İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mənim havamı çal, “Heyvagülü”...” – 75 yaşın gecikən müdrikliyi, Kamala Kamilov nəsihəti

2215 08.05.2023 22:32 Yazarlar A A

Böyük Sabirin təbirincə desək, qardaş Türkiyədə “yağın yağ üstə çıxması, ayranın ayranlıq olması”na bir şey qalmadı. Zaman “nehrə” kimi daha bir neçə gün “bulandıqdan” sonra nəticəni, nəhayət, hamı görəcək. Uzağı, daha iki həftə səbir edib gözləməli olacağıq.

Amma “Bay Kamal” və komandası hələ iqtidar olmayıb, artıq verdikləri “vədlərin” və açıqlamaların altını ölkənin sadə vətəndaşları çəkməyə başlayıb. Məsələn, turizm sektorunda çalışanlar.

Belə ki, xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, müxalifətin hakimiyyətə gələn kimi ölkəni Rusiyaya qarşı sanksiyalara qoşacağı, “Türkiyənin NATO üzvü olduğunu Moskvaya xatırladacağı” haqda bəyanatları rus turistləri qorxudub (Xarici turistlər arasında ruslar ənənəvi olaraq çoxluq təşkil edir).

“Bu, tərəddüd artıq özünü göstərməkdədir. Daha əvvəl ölkədə dincələnlərin indi 50% -dən də az hissəsi gəlib. Həmin açıqlamalardan sonra rusiyalı turistlər nəzərlərini başqa ölkələrə çevirməyə başlayıblar. Ümid edirəm ki, onları geri qaytara biləcəyik”, - Çavuşoğlu narahatlığını izhar edib.

Haqlı əndişədir təbii ki. Çünki qardaş məmləkət hər il xarici turizmdən on milyardlarla dollar qazanc götürür. Bu, xidmət sektorunda milyonlarla iş yeri, yüz minlərlə ailənin dolanışıq mənbəyi, mili valyutanın – lirənin əlavə sabitliyi deməkdir və s. Fəqət, müxalifət “qaş düzəltmək əvəzinə, göz çıxarmaq”la məşğuldur...

Müxalif düşərgənin əsas namizədi, CHP başqanı Kamal Kılıçdaroğlunun 75 yaşına sayılı aylar qalıb. Bu yaşda normal, adekvat insanın yanlışlar eləməsi, ehtiyatsız ifadə işlətməsi böyük qəbahət sayılır və bir qayda olaraq həmin şəxsə bağışlamır. O ki ola ölkənin və millətin taleyinə görə ağır məsuliyyət yükünü öz üzərinə götürmək istəyən siyasətçiyə.

Yoxsa adama deyərlər, a kişi, bəs bu qədər ömrü niyə yaşadın, əgər kömürün qara rəngdə olduğuna hələ də şəkk edirsənsə? Harda qaldı sənin müdrikliyin, həyat təcrübən, uzaqgörənliyin? Belə bir deyimi heçmi eşitmədin: “Ağıllı insan düşdüyü qəliz vəziyyətlərdən məharətlə çıxır, müdrik isə həmin vəziyyətlərə ümumiyyətlə düşmür”.

Müdrikliyi qoyaq kənara. Bəs məntiqə, ağla, kamala nə sözün, Kamal bəy? Ölkəni parçalamağı hədəfləmiş terrorçu yığnağı ilə hakimiyyət naminə nə iş birliyi, nə müttəfiqlik? Ailə institutunun darmadağın edilməsinə xidmət edən homoseksualizmi sən və komandan necə dəstəkləyə bilər kreslo xətrinə?

Yaxud, gerçəkdən Türk soyundansa, bu yaşa qədər doğrudanmı Türkün düşmənlərini tanıya bilmədin? O nə xəritə idi çıxarıb da özünü, partiyanı biabır və ifşa elədin, təmsil elədiyin qurumun olan-qalan nüfuzunu sarsıtdın?! Bu nə zehniyyət?..

“Qanun naminə” (“Mehman”) filmində “Mənin havamı çal, “Heyvagülü”!..” ifadəsi ilə yaddaşlarda qalan rayon rəhbəri Kamilov ölüm ayağında belə söz deyir: “Mənə bir ömür də versəydilər, bilərdim necə yaşayardım...”

İkinci ömür isə verilmir. Heç kəsə. Odur ki, məsləhətdir barı Kamilovun etirafına “qulaq” verəsən, Kamal bəy. Ki, peşmançılıq olmasın. Hələ gec deyil.

Kamilov aqibətini kimsəyə arzulamazdıq. Onun üçün də gərək haqqın ipini itirməyəcən, itirdinsə vaxtında tapasan. Türkiyə sizin havanıza onsuz da oynamayacaq. İndi XX əsr deyil.

Bu sizin böyük siyasətdə yəqin ki, axırıncı şansınızdır. Elə isə son akkordu ləyaqətli edin – yaşınıza, başınıza, mənsub olduğunuz böyük millətə, topluma layiq. Qardaş ölkə və Azərbaycan əleyhinə böyük və çirkin oyunda rol almayın, Türk dünyası, Turan üçün hörülən torbada ilmə-sap olmayın. Ki, iş-işdən keçəndən sonra deyəsiniz: “Mənə bir ömür də versəydilər...”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR