İnsanlara hürriyət, millətlərə istiqlal!

Millətini qəhrəmana çevirən Milli Qəhrəmana təbrik əvəzi... Rauf Arifoğlunun yazısı

2423 24.12.2023 11:47 Yazarlar A A

Azərbaycana Zəfər qazandıran, 200 illik nəhs döngünü durduran, 100 illik erməni problemini, 30 illik işğalı həll edən; Füzulini, Qubadlını, Cəbrayılı, Zəngilanı, Hadrutu, Şuşanı, Ağdamı, Laçını, Kəlbəcəri, ən son olaraq, Xankəndini, Xocalını, Ağdərəni, Əskəranı - Qarabağı qurtaran, düşmən ordularını darmadağın edən, "xaçlı klub"un mənfur planlarını sıfırlayan liderin doğum günüdür! Qutlu olsun!

Bütün bu sadalanan uğurların hər biri millətimiz və dövlətimiz, eləcə də bütövlükdə türk-islam platforması üçün simvol anlamında, tarixilik mahiyyətindədir. O, hər bir müsəlmanın, hər bir türkün indiki qüruru, gələcək nəsillərin maraqları üçün nəhəng işlər gördü və görməkdədir.

Türk Dövlətləri Təşkilatının qurulması, Azərbaycanın Türk Dünyasının, İslam arealının parlayan və sevilən ulduzuna çevrilməsi onun strategiyası və konkret fəaliyyətinin nəticəsidir. İlham Əliyev Azərbaycanla bərabər, Türkiyəmizi, Türk Dövlətlərini, onların liderlərinin baxış açılarını da dəyişdirdi; türk qövmlərinin tarix boyu ən mehriban, ən koordinasiyalı və ən iddialı bir dövrə qədəm qoymasını təmin etmiş oldu.

Onun adı dünya Türklərinin nəhəng lider və ideoloqlarının isimləri ilə bir sırada dayanır; gördüyü işlərə görə gələcəkdə daha da önəm daşıyacaq. Türk dünyasının hər yerindən olan 10 milyonlarla ülküçü, milliyyətçi onu indidən özlərinə yeni Başbuğ, mənəvi-siyasi lider hesab edirlər. Və bunda haqlıdırlar...

İlham Əliyev Güney Qafqazın ən uzunömürlü separatizm ocağını söndürməklə, bölgəmizə və separatizmdən əziyyət çəkən Avropa dövlətlərinə böyük xidmət göstərmiş oldu. Artıq separatizmə qarşı mübarizənin yeni bir modeli - "İlham Əliyev modeli" mövcuddur və hazırda bu illətdən əziyyət çəkən bütün hövzələr həmin model haqqında danışır, onu öyrənir və bir an öncə tətbiq etməyə hazır olduğunu bildirir (Gürcüstan, Ukrayna, Moldova, Serbiya və s).

...Onun cəm halda etdiklərinin yalnız birini kim etsəydi, millətimizin və dövlətimizin "Şərəf lövhəsi"ndə öz yerini daim alacaqdı.
O isə bütün bunların cəmini etdi; üstəlik, heç bir halda "bunları mən etdim", demədən; müəllifliyi xalqına, onun içərisindən çıxan və İlham Əliyevin əmri ilə Zəfər savaşına qalxan qurtuluş Ordumuza bağışlamaqla...

O bu millətin gerçək Milli Qəhrəmanı olduğu halda, öz millətini qəhrəmana çevirməyi də bacardı. Bu nailiyyət İlham Əliyevin uğurlar silsiləsində ciddi yer tutur.

Məsələnin ən manidar tərəfi budur ki, İlham Əliyev bunca uğurlara, tarixi zəfərlərə sadəcə ardıcıl ...proses (sürəc) kimi baxır və davranışları ilə hələ də bu proseslərin ...davam edəcəyi mesajlarını verir.

Onun hər çıxışı yaxın və uzaq gələcək üçün indiki və gələcək nəsillərə bir ismarıcdır, onları fəaliyyətə və mübarizəyə hazırlamaqdır: "Durmaq yox, yola davam!" Xankəndidəki o son nitqi də daxil, onun çıxışlarında YEKUN xarakteri yoxdur.

O, dünyadakı bütün Azərbaycanlıların, 50 milyonluq böyük və uca millətin Prezidentidir. O, Xudafərin simvolunu, ayrılığın Araz sərhədini soydaşlarına ümid və hədəf olaraq təqdim edən və bu yoldakı bütün idealistləri özünə heyran qoyan böyük missiya sahibidir. Təmsil etdiyi xalqın birləşmə haqqı üçün əlindən gələni etdiyini və edəcəyini bilirik, təqdir edirik.

Etdikləri üçün təşəkkürlər, edəcəkləri üçün uğurlar!

Bu Adam son 200 ildə başımıza gələn ən yaxşı hadisədir!

Doğum gününüz qutlu olsun, cənab Ali Baş Komandan, cənab Prezident!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR