İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət vəkili olmaq istəyən Azərbaycan əsilli Aktuzdan ŞOK AÇIQLAMALAR: “Cinsi azlıq dərnəkləri bağlanacaq, homoseksuallıq...”

3327 19.04.2023 13:59 Müsahibə A A

Türkiyədə keçiriləcək seçkilərə 1 aydan da az müddət qalıb. Türkiyənin millət vəkili olmaq istəyənlərdən biri də “Yenidən Refah” Partiyasından millət vəkilliyinə namizədliyi irəli sürülmüş Azərbaycan əsilli Vəfa Aktuzdur. O, hazırda hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) ilə eyni birlikdə - “Cümhur İttifaqı”nda yer alan partiyadan millət vəkilliyinə namizəddir. Aktuz partiyanın xarici əlaqələr şöbəsində sədr müavinidir. Vəfa xanım ixtisasca pedaqoqdur.

Musavat.com Vəfa Aktuzla müsahibəni təqdim edir:

- Vəfa Aktuz kimdir?

- Mən 1985-ci ildə Gəncədə anadan olmuşam. Sonradan ailəmlə Rusiyaya köçmüşük. Moskvada, 3 yaşımda avtomobil qəzasında iki ayağımı itirmişəm. Həmin qəza uşaqlıq, gənclik xəyallarımı da məndən aldı. Lakin uşaqlıqdan özümə inamımı itirməmişəm, arzularım həmişə zirvədə olub. Həmin inam sayəsində yeriyə bildim. Təhsilimin bir hissəsini Rusiyada aldım, qalan hissəsini isə Azərbaycanda başa vurdum. 2008-ci ildə Azərbaycanda kimsəsiz uşaqlara və qadınlara yardım dərnəyini yaratdım. Qadın təcridxanasına, yetkinlik yaşına çatmayanlar üçün təcridxanaya, əlillərin reabilitasiya mərkəzinə mənəvi-sosial yardım göstərmişəm, bəzi yerlərdə bu yardım indi də davam edir. Türkiyə vətəndaşı ilə ailəliyəm. Burada eyni ideologiya əsasında “Dörd Element” dərnəyini qurmuşam.

- Siyasi fəaliyyətiniz nə zaman və necə başlayıb? “Yenidən Refah” Partiyasına gəlişiniz necə olub?

- Türkiyədə yaşamağa başlamazdan əvvəl siyasətlə maraqlanırdım. Qardaş ölkə Türkiyədə məskunlaşdıqdan sonra siyasətdə fəal iştirak etmək qərarına gəldim. Bu məqsədlə 2018-ci ildə Ədalət və İnkişaf Partiyasından (AK Partiya) millət vəkili namizədliyi üçün müraciət etdim. Bəzi ictimai işlər və gördüyüm fəaliyyətlər sayəsində “Yenidən Refah” Partiyasının yüksək səviyyəli nümayəndələri ilə tanış oldum. Onlardan bəziləri mənim Partiyaya üzvlüyümü təklif etdilər. Mən mərhum professor Necmettin Erbakanı yaxından tanıyırdım. Mən onun siyasi baxışlarını bəyənirdim. Erbakanın oğlu Fatih Erbakanın da eyni siyasi xəttdə olduğunu görəndə “Yenidən Refah” Partiyasında siyasətlə məşğul olmaq qərarına gəldim.  

bbf61f18-562b-30d1-b68a-5f3b88a89e84_850.jpg (86 KB)

- “Yenidən Refah”ı necə təqdim edərdiniz?

- Partiyanın qurucusu Fatih Erbakandır. “Yenidən Refah” Partiyası Milli Baxış hərəkatının fəaliyyətindən bu yana saxlanılan faiz dərəcəsinə sərt etirazını davam etdirir. Fatih Erbakan faizi haqsız qazanc və zülm hesab edərək, bunun İslamda haram olduğunu bildirib. O, hakimiyyətə gələndə faizləri tamamilə ləğv etmək fikrindədir. “Yenidən Refah” dünya müsəlmanlarının birliyini dəstəkləyir və Türkiyənin liderliyində İslam birliyinin olmasının tərəfdarıdır. Partiya ümmətçi fikirlərə sahibdir. Bununla belə, dini və sosial mühafizəkar bir mövqeyə malikdir. İctimai əxlaqın, əxlaqi-mənəvi dəyərlərin qorunub saxlanmasının tərəfdarıdır. Homoseksuallığın yayılmasına və təbliğinə qarşı olan Fatih Erbakan hakimiyyətə gəldikdən sonra bütün cinsi azlıq dərnəklərinin bağlanacağını bildirib. Milli Baxış Necmettin Erbakan tərəfindən qurulan, 1969-cu ildə “Müstəqillər Hərəkatı” ilə başlayan və ilk olaraq Milli Nizam Partiyası ilə partiyaya çevrilərək günümüzə qədər gəlib çatan milli mühafizəkar ideologiya və siyasi hərəkatdır. “Yenidən Refah” Partiyası rəsmi olaraq Milli Baxış ideologiyasını qəbul edir. Milli Baxış Türkiyənin öz insani və iqtisadi gücü ilə inkişaf edə biləcəyini, əsas dəyərlərini qoruyub, tarixinin gücünü arxasına alaraq daha sürətli addımlarla irəliləyəcəyini müdafiə edir. Onun partiyaları 1974-1978-ci illərdə 4 dəfə ikinci dərəcəli tərəfdaş kimi, 1996-1997-ci illərdə isə beşinci dəfə əsas tərəfdaş kimi hökumətdə iştirak edib. Onun hakimiyyəti dövründə Ağır Sənaye Hərəkəti və D8 qrupunun yaradılması kimi layihələrə imza atıldı. Milli Baxış hərəkatı dünyadakı ərəb və türk dövlətlərini birləşdirərək İslam İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Hərbi Birliyi Təşkilatları ilə ədalətli bir dünya qurmaq məqsədi daşıyır. Bağlanan Milli Nizam Partiyası Milli Qurtuluş Partiyası, Rifah Partiyası və Fəzilət Partiyasından sonra yaradılan “Yenidən Refah” Partiyası ilə siyasətə davam edir. Milli Baxış hərəkatından ayrılaraq qurulan partiyalar isə Ədalət və İnkişaf Partiyası şəklindədir. Ədalət və İnkişaf Partiyasını quran Bülənt Arınç, Abdullah Gül, Rəcəb Tayyib Ərdoğan kimi adlar siyasətə Milli Baxışla başlayıb. Bugünkü İHA və SİHA-lar, “Bayraktar” şirkətinin ərsəyə gətirdiyi milli silah sənayesi, Türkiyənin ilk yerli elektromobili olan “Togg” Necmettin Erbakanın ən böyük sıçrayış hədəflərinin başında idi.

f5d7d37e-8c1a-3ba5-9a3c-9ea0f8c37d2f_850.jpg (104 KB)

Dövlətimizin qabaqcıl milli texnologiyanı mənimsəməsi partiyamızın dəstəklədiyi ən böyük və əvəzolunmaz xüsusiyyətdir. İHA, SİHA, milli müdafiə texnologiyası, təyyarə gəmisi, milli helikopter, milli kosmos texnologiyaları ilə bağlı layihələr dövlətimizin maraqlarına uyğundur və onlara dəstək olmaq bizim ən böyük məqsədimizdir. Biz Qarabağ zəfərində də gördük ki, milli müdafiə sənayesi və texnologiyaları sahəsində görülən işlər həyati əhəmiyyət kəsb edir.

- Niyə “Yenidən Refah” Partiyasını seçmisiniz?

- “Yenidən Refah” Partiyasını seçməyimin bir çox səbəbi var. Birincisi, dünya lideri olan Rəcəb Tayyib Ərdoğan partiyamızın qurucusu və ruhani lideri mərhum müəllimimiz Necmettin Erbakanın tələbəsidir. İkincisi, Türkiyənin son 20 ildə əldə etdiyi nailiyyətlərin 80-90 faizi rəhmətlik Erbakan müəllimimizin plan və layihələridir. Bugünkü Türkiyə dövləti Necmettin Erbakanın əsasını qoyduğu Milli Baxış xətləri ilə sürətlə inkişaf edir. Üçüncüsü, doğma vətənim Azərbaycanla Türkiyənin münasibətləridir. “Yenidən Refah” Partiyası olaraq bu əlaqələri tam dəstəkləyirik və bundan qürur duyuruq. Partiyamız AKP hökumətinin Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” xətti ilə Azərbaycanla qardaşlıq münasibətləri qurmasını dəstəkləyir və hər zaman dəstəkləyəcək. Bütün bunlar mənə “Yenidən Refah” Partiyasını seçməyim üçün kifayət etdi.

- Niyə millət vəkili olmaq istəyirsiniz?

- Mən Azərbaycan-Türkiyə qardaşlığını daha da gücləndirmək, Milli Baxış hərəkatının iki qardaş ölkə xalqının həyatında reallaşdırılmasını təmin etmək istəyirəm. Qarabağ müharibəsi ilə artan qardaşlıq münasibətlərimizin daha da inkişaf etməsini təmin etmək istəyirəm. Vətən müharibəsi zamanı şəhid olmuş igidlərimizin ailələrinə, qazilərimizə təhsil, sosial sahədə, mədəniyyət sahəsində hər cür dəstək olmaq üçün millət vəkili olmaq istərdim. İki qardaş ölkə arasında hərbi, iqtisadi və siyasi fəaliyyəti artırmaq istəyirəm. Mən Türk dünyasının ortaq iqtisadi, siyasi, hərbi və ticarət birliyini təmin etmək istəyirəm. Türk dünyası üçün D8 komitəsi kimi bir qurumun yaradılmasını təmin etmək istəyirəm.

- Millət vəkili seçilsəniz, hansı yenilikləri edəcəksiniz?

Seçkilərdə qalib gəldiyimiz zaman milli pilotsuz təyyarəmiz olan “Kızılelma”nı və ümumilikdə milli müdafiə sənayemizi daha yüksək səviyyəyə qaldıracağıq.

b53f1488-ec65-3175-918c-e08861fe97bf_850.jpg (127 KB)

İHA, SİHA, “Kızılelma”, “TCG Anadolu”, TB2, TB3, milli tank, milli helikopter kimi müdafiə sənayesi məhsullarının təkcə Türkiyədə deyil, Azərbaycanda da istehsalı və inkişafı üçün hər cür səy və dəstəyimizi mütləq verəcəyik. Dolayısı ilə, “Yenidən Refah” Partiyası prezident Rəcəb Tayyib Ərdoğanın adını çəkdiyim sahələrdə göstərdiyi bütün səyləri yüksək qiymətləndirir və onun yenidən dövlətimizin başçısı seçilməsinə hər cür dəstəyi verəcək.

Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri üçün bütün siyasi partiyalar öz məqsədlərini və xidmət anlayışlarını ictimaiyyətə izah etməyə çalışır. Təbliğat işləri fevralın 6-da baş vermiş zəlzələləri nəzərə almaqla aparılır. İşlər vətəndaşlarla birbaşa görüşlər, seminarlar şəklində davam etdirilir.

Aytən Novruz
Musavat.com   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR