İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ağılsız adam gedib bankdan pul götürər, maşın alar...”

9909 13.03.2015 08:10 Müsahibə A A

Xəbər verildiyi kimi, bu il müqəddəs torpaqlara getmək istəyənlər 4700-5750 dollar civarında xərc çəkməli olacaqlar. Bu da qonşu ölkələrlə müqayisədə xeyli bahadır. Bildirildiyinə görə, manatın 33 faiz dəyərdən düşməsi Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 3 minə yaxın zəvvarı da çətin durumla üz-üzə qoyub. 

Belə ki, VİP xidmətlərlə Həcc ziyarəti 5750, adi xidmətlərlə isə 4700 dollar olacaq. Azərbaycanda ötən il zəvvarlar nisbətən şəraiti zəif və gündə iki dəfə yemək verilən hotellərdə qalmaq şərtilə 3250 manat (4 min dollardan bir qədər artıq-E.P.) nisbətən daha yaxşı şəraitli və yeməklər təklif olunan paket üçün isə 4100 manat (5200 dollar) ödəyirdilər. Müqayisə üçün xatırladaq ki, müqəddəs ünvana bizdən uzaq olan rusiyalı zəvvarlara Məkkədə Ramazanın 10 günü və + Mədinədə üç bayram günü qalmaq 3900 dollara başa gəlir. Rusiyada ekonom tipli ziyarət təklifləri var ki, bu da 3750 dollardır. 

Mövzu ilə bağlı Milli Məclisin üzvü, deputat Hacı Qalib Salahzadə (Şeyxin qudası) ilə söhbətləşdik. 

- Hacı, Həcc ziyarətinin qiymətlərinin artmasını siz necə qarşıladınız? 

- Mən də qiymətlərə baxdım, 500-550 dollar arasında artıb. Bu da onunla əlaqədardır ki, Məkkədə hotellər bahalaşıb. Ancaq bu bahalaşma cüzidir, elə də ciddi problem deyil. 

- Məlumata görə, qiymət artımına manatın ucuzlaşması təkan verib...

- Yox, ona görə deyil. Məkkədə böyük abadlıq işləri gedir axı. Bahalaşma da bununla əlaqədardır. 

- Amma bir qayda olaraq Azərbaycanda Həcc ziyarətinin qiymətinin yüksək olmasından narazılıq ifadə olunur. Digər ölkələrlə müqayisədə...

- Yox, Azərbaycanda qiymətlər baha deyil. Ona görə ki, mən Həcc ziyarətində görmüşəm. Demək olar ki, Azərbaycan ən ucuz ölkələrdən biridir. Mən 26 dəfə Həcc ziyarətində olmuşam, bilirəm də nə var, nə yox. 

- Neçə yaşından başlamısınız ziyarətə?

- 90-cı ildən Həccə gedirəm. İndi sayın da , hər il Həcc ziyarətində olmuşam.

- Deməli, bu il də gedəcəksiniz?

- Allahın qisməti olsa, əlbəttə gedəcəyəm.   

- Həccə davamlı şəkildə getməyiniz nə ilə bağlıdır, hər il gedəcəyinizlə bağlı niyyətmi eləmisiniz?

-  Əslində Həccə bir dəfə getdinsə, qurtardı. Ancaq mən hətta Kəbə evinin içərisində də olmuşam, Kəbənin yuyulmasında iştirak etmişəm. Bu, 2010-cu ilin 21 dekabrında olub. 

- Allah qəbul eləsin. Amma hər halda, hər ziyarətə böyük pullar xərclənib. Üstəlik də 26 ziyarət...Yoxsa Şeyx bir quda kimi sizə hər dəfə güzəştlər edib? 

#a#

-  Yox. Mən elə adam deyiləm ki, kimsə mənə güzəşt eləsin. Həmişə Həcc ziyarətinə gedəndə birinci Azərbaycan xalqı üçün dua edirəm, ikinci də Allahımdan istəyirəm ki, qismət elə, gələn Həcc ziyarətində yenə gəlim, Kəbə evində iki rükət namaz qılım. Allah da bunu qəbul edir. Yoxsa Həcc ziyarəti elədir ki, birinin xəstəsi olar, başqasının vacib işi olar, yaxud kiminsə yaxını rəhmətə gedər və ziyarətə gedə bilməz. Mən çox adam görmüşəm ki, pullarını da verib, hazırlaşıb ki, “Həccə gedirik”, ancaq gedən ərəfədə başına bir iş gəlib, yaxud ailəsində problem olub. Hətta onu da görmüşəm ki, avtobusdan enib ki, “evdə nəsə olub, ziyarətə getmirəm”. Bunu Allah belə istəyir. Allahdan başqa kim məni Allahın evinə buraxa bilər? Heç bir pulla Kəbə evinin içərisinə girmək olmaz. Hətta milyardları olan adamlar da Kəbə evinə girə bilməz.

“500-dən yuxarı adamı şəxsi pulumla Həccə göndərmişəm”


- Bəzən iddialar eşidilir ki, Həcc ziyarətindəki bahalaşma həm də Şeyxin iradəsi ilə baş verir. Bu, belədir?

- Yox. Qohumum olduğuna görə tərifləmirəm, Şeyx elə adamdır ki, ömrü boyu xalqa yardım edib. 

- Şeyx müdaxilə edib qiymətləri endirə bilərmi?  

- Yox. Qiymətlərin qalxması Şeyxə aid deyil. Bu, heç respublikamıza, manat, dollar fərqinə də aid deyil. Hətta bizdəki qiymət digər dövlətlərdən aşağıdır. Məkkədə hotel var ki, bir balaca otağında qalmaq 25 min dollaradır. 

- Heç orada qalmısınız?

- Yox. Mən o otağa getsəm, onda camaatdan ayrılmış olardım, heç vaxt elə yerlərə getmərəm. İmkanın olub-olmadığından danışmıram. Mən hər zaman gedən camaatla bir yerdə olmuşam, həmişə Allahdan istəmişəm ki, camaat necə, mən də elə. Onlar nə yeyib-içib, mən də onlarla bir yerdə olmuşam. 

- Siz Həccə gedəndə yəqin VİP xidmətlərindən istifadə edirsiniz.

- Yox, camaat, el-oba necə gedir, mən də elə. Mən həmişə camaatın içərisində olmuşam. Əvvəllər 4-5 dəfə avtobusda getmişəm. Hər dəfə Ərəfatda olmuşam. Ərəfata getməsən Həcc sayılmır axı. Gedim mən Kəbəni fırlanım, gəlim, bu, sayılmır. Həcc bir dəfə olur, müsəlmanın boynundadır ki, getsin. Ancaq bundan sonra mən 100 dəfə getsəm, bu, müstəhəbdir.    
   
- Bildiyimə görə, Həccə getmək istəyən, amma imkanı olmayan insanların ziyarətə getməsinə yardım etməyin, yaxud imkansızlara əl tutmaq savabı daha çoxdur, nəinki davamlı şəkildə Həccə getmək. Elə deyilmi?

- Mən 500-dən yuxarı adamı şəxsi pulumla Həccə göndərmişəm. Həcc ziyarəti elədir ki, həmin adamı Allah çağırır. Kiməsə yaxşılıq etmək, əl tutmaq insanın öz əməlidir. Mən əlimdən gələni, bacardığımı etmişəm. İmkanım daxilində çalışıram ki, ən azı heç kəsi narazı salmayım. 

- Məlumata görə, ölkənin 5 milyon vətəndaşının banklara üst-üstə 7 milyard borcu var. Üstəlik də Həcc qiymətlərinin yüksək olması əksər adamların arzusunu ürəyində qoymayacaq ki?

- Birincisi, bankdan pul götürən adamların 99,99 faizi gedib iş görüblər, pul qazanıblar. Ağılsız adam gedib bankdan pul götürər, maşın alar. Get “Mercedes” alma, “KİA” al. Qaldı ki, bank faizlərinə, dövlət neyləsin, şərait yaradıb ki, gedin iş görün. Ancaq iş görmək əvəzinə gedib bankdan pul götürüb özü üçün xərcləyib. Şərait yaradılıb, get müəssisə yarat, şadlıq sarayı, xəstəxana, məktəb tik. Yoxsa götürüb xərcləyir, sonra da dövləti günahlandırır. 

- Yeri gəlmişkən, sizin banka borcunuz varmı?

- Ömrüm boyu heç bankın qapısını da tanımamışam. Yalandan nə deyim, mənim kredit götürməyə ehtiyacım olmayıb. Ümumiyyətlə, mən öz gücümə dair işlə məşğul olmuşam, nə olsun adamın dost-tanışı var. 

- Bu gün 150-200 manat maaş alan müəllim və həkimlər var, yəqin ki, onların da ürəyindən Həcc ziyarətinə getmək keçir. Bu cür aztəminatlı insanlara məsləhətiniz nədir?

- Mən vaxtilə müəllimləri də Həccə göndərmişəm. Atam müəllim olub, həmişə müəllimlərə hörmət bəsləmişəm. Müəllim kəlməsinə da hörmətim olub. Kimliyindən asılı olmayaraq, yəni imkanlı-imkansız, pullu-kasıb olmasından asılı olmayaraq Allahın razılığı olmasa, heç kəs Həccə gedə bilməz. Gərək Allah özü dəvət eləsin. Allahın qisməti varsa, yanıma gələn adama deyərəm, hə, gəl get Həccə. 

 - Hacı, belə çıxır ki, Şeyxdən sonra Həccə daha çox getmiş azərbaycanlı sizsiniz? 

- Mən bilmirəm neçənci yerdəyəm. Ancaq bir onu bilirəm ki, istədiyin vaxt Həccə gedib-gəlmək olar. Lakin Həcc ziyarəti vaxtı əgər Ərəfatda olmasan, hacı sayılmırsan... 

Elşad PAŞASOY



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR