İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaxanım Əhmədli: “Şou-biznes mənlik deyil” – VİDEO, FOTOLAR

Azərbaycanın 15 yaşlı istedadlı ifaçısı Almaxanım Əhmədlini artıq çoxları tanıyır. Yaşının az olmasına baxmayaraq, Almaxanım ifaçılıq sənətində böyük uğurlara imza atmaqdadır. Onun “Qəmərim”, “Sevim sevməyim”, həmçinin ərəb-fars dillərində ifa etdiyi mahnılar özünə geniş tamaşaçı auditoriyası qazandıra bilib. Qeyd edək ki, gənc ifaçı nəğməkar şair Vüqar Əhmədin qızıdır.

Beləliklə, Almaxanım Əhmədlinin musavat.com-a verdiyi müsahibəni təqdim edirik:

- Almaxanım, elə adınızdan başlayaq... Bu adı sizə kim verib?

- Nənəmin adıdır, bu adı atam verib. Fikirləşirəm ki, bu ada mən şöhrət gətirə bilmişəm. 

- Bəzi sənətçilər daha tez yaddaşda qalmaq üçün adını bəzən ya qısaldır, ya da dəyişiklik edirlər. Bu barədə düşünmüsüz?

- Xeyr. Onsuz da adım fərqlidir. Doğrudur, yaxınlarım adımı qısa çağırır. Amma onu dəyişmək və ya qısaltmaq fikrim olmayıb. 

- Əsasən hansı janra müraciət edirsiz?

- Muğam janrına... Amma digər janrlarda da ifalarım olur. Klassik, bəstəkar mahnılarına, xarici musiqilərə də müraciət edirəm. Məsələn, bu yaxınlarda yeni mahnımı yazdırdım. Bu, Demis Russosun mahnısı idi. Birinci bənddə ingilis, ikinci bənddə türk variantını, üçüncü bənddə isə Arif Babayevin dəştisini sintez etmişik. Yəni xarici musiqi ilə milli musiqimiz sintez edilib. 

- Bu sənətdə dayınız İzzət Bağırov sizə dəstək olurmu?

- Sənətimə başlayan gündən daha çox atam mənə dəstək, dayaq olur və bu, hazırda da davam edir. Dayım da mənə mahnı yazıb, onun “Azərbaycan-Türkiyə” mahnısını oxumuşam. Yəni, dayımın mənə dəstəyi belə olub. 

- Amma tədbirlərdə, sosial şəbəkələrdə sizi bir arada görə bilmirik...

- Deməzdim. Çünki efirlərdə bir neçə dəfə bir yerdə olmuşuq, münasibətlərimiz çox yaxşıdır.

- Mətbuatda da məlumatlar yayılmışdı ki, atanız ilə dayınız arasında bir soyuqluq var...

- Doğrudur, bəzən yazırlar, amma səhv məlumatlardır. Heç vaxt belə bir şey olmayıb. 

- Bəs, ifanız ilə bağlı məsələhətlər verirmi?

- İfa janrımız başqa olduğu üçün mən öz müəllimlərimdən kömək alıram. İfalarımda yox, amma dayı kimi dəstək olur. 

- İfaçılıq təhsiliniz varmı?

- Bəli, musiqi məktəbinin 5-ci sinfində xanəndəlik üzrə oxuyuram. Bu il sənədlərimi konservatoriyaya verməyi düşünürəm. 

- Bəs, nə zaman geniş kütlə tərəfindən tanınmağa başladız?

- İki il bundan əvvəl... 13 yaşımda oktyabrın 27-də ilk dəfə olaraq, televiziya efirinə çıxmışam. 


- Amma iki il ərzində xeyli uğurlar əldə edə bilmisiz...

- Bəli, bu illər ərzində çoxlu sayda tamaşaçı sevgisini qazana bilmişəm. 

- Başqa xarici dillərdə ifa edə bilirsizmi?

- İngilis, ərəb-fars dillərində ifalar edirəm. “Raftam re raftam” adlı fars mahnımı artıq çoxları bilir. Mahnının içərisində “Şüştər” muğamından istifadə etmişəm.

- Bəs, ərəb-fars ölkələrində olmusuzmu?

- Uşaqlıqda İranda olmuşam. 

- Konsertdə iştirak etmisiz?

- Xeyr. Həmin vaxt mən hələ sənətə başlamamışdım.

- Bəs, xarici ölkələrdə konsertlərdə iştirak etmək üçün dəvətlər alırsız?

- Bu, gələcək planımda var. Hələ ki, yaşım bir qədər azdır. 

- Toylara gedirsizmi?

- Hazırda getmirəm. Amma yaxın dostlarımız xahiş edəndə gedib, təxminən yarım saatlıq ifa edirəm. 

- Qazancınız olurmu, yoxsa dəvət xətrinə gedirsiz?

- Qazanc da olur...

- İlk qazancınız nə qədər olub?

- İki il bundan əvvəl olub. Yarım saatlıq məclisdən qazanc əldə etmişdim. Amma yaşım elə yaş deyil ki, qazanc xətrinə toylara gedim. Müğənnilər ailə sahibi olduğu üçün mütəmadi toylara gedirlər. Gələcəkdə əlbəttə ki, mən də toylara gedəcəm, lakin hazırda sənətimi mükəmməlləşdirməyə çalışıram. Toylara gedəndə də sənətimə dəstək üçün gedirəm. 

- Azərbaycanın çoxsaylı istedadlı gəncləri ölkədə uğur qazan bilməyəndə Türkiyədəki “O səs Türkiyə” yarışmasına qatılır və bir anda şöhrət qazanırlar. Bəs siz, “O səs Türkiyə”yə getməyi düşünürsüzmü?

- Bu barədə tez-tez fikirləşirəm ki, gələcəkdə hardasa böyük müsabiqələrədə iştirak edim. Azərbaycanda artıq müəyyən qədər kütlə tanıyır, məni... Müəyyən yaşdan sonra xaricdə müsabiqələrdə iştirak edəcəm. 

- Məhz “O səs Türkiyə” yarışması planınızda varmı?

- Orada müəyyən yaş həddi şərti var. Araşdırmışam, yalnız 16 yaşdan sonra həmin müsabiqədə iştirak etmək olar. 



- Gələcəkdə və yaxud indi, şou-biznes aləminə qatılmaq fikriniz olubmu?

- Şou-biznesdə olanlar yalnız bir müddətliyinə gündəmdə qala bilirlər. 

- Amma deyirlər ki, sənətçi üçün gündəm də, qalmaqal da lazımlıdır... 

- Yox, fikirləşirəm ki, mən öz yolumla getməliyəm, şou-biznes mənlik deyil. Tarixdə yalnız muğam sənəti qalır, qalmaqallar deyil. 

- Dayınız amma tez-tez qalmaqalların cənginə düşür...

 - O qalmaqallar təsadüfən olur, istəyərəkdən olmur. Amma bəzi müğənnilər var ki, özləri qəsdən qalmaqal yaradıb, gündəmdə qalmaq istəyirlər.

- Hansı müğənniləri sevirsiz, maraqlanırsız?

- Öz zövqümə uyğun olaraq, həm xarici, həm də yerli müğənniləri dinləyirəm. 

- Yaşlı sənətkarlarda sizi qane etməyən hansısa məqamlar varmı?

- Müğənnilər bəzən lovğa olur. Fikrimcə bu, yaxşı xüsusiyyət deyil. 

- Bəs, öz yaşıdlarınız arasında nələri bəyənmirsiz?

- İndiki gənclər əvvəlkilərdən çox fərqlənirlər. Düşünürəm ki, gənclər, yeniyetmələr müasir texnologiyanın yaratdığı təsirlərin axarına düşüblər. Sanki insanlarda robotlaşma gedir. Amma texnologiyadan ayrılmaq da olmur.

- Sosial şəbəkələrdə aktivsiniz... 

- Bəli. Sosial şəbəkələr üzərindən tamaşaçılarımla bağlantılar qururam, onlarla ünsiyyətdə olur, fikirlərini öyrənirəm. Yaxud yeni mahnılarımı mediada, sosial şəbəkələrdə paylaşıram. 

- Yeni mahnının hazırlanması, təqdimatı təbii ki, xeyli xərclər tələb edir. Bunları kim qarşılayır, köməklik edir? Ümumiyyətlə, mahnılarınızdan qazanc əldə edə bilirsizmi?

- Bəli, qazanclarım olur. Mahnılarımın xərcini qarşılamaq üçün toylarda oluram. Bəzən mahnıları hədiyyə edirlər.



- Bəs, hədiyyə edilməyəndə..?

- Atam köməklik edir. 

- Deyəsən, atanızın elə ən sevimli övladı sizsiz?

- Yox, bizdə ayrı-seçkilik yoxdur. 

- Atanız Vüqar Əhməd gözəl nəğməkar şair, alimimizdir. Bəs, o, sizin üçün kimdir?

- Mənim də gözümdə xalqın gördüyü kimidir.  Amma eyni zamanda övladına həm maddi, həm də mənəvi cəhətdən yardım olan fədai atadır.

- Atanız ailədə sərtdir?

- Xeyr. Övladları ilə dostdur. Bizi başa düşür. 

- Atanız kimi şeir yazmağa həvəslisinizmi?

- Uşaqlıqdan bir-iki şeir yazdım. Sonra gördüm ki, yox, məndə daha çox musiqi istedadıdır və bu sənəti davam etdim. 

- Oxuduğunuz mahnıların hamısının sözləri atanıza məxsusdur?

- Xeyr. Əksər mahnılar bəstəkar mahnılarıdır. Amma atamın sözlərinə olan mahnıları da ifa etmişəm. Məsələn, “Azərbaycan-Türkiyə” mahnısının sözləri atamın, musiqisi dayımındır. 

- Atanızın hansı şeirlərini sevirsiz?

- Düşünürəm ki, atamın vətənpərvərlik mövzusunda olan şeirləri daha çox qəlbə toxunur. 

- Bir az öncə sosial şəbəkələrdən söz açdıq. Bir çox sənətçilərimiz sosial şəbəkələrdə tənqid və hətta təhqir olunur, sonradan bu qalmaqala çevrilir və s. Bu cür hallarla rastlaşmısızmı?

- Mən özümü tamaşaçılara elə çatdırıram ki, barəmdə tənqidlər olmasın. Şükür ki, heç vaxt olmayıb ki, kimsə məni tənqid etsin. Fikrimcə, əslində bu, müğənnidən aslıdır ki, tənqidə tuş gəlir.

- Bu yaxınlarda dayınız sosial şəbəkələrdə xeyli tənqid olundu. Yəqin ki, bilirsiz, Aşura günündə zəncir vurduğuna görə... Bu qalmaqalı görəndə nə düşündünüz?

- Həmin qalmaqalı görəndə çox əsəbiləşmişdim. Dayım dindar insandır, namaz qılır, bu yaxınlarda Məşhəddən gəldi, eyni zamanda 4 dəfə Həcc ziyarətində olub. Fikirləşirəm ki, onu yazanlar özlərini reklam edirdilər. Fikrimcə, orada qalmaqallı bir şey yox idi, Aşura günü idi və dayım zəncir vurmuşdu. Hətta onu da bilirəm ki, dayımı tənqid edənlər kafir idi. 



- Bəs, özünüz dinlə məşğul olursuzmu?

- Namaz qılmıram, amma gələcəkdə düşünürəm. 

- Hər zaman eyni imicdəsiz. Geyim və ya üslubunuzda dəyişiklik etməyi düşünürsüzmü?

- Bu yaxınlarda idmanla məşğul olub, 9 kilo arıqlamışam. İmicimi belə dəyişirəm. Təxminən bir neçə kilo da verməyi düşünürəm. Səhnədə artıq çəki düz gəlmir.

- Hansı televiziya proqramlarını izləyirsiz?

- Daha çox kinolara baxıram.

- Bəs, kinoya çəkilməyi arzulayırsızmı?

- Təklif olmayıb, amma gələcəkdə olsa, çox istərdim. 

- İfaçılıqdan başqa daha hansı bacarıqlarınız var?

- Kamançada, pianinoda və azacıq da olsa, gitarada ifalar edə bilirəm. 

- Tamaşaçılarınız üçün hansı yenilikləriniz olacaq?

- Sözləri və musiqisi bəstəkar Ruslan Əhmədoğluna məxsus olan “Qayıdacaqsan” mahnım bu günlərdə tam hazır olacaq və tamaşaçılara təqdim edəcəm.  Bəstəkar Nailə Mirməmmədli də yeni iki mahnı göndərib, daha sonra onlar üzərində işləyəcəyik. Ən böyük arzum isə gələcəkdə xarici ölkələrdə musiqimizi layiqincə təmsil etməkdir. Azərbaycan musiqisi digər xalqların musiqisindən xeyli zəngindir. 

P.S. Maraqlı müsahibədən sonra Almaxanım Əhmədlinin ürəyə yatımlı ifasında məşhur “Alagözlüm” mahnısını dinlədik. İnanırıq ki, bu cür istedadlı gənclərimiz xarici səhnələrdə deyil, ilk öncə öz ölkəmizdə parlayacaq, layiqli dəyərini ala biləcək. 

Xalidə Gəray,
Musavat.com,
Foto və video müəllifindir. 
Şərh yoxdur