı qəbul edilib. Ümumiyyətlə, biz dini icma deyilik, QHT-yik. Qanunların bizə aidiyyəti yoxdur. Başqaları üçün də bu qərarlar kağız üzərində qalacaq. 

- Cəmiyyət arasında belə iddialar var ki, boykot qərarını Milli Şuraya dəstək naminə verdiniz. Buna münasibətiniz?

- Hər bir təşkilatın öz mövqeyi var. Təşkilatımızın idarə heyəti belə qərar verdi. Hansısa bir təşkilatdan təsirlənmək fikirləri doğru deyil. Sadəcə, mövqeyimizi ortaya qoyduq.

- Seçki günü xalqa iştirak etməməklə bağlı müraciətiniz olacaq? 

- Yalnız öz üzvlərimizə müraciət edə bilərik. Xalq azaddır. Başqalarının adından danışa bilmərik. Mövqeyimizi dəstəkləyənlər onsuz da iştirak etməyəcəklər. 



- Son aylarda ölkəmizdə İŞİD-in təsirinin artması barədə xəbərlər yayılıb. Siz Azərbaycana İŞİD təhlükəsini real hesab edirsinizmi?

“Yüksək çinli dövlət məmurları var ki, anaları çadradadır. Onların anasına kimsə desə ki, başını aç, narahat olmaz?”


- Azərbaycanda bu təhlükənin artmasını bilmək üçün MTN-in açıqlamalarına diqqət etmək lazımdır. Yaxınlarda nazir Eldar Mahmudov İŞİD-lə mübarizədən danışdı. Demək, bu təhlükə var ki, bu cür narahat bəyanatlar verilir. Bunun da səbəbkarı mövcud hakimiyyətdir. Ona görə ki, qapıları vəhhabilərin üzünə açdı. Onlara genişlənmək üçün imkanlar yaradıldı. Nəticədə qarşılarının alınması  müşkülə çevrildi. Virus kimi yayılmaqdadır. Dövlətimiz üçün təhlükədir. Ciddi siqnaldır. Azərbaycanda fəaliyyət göstərən vəhhabilərin hazırda geniş imkanları var. Bunların qarşısını niyə almırlar? Hansısa bir şiə mağaza açan kimi dərhal nəzarətə götürürlər. Amma vəhhabilərin böyük biznes şəbəkəsi var. Deyirlər ki, vəhhabiliyə qarşı mübarizə aparırıq, amma altdan dəstək verilir. Xarici qüvvələrin onlar üçün hakimiyyətə təzyiq etmələri variantı da realdır. Dövlət gəmisini idarə edən bu hakimiyyətdir. Olacaq hər bir təhlükəyə cavabdeh də hakimiyyətdir. İŞİD təhlükəsi var. Televiziyalarda buna qarşı mübarizə aparılmalıdır. Onları həbs etmək, reklam olunmaları deməkdir. 

- Deyilənə görə, ölkəmizdə varlı təbəqə arasında daha çox bu təriqət yayılıb. Hətta iri ranqlı məmurların övladlarının, xüsusilə idmançıların belə vəhhabi olması barədə fikirlər səslənir. 

- Bu, yalan deyil. Mətbuatda dəfələrlə yazılıb. Varlı kəsimin arasında bu təriqətin geniş yayılması təbliğatla bağlıdır. Bu gün vəhhabilərin arxasında dayanan varlı oliqarxlar var. Yüksək çinli məmurların övladları onları himayə edirlər. Bu, dövlətçiliyimiz üçün birbaşa təhlükədir. Bunun qarşısını hakimiyyət almalıdır. 

- Sizin barənizdə bir iddia da var. 2018-ci ildə prezidentliyə namizəd olacağınız deyilir. Hətta sizi Rüstəm İbrahimbəyovla müqayisə edirlər...

“Ateist ola-ola müsəlman xalqını idarə etmək olmaz. Müxalifətdə dildə müsəlman olanlar çoxdur”


- Həmin vaxt mənim 34 yaşım olacaq. Demək, mümkün deyil. Bununla bağlı hələ ki planlarımız yoxdur. Əsasən maarifləndirmə ilə məşğul olacağıq. Milli kimlik hər kəsdə olmalıdır. Dinlə məşğul olan insanda həm islamı, həm də milli kimlik olmalıdır. İkisi bir yerdə olanda, ideal Azərbaycan vətəndaşı görəcəyik. Biri olmadıqda, bu, azərbaycanlının məğlubiyyəti deməkdir. Milli kimlik insanı qoruyur, islamı kimlik dünyaya atır. Yaxın gələcək üçün xüsusi proqramlarımız var. 

- Siz elmi dini kəsim kimi danışırsınız, amma cəmiyyət daha çox sizləri siyasi dini kəsim kimi qəbul edir. Səbəb nədir?



- Maarifləndirmə dedikdə kitablar nəzərdə tutulmamalıdır. Siyasətdə də maarifləndirmə var. İki dəfə həbsdə olmuşam. Şükürlər olsun ki, bunların qarşısında əyilmədik. Allahımız bizi qorudu. Əfvlə bağlı bizə ümumiyyətlə müraciətlər olmadı. Bilirlər ki, əfv yazmağımız mümkün deyil. Danışıqlarımız idarəçiliklə bağlı olduğundan siyasi dini kəsim olmuşuq. İdarəçiliyə olan tənqidlər əslində siyasi tənqidlərdir. Hazırda siyasi çalarlara malikik. Ölkənin problemlərini kim tənqid edirsə, deyirsə, avtomatik siyasiləşir. İslam dini deyir ki, haqq səsini ucalt. Biz əgər buna görə haqq səsimizi ucaldırıqsa, doğrudur, siyasətlə məşğul oluruq.

- Demokratik düşərgə ürəkaçan deyil. Yaxın gələcəkdə müxalifət daxilində müttəfiq gözü ilə baxdığınız siyasi qurum varmı?

- Biz birliyin tərəfdarıyıq. Bölücülüklə məşğul olmuruq. Sualınıza cavab versək, bununla məşğul olmuş olarıq. Ümid edirik ki, müxalifət daxilində birlik olacaq. Xalqımızın gələcəyini bunda görürük. Bunlar olduğu sürəcdə hər şey istədiyimiz şəkildə olacaq. Bölücülüyün bütün sahələrdə bizə heç bir xeyri yoxdur. Milli maraqlarda iqtidar-müxalifət anlayışı olmamalıdır. 

- 4 il həbsdə oldunuz. Həbsinizdən əvvəlki Azərbaycanla hazırda azadlıqda olduğunuz Azərbaycan arasında fərqli və oxşar cəhətlər gördünüzmü?

- 4 il əvvəlki Azərbaycanda passivlik var idi. Amma bu gün vətəndaşlarımız içərilərində saxladıqları sözləri açıq şəkildə deyə bilirlər. Problemlər dilə gəlir. Sosial şəbəkələr xüsusilə fərqlənir. Yavaş-yavaş ictimai şüur xalqa sirayət edir. Xalq problemləri evinin içərisində görür. Vaxtında dəstək olsaydı, müxalifyönlü iradə ortaya qoyulsaydı, bunlar olmazdı. Xalqın siyasiləşməsi vacibdir. Bədbin deyiləm, nikbinəm. İnkişafa doğru gedirik. 

- Həbsdə itirdiniz, yoxsa qazandınız?

““Dinlə məşğul olan insanda həm islami, həm də milli kimlik olmalıdır. İkisi bir yerdə olanda ideal Azərbaycan vətəndaşı görəcəyik. Biri olmadıqda, bu, azərbaycanlının məğlubiyyəti deməkdir”


- 4 ildə gəncliyimin ən gözəl günlərini həbsxanada yaşadım. Mənəvi, oxuculuq cəhətdən müsbət oldu. 2013-cü ildə ikinci həbsimiz oldu. Həbsə düşmədiyimiz vaxtda olan fəaliyyətlə, həbsdə olan fəaliyyətimiz tamam fərqli idi. Həbsdə daha çox siyasətə qoşulduq. Ən əsası unudulmadıq. İctimaiyyətə daha çox yaxınlaşdıq. Hakimiyyət məni həbs etməklə Hacı Talehi cəmiyyətdən təcrid etmək istəyirdi. Əksi oldu. Cəmiyyətə daha çox təsirim oldu. 

- Həbsdə kifayət qədər dindarlar var. Onların azadlığı üçün addımlar atırsınızmı?

- Hərəkat olaraq, siyasi baxışlarına, xalqımızın gələcəyinə görə haqq səsini ucaldan hər bir kəsin azadlığı üçün çalışırıq. Lazım gəlsə, qanun çərçivəsində təzyiqlər etmək planlarımız da var. İnsanları fərqləndirmək doğru deyil. Müxalifət, müsəlman gözü ilə baxmaq daha doğrudur. Bu gün siyasi arenada ateist müxalifət lideri yoxdur. Ateist ola-ola müsəlman xalqını idarə etmək olmaz. Müxalifətdə dildə müsəlman olanlar çoxdur. Bizi daha çox həbsdə olan qadınlarımız Leyla Yunus və Xədicə İsmayıl narahat edir. Azərbaycan xanımının həbsdə olması üzücüdür. Çalışırıq ki, ilk növbədə onlar, sonra da kişilərimiz azad olunsun. 

- Son sualım hicabla bağlıdır. Bu problem yenə də qaldı. Hakimiyyətin dolayısı yolla dini kəsim üzərində qələbə qazandığını demək olar?

- Haqqımızı daim tələb edirik. Hər kəs dinini rahat şəkildə ifadə edə bilər. Hicab aksiyaları oldu. Nəticəsi oldu. Orta məktəblərin çox hissəsində məsələ həllini tapıb. Nazirlik tərəfindən məsələ məktəb direktorlarının üzərinə atılıb. Hansı direktor hicaba icazə vermirsə, çəkiliş aparırıq. Çalışırıq ki, heç bir məktəbdə bu problem qalmasın. Həllini tapmayan məsələ şəxsiyyət vəsiqələri ilə bağlıdır. Hamının evində başıbağlı insan var. Şəxsiyyət vəsiqəsində hicablı formada ana-bacımızın şəkli ola bilər. Yüksək çinli dövlət məmurları var ki, anaları çadradadır. Onların anasına kimsə desə ki, başını aç, narahat olmaz? Bu məsələ milli, islami dəyərlərə ziddir. Problem kökündən həllini tapmalıdır. Mübarizəmizdən geri çəkilməyəcəyik. 

Cavanşir ABBASLI


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR