İnsanlara hürriyət, millətlərə istiqlal!

“Meymun dediyi bəs deyil, hələ…”

1708 26.02.2024 14:45 Yazarlar A A

Ötən həftə ABŞ prezidenti Cozef Bayden seçiciləri ilə qapalı görüşdə Putini təhqir etmişdi, onun ünvanına ağır söz demişdi. Düzdür, nə amerikalı reportyorlar, nə də rusiyalı jurnalistlər çox açıb-bükmədilər ki, Baydenin həqarəti konkret nədir. (Yalnız bir-iki saytda Baydenin təhqiri açıq yazılmışdı, amma burada yazılası deyil).

Burada əsas qınamalı tərəf amerikalı reportyorlardır. Əgər toplantı qapalıdırsa, niyə bayıra xəbər sızdırırlar? Yox, xəbəri yaymaq çox vacibdirsə, heç olmasa, söyüşü yumşaldıb verməliydilər. Putinin, Peskovun və Medvedyevin cavablarından bəlli olur ki, onlar Baydenin ağır sözünün nədən ibarət olduğunu bilirlər və bərk inciyiblər. Odur ki, özləri də çox ağır danşdılar, dünya hegemonu olan dövlətin rəhbərinə “gicbəsər” (bu sözün leksikonumuzda daha bir ifadəli sinonimi var) dedilər, amma o incimədi.

Hələ yaxşı ki, məsələ söyüşmə ilə bitdi, vallahi, ola bilərdi ki, Putin o söyüşü eşidən kimi köməkçisinə deyərdi: “A nu-ka, day syuda yadernıy çemodan” (yəni “o nüvə çamadanını mənə gətir, görüm”). Heç nə, bəşər əhli bir söyüşə qurban gedərdi.

Ona görə də Baydenin ağlı gərək Trampa getməsin. Onlar Trampla tez-tez söyüşürlər və çox da ürəklərinə salmırlar. İki ağsaqqalın biri o birinə “kəmağıl”, o biri də buna “zırrama” deyir. Beləcə, rəqabət aparırlar. Seçki yarışıdır. Belə şeylər normaldır. Hələ noyabra qədər çox söz deyəcəklər. Hərçənd o gün Donald Tramp deyib ki, bəlkə də Bayden heç noyabra qədər qalmayacaq.

Ümumiyyətlə, ötən həftə hərarətli və həqarətli həftə oldu. Avropa İttifaqının xarici diplomatik xidmətinin nümayəndəsi Piter Stano da Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin psixi xəstə olmasına eyham vurdu və ona psixiatrla məsləhətləşməyi tövsiyə etdi. (Bu, əslində pis tövsiyə deyil, Dmitri son vaxtlar çox gərgindir, özünü həkimi göstərsə, pis olmaz).

Beləcə, adam baxır, baxır, mat qalır, hətta əndişə duyur, düşünür ki, görün, dünyanı kimlər idarə edir - biri gicbəsər, biri manyak, o biri ağıldankəm, başqa biri zırrama. Hər halda onlar bir-birinə belə deyirlər. Belə götürəndə hamısı haqlıdır.

Bu gün də “Roskosmos”un keçmiş rəhbəri, Kremlin “qırğı-çalağan”larından biri, vikipediyasında “Zaporojye bölgəsindən olan senator” yazılan Dmitri Roqozin Baydeni, Pentaqonun şefi Ostini və Almaniyanın federal kansleri Olaf Şoltsu meymun adlandırıb.

Əvvəlcə o, təkcə qaradərili müdafiə naziri Lloyd Ostini meymuna bənzədibmiş, öz ölkəsinin müxalifəti tərəfindən bir az tənqid olunub deyə, lap qızışıb, götürüb adları çəkilənlərin üçünü də qatıb bir-birinə deyib, üçü də meymundur, özü də çirklisindən.

Yəni meymun dediyi bəs deyil, hələ onun gigiyenasının ürəkaçan olmadığına da eyham edir. Ayrıca, dünyada tanınan insanları meymuna bənzətmək həm ağır təhqirdir, həm də irqçilikdir. İrqçilik isə təqib olunan qəbahətlərdəndir.

Müharibənin belə işləri var. Adamlar əsəblərini cilovlaya bilmir, düşmənlərinin ünvanına ağır sözlər, təhqirlər səsləndirirlər.

Bu, çox qorxulu tendensiyadır, xatalı işdir, sonrası pis ola bilər. Məsələn, o vaxt İranda Kirman camaatı qala divarlarının dalında gizlənərək şah Qacara ağır sözlər (“axta xan”-filan) deyirmişlər, sonra şah qalanı ələ keçirir və biabırçılıq olur.

Gedişat göstərir ki, lap yaxın vaxtlarda tərəflər bir-birinə gey-zad da deyəcəklər. Düzdür, ruslar o sözə çox nervilənir, “var-yox” söyüşü kimi qəbul edirlər, amma bu, Avropada artıq təhqir sayılmır, gülüb keçirlər.

Məsələn, Fransanın prezidenti Makron bir sürü, sözün müsbət mənasında, cinsi azlığı yığıb başına, heç bir xəcalət hissi keçirmədən ölkə idarə edir. Heç kəs də ona irad tutmur.

P.S. Əslində Roqozin də, Medvedyev də hərək öz soyadlarına baxaraq, heç kəsə söyüş söyməsinlər, soyadları söyüş daşıyıcısıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR