İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Qurbanlı: “Heç bir ölkəyə məxsus İslam yoxdur”

2378 21.07.2017 08:30 Ölkə A A

Mübariz Qurbanlı: “Ehsan məsələsi qadağa deyildi, tövsiyə idi”

Dini Komitənin sədri Mübariz Qurbanlı ilə müsahibəni uzun müddətdir planlaşdırsaq da, söhbət alınmırdı. Yəqin ki, iyulun 18-də Badamdarda keçirilən “İslam Həmrəyliyi və Media” tədbiri olmasaydı, bu müsahibə də baş tutmayacaqdı. Məhz baş redaktorumuzun o tədbirdə iştirak etməsi sayəsində “tilsim sındı” və DQİDK sədri qəzetimizə müsahibə verməyə razılaşdı.


- Bir neçə gündən sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunmağınızın 3 ili tamam olacaq. 3 ildir ölkədə dini sahəyə rəhbərlik edirsiniz. Bu müddətdə hansı əsas hədəfləri qarşıya qoyub nail ola bilmisiniz? Yeri gəlmişkən, komitənin “yol xəritəsi” - strateji planı da var. Orada qoyulan vəzifə və tapşırıqlara nail olmaq mümkün oldu?


- Razılaşarsınız ki, hər bir qurumun fəaliyyətinə ondan yuxarı qurum qiymət verir. Buna ictimai rəy, mətbuat, ekspertlər, bir də yuxarı qurum qiymət verə bilər. Biz bunu söyləsək, məntiqli olmaz, amma mənim komitəyə təyinatımdan sonra ölkə prezidentinin dövlət-din münasibətləri ilə əlaqədar müəyyən etdiyi strateji xəttin həyata keçirilməsi istiqamətində kollektivi səfərbər edərək işimizi aparmışıq. Bizim kollektiv əsasən gənclərdən ibarətdir. Eyni zamanda əksəriyyəti ilahiyyat üzrə mütəxəssislərdir. Komitənin son illərdə ştat vahidi və fəaliyyəti ilə əlaqədar sərəncamlar verilib. Mərkəzi Aparatda şöbələrin sayı 9-a, bölgələrdə isə 15-ə çatdırılıb. Bu gün respublikanın demək olar ki, hər rayonunda DQİDK-nın bir nəfər olmaqla işçiləri vardır. Yeni işçilərin qəbulu, ştatın artırılması fəaliyyətimizin daha da dinamikləşməsi, səmərəliliyinə müsbət təsir göstərib.

8bf983a8-bdac-45a4-b8ea-f3a5107986ea.jpg (87 KB)


Komitədə əsas vəzifələrimizi müəyyən etmişik. Burada konsepsiyanın detalları haqqında danışmaq istəmirəm. Ancaq qısa şəkildə qeyd edəcəm. Komitənin indiki vaxtda əsas vəzifəsi iki istiqamətdədir. Birincisi, hansı hədəflərə nail olmaq və ikincisi, təhdidləri aradan qaldırmaq. Biz İslam dünyasının bir parçasıyıq. Həm İslam dini, həm də digər dinlərdə baş verən hadisələr bu və ya digər formada bizə də öz təsirini göstərə bilər, bu da təbiidir. Biz açıq ölkəyik, qapalı cəmiyyət deyilik.
Qarşımıza qoyduğumuz məqsədlərdən biri də din sahəsində maarifçiliyi yüksək səviyyəyə qaldırmaqdır. Radikal dini qruplara qarşı maarifçilik fəaliyyəti odur ki, biz İslamı insanlara olduğu kimi çatdırmalıyıq. Və bu zaman yerli dini icmalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə hərəkət edirik, bizim QMİ ilə birgə fəaliyyət proqramımız var.


Radikal dini qruplara qarşı mübarizənin ikinci istiqaməti də həmin qrupların ölkədə özünə iqtisadi baza yaratmasına imkan verməmək, kənardan gələn maliyyənin qarşısını almaqdır. Üçüncü istiqamət, qanunvericilikdə mövcud olan əsaslara söykənməklə qanun pozuntusu hallarını aşkarlamaq və bunların aradan qaldırılması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək, eləcə də Azərbaycanda yayılması məqsədəuyğun hesab edilməyən dini ədəbiyyat və ləvazimatların ölkəyə gətirilməsinin qarşısını almaqdır.


2014-cü ildə cənab prezident dini maarifləndirməyə dəstək məqsədilə Dini Komitəyə vəsait ayırıb və bu sərəncama uyğun olaraq bu günə qədər dini icmaların 221 layihəsi maliyyələşdirilib. 2016-cı il “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Bizim həyata keçirdiyimiz layihələr bu böyük təbliğat kampaniyasına töhfə verməkdədir. Bu layihələrdə minlərlə Azərbaycan vətəndaşı iştirak edir.


Apardığımız işlər nəticəsində bir sıra məscidlərdə qeyri-qanuni fəaliyyət göstərən şəxslərin kənarlaşdırılmasına, qanuni şəkildə din xadimi təyinatına nail olmuşuq. Görüləcək işlərdən biri də ölkədəki məscidlərin hamısının din xadimi ilə təmin olunmasına nail olmaqdır. Ölkədə 2246 məscid var, bunlardan 900-ə yaxını kiçik məhəllə məscididir. Bunlara rəsmi din xadimi təyinatı başa çatmayıb, bunun da obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbi kifayət qədər kadrın olmaması, subyektiv səbəbi isə qanunda məsciddə təyinat üçün mütləq icma qurulması müddəasının olmasıdır. Kiçik məscidlərdə bu mümkün olmur.

Çünki qanunla icma olması üçün 50 vətəndaş olmalıdır, amma kiçik məhəllələrdə çox zaman bu qədər insanı bir araya toplamaq mümkün deyil. Ona görə də ümumi razılaşma ondan ibarətdir ki, bu cür məscidlərə dini ayinlərin icrasını həyata keçirən şəxslər təyin olunsun. Biz nəzərdə tutmuşuq ki, Azərbaycanda bütün məscidlərdə rəsmi təyinat baş tutsun. Çünki qanun bunu tələb edir.

“Əsas məqsədimiz dini maarifçilik işini yüksək səviyyəyə qaldırmaqdır”


- Yuxarıda qeyd etdiniz ki, komitə maarifçilik fəaliyyəti aparır, həqiqi İslam dəyərlərini təbliğ edir. Həqiqi İslam dəyərləri dedikdə burda konkret olaraq hansısa məzhəb və xətt nəzərdə tutulur? Ümumiyyətlə, İslamı olduğu kimi çatdırmaq nə anlama gəlir? Məzhəblərüstü bir təbliğat?

dfe05ccc-a5d9-4dde-a502-a9d1a0136946.jpg (91 KB)


- Azərbaycan İslam ölkəsidir, əhalinin 96 faizi müsəlmandır. Bu gün İslam Əməkdaşlıq Təşkilatında 57 müsəlman ölkəsi birləşir. Eləcə də bu gün 160-dan artıq ölkədə müsəlman icması mövcuddur. Amma 57 ölkədən heç də hamısında əhalinin mütləq əksəriyyəti müsəlman deyil. Təqribən 46-47 ölkədə böyük əksəriyyət müsəlmandır. Bəzilərində yarı-yarıyadır, bəzilərində müsəlmanlar çoxluq olmasa da, müsəlman ölkəsi statusundadır. Unutmaq lazım deyil ki, fərqli görüşlər olsa da, İslam dini vahiddir. Quran-Kərimi İndoneziyadakı və Misirdəki müsəlman eyni cür qəbul edir və oxuyur. Amma bu 57 müsəlman ölkənin hər birinin keçdiyi tarixi yol var. Azərbaycan xalqının keçdiyi tarixi yola bir baxaq: Tanrıçılıq, Zərdüştlük, Xristianlıq və nəhayət İslam. Söhbət məzhəbdən deyil, vahid İslam dinindən gedir.


Məsələn, Əfqanıstan və yaxud Malayziya, Sudanı götürək. Hər birisinin İslama qədər və ondan sonra uzun bir tarixi yolu olub. Ancaq bütün müsəlman ölkələrini birləşdirən Qurani-Kərim var. İslam bütövdür, heç bir ölkəyə məxsus İslam yoxdur. Azərbaycan İslamı, Özbəkistan İslamı və ya başqa bir ölkə adı ilə din yoxdur.


- Ölkə adı ilə olmasa da, hər bir ölkənin yerli milli adət-ənənələri dinə də təsir edib, o ölkəyə xas bir dini ənənələr yaranıb.


- Amma bir ölkə adı ilə İslam dini deyimi yoxdur. Heç xristianlıqda da yoxdur. İspan xristianlığı və ya Almaniya xristianlığı deyə bir şey yoxdur, din vahiddir. Ancaq din adət-ənənələrə hopur. Və tarixən millətin dini və dini qayda-qanunları adət-ənənələrinə sirayət edir. Ancaq hər bir dövlətin dinə yanaşması özünəməxsus olur. İspaniya və Böyük Britaniyanın dövlət-din münasibətləri eyni deyil. Eləcə də Azərbaycanda. Bizim konstitusiyamızda müsəlman ölkəsi olmağımız yazılmayıb. Bizim dini mənsubiyyətimiz konstitusiyamızda əksini tapmayıb. Biz dünyəvi dövlətik, dövlətin dini mənsubiyyəti yoxdur. Ancaq onlarla ölkə var ki, onların konstitusiyalarında nəinki ölkənin dini, hətta məzhəbi də qeyd olunub. 28 müsəlman ölkəsinin konstitusiyasında dini mənsubiyyət təsbit olunub. Ancaq biz dünyəvi dövlətik. Lakin bu o demək deyil ki, biz dövlət siyasətində İslami dəyərləri nəzərə almırıq. Vətəndaşın dini var və dövlət də dini himayə edir və bu zaman fərq qoymur. Ona görə də dövlət-din modelini soruşanda, mən deyirəm ki, bu, dövlətin dinlə əlaqələri ilə bağlı müəyyən etdiyi sistemdir. Bizdə din dövlətdən ayrıdır, ancaq dindar, vətəndaş dövlətdən ayrı deyil. Biz din dövlətdən ayrıdır, ona görə deyirik ki, din dövlətin işlərinə müdaxilə etmir.


- Ancaq dövlət dinə müdaxilə edir...


- Dövlət dini ayinlərin icrasına müdaxilə etmir. Dövlət bizə demir ki, sən namazı necə qıl, orucu necə və neçə gün tut.


- Amma dövlətin dini maarifçiliklə məşğul olması bir mənada müdaxilə deyilmi?


- Maarifçilik ayrıdır. Maarifçilik ona görədir ki, dövlət din adı altında ekstremist və radikal qrupların dindən saparaq dövlətin əsaslarına qarşı yönəlməsinin qarşısını alsın.


- Bu bir növ Con Lokkun irəli sürdüyü layiqlik nəzəriyyəsi deyilmi? Dövlət dinə bəlli sərhədlər müəyyən edir, ondan kənara çıxanları isə qanunlarla cəzalandırır...


- Tarixə qayıdıb müxtəlif filosoflardan, Hegeldən, Feyrbaxdan, Marksdan və başqalarından misallar çəkə bilərəm. Dinə yanaşmada modellər müxtəlifdir. Ulu Öndər Heydər Əliyev digər sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də Azərbaycanın hansı konsepsiyaya söykənməsini müəyyən edib. Bu, konstitusiyamızda öz əksini tapıb. Azərbaycan Konstitusiyası 4 ana prinsip bəyan edib. Azərbaycan hüquqi, demokratik, dünyəvi və unitar dövlətdir. Dünyəvi dövlət o deməkdir ki, din dövlətin işinə qarışmır, dövlət də dini ayinlərə, dinə aid olan işlərə müdaxilə etmir. Dövlət dini himayə edə bilər və edir də. Məscidlər, kilsələr, sinaqoqlar tikə bilər və tikir. Azərbaycan müstəqillik qazananda 17 məscid vardı, ancaq indi sayları 2246-ya çatıb. “Heydər məscidi” kimi Cənubi Qafqazın ən böyük məscidi Bakı şəhərindədir. Eyni zamanda onlarla məscid tikilib və ya təmir, yaxud yenidən bərpa olunub. Bu siyahını uzatmaq olar.


Ancaq mənim demək istədiyim odur ki, Azərbaycanda dövlət-din modelinin özünəməxsus xüsusiyyəti var. İslam bütövdür. Sadəcə dini idarəçilik ölkələrə görə dəyişir. Bunları deməkdə məqsədim odur ki, Azərbaycanda biz İslamın nəsildən nəsilə ötürülən ənənəvi dəyərlərini, dövlətin dinlə bağlı formalaşmış siyasətini yaşadaq və gələcək nəsillərə ötürək. 


- Yəni ənənəvi İslamın yaşadılmasını nəzərdə tutursunuz?


- İslam bütövdür, sadəcə, bizdə İslamla bağlı formalaşmış ənənələri olduğu kimi yaşatmalıyıq. Siz bilirsiniz ki, ölkələr məhsulla yanaşı, ideologiyalar da ixrac edir. Öz ideologiyasını ixrac etmək üçün ölkələr böyük vəsaitlər xərcləyir. Bir sıra ölkələr öz həyat tərzini, bəziləri dilini, mədəniyyətini yaymağa çalışır. Ona görə də biz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruduğumuz kimi, dövlət-din münasibətləri ilə bağlı tarixən formalaşmış modelimizi də yaşadıb qorumalıyıq ki, kimlərsə kənardan başqa ideya gətirib burda yaymasın. Əgər xarici ölkələrdəki dəyərləri gətirib burda yaysalar biz tədricən öz kökümüzdən uzaqlaşmış olacağıq. Bu, çox ciddi və həssas məsələdir. Bu məsələdə bizim strateji xəttimiz dəqiqdir və bunu həyata keçirmək üçün bütün qurumlar birgə çalışır.


- Siz təyin olunduqdan bir ay sonra yas mərasimlərində yemək süfrələri qadağan olundu. Ancaq ötən 3 ildən sonra baxdıqda bu qadağa işləmədi. Yəni bir sıra bölgələrdə ehsanlar yığışdırılsa da, əksər yerlərdə, o cümlədən Bakıda hələ də davam edir.


- Əvvəla, burada qadağa sözünün işlənməsi ilə razı deyiləm. Bu, qadağa deyildi, tövsiyə idi.


- Ancaq fakt odur ki, ilk vaxtlar bölgələrdə polis, bələdiyyə işçiləri gedib ehsan süfrələrini yığışdırırdılar...


(davamı növbəti sayımızda)


Kənan RÖVŞƏNOĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR