İnsanlara hürriyət, millətlərə istiqlal!

Müasir uşaqlarda aqressiya niyə pik həddə çatıb? - rəylər

1393 26.01.2023 09:48 Media A A

Məktəblərdə bıçaqlanma, qızlar arasında davanın artmasının şok səbəbləri

Son günlər uşaqlar arasında aqressiya hallarının artması müşahidə olunur. Az qala hər gün hansısa məktəblinin öz həmyaşıdına hücum etməsi, məktəblərdə şiddətli davalarla bağlı xəbərlər və videolar yayılmaqdadır. Məktəblilər, xüsusən də yuxarı sinif şagirdləri arasında aqressiyanın bu qədər artmasının səbəbləri nədir? Ailədaxili şiddətin fəsadları, ərgənliyin spesifik əlamətləri, yoxsa müasir yeniyetmələrin kompüter əsrində zərərli təqlidçiliyi?

Öncə bir neçə fakt. Təkcə 24 yanvar tarixində ayrı-ayrı məktəblərdə baş vermiş iki insident barədə...

İlk fakt: Bakıda məktəbdə 11-ci sinif şagirdləri arasında dava olub. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib ki, sözügedən məktəbdə 11-ci sinif şagirdləri arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Qızlar arasında dava psixoloqa getmək üstündə düşüb. Belə ki, qızlardan birini anası psixoloqa aparıb, digər qız bununla bağlı həmcinsinə lağ edib. Nəticədə şagirdlər arasında dava düşüb.

İkinci fakt: Sosial şəbəkələrdə Bakının Xəzər rayonu, 136 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi barədə məlumat yayılıb. Məktəbdə təhsil alan oğlanın sevdiyi qızı bıçaqladığı bildirilir.  DİN Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında şagirdlər arasında mübahisə olduğunu təsdiqləyib: “Məsələ araşdırılıb. Məlum olub ki, şagirdlər arasında mübahisə olub. Onların arasında bıçaqlanma olması ilə bağlı iddialar təsdiqini tapmayıb”.

Uşaq psixoloqu Narınc Rüstəmova yeniyetmələr arasındakı aqressiya barədə maraqlı bir araşdırma həyata keçirib. Psixoloq bildirib ki, yeniyetməlik çağlarında uşaqlarda xüsusən daxili aqressiya, əsəbilik və aqressiv davranışlar tez-tez müşahidə edilir. Valideynlər də bu zaman narahat olurlar: “Mütəmadi olaraq psixoloqlara belə suallar ünvanlayırlar: ”Yeniyetmə uşağım var, çox əsəbidir. Buna nə səbəb ola bilər?" və ya “Övladım yeniyetməlik dönəmindədir və çox aqressivləşib, əvvəllər belə deyildi. Bu problemi necə aradan qaldıra bilərik?” Əvvəlcə qeyd edək ki, 9 yaşdan sonra cinsi yetişkənlik yaşı başlayır və istər hormonların, istərsə də yeniyetməlik dönəminin verdiyi təsirlər sayəsində onlar kiçik bir şeydən belə qıcıqlana və aqressiv reaksiya göstərə bilərlər. Bu dönəmlərdə çevrəsinə, ailəsinə qarşı etiraz etmə, qarşı çıxma, onların fikrinə əks getmə kimi davranışlar da sərgiləməyə başlayırlar. Belə halda isə valideynlər səbirli davranıb, müəyyən mənada güzəştə gedə bilər. Xüsusən bildirmək lazımdır ki, 14-16 yaş arası bu problemlər demək olar ki, ən pik həddə qədər yüksələ bilir. Nəticədə valideyn-övlad münasibətləri mənfiyə doğru gedir. Bu dönəm, artıq “böhran dönəmi” adlanır. Bəs hansı uşaqlar bu dönəmi belə keçirir?  Əgər uşaq yeniyetməlik dönəmində çox aqressiv, əsəbidirsə o zaman valideynlər onu ya çox sıxıb, avtoritar olub, ya da, çox yumşaq davranıb. Qaydalar və onun bərabərində qadağalar çox qoyulan ailələrdə böyüyən uşaqlarda aqressiya daha çox müşahidə edilir. Qeyd etdiyimiz kimi, belə dönəmlərdə valideynlər digər vaxtlara nəzərən övladlarına anlayış göstərməyi və səbirli davranmağı bacarmalıdırlar. Qaydaların bir az yumşaldılması uşaqlarda da aqressiyaların azalmasına gətirib çıxara bilər. Əks halda uşaqlar ətrafındakılara və özlərindən fiziki cəhətdən zəif həmyaşıdlarına, hətta özlərinə də xətər yetirə bilərlər".

Klinik psixoloq Narınc Rüstəmova: “Valideynlər hər şeydə mükəmməllik  axtarırlar” - (MÜSAHİBƏ - FOTOLAR) | İctimai.Az

Narınc Rüstəmova

Psixoloq eyni zamanda araşdırıb ki, yeniyetməlik dönəmində uşaqlar öz yaşıdlarına daha çox maraq göstərir və onlarla vaxt keçirmək istəyir. Belə halda valideynlər israrla onu dostlarından ayırsalar və ya evdə olmasını, onlarla vaxt keçirməsini tələb etsələr,  uşaqlarda ailələrinə qarşı aqressiya daha da şiddətlənəcək: “Yaşıdları ilə vaxt keçirməsinə şərait yaratmaq və mane olmamaq da onlarda aqressiyanın azalmasına səbəb ola bilər. Aqressiv dönəmdə valideynlər qeyd etdiyimiz kimi, güzəştə getməyi, susmağı və lazım gələrsə məkanı dəyişməyi, kənardan nəzarət şəklində övladını bir az yalnız buraxmağı bacarmalıdırlar.

Bundan əlavə valideyn və uşağın film, musiqi, geyim və s. zövqləri eyni olmaya bilər bu zaman da valideyn onun seçimlərinə hörmətlə yanaşmağı və onu öz istəklərinə uyğun davranması üçün zorlamamalıdır. Bu şəkildə onları çox sıxdıqca, güzəştə getmədikcə vəziyyət daha da pisləşə bilər, hətta bu zamanla uşaqların evdən uzaqlaşmasına gətirib çıxara bilər. Nəticədə onlar özünə yeni dünya qurmağa və problemlərdən qaçmağa başlayacaq. Belə vaxtlarda valideynlər ehtiyac olarsa mütləq psixoloq dəstəyi almalı və psixoloq-valideyn-övlad üçbucağı qurulmalıdır".

Ailəsi və ya həmyaşıdları ilə yola getməyən, onlarla tez-tez insident yaşayan yeniyetmələri cəzalandırmaq çıxış yolu sayılırmı? Ümumiyyətlə, bu məsələ öz həllini necə tapmalıdır? N.Rüstəmova hesab edir ki, yeniyetməlik dönəmində hədsiz qadağalar və cəzalar verilməsi də doğru deyil: “Çünki uşaq bu cəzanı artıq şəxsiyyətinə hörmətsizlik, təcavüz, alçaldılma kimi başa düşür. Bu da valideyn-övlad münasibətlərinin mənfiyə doğru yönəlməsinə gətirib çıxarır. Valideynlər bu hallarda bəzən dözə bilmir, səbrsiz davranır və övladına həm fiziki, həm də psixoloji şiddət tətbiq etməyə başlayırlar. Bu da təbii ki, doğru yanaşma üsulu deyil. Valideyn nə qədər çox zorakı davranarsa, qarşılığında uşaqdan bir o qədər çox aqressiv reaksiya görəcəkdir. Bunun əksinə, aqressiv davranışlar zamanı ailənin bu halı çox yumşaq qarşılaması, uşağı əzizləməsi də düzgün deyil. Belə halda valideyn növbəti aqressiyaya şərait yaratmış olur, məsələn: 15-20 dəqiqə sonra uşaq başqa bir şeyə və əvvəlkindən də sərt şəkildə reaksiya göstərməyə başlayacaqdır. Yəni, nə qəddar, nə də çox yumşaq davranmaq lazım deyil. Az əvvəl qeyd etdiyimiz kimi, bu dönəmi ancaq güzəştə getməklə və səbrlə aşmaq olar. Əgər bununla da düzəlmirsə və uşağın aqressiv, əsəbi davranışları daha da şiddətlənirsə bu zaman valideynlər mütləq psixoloqa müraciət etməli və ixtisaslaşmış mütəxəssis dəstəyi almalıdırlar”.

İndi keçək uşaqlardakı aqressiyanın formalarına... İlk növbədə hiperaktiv və aqressiv uşaqlardan söhbət gedir.  Hərəkətli uşaqda disiplin yaratmaq o qədər də asan deyil. Belə hal qapalı şəraitdə böyüdülən uşaqlarda aşkarlanır. Onlar cəmiyyət içinə çıxanda əsəbi, davakar olurlar. Bu cür uşaqlarla sakit danışmağa çalışın. Onlara səhvlərini özlərinin etiraf etməsini öyrədin. Uşaqda özünəsevgi, başqasına rəhm etmək, böyüklərdən çəkinmək, təbiəti sevmək hisslərini aşılayın.

İkinci kateqoriya isə əsəbi və küsəyən uşaqlardır. Küsəyənlik uşaqdakı çatışmamazlıqdan yox, çətin tərbiyədən irəli gəlir. Uşaqla çoxlu vaxt keçirməyə, səs-küylü oyunlar oynamağa çalışın. Zor tədbiq edilən anlarda isə nəzakətli olun.

Dəlisov hərəkətlər və əsəbi uşaqlara gəlincə, əgər uşaq tez-tez valideynlərinə qışqırırsa, demək münasibətlərdə problem var. Siz uşağınızla az ünsiyyətdə olur, ona diqqət ayırmırsınız. Uşaq darıxır, məşğul olmağa heç nə yoxdur. Bütün hirsini isə valideyndən çıxmağa çalışır.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Uşaq və gənclərin fiziki-mənəvi inkişafı" mövzusunda hazırlanıb

Hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR