İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli kələkbazlığın utanc epizodu

2734 30.09.2017 08:10 Yazarlar A A

Dünən işdə uşaqlar belə bir lətifə danışdılar: guya bir ağdamlı Nyu-Yorkda tıxaca düşür, sükan arxasında oturmaqdan bezir, düşür, tezbazar maşını satır, gedib tıxacın bitən yerində ayrı maşın alır, sürüb aradan çıxır.

Bu, əlbəttə, lətifədir. Gerçəkdə belə hadisə olmayıb yəqin ki (hərçənd nə bilmək olar, bəlkə də bənzər hadisələr baş verib). Bununla belə, bu lətifə bizim camaatın nə qədər fərasətli, fəndgir olduğunu, düşdüyü situasiyadan çıxmaq üçün beyin işlətdiyini göstərir.

Bax, burası yalan deyil. Şeytanın ağlına gəlməyən bicliklər, hiylələr, kələklər bizimkilərin ağlına gəlir. Çünki biz bu istiqamətdə daha çox baş sındırırıq, başa düşürük ki, atomu bizdən əvvəl parçalayıblar, interneti, feysbuku bizdən əvvəl yaradıblar, bizə də bu qalıb: nə edək, necə edək ki, beş manat pul qazanaq.

Bu lətifəyə gülüb qurtarmamış xəbər gələndə ki, bir kamerunlu bir azərbaycanlını 100 dolları 200 dollara çevirəcəyi ilə aldadaraq 2400 dollarının dalına keçib, adam pərt olur.

Bir var, həmvətəninin orda-burda, dünyanın dörd tərəfində ona-buna kəf gəldiyi, atdığı barədə xəbərlər oxuyub gizli-gizli “qürur duyasan”, bir də var, bir kamerunlunun dünyanın o başından gəlib Bakıda bir soydaşımıza fırıldaq gəldiyini biləsən.

A kişi, biz özümüzü Almaniyada qəsdən itə qapdırıb sahibindən təzminat alan, Çində 47 çinliyə yarım milyon atıb Hindistana qaçan, Rusiyada A.-dan Z-yə yüz bir fırıldaq iş görən, oxumuş adamlara cənnətdə yer bron edərək, külli miqdarda pul alan kələkbazlar yetişdirmiş camaatıq, heç rəvadırmı ki, Afrikanın kamerunlusu gəlib bizim soydaşımıza kimyagər İbrahimxəlilin fırıldağını gəlsin.

Düzdür, işin üstü açılıb, fırıldaqçı kamerunlunu tutublar, amma gecdir, bu hadisə bizdən ötrü, millətin adına yekə bir minusdur.

Heç o vaxt Amerikada dörd milyarderi, türkün sözü, qazıqlamış çexiyalı çek alverçisi Kojeni gəlib burda bir sent pul qazana bilmədi, indi necə oldu ki, kamerunlu kələkbaz gəlib rusca bilən bakılını aldada bilir. Heç zad. Hayıf.

Əhvalat belə olub: Vambo Aurelie adlı dələduz Bakı şəhər sakini Məmməd Məmmədovu aldadıb ki, o, kimyəvi üsullarla həmin məbləği iki qatına çevirərək ona qaytaracaq. Məmməd inanıb. Ona görə ki, Aurelie fırıldaqçıların məşhur üsulundan istifadə edib, etibar qazanmaq üçün doğrudan da Məmməddən aldığı 100 dolları ertəsi gün 200 “edərək” ona qaytarıb.

Vəssalam. Həmvətənimiz düşünüb ki, kasıbçılıq bitdi, bu afrikalı qardaş onu tezliklə milyonçuya çevirəcək. Növbəti dəfə Məmməd gətirib Vamboya 2400 dollar verib. Ancaq Aurelie bu dəfə 2400 dolları 4800 edərək ona qaytarmayıb.

Məmmədin ağlına gəlməyib ki, əslində Vambo o gün ona verdiyi ikinci 100 dolları sırf özü üçün 2400 dollara çevirib. İttiham aktında göstərilir ki, hələ sonradan Vamboya və onun başqa bir dollarçevirmə işinə baxan dostuna 20 min dollar veriblər. 40 min dollar alacaqlarmış.

Nəysə, indi Aurelieni tutublar, o da deyir ki, məndə pul nə gəzir, pulu Luma Kables adlı bir eloğlum götürüb gedib Kameruna.

Vəziyyət belədir: kamerunlu fırıldaqçıya 5-6 il iş verəcəklər, o da 3-4 il yatacaq, sonra bir gün 31 dekabrda, ya da Novruz bayramı ərəfəsində əfv olunacaq, çıxıb gedəcək öz ölkəsinə. Amma Məmmədgilin 24 min 400 dolları necə olacaq, onu kim qaytaracaq, bəlli deyil.

Heç demə, dünyada bu kimi işləri bacaran başqa qövmlər də varmış.

O vaxt mundialda Kamerun millisinə azarkeşlik etməyimiz yadıma düşür. Roje Milla belə gəldi, Tatav ordan getdi, İmam Byuk belə oynadı... Hətta yeniyetmə uşaqların bir-birinə Tatav dediyi də yadımdadır. Düzdür, bu sözü ən çox qara və həbəşdodaq birinə, həm də ələ salmaq üçün deyirdilər, amma indi məlum olur ki, afrikalı Tatavın soydaşı gəlib Bakıda bizim avropalı Məmmədin başına belə bir oyun açıb.

İndi güman ki, bizimkilərin pulunu çırpışdırıb aradan çıxan Luma Yaundedə, ya da Dualada kafe açıb, müştərilərinə azərbaycanlıların necə avam olduqlarından danışır, bəzi xəyalpərəst gənclər də fikirləşirlər ki, təyyarə pulu düzəltsəydilər, Bakuya uçub 20-30 min dollar qabağa düşərdilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR