İnsanlara hürriyət, millətlərə istiqlal!

“Eldar Mahmudov iki xarici dövlətin xüsusi xidmət orqanları ilə yaxınlaşmışdı - Moskva qəzəbli idi

11769 27.02.2016 08:45 Müsahibə A A
Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Azərbaycanda və regionda cərəyan edən proseslər və digər aktual mövzularla bağlı çoxsaylı suallarımızı cavablandırıb. Onunla müsahibənin 3-cü hissəsini təqdim edirik:


- Sülhəddin bəy, deməli, Azərbaycanda ərəb modeli kimi qarğaşa (qarışıqlıq) yaratmaq təhlükəsi demokratik düşərgədən gəlmir?

- Xeyr. Bu, birmənalıdır. Bütün postsovet məkanında demokratik qüvvələri az-çox tanıyırıq. Baltikyanı ölkələrindən sonra mən deyərdim ən dinc demokratik müxalifət Azərbaycan müxalifətidir. 

- Həm də, deyəsən, ən uzunömürlüdür.

- Bəlkə də bunun da rolu var. Müxalifət başqa yol tutsaydı, daha tez marginallaşdırılacaqdı, ekstremist radikal qüvvə kimi. Belədə isə daha tez sıradan çıxarılacaqdı və kökü kəsilə bilərdi. Buna da heç bir beynəlxalq müdaxilə də olmayacaqdı. Bu baxımdan müxalifətin uzun ömürlülüyünün bir səbəbi də müxalifətin qanuni müstəvidən kənara çıxmamasıdır.

- Yəni deyirsiniz ki, zəifləsə də, gücü azalsa da mövcudluğunu heç olmasa qoruyub saxlayıb. 


- Bəli. Bayaq dediyiniz sualın cavabının davamı olaraq deyim ki, Azərbaycanda uzunmüddətli repressiv rejim olduğu üçün siyasi mübarizə meydanının sahəsi sərt daralıb. Nəticədə demokratik qüvvələrin də bir çoxu, hətta vaxtında milli azadlıq hərəkatında olan qüvvələrin bir çoxu siyasiləşən islama yönəldilər. Bir hissəsi ideoloji olaraq yönəlsə də böyük bir hissəsi həm ideoloji, həm də siyasi olaraq yönəldi. Daha radikallaşan bir hissəsi isə radikal ekstremizmə yönəldi. İndi onların bir hissəsi artıq xaricdə vuruşurlar. Bir hissəsi ölkə daxilindədirlər, gizli fəaliyyət göstərirlər və bəlkə də zamanlarını gözləyirlər. Radikal ekstremist qüvvələrin bir hissəsi xaricdə döyüşsələr də bir hissəsi ölkənin daxilindədir, gizli fəaliyyət göstərirlər. Bunlara “uyuyan” hücrələr də deyə bilərsiniz.

- Dini kəsim deyərkən sələfi xəttini nəzərdə tutursunuz, yoxsa təriqət fərqi qoymadan hamısını?

- Hamısını nəzərdə tuturam. Mən məzhəb bölgüsü aparmadan danışıram. Bəşər Əsədin tərəfində də vuruşan azərbaycanlılar var. Qeyd etdiyim üç kəsimə diqqət etməliyik. Ölkədə maliyyə-iqtisadi böhranın artıq sosial-iqtisadi böhrana keçdiyini, görünən gələcəkdə də onun sosial-siyasi nəticələrinin olacağını nəzərə alsaq, həm bu kəsimlərin hər birinin həcmi artacaq, həm də o qruplar arasında radikallar kəsiminə keçənlərin sayı daha da artacaq. 

Müxalifət başqa yol tutsaydı daha tez sıradan çıxarılacaqdı və kökü kəsilə bilərdi”


- İran və Qərb yaxınlaşması dini çərçivədə olanların dini çərçivədə qalacağı və Azərbaycan üçün təhlükə təşkil etməyəcəyi anlamınamı gəlir, yoxsa o ehtimalı artırır?

- Aldadıcı bir alqılama var ki, ABŞ-la İran yaxınlaşır.  Əslində baş verənlər mövcud geopolitik konyukturadan irəli gəlir. İrana qarşı sanksiyalar üç məsələyə görə tətbiq olunmuşdu. Nüvə proqramına, raket proqramına və terrorizmi dəstəklədiyinə görə. Unutmayaq ki, yalnız bir məsələyə görə sanksiyalar götürülüb. İki məsələyə-raket proqramına və terrorizmi dəstəkləməyinə görə sanksiyalar hələ də davam edir...

- Birinci dediyiniz yerdə qalan ikisini təsirsiz eləmirmi?

- Sanksiyalar götürülən günün səhəri Barak Obama raket proqramının inkişafına görə İrana yeni sanksiyalar tətbiq elədi. Demək istədiyim odur ki, strateji planda İrana münasibət dəyişməyib. Yalnız geopolitik konyukturda Orta Şərqdə yaranmış vəziyyətə görə taktiki yaxınlaşma görüntüsü yaradılır. 

- Necə yəni görüntü, bəs açılımlar, yeni böyük, milyardlıq müqavilələr, investisiyalar, İranın beynəlxalq bank sektorundakı hesabının açılması nə deməkdir?


- Nüvə proqramına görə bir sıra sanksiyalar götürülüb, dediyiniz məqamlar bundan irəli gəlir. Təbii ki, bu, İranın imkanlarını genişləndirir. Amma bütün bunlar ABŞ-ın İranla yaxınlaşdığı kimi alqılanmamalıdır. Sadəcə, Suriya məsələsində RF-nin sərt dirəniş göstərməsinə görə ABŞ-ın strateji gündəliyində məsələlərin öncəliyi dəyişilib. Əvvəlcə öncəlik İran idisə, indi Rusiyadır. ABŞ keçən il 6 fevralda öz Milli Təhlükəsizlik Konsepsiyasını yenilədi və bəyan elədi ki, Rusiyanı durdurmaq başlıca strateji hədəfdir. Bir sıra sünni ərəb dövlətlərinin terrorizmə dəstək verməsi və neftin yüksək qiymətindən varlanan sünni monarxların ABŞ-ın cızdığı çərçivədən müəyyən məsələlərdə kənara çıxması da ABŞ-ın öncəliklərində dəyişiklik etməyə səbəb oldu. Mənə elə gəlir ki, bir müddət sonra münasibət əvvəlki axarına dönəcək. O baxımdan İran-ABŞ yaxınlaşması görüntüsünün geopolitik konyuktur məsələ olduğunu düşünürəm. 

- Qərblə İran arasında gözlə görünən çox ciddi irəliləmiş müttəfiqlik var. Avropa İrana qucaq açıb. Siz də deyirsiniz ki, proses geriyə dönəcək? 

“Baltikyanı ölkələrdən sonra ən dinc demokratik müxalifət Azərbaycan müxalifətidir”


- Bunu bir qırağa yazın. 

- “MTN işi” ilə bağlı bir neçə sual vermək olarmı, problem yoxdur?

- Problem yoxdur, buyurun. 

- “MTN işi”nin müəyyən bir məsafə aldığını gördük. Rəhbərlikdə həbslər, təmizlənmələr və ciddi bir media kampaniyası getdi. Amma sonra proses dayandı və işin başında duran adam azadlıqdadır. Sizcə, bu proses yarımçıq qaldı, ya davam edəcək? Eldar Mahmudovun və digərlərinin də həbsi ehtimalı varmı?

- Yarımçıq qaldığı çox aşkardır. Amma bu, davam edəcəkmi-etməyəcəkmi, bunu mən deyə bilmərəm. Eldar Mahmudovun və digərlərinin həbsi siyasi qərarlardan asılı olacaq. Yəni bu, hüquqi məsələdən daha çox, məncə, siyasi məsələdir artıq. Hakimiyyət gördü ki, bütün yönləri ilə açıqlansa, bu istintaq işi geniş və dərin aparılsa, bütün dövlət və hökumət orqanlarını əhatə elədiyi cəmiyyətə bəlli olacaq, bu isə bütövlükdə hakimiyyətin nüfuzuna zərbə vuracaq. Ona görə də bu iş aparılırsa da əsasən örtülü aparılır. Bu işin bir neçə yanı var. Bir hissəsi ilə ümumiyyətlə istintaq məşğul olmur, siyasi xarakter daşıyır. Bir hissəsi ilə bağlı hüquqi araşdırma aparılır. Bir hissəsi isə xüsusi məsələlərdir. Bu xüsusi məsələlər də yəqin ki, elə gizli qalacaq. Ən azı bu hakimiyyətin dövründə gizli qalacaq.

- Vaxtaşırı mediada belə fikirlər yayılır ki, Eldar Mahmudovu həbsdən müəyyən dövlətlər qoruyur. Belə bir ehtimalı yaxına buraxırsınızmı?


- Bilirsiniz, bu sual çox həssas sualdır. Siz də məni yəqin ki, başa düşürsüz. Burda operativ informasiyaları cəmiyyətlə bölüşmək, Anadolu türkləri demiş, sakıncalıdır. Məhkəmə predmeti olacaqsa, mən ortaya dəlil-sübut qoya bilmərəm...

- MTN mövzusunda sanki bir az çəkingən kimi danışırsız, səbəbi nədir? 

- Bildiklərimi sizinlə bölüşmək istərdim. Amma bunun məhkəmə predmeti olacağı halda xoşagəlməz durumda qala bilərik. Şübhəsiz ki, mənim operativ informasiyam var. Amma operativ informasiyanın sənədləşməsi mənim əlimdə yoxdur. Lakin o da sirr deyil ki, Azərbaycanın xüsusi xidmət orqanlarının çoxsaylı dövlətlərin xüsusi xidmət orqanları ilə əlaqələri var. Bir sıra dövlətlərlə sıx əlaqələr olub. Bu normaldır. Xüsusən də terrorizmlə mübarizə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə NATO çərçivəsində normaldır. Amma burda bir şey var ki, mən anladığım qədərilə hazırda Azərbaycan hakimiyyəti rusiyayanlısı siyasət aparır...

- Bəlkə manevr edir?

- Bilirsiniz ki, MDB-nin xüsusi xidmət orqanları vaxtaşırı toplaşır. O toplantılarda bəzi çıxışlar rus mətbuatına da verilir, Azərbaycan mətbuatı da bəzilərini verir. Orada açıq-aydın şəkildə Rusiya rəsmiləri bildirirlər ki, biz MDB məkanında, eyni zamanda Rusiyada məxməri inqilabların baş verməsinə imkan verməyəcəyik. Bu barədə də mənim bildiyimə görə, onların MDB respublikalarının xüsusi xidmətlərinə təlimatları olur. Bu təlimatlar əsasında da müəyyən əməliyyatlar həyata keçirilib. Eyni zamanda MDB respublikalarının milli təhlükəsizlik şuralarının birgə toplantıları olur. Xatırlayırsınızsa, Azərbaycanın milli təhlükəsizlik şurasının katibi Ramiz Mehdiyevin Moskvaya son səfəri oldu. Yəni həm xüsusi xidmət orqanları, həm də milli təhlükəsizlik şuraları səviyyəsində Azərbaycanda demokratik dəyişikliklərin önlənməsi üçün aparılan siyasət koordinasiya olunub və olunur. Bu siyasətin koordinasiyası çərçivəsində əməkdaşlıq da var. Bu kontekstdə təbii ki, RF xüsusi xidmət orqanları ilə yaxınlıq da olub və var. Digər ölkələrin xüsusi xidmət orqanları ilə yaxınlaşma müəyyən həddən irəli gedəndə Moskva buna çox qısqanclıqla yanaşır. Belə bir vəziyyət məhz keçən il oldu. 


Eldar Mahmudovun - icazə verin dövlət adı çəkməyim - iki başqa xarici dövlətin xüsusi xidmət orqanları ilə daha sıx yaxınlaşdığı Moskva tərəfindən bilinib və xəbərdarlıqlar olunub. Moskvadan gələn xəbərdarlıqlara kifayət qədər məhəl qoyulmayıb. Xəbərdarlığa baxmayandan sonra cəzalandırmaq qərarına gəlinib. Haqqında material toplanıb, material toplananda da bəlli olub ki, Eldar Mahmudov artıq Azərbaycan mətbuatında haqqında yazılan işlərlə məşğuldur. Bu barədə Azərbaycanın dövlət başçısına da məlumat çatdırılıb. Xatırlayırsınızsa, dövlət başçısı İlham Əliyev Astanada MDB dövlət başçılarının toplantısından geri dönən kimi Eldar Mahmudov vəzifədən azad edildi. Astanada Rusiya tərəfi Azərbaycanın dövlət başçısını qəzəbləndirə biləcək hansısa informasiyalar vermişdi ki, qərar operativ qəbul olundu. Mən bu barədə Eldar Mahmudov vəzifədən azad ediləndə də bildirmişdim. 

Rusiya məsələsi həll olunanda Azərbaycan məsələsi çox asanlıqla həll olunacaq” 


- Manatın ikinci devalvasiyasından az sonra- yanvarın əvvəllərində  4-5 rayonda etiraz aksiyaları oldu. Siz bildirmişdiniz ki, bu aksiyaların arxasında dövlət başçısının etmək istədiyi dəyişikliklərə qarşı olan hakimiyyətiçi qrupların dayanması istisna deyil. Qəribədir ki, bu aksiyalar 3-4 gün oldu, hakimiyyət işlədi və hər şey sakitləşdi. Əhalinin iqtisadi durumu düzəldi, yoxsa nədən bu proses qəfil dayandı? Siz o zaman dediyiniz həmin fikirdə qalırsınız?

- Mən yenə də həmin fikirdə qalıram. Keçən bu müddət mənim həmin qənaətimi daha da möhkəmləndirdi. Əksi olsaydı, bu gün Azərbaycanda tam əks bir sosial-siyasi vəziyyət müşahidə  edilərdi.

- Sanki ABŞ-ın bölgəni İran və Rusiyaya buraxması kimi bir görüntü var. Artıq ABŞ-ın Azərbaycanda səfirlikdən başqa bir təsisatı qalmayıb. Özü sanki məqsədli şəkildə göz yuma-yuma, kövrək müqavimət göstərə-göstərə bütün mövqeləri əldən verdi. Demokratik təsisatların yığışdırılmasına razılaşdı. Amerikaya simpatiyası olan QHT-lərin rəhbərləri, jurnalistlər, tanınan ictimai-siyasi xadimlər həbs edildilər. Yəni bu cür 4-5 faktı sadalayanda bir görüntü ortaya çıxır ki, elə bil ABŞ Bakını təhvil-təslim edir. Bu qənaət doğrudurmu? Bölgə Rusiyaya, İrana təslim olunurmu?


- Krımın işğalından sonra Üçtərəfli komissiya ilə ABŞ dövlət katibi Con Kerrinin görüşü oldu. Bundan sonra Obamanın Avropa Birliyinə səfəri baş tutdu. Avropa Birliyindən kənarda isə Obama yalnız Səudiyyə Ərəbistanına getdi. Məhz bundan sonra neftin dünya bazarında qiymətinin düşməsi başladı. Burdan o nəticə çıxır ki, Suriya məsələsində Rusiyanın dirənməsi ABŞ-ın strateji gündəliyində məsələlərin öncəliyini dəyişdi. Əvvəlcə İran məsələsi, sonra Rusiya var idi. İndi Rusiya məsələsi İran məsələsindən önə keçdi. Yəni bu gün artıq açıq hədəf Rusiyadır. Baxış belədir: Rusiyada vəziyyət dəyişəcək və bundan sonra Rusiya təsiri altında olan bütün regionlarda öz təsirini itirəcək. Postsovet məkanında ABŞ-ın öncəliyində Rusiyadan sonra GUAM məkanıdır. GUAM məkanında da Azərbaycan strateji seçim etmədiyi üçün yerdə qalan üç ölkədir. SSRİ dağılan ərəfədə SSRİ bir tərəfdən Əfqanıstan müharibəsinə və silahlanmaya cəlb olundu, o biri tərəfdən də dünya bazarında neftin qiyməti kəskin endirilməklə, SSRİ-nin gəlirləri azaldıldı. Gəlirləri ilə xərcləri arasında kəskin disbalans yaradıldı. Nəticədə sosial-iqtisadi gərginlik, arxasınca da sosial-siyasi proseslər başlandı və SSRİ dağıldı. Eyni mexanizm indi bir az daha da modern şəkildə Rusiyaya qarşı tətbiq olunur. Artıq Rusiya bir yox, iki müharibəyə cəlb olunub. Həm Ukraynada, həm Suriyada... 

- Müharibəyə cəlb olunduğunu, özü başlatmadığını deyirsiniz?

- Rusiyanın öz geopolitik niyyətlərini ABŞ onun başına bəlaya çevirir.

- Başqa təhlilçilər isə Rusiyanın Krımı özünə birləşdirdiyini, bundan sonra Rusiya amilinin MDB məkanında gücləndiyini, Rusiyanın Suriyaya girməklə, oyunu ABŞ - NATO meydanına keçirdiyini  əslində böyük uğur olaraq dəyərləndirirlər. 
 
- Oyun hələ gedir. Oyunun nəticəsinə baxacaqsınız. Bunu da bir qırağa yazın. ABŞ bu oyunda çox-çox öndədir. Bu gün ABŞ, Avropa Birliyi və NATO üç dövləti - Ukrayna, Moldova və Gürcüstanı legitim olaraq Rusiyanın təsir sferasından çıxarıb. Rusiya bu dövlətlərdən yalnız pəncəsinə nə keçibsə qopara bilib. Gürcüstandan Abxaziya və Osetiyanı, Moldovadan Dnestryanı bölgəni, Ukraynadan Krımı ələ keçirib. Amma adıçəkilən üç dövlət bu gün hakimiyyətləri ilə bir yerdə hardadır, kimin yanındadır? Onların hər üçü Avropa Birliyi ilə assosiativ saziş imzalayıblar, AB ilə vizalar götürülür, NATO-ya xeyli yaxınlaşıblar, ABŞ-ın təsir dairəsindədirlər...

Radikal ekstremist qüvvələrin bir hissəsi xaricdə döyüşsələr də bir hissəsi ölkənin daxilindədir, gizli fəaliyyət göstərirlər”


- Amma darmadağın olmuş vəziyyətdədirlər...

- Hər şeyin bir bədəli var. Bu geopolitik proses çox ağır bir prosesdir. Suriya məsələsinə gəldikdə, ABŞ Rusiyanı məqsədli şəkildə Suriyaya buraxıb. Rusiya Suriyada ABŞ-ın istədiyi, lakin özünün həyata keçirmək niyyətində olmadığı “kirli” işləri həyata keçirir. Eyni zamanda Rusiya Suriyaya buraxılmaqla ikinci müharibəyə cəlb edilib. Bir azdan ayılacaq. O zaman bəlkə də gec olacaq. Təkcə Pentaqonun builki büdcəsi 585 milyard dollardır. Rusiyanın dövlət büdcəsi cəmi 215 milyard dollar idi, bunu da 10 faiz azaltmaq zorunda qaldı...

- Yəni təkcə Pentaqonun büdcəsi Rusiyanın dövlət büdcəsindən 2 dəfə çoxdur. 


- Düz 3 dəfə çoxdur. Korrupsiyanın səviyyəsini, texnoloji səviyyəni də nəzərə alın, özünüz bir qənaətə gələcəksiniz. Bu strateji qarşıdurmada güclər arasında fərq o qədər böyükdür ki, sonda kimin qalib gələcəyi bəllidir. Azərbaycana gəldikdə, Azərbaycan bu gün nə ABŞ-ın, Avropa Birliyinin, nə də NATO-nun öncəlikli məsələləri sırasında deyil. Ona görə belə təsəvvürlər var ki, Azərbaycan Rusiyaya, İrana təslim edilib. Rusiya məsələsi həll olunanda Azərbaycan məsələsi də çox asanlıqla həll olunacaq. ABŞ əvvəlcə məsələni diplomatik yollarla həll etməyə çalışır. Bu yol nəticə verməyəndə həmin ölkənin dövlət başçısına yaxın olan monşerləri göndərir, onlar gəlib dost məsləhəti verirlər. Əgər bu da təsir göstərmirsə, artıq diplomatlar, ağsaqqallar geri çəkilir və həmin ölkəyə, xəritə üzərində bir işarə bayrağı taxılır. Yəni həmin ölkə ABŞ-ın xüsusi xidmətlərinə və Pentaqona buraxılır. 

- Azərbaycan da Pentaqonla və xüsusi xidmətlərlə çox sıx işbirliyindədir. Buna nə deyərdiniz? 
- ...
(davamı gələn sayımızda)

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR