İnsanlara hürriyət, millətlərə istiqlal!

Məktəblərdə davamiyyət aşağı düşdü, viruslar daha geniş arealı əhatə edir - SOS

762 24.01.2024 18:08 Səhiyyə A A

Professor: “Məktəblilər 12-14 dəfə virus infeksiyasına tutula bilər, ona görə də...”

Son günlər müxtəlif virus infeksiyaları səbəbindən məktəblərdə şagirdlərin davamiyyəti aşağı düşüb.

Musavat.com xəbər verir ki, valideynlər övladlarının ayda bir neçə dəfə virusa yoluxmasından şikayət edirlər.

O səbəbdən də övladlarını məktəbə göndərməkdən ehtiyat etdiklərini bildirirlər. Digər tərəfdən, hepatit A virusunun yayılması da əhali arasında təşviş yaradıb.

Virusa yoluxmamaq üçün nələr edilməlidir? Məktəbə, bağçaya, işə getməmək çıxış yoludurmu?

QENİ.jpg (34 KB)

Tibb elmləri doktoru, professor Musa Qəniyev Musavat.com-a açıqlamasında deyib ki, virus infeksiyasına yoluxmada kəskin artım müşahidə olunur:

“Bəzi əcnəbi mütəxəssislər bu infeksiyanın “Tridemiya” etiologiyalı olduğunu iddia edir. Yəni yoluxmaya səbəb insanın eyni zamanda üç fərqli virusun - COVID-19, qrip və KRVİ-nin birgə hücumuna məruz qalmasıdır. Əslində, bu, tamamilə yanlış fikir və səhv yanaşmadır. Çünki viruslar obliqat parazitdir. “Sahibin hüceyrəsindən kənar” virusda canlılıq əlaməti yoxdur və özünü biopolimer kimi aparır. Yalnız düşdüyü canlı hüceyrənin daxilində artıb çoxala bilir. Bu səbəbdən də patogen viruslara kəskin antaqonistlik xasdır. Yəni virus yoluxdurub, sahibləndiyi hüceyrəyə digər patogen virusu heç bir halda buraxmır. Odur ki, konkret şəraitdə yoluxmanı yalnız ən aktiv və ən güclü virus ştamı törədir. Bu səbəbdən hazırkı infeksiya “Tridemiya” etiologiyalı ola bilməz. Bu, aksiomadır. Digər tərəfdən, tibdə rəsmən qəbul olunmuş “Tridemiya” termini ümumiyyətlə yoxdur və bu ifadə unudulmalıdır. Yoluxmada kəskin artım bütün yaş qruplarında müşahidə olunsa da, söylənilənlərə görə, kütləvilik daha çox məktəbəqədər yaş qrupundan olan uşaqlar arasındadır. Bu yaş qrupunda xəstəliyə səbəb kəskin respirator virus infeksiyasıdır (adenovirus daxil, 200-dən artıq virusu əhatə edir). Hazırda dominant adenovirusdır”.

Professor yoluxmanın məktəbəqədər yaş qrupunda yüksək olmasının bir neçə səbəbi haqqında danışıb:

“Anadan olduqdan sonra, ilk 6 ayda uşaqlar passiv (anadan alınmış) immunitetə sahib olduğundan adenovirus infeksiyasına yoluxmur. Anadangəlmə immunitet itəndən sonra, uşaqlar 7 yaşa kimi adenovirusun demək olar ki, bütün aktiv serotiplərinə dövrü olaraq yoluxaraq immunitet qazanır. Odur ki, məktəbəqədərki yaş qrupunda olan uşaqlar ildə 3-4 dəfə, bağça və ya hazırlığa gedirsə, 12-14 dəfə virus infeksiyasına tutula bilər. Yəni bu yaş qrupundan olan uşaqlar arasında virus infeksiyasının daha çox yayılması tamamilə qanunauyğundur. Yoluxmaya səbəb olan adenovirusun tipinə gəlincə, bu virusun insanda xəstəlik törədə bilən 7 tipi və 88 serotipi var. Klinik əlamətlərin izlənməsi infeksiyanın daha çox hallarda mədə-bağırsaq pozğunluğu ilə müşahidə olunduğu, bəzən sarılıq (hepatit) kimi nozoloji vahiq olaraq fərqli yanaşma tələb etdiyini də sübut edir. Elə buna görədir ki, son vaxtlar sarılıq xəstəliyinin kəskin artması ilə bağlı valideynlər arasında xüsusi narahatlıq və qorxu yaşanır.

VİRUS.jpg (70 KB)

Yüngül hepatit əlamətləri uşaqlarda müxtəlif virus infeksiyalarından sonra geniş yayılmış adi bir haldır və qorxulu deyil. Qarında ağrı, qusma, diareya kimi əlamətlər, o cümlədən nadir hallarda da olsa, hətta kəskin hepatit törətmə, yalnız Ad 41 adenovirus serotipinə xasdır. Odur ki, hazırda adenoviruslar ailəsinin Ad 41 serotipin fəallığının yüksək olduğu öz təsdiqini tapır. Müşahidə olunan sarılıq adenovirus mənşəlidir. Ən effektiv vasitə gigiyenik şərtlər daxilində uşaqların qorunmasıdır.

Bir faktı xüsusilə vurğulamaq istəyirəm ki, məlum yaş qrupunda olan uşaqlar kök, portağal, xurma və sair kimi karotin tərkibli meyvələri çox yedikdə onların dərisi sarı-çəhrayı rəng ala bilər. Çox vaxt bunu əsl sarılıqla qarışdırırlar. Buna “karotin sarılığı” deyilir. Həmin meyvələrin qəbulu azaldılan kimi aradan qalxacaq. Həkimə müraciət olunmamalı, uşaq xəstəxanaya aparılmamalı və heç bir müalicə təyin olunmamalıdır.

Gənc anaların bilməsi lazımdır ki, yeni doğulmuş uşaqların 50%-də, vaxtından əvvəl doğulmuş uşaqların 80%-də doğuşdan 2-3 gün sonra sarılıq əlaməti meydana çıxa bilər. Bu, fizioloji sarılıq adlanır. Xəstəlik deyil, adaptasiya müddətində olan vəziyyətdir, yəni müalicə tələb etmir, normal bir haldır və öz-özünə keçib gedəcək.

FESLİ.jpg (55 KB)

Fəsli infeksiyaların kütləvi yayılma tarixi sivil insan cəmiyyətinin yaranma tarixi qədərdir. Yəni qrip, qızılca və sair kimi infeksiyalar həmişə olub və olacaq. Buna görə qorxmaq lazım deyil. Sadəcə uşaqlar arasında “peyvənd təqviminə” uyğun, ardıcıl olaraq peyvəndləmə aparılmalıdır.

Hazırda körpə balaların həyatı üçün xüsusi narahatlıq doğuran heç bir təhlükə yoxdur. Yetkin yaşlılar arasında yoluxmanın səbəbi isə KRVİ ilə yanaşı, fəsli infeksiyaya çevrilmiş COVID-19-un BA.2.86 subtipindən əmələ gəlmiş, mutant və Qripin А(H3N2) ştamı serotipidir. İstər COVID, istərsə də qripin törədicisinin nuklein ardıcıllığında bazal genom dəyişikliyi olmadığından bunlar qorxulu heç bir şey vəd etmir. Odur ki, xəstəlik qayğısından azad olub gündəlik normal həyatınızı yaşayın”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR