İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva və Vaşinqton arasında məxfi İrəvan anlaşması - iddia

788 09.04.2024 12:20 Siyasət A A

Ermənistan ABŞ-dan alıb Rusiyaya satır, sanksiyalı malların Qərbdən RF-yə və əksinə daşınmasında platsdarm rolunu oynamağa davam edir

“Qərb Ermənistanın iqtisadiyyatının şaxələndirilməsindən danışır, lakin 2023-cü ildə ABŞ və AB-yə ixrac azalıb. Həmin ABŞ Ermənistandan öz ölkəsinə alüminium folqa idxalına qadağa qoyub, nəticədə Ermənistandan ABŞ-a ixrac 40 faiz azalıb. İndi bu zavodun taleyi bəlli deyil, bağlana və bir neçə yüz işçi küçədə qala bilər”.

Bu sözləri erməni iqtisadçı ekspert Suren Parsyan 5 apreldə Brüsseldə keçirilən ABŞ-AB-Ermənistan sammiti haqda qeyd edib. 

“HSBC bankı biznesini sataraq Ermənistanı tərk edib. Bundan əvvəl alman şirkəti mis-molibden zavodunda 60 faiz payını satdı və ölkədən getdi. Əgər həqiqətən iqtisadiyyatımızı şaxələndirmək istəyirlərsə, qalıb sərmayə qoymalı idilər. Amma onlar bunun tam əksini edirlər - Ermənistan iqtisadiyyatında iştiraklarını azaldırlar”, - iqtisadçı vurğulayıb.

Parsyan deyib ki, ötən il ABŞ-dan Ermənistana idxal məhz Avrasiya İqtisadi İttifaqına(Aİİ) üzvlük hesabına 40 faiz artıb: “Məsələn, ABŞ-dan avtomobillər Ermənistana gətirilib, daha sonra Rusiyaya reeksport edilib. AB-də də belədir. İdxal olunan mallar sonra Rusiyaya ixrac olunduğu üçün AB-dən idxal artıb. Və əksinə, Rusiya qızılı, brilyantı Ermənistan vasitəsilə AB-yə, ABŞ-a, eləcə də ərəb ölkələrinə ixrac edilir. Rusiya və AB burada maraqlıdır ki, Ermənistan bütün ölkələr üçün birləşdirici, tranzit keçid olaraq qalsın”.

Parsyan vurğulayıb ki, 2023-cü ildə Ermənistanın xarici ticarət dövriyyəsinin 36 faizi Aİİ ölkələri (əsasən Rusiya ilə, 7,3 milyard dollar - red.), 13 faizi AB, 3 faizi ABŞ ilə ticarətin payına düşüb: “Yəni AB və ABŞ ilə ticarətimiz Aİİ ilə müqayisədə təxminən 2,5 dəfə azdır. Qərb isə hazırda bizə iqtisadi alternativ təklif etmir”.

Lavrov Ermənistana, Paşinyan Rusiyaya qarşı: İrəvan Moskva qarşıdurması  Azərbaycana nə verir? TƏHLİL

Qeyd edək ki, bu statistika Ermənistanın Rusiyaya sanksiyaları dəlməsində oynadığı rolun yalnız bir hissəsidir. Ermənistanın sanksiyalı malların Qərbdən Rusiyaya və əksinə daşınmasında platsdarm rolunu oynamağa davam edir. Ölkənin rəsmi statistikasına əsasən, bu ilin iki ayında (yanvar-fevralda) Ermənistanın xarici ticarət dövriyyəsinin həcmi iki dəfə artaraq 5,3 milyard dollar təşkil edib. Bu dövrdə Ermənistandan ixrac 2,6 dəfə artaraq 2,6 milyard dollar, idxal isə 73,2 faiz artaraq 2,77 milyard dollar təşkil edib.

Ermənistanın ən böyük xarici ticarət tərəfdaşları Rusiya (2,1 milyard dollar, artım 2,2 dəfə), BƏƏ (1,2 milyard dollar, demək olar ki, 7 dəfə artım) və Çindir (491,708,1 milyon dollar, 84,5 faiz artım). İlk beşliyə həmçinin Aİ ölkələri (322,8 milyon dollar, 19 faiz azalma) və İran (88 242,3 min dollar, 15,7 faiz azalma) daxil olub.

Ermənistandan ixrac edilən mallar arasında birinci yerlərdə qiymətli daşlar və metallar (həmçinin onlardan hazırlanmış məmulatlar); maşınlar, avadanlıqlar və mexanizmlər; mədən materialları; qida sənayesinin hazır məhsulları; toxuculuq (və ondan hazırlanmış məmulatlar); adi metallar (və onlardan hazırlanmış məmulatlar); alətlər və aparatlar; bitki mənşəli məhsullar.

İdxal mallarına gəlincə, burada da təxminən eyni məhsullar - qiymətli daşlar və metallar (və onlardan hazırlanmış məmulatlar); maşınlar, avadanlıqlar və mexanizmlər; mədən materialları; quru, hava və su nəqliyyat vasitələri; toxuculuq (və ondan hazırlanmış məmulatlar); kimya sənayesi məhsulları; adi metallar (və onlardan hazırlanmış məmulatlar); qida sənayesinin hazır məhsulları üstünlük təşkil edir.

2024-cü ilin yanvar-fevral aylarında Ermənistanın iqtisadi aktivlik indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artıb. Bu artımda ən böyük pay sənaye sektorunundur: iki ayda 28,9 faiz artım var. Bu artımın mənbəyi birmənalı olaraq Rusiyadan sanksiyalı almazların idxal edilərək, digər ölkələrə, əsasən də Birləşmiş Ərəb Əmirliklərinə ixracıdır. Bu, həmçinin ötən il də Ermənistanda sənaye istehsalının yeganə drayveri olub. 

İrəvanın rəsmi statistikasından açıq görünür ki, 2023-cü ilin əksər hissəsində sənaye istehsalının həcmi artmayıb, bəzi aylarda isə hətta azalıb. Amma noyabr-dekabr aylarından sənaye istehsalının həcmində kəskin artım qeydə alınmağa başlayıb. Və bu artım demək olar ki, bütünlüklə zərgərlik məmulatları hesabına baş verib. İlin yekununda sənaye istehsalında 4,1 faizlik artım əldə olunub. Amma bu nəticə yalnız zərgərlik sənayesinin ilin son iki ayındakı fantastik göstəricisi sayəsində əldə edilib. İl ərzində istehsal sənayesindəki bütün digər sahələrdə artım 160 milyard dram təşkil edib, təkcə zərgərlik sənayesində bu göstərici 188 milyard dram olub ki, bunun da 164 milyard dramı 4-cü rübdə əldə olunub.

Yanvar-fevral ayları üzrə istehsalla bağlı ətraflı məlumat yoxdur, lakin yanvar ayı zərgərlik sənayesində 11,3 dəfə artım göstərib. Eyni tendensiyanın fevralda da davam etdiyi aydın görünür. Bu artımın nəyin hesabına olduğunu açıqlamağa ehtiyac var.

Azerforum.com

Zərgərlik sahəsindəki artımın səbəbinə aydınlıq gətirmək üçün qeyd edək ki, ötən ilin dekabrından G7 ölkələri və Avropa İttifaqına Rusiyada istehsal olunan brilyant və almazların idxalını qadağan ediblər. Bu qadağanın başlayacağı isə oktyabr ayından açıqlanıb. Rusiya mənşəli belə daşlardan üçüncü ölkələrdə hazırlanan zinət əşyaların idxalı isə bnu il sentyabrın 1-dən qadağan ediləcək. Nəticədə noyabr-dekabrda Ermənistanın Rusiyadan almaz və brilyant idxalı, onlardan hazırlanan zərgərlik məmulatlarının Birləşmiş Ərəb Əmirliklərinə ixracı 10 dəfəyə yaxın artıb. 

Rusiyanın brilyant və almazının Qərbə idxalı qadağan olunandan sonra - bu ilin yanvarından Ermənistanın eyni məhsullar üzrə ixracı rekord səviyyədə artıb. Bununla bağlı Ermənistanın bu ili  yanvar ayındakı xarici ticarət statistikası çox maraqlı məqamları üzə çıxarır. İrəvanın statistika qurumunun rəsmi məlumatına görə, bu ilin yanvarında ölkədə 500-510 milyon dollarlıq sənaye istehsalı qeydə alınıb. Lakin ölkədən sənaye məhsullarının ixracı 934 milyon dollara çatıb. Yəni Ermənistan daxildə istehsal etdiyi sənaye məhsulundan az qala ikiqat artığını ixrac edib. Daxildəki istehlakı da nəzərə alsaq, bu qədər ixracın bilavasitə Rusiyadan qaynaqlandığını yenə statistika əsasında rahatlıqla söyləmək mümkündür. Belə ki, yanvar ayında qeydə alınan 934 milyon dollarlıq ixracatın yarısından çoxu yalnız bir məhsul qrupuna daxil olan mallardır. Söhbət qiymətli daşlardan və qiymətli metallardan gedir. Yanvarda bu malların ixracı 587 milyon dollar təşkil edib. Bu o deməkdir ki, qiymətli daşların və qiymətli metalların ixracı ötən illə müqayisədə 9 dəfə artıb. Keçən il bu göstərici cəmi 65 milyon dollar idi. Bu fenomenal sıçrayış nəticəsində qiymətli daşların və qiymətli metalların ixracdakı çəkisi demək olar ki, 63 faizə çatıb. İqtisadiyyatın bütün digər sahələri ixracın cəmi 37 faizini təşkil edib ki, bu da 347 milyon dollar deməkdir.

Yanvarda Ermənistanın özündə istehsal olunan bir çox malların ixracı, ilin əvvəlində qeydə alınan ixracın 2,1 dəfə artması fonunda nəinki artmayıb, hətta azalıb. Halbuki bu məhsul və ya məhsul qruplarının bəziləri həmişə Ermənistan ixracatında əsas çəkiyə malik olub. Söhbət xüsusilə, məsələn, emal sənayesinin yeyinti sənayesi kimi sahələrindən gedir.

İrəvan Rusiyadan "qanadını" qoparır - Moskvaya qarşı “ikinci cəbhə”

İlin əvvəlində Ermənistandan hazır ərzaq məhsullarının ixracı təxminən 22 faiz azalıb. Ötən il 63 milyon dollar, bu il 49 milyon dollar dəyərində məhsul ixrac edilib. Heyvandarlıq məhsullarının ixracı 32 faizdən çox, kimya və əlaqəli sənaye sahələrinin ixracı 39 faiz, plastik məmulatların ixracı 39 faiz, mineral məhsulların ixracı 19 faizdən çox azalıb.

Əvəzində qiymətli daşlar və qiymətli metalların ixracı ötən illə müqayisədə 522 milyon dollar, ümumi ixrac isə 485 milyon dollar artıb. İxracın 90 faizi BƏƏ-yə reallaşıb. Bəs bu qədər qiymətli daşları və metalları Ermənistan haradan alıb? Əlbəttə ki, Rusiyadan. Məhz bu səbəbdən Rusiyadan Ermənistana idxal bir neçə dəfə artıb: yanvarda ötən illə müqayisədə 2,9 dəfə çox mal gətirilib. İdxal 211 milyondan 614 milyona yüksəlib. Bu idxalın 70 faizə yaxınını qiymətli metallar və daşlar təşkil edib. 

Onu da qeyd edək ki, dünyada qiymətli daşlarla hazırlanan zinət əşyalarının ən böyük istehsalçısı olan Hindistan G7 və Aİ-nin sanksiyasına görə ciddi çətinliklərlə üzləşməyə başlayıb. Sektor nümayəndələri Qərb ölkələrində nəinki 1 karata qədər, ondan da aşağı çəkidə olan qiymətli daşlar üçün mənşə sertifikatı istəyirlər. Bu isə məhsulun reallaşdırılmasını çətinləşdirir.

Görəsən, G7 və Aİ Ermənistanın Rusiyadan alaraq, müxtəlif ölkələrə satdığı dəyəri ilk 3 ayda 1 milyard dolları ötən qiymətli daşlara da maneə yaradırmı, yaxud yaradacaqmı? Yaxın aylarda bunu müəyyən etmək mümkün olacaq. Amma 2022-ci ildən bəri gördüklərimiz deməyə əsas verir ki, Qərb üçün Ermənistan Rusiyanın bu ölkə üzərindən komponentlərini əldə edib istehsal etdiyi silahlarla öldürdüyü on minlərlə ukraynalının qanından daha qiymətlidir... 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR