İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müsavatdan gedən hər kəsə görə təəssüf hissi keçirirəm”

2315 16.10.2014 08:20 Müsahibə A A

- Müsavat Partiyasının qurultayından sonrakı ilk 15 gündə istefalar olmasa da son günlər ard-arda istefalar baş verdi. Müsavat Gənclər Təşkilatının sədri başda olmaqla, təxminən 10 nəfər gənc partiyadan istefa verdi. Buna münasibətiniz necədir?

- Müsavat Partiyasının hər bir üzvü mənim üçün əzizdir. Ona görə hətta bir nəfərin də Müsavatdan getməsini istəməzdim. Partiyadan çıxan hər kəsə görə təəssüf hissi keçirirəm.

- Müsavat Məclisinin bir sıra üzvləri bildiriblər ki, istefa verən gənclər Qubad İbadoğlunu müdafiə etmiş şəxslərdir. Qubad bəy istəsəydi onları istefa fikrindən daşındırardı, lakin çıxışları ilə gənclərin getməsinə stimul vermiş oldu və buna görə də istefaların məsuliyyəti Qubad İbadoğlunun üzərindədir. Siz hesab edirsinizmi istefalara görə Qubad İbadoğlu məsuliyyət daşıyır?

- Partiyadan istefa barədə qərar qəbul edən şəxslər kifayət qədər yetkin şəxslərdir və öz qərarlarını yəqin ki, müstəqil olaraq qəbul ediblər. 

- Qubad İbadoğlu isə suallar qoyub ki, partiyanın rəhbərliyi narazılıq edən şəxslərlə görüşüb onları dinləyibmi. Narazılıq edənlərlə görüş olubmu və belə bir təşəbbüs gözləniləndirmi?

- Mən daim Müsavat Partiyasının qərargahındayam, partiya üzvləri ilə həmişə olduğu kimi, yenə də ünsiyyətə açığam. Bir çox partiya üzvləri ilə gündəlik təmasda olaraq onlarla bir çox məsələləri müzakirə edirik. Partiyadan istefa vermiş gənclərin də bəziləri ilə bu günlər ərzində birbaşa söhbətlərimiz, müzakirələrimiz olub. Ancaq bir daha deyirəm ki, hər kəs öz qərarını qəbul etməkdə müstəqildir və bəzi partiya üzvləri belə qərar qəbul ediblər. Onların qəbul etdikləri qərara görə bir daha təəssüfləndiyimi bildirirəm. 

- İstefa verənlərdən biri Gənclər Təşkilatının sədridir. Boş qalan həmin postda seçkilər olacaqmı?

- Mənə verilən məlumata görə, Müsavat Gənclər Təşkilatının rəhbərliyi toplaşıb və bəzi müzakirələr aparıblar. Yəqin ki, yaxın vaxtlarda yeni sədrin seçilməsi üçün Gənclər Təşkilatının toplantısı keçiriləcək. Gənclər kimə etimad göstərəcəklərsə, o da sədr olacaq.

- Bəzi saytlarda xəbər yayılıb ki, Müsavat Məclisinə sədr seçilmək üçün ən çox şansı olan adam Osman Kazımovdur. Məclis sədri olmaq istəyini bildirənlər varmı? Şanslı hesab etdiyiniz varmı?

- Oktyabrın 25-də Müsavat Məclisinin toplantısının keçirilməsi barədə qərar qəbul edilib. Məclisin bu toplantısında yenidən Məclisdə və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalan yerlərə seçkilər keçiriləcək. Bununla yanaşı, partiyanın Divanına da seçkilər keçiriləcək. 11 oktyabr tarixli Məclisdə qərara alındı ki, Məclis sədri seçkiləri sərbəst Məclis üzvlərinin seçkiləri tamamilə başa çatdıqdan sonra keçirilsin. Ona görə də oktyabr ayının 25-də  Məclis sədri seçkiləri keçirilməyəcək. İstər Məclisin sədrliyinə, istər Divan üzvlüyünə partiyanın Məclis üzvləri öz namizədliklərini irəli sürəcəklər. Gizli, demokratik seçki keçiriləcək. 

- Müsavat Məclisinin oktyabrın 11-də keçirilən toplantısında boş qalan Məclis üzvü yerlərinə seçkilər oldu. Bu seçkilərin nəticələri maraqlı vəziyyət ortaya çıxardı. Məsələn, partiyanın yükünü daşıyan və illərdir rəhbərlikdə təmsil olunan Gülağa Aslanlı Məclis üzvü seçilmək üçün yetərli səs qazanmadı. Məclis üzvlərinin seçimlərdə nümayiş etdirdiyi yanaşma, sizcə, təzadlı deyil?

- Müsavatda seçkilər demokratik yolla və şəffaf keçirilir. Seçki komissiyaları adətən konsensus yolu ilə müəyyənləşdirilir. Seçki prosesində xüsusilə sərbəst Məslis üzvlüyünə müəyyən çətinliklər olur.  Əgər Məclis üzvləri Məclisdə seçilirsə, əlavə çətinlik yaranır. Belə ki, Müsavat Məclisinin üzvlərinin seçilməsi səlahiyyəti qurultaya aid olduğu üçün belə seçkilər qurultayın verdiyi səlahiyyət əsasında Məclisdə keçirilirsə, seçkidə iştirak edən hər kəs Məclis üzvlərinin ümumi sayının əksəriyyətinin səsini almalıdır. Gülağa Aslanlı da, digər bəylər də oktyabrın 11-də keçirilən Məclisdə  iştirak edən üzvlərin 80 faizinin, bəlkə də artığının səsini almağa nail oldularsa da Məclis üzvlərinin ümumi sayının əksəriyyətinin səsini ala bilmədikləri üçün Məclisə seçilmədilər. Bu, həm də Müsavat Partiyasında Məclis üzvü seçilməsi prosedurunun çətin olması ilə bağlıdır.

- Milli Şuranın 12 oktyabr mitinqinə qatılmışdınız. Mitinqin təşkilatçıları isə sizləri nəinki tribunaya dəvət eləmədi, hətta mitinqdə iştirak eləməyinizi belə çıxışlarında qeyd etmədilər. Sizin özünüzün bu olaya münasibətinizi bilmək istərdik. Milli Şura bir daha belə aksiya keçirəcəyi halda yenə iştirak edəcəksiniz?

- Azərbaycanın milli mənafeləri, Azərbaycanda insan haqlarının müdafiəsi, demokratiyanın inkişafı mövzusunda keçirilən bütün kütləvi aksiyalarda iştirak etmək niyyətindəyəm. Keçirilən 12 oktyabr aksiyasında da biz konkret olaraq siyasi məhbusların azadlığa buraxılması tələbini dəstəkləmək məqsədilə iştirak etdik. Hesab edirəm ki, 12 oktyabr aksiyası uğurlu oldu. 

Çünki bu aksiyada irəli sürülən tələblər həm Azərbaycan cəmiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Bizim tribunaya dəvət olunmamağımızla bağlı məsələ hesab edirəm ki, həlledici  deyil. Bizim harada durmağımız böyük əhəmiyyət daşımır. Əsas məsələ odur ki, siyasi məhbusların azadlığa buraxılması tələbi ilə ciddi bir siyasi aksiya keçirildi və düşünürəm ki, bu proses bundan sonra da davam etməlidir.  

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR