İnsanlara hürriyət, millətlərə istiqlal!

Əli Məsimli: “Acgözlüyün, sərvət hərisliyinin də bir həddi olmalıdır”

6859 23.05.2015 08:20 Müsahibə A A

Prezident İlham Əliyevin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında etdiyi çıxış müzakirə mövzusudur. Xüsusilə də dövlət başçısının məmurlara ünvanlı xəbərdarlıqları, sərt mesajları hakim komandada islahatların anonsu olaraq dəyərləndirilir. Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar institutunun rəhbəri Əli Məsimli ilə digər məsələləri də əhatə edən söhbətimizə bu mövzudan başladıq. Onun prezidentin çıxışına reaksiyası:

- Məncə, prezident İlham Əliyev yeniləşmə islahatlarının anonsunu 2009-cu ildə iqtisadi sahədə keçid dövrünün başa çatması barədə bəyanatı ilə vermişdi. Prezidentin Bakı Dövlət Universitetinin 90 illik yubileyində iqtisadi sahədə keçid dövrünün başa çatması barədə bəyanatı, digər məlum məqamları ilə yanaşı, həm yeni bir keyfiyyət mərhələsinin başlanacağı siqnalı idi. Bu siqnal həm də o demək idi ki, yeni mərhələdə keçid dövrünə xas vəhşi kapitalizm elementlərinə, ədalətsizliklərə, naqisliklərə yer olmamalıdır. Bu, müəyyən mənada yeniləşmə kursunun anonsu idi. Bu təbiidir, çünki davamlı tərəqqi yolu ilə getmək istəyən ölkələr yeniləşmə kursunu həyata keçirməlidir.

 - Sizcə, bu, nə dərəcədə mümkündür?

- Demokratik yeniləşmənin magistral yolu beynəlxalq praktikadan bəlli olsa da, müxtəlif ölkələr buna öz spesifikliyindən asılı olaraq müxtəlif rənglər qatmaqla nəticənin effektini artıra bilirlər. Məsələn, bir yapondan soruşurlar ki, heç bir təbii sərvəti olmayan kiçik bir ərazidə dünyanın möhtəşəm dövlətlərindən birini qura bilməyinizin əsas sirri nədədir. Yapon cavab verir ki, bunun sirri yaponların çoxunun üçdə bir Yaponiya, üçdə bir çalışdığı təşkilat, üçdə bir də özü üçün işləmək prinsipinə əməl etməsindədir. Yəni deyir ki, insan kapitalından səmərəli istifadə olunmalıdır. 

Bizdə də bu rasional formuladan istifadə olunmalıdr. Azərbaycanda davamlı inkişafı təmin etməkdən ötrü həm dünyada gözlənilən meylləri, həm də Azərbaycanın resurs, texnoloji, intellektual, sahibkarlıq, işgüzarlıq və s. potensialı nəzərə almaqla ölkədə sürətli artıma təsir imkanları getdikcə tükənməkdə olan neft amilinin aparıcı roluna əsaslanan modeldən regionların davamlı tərəqqisinə təminat yaradan milli iqtisadi inkişaf modelinə - Azərbaycanın “üç amil” prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsinin zamanı çatıb.

Azərbaycanın “üç amil” prinsipinə əsaslanan optimal inkişaf modelinə keçməsi dedikdə, insan kapitalından, zəngin resurs potensialından və əlverişli geopolitik üstünlüklərdən yararlanmaqla, inteqrasiya imkanlarından istifadənin səmərəliliyinin artırılması, innovasiyalı texniki-iqtisadi inkişaf modelinə keçid və bu əsasda Azərbaycanın rəqabət qabiliyyətinin və əhalinin həyat səviyyəsinin yüksəldilməsinin sürətləndirilməsi nəzərdə tutulur.

“Bəzi himayədə olan işbazlar qiymət artımının hər faizinə görə əhalinin ailə büdcəsinə 170 milyon manat, deməli, üst-üstə milyard manatlarla ziyan vurur”


- Əli bəy, bunu həyata keçirməkdən ötrü Azərbaycanın potensialı varmı? 

- Bəli, Azərbaycanın buna potensialı var. Fəqət, bizdə tutduğu postda, etimad göstərilərək ona həvalə edilmiş fəaliyyət sahəsində bilavasitə vəzifəsi olan xalqa xidmətdən daha çox şəxsi məqsədlərinə xidmət edən hissə, oturduğu kreslonu sərvətə konvertasiya edərək harınlamış bəzi şəxslər qanundan yüksəkdə durmaqda davam etməklə davamlı tərəqqiyə mane olurlar. Hər şeyin bir həddi var və olmalıdır. Hətta sərvət hərisliyinin, sərvət xəstəliyinin, acgözlüyün də həddi var və olmalıdır. Amma bəzilərinın bu sahələrdə meyar hissini itirdiyindən acgözlüyün, harınlamanın hüdudsuzluğu insanların hüquqlarının pozulması halları ilə müşayiət olunmaqda davam edir. Deməli, həm də yeniləşmə mərhələsinə keçidə müqavimət davam edir. Belə şəraitdə əvvəlcə müqaviməti neytrallaşdırmaq, sonra islahatlar həyata keçirmək, ya da ki, qeyd etdiyimiz sistemli islahatlara başlayıb bu kontekstdə həmin müqaviməti də aradan qaldırmaq lazımdır.

- Elə isə dövlət başçısının Dövlət Komissiyasının ilk iclasındakı çıxışı zamanı etdiyi xəbərdarlıqları həmin müqavimətin qırılması istiqamətindəki iradə nümayişi kimi dəyərləndirmək olarmı?

 - Bəli, fikrimizcə prezidentin son xəbərdarlıq və mesajları həmin müqavimətin qırılmasına iradə nümayişi kimi dəyərləndirmək olar. Çünki bayaq dediyimiz kimi, hər şeyin həddi var. Həddini bilməyəni durdurmaq lazımdır. Bəzi aidiyyəti qurumların rəhbər və təmsilçilərinin öz vəzifə borcunu yerinə yetirə bilməməsi, vəzifədən sui-istifadə etməsi, oturduğu kreslonu insanların problemlərinə biganəlik obyektinə çevirməsi və sair sadəcə əhalinin hüquqlarının tapdanması ilə bitmir. Bunlar hər addımda əhaliyə ziyan gətirir. Bəzi himayədə olan işbazlar qiymət artımının hər faizinə görə əhalinin ailə büdcəsinə 170 milyon manat, deməli, üst-üstə milyard manatlarla ziyan vurur. Əhalinin puluna qəsd bir yana qalsın, hələ keyfiyyətsiz, ekoloji baxımdan təhlükəli malları ölkəyə gətirib tökməklə insanların sağlamlığına ziyan vururlar. 

Keyfiyyətsiz dərmanlarla isə sağlam qalanını da sıradan çıxarırlar. Bütün bunlar həm də genefondumuza təhdid yaradır. Soyğunçu faizlər şəraitində bank kreditlərinin vaxtında qaytarılmaması nəticəsində əhalinin daşınar, daşınmaz əmlakının xeyli hissəsi əllərindən çıxır. Müxtəlif səpkili sui-istifadələr dövlətə külli miqdarda ziyan dəyməsi ilə sonuclanır. Bu azmış kimi son vaxtlar insan taleyinə biganəliyin pik həddinə çatması Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğının timsalında bəzi hallarda insan itkisi ilə nəticələndi. Ona görə də həmin müqaviməti mütləq sındırmaq lazımdır. 

Yaşadığımız mərhələdə dövlətə və millətə ziyan vuranların müqavimətinin qırılması xüsusi aktuallıq kəsb edir. Neftin qiymətinin hazırkı səviyyəsində neft hasil edən ölkələr, o cümlədən Azərbaycan maliyyə itkiləri baxımından ziyan çəkir, neft istehlak edən ölkələrdə isə iqtisadi fəallıq artır. Ona görə də hadisələrin gedişi diqtə edir ki, biz də artıq bundan sonra neftin aşağı qiymətləri şəraitində yaşamağı, işləməyi və inkişaf etməyi və sosial problemlərimizin həllini sürətləndirməyi öyrənməliyik. 

Korrupsiyaya, inhisarçılığa qarşı effektli mübarizə, kölgə iqtisadiyyatının leqallaşdırılması və vergiyə cəlb edilməsi mümkün olan sahələrini vergiyə cəlb etmək hesabına büdcəyə milyard manatlarla, yəni neftin qiymətinin aşağı düşməsindən gözlənilən itkilərdən qat-qat artıq əlavə vəsait cəlb etmək olar. İsrafçılığa son qoymaq, qənaət rejiminə əməl etmək, az effekti olan iri layihələrə meylliyi azaltmaq, lüzumsuz xərcləri azaltmaq, büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqla dövlət vəsaitinə milyard manatlarla qənaət etmək, indikindən daha çox və daha səmərəli işlər görmək olar. Amma bir qrupun çalıb-çapdığı, digərlərinin isə buna baxdığı bir şəraitdə həmin işləri görmək çətinləşir...

 - Sizcə, illərdir inkişafa, müsbət fəaliyyətə mane olan müqaviməti nəhayət, qırmaq mümkün olacaqmı?

 - Bu, çox çətin məsələ olsa da, haqsızlıqlara qarşı, əhalinin hüquqlarının qorunması naminə görülməsi çox vacib olan bir işdir. Xalqın dəstəyi olan şəraitdə istənilən çətin işin öhdəsindən gəlmək mümkündür. Bu müqaviməti sındırmaq nə qədər çətin olsa da, Azərbaycanın bir dövlət kimi tərəqqisi naminə gələcəyə baxış bunu tələb edir. Qanundan yüksəkdə durub xalqın problemlərinə biganə olanların müqavimətini qırmadan ölkədə yeniləşmə islahatları yüksək effekt verə bilməz. 

Fikrimizcə, prezident İlham Əliyevin Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasındakı çıxışı zamanı məmurların ünvanlarına söylənilən kifayət qədər tənqidi fikirlərə və xəbərdarlıq mesajlarına, hər şeydən əvvəl, bu kontekstdən yanaşmaq lazımdır və prezidentin sözügedən müqaviməti qırmaq istiqamətində başladığı işlər və səylər Azərbaycanın gələcəyinə biganə olmayan bütün qüvvələr və hər kəs tərəfindən dəstəklənməlidir.

Elşad PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR