İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa səfirindən gündəmi dəyişdirəcək açıqlamalar

7677 28.05.2015 00:54 Müsahibə A A

Mayın 27-də Fransanın Bakıdakı səfirliyində səfir Paskal Mönye 30 noyabr-11 dekabr tarixlərində Parisdə keçiriləcək İqlim Konfransı ilə bağlı bir qrup media təmsilçisi ilə görüşüb.

Səfir öncə konfrans barədə geniş məlumat verib. Bildirib ki, BMT-nin iqlim dəyişiklikləri üzrə Konvensiyası İştirakçılarının 21-ci Konfransı iqlim sahəsində növbəti böyük görüşdür. Konfransda böyük dövlətlər öhdəliklər götürəcəklər, yəni qlobal istiləşmə səviyyəsinin +2 dərəcədə saxlanılması tədbirləri haqqında universal razılıq əldə olunacaq. Həmçinin "Yaşıl Fond"un yaradılması və bunun kimi təsisatların qurulması nəzərdə tutulub və fonda ildə 100 milyard dollar vəsait keçiriləcək. Artıq dövlətlər töhfələrini göndərirlər: "Azərbaycan prezidenti də konfransa dəvətlidir, indi cavabı gözləyirik".

İqlim dəyişikliyinin gözlənilən təhlükələrindən danışan səfir deyib ki, dünyada hər gün 1 milyard ton buzlaq əriyir. Əgər heç nə etməsək, əsrin sonuna qədər bütün okeanların səviyyəsi 4 metr qalxacaq, növbəti əsrdə isə onlarla metr qalxma gözlənilir. Bu isə sahilyanı ölkələrin su altında qalması və nəticədə yüz milyonlarla insanın həyatının dəyişməsi deməkdir. Bu proses 2050-ci ilə qədər baş verə bilər, bir daha deyirəm, əgər heç nə etməsək. Başqa bir təhlükə su çatışmazlığı ilə bağlıdır, 2080-ci ilə qədər 1 milyardla 3 milyard civarında insanın su çatışmazlığına məruz qalacağı gözlənilir: "Ona görə hamımız insanları həssaslaşdırmalıyıq ki, onlar gələcək barədə düşünsünlər. İqlim dəyişikliyinə qarşı mübarizə iki formada həyata keçirilir, böyük sənaye seçimləri və kiçik addımlar, məsələn, işığın çox yandırılmaması, Coco-Colo-nın çimərlikdən yığılması və s. Yalnız bir istiqamətdıə işləmək olmaz, bunların hamısının rolu var. Sadəcə, insanların adətləri bir qədər dəyişməlidir, mətbuat bu barədə danışmasa cəmiyyət problemə həssas yanaşmayacaq. ".



Paskal Mönye deyib ki, keçirilən konfransda Xəzər dənizindən də danışılacaq: "Xəzər dənizi iqlim dəyişikliyindən qətiyyən mühafizə olunmur. Dünyanın bir sıra yerlərində tornadolar gözlənilirsə, Xəzər dənizi olan hövzələrdə quraqlıq, torpaqların artması özünü büruzə verir ki, bununla dəniz ərazisi kiçilir. Bir sıra QHT-lər iş görür, məsələn, "Təmiz şəhər" layihəsindən xəbərdarsınız, həmçinin, xarici şirkətlər bu yöndə çalışırlar. Knim, Sistra şirkəti, sonuncu şirkət Bakının nəqliyyatını daha yaxşı etməsi üçün layihələr hazırlayır. Qlobal istiləşmələr bir çox problemlərə yol açır, əgər düzgün texnologiyalar seçilməsə, 19 mayda Bakıda baş verən faciə bir daha təkrarlanar. Ona görə texnologiyaların istifadəsi vacibdir. İnanırıq ki, media cəmiyyəti iqlim dəyişikliyinin gətirə biləcəyi fəlakətlərə həssaslaşdıra biləcək".
Səfir iyunun 5-də Azərbaycan Diplomatiya Akademiyasında iqlim dəyişikliyi ilə bağlı tədbir də keçiriləcəyini dedi: "Mən medianı tədbirə dəvət edirəm. Konfransda nazir Hüseynqulu Bağırov, rektor Hafiz Paşayev və mən açılış edəcəyik.


“Azərbaycan hökuməti imicini yaxşılaşdırmaq üçün belə tədbirlər keçirir... Amma diqqəti özünə cəlb edən gərək mükəmməl olsun...“


RƏSMİ BAKI DOSTCASINA DEDİKLƏRİMİZİ DƏ, DİGƏR TƏŞKİLATLARIN AQRESSİV QEYDLƏRİNİ DƏ EŞİDİR 

Səfir Paskal Mönye həmçinin Azərbaycandakı siyasi məhbus problemi barədə də fikirlərini açıqlayıb. Deyib ki, rəsmi Bakı onların dostcasına dediklərini də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Onun sözlərinə görə, ötən ilin mayında Leyla Yunus və Xədicə İsmayıl səfirlikdə idilər və prezident Fransua Ollandla görüş keçirirdilər: "Məlum həbslərdən sonra adlarını çəkdikləriniz və digərləri barəsində olan müzakirələr hər siyasi kontakt zamanı gündəmə gəlib. Bunu açıq mətbuata yox, Azərbaycan hökuməti ilə birbaşa danışmışıq. Çünki bunun daha effektiv ola biləcəyini hesab etmişik".
Səfir deyib ki, Azərbaycan bir çox irimiqyaslı tədbirlər həyata keçirir, yəni ölkəniz diqqəti özünə cəlb etmək niyyətindədir: "Düşünürəm ki, Azərbaycan hökuməti imicini yaxşılaşdırmaq üçün belə tədbirlər keçirir. Son 10 ildə ölkəniz nələrə nail olduğunu göstərmək istəyir. İnanın ki, Bakıya hər gələn paytaxtınıza valeh olur. Amma mən bilirsiniz telekanalların birinə müsahibəmdə nə demişdim? Bildirmişdim ki, diqqəti özünə cəlb edən gərək mükəmməl olsun. Təsəvvür edin ki, mən qalstukum əyilmiş formada telekanala müsahibə verirəm, hamı mənim qalstukuma baxacaq, heç kəs demək istədiyim mesaja diqqət ayırmayacaq. Düşünürəm ki, Azərbaycan hökuməti bizim dostcasına dediklərimizi də, digər təşkilatların aqressiv şəkildə olan qeydlərini də eşidir. Bu gün də prezident Əliyev diplomatik korpus qarşısında bildirmişdi ki, Azərbaycanın demokratiya sahəsində öhdəlikləri vardır və bunlar yerinə yetiriləcək".


Səfir Azərbaycan XİN-in ölkəsinə etiraz notasına da aydınlıq gətirərək deyib ki, Fransa Senatının Azərbaycanda Dostluq Qrupunun rəhbəri Natali Qule Fransa hökumətinə Qarabağ separatçılarının lideri Bako Saakyanın bu yaxınlarda ölkəyə səfəri zamanı bir sıra Fransa şəhərlərinin merlərinin onunla imzaladığı sazişlərin qanuniliyini araşdırmaq çağırışı ilə müraciət edib: "Mən XİN-in notası barədə ölkəmi məlumatlandırmışam. Bilirsiniz, Fransa separatizmi təşviq etmir və Azərbaycanın narahatlığına anlayış göstərir. Eyni zamanda, Fransa hökuməti ayrı-ayrı insanlar arasında əlaqələrin qarşısını ala bilməz".

“Turizmin inkişafı üçün ya gərək AZAL qiymətləri aşağı salsın, ya da ...”


“TURİZMİN İNKİŞAFI ÜÇÜN AZAL QİYMƏTLƏRİ ENDİRMƏLİ VƏ YA ÇARTER REYSLƏR İSTİFADƏYƏ VERİLMƏLİDİR” 

"Fransa və Azərbaycan arasında əlaqələrin genişlənməsinə baxmayaraq, əməkdaşlıq potensialından tam istifadə olunmur". Səfir jurnalistlərlə görüşündə həmçinin görüşdə kənd təsərrüfatı və turizm sahəsindəki əməkdaşlığın zəifliyindən də danışıb. Onun sözlərinə görə, Azərbaycan bazarında Fransa inəkləri, pendirləri və şərabı hələ zəif təmsil olunub.
Gömrük məhdudiyyətlərinin buna nə dərəcədə mane olduğu barədə suala səfir diplomatcasına "görünür, siz məndən yaxşı bilirsiniz",  deyə cavab verib. Amma o, qeyd edib ki, bu yaxınlarda Asiya İnkişaf Bankının forumunda gömrük prosedurlarısadələşdiriləcək. 
Azərbaycanda turizm potensialının yüksək olduğunu deyən Mönye bu sahəni ləngidən amillər sırasında bahalılıq və viza problemini önə çəkib: "Yalnız Bakı və Paris arasında aviabiletin dəyəri 500 manat təşkil edir. Bu məbləğlə fransalı turist Portuqaliyaya, Türkiyəyə, Tunisə, Mərakeşə üçulduzlu oteldə qalmaqla bir həftəlik səfər edə bilər. Bilirsiniz, turizmin inkişafı üçün AZAL qiymətləri endirməli və ya digər kompaniyalar cəlb olunmalı, çarter reyslər istifadəyə verilməlidir. Viza probleminə gəlincə, prosedurun iki-üç həftə davam etməsi çətinliklər yaradır. Azərbaycana gələn və qeydiyyatdan keçməyi unudan turist ölkəni tərk edərkən 300 avro cərimə ödəməli olur. Ancaq Qazaxıstan təcrübəsi də var, onlar eksprement kimi Avropa ölkələrinə vizanı götürüblər.

Diplomat Fransa səfirliyinin viza verilməsini sadələşdirdiyini də bəyan edib: "Biz 2012-ci ildə 1988 viza vermişiksə, bu ilin 4 ayında 4131 viza verilib, bu ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə çoxdur".


VİZA ÜÇÜN MÜRACİƏT EDƏNLƏRİN CƏMİ 2.5%-NƏ RƏDD CAVABI VERİLİB 

Səfir onu da vurğulayıb ki, il ərzində viza üçün müraciət edənlərin cəmi 2.5%-nə rədd cavabı verilib. Cənab Mönyenin dediyinə görə, rədd cavabı alanlar da təkrar səfirə müraciət edir: “Viza müraciətinə mənfi cavab verdiklərimiz  radikal dini qruplaşmaların üzvləri və qeyri-leqal yolla miqrant status almaq istəyənlərdir. Ona görə də iş yerindən arayış, ev, adına olan əmlakla bağlı sənəd, maaşı ilə bağlı məlumat tələb edirik. Sonra konsulluq bu məlumatlarla bağlı araşdırma aparır. Hər hansı qanunsuzluq üzə çıxarsa, viza müraciətinə mənfi cavab verilir”. 

Cənab Mönye bildirib ki, siyasi sığınacağın iki yolu var. Bunlardan birincisi insanların mühacirət üçün birbaşa səfirliyə müraciət etməsi, ikincisi isə turist adı ilə xaricə gedib, sonradan orada mühacirət üçün müraciət etməsidir. Səfirin sözlərinə görə, hər iki halda araşdırma aparılır. O, həmçinin bəzi hallarda siyasi sığınacaq adıyla müraciət edənlərin əslində iqtisadi mühacirət gerçəkləşdirdiklərini dedi: “Amma iqtisadi sığınacaq müraciətlərinə o qədər də isti yanaşılmır. Çünki Fransada da işsizlik var”. 

Səfir həmçinin Azərbaycandan mühacirət üçün Fransaya müraciət edənlərin sayında azlıq olduğunu dedi və bunun səbəbləri barədə məlumatsızlığını ifadə etdi. 

Paskal Mönye ölkəsinin Avropa Oyunlarında çox fəal çıxış edəcəyini dedi: "Komanda səviyyəsində ilk beşliyə daxilik. 250 atlet yarışa qatılacaq, müşahidəçilər, məşqçiləri də nəzərə alsaq 450 nəfər gələcək. Ancaq hansı rəsmi şəxsinin iştirakına gəlincə, nazirlərin iş cədvəli çox sıx olduğundan hələlik konkret heç nəyə deyə bilmərəm".

Sevinc TELMANQIZI 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR