İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə tanınmış vəkil barəsində QƏRAR VERDİ

4393 09.04.2024 13:54 Kriminal A A

Xətai Rayon Məhkəməsi tanınmış vəkil Əkrəm Həsənovun barəsində bəraətverici əsaslarla qərar çıxarıb.

Tanınmış vəkil Əkrəm Həsənovu xüsusi ittiham qaydasında məhkəməyə verən məşhur həkim Öndər Tulumbacının xüsusi ittihamı təmin olunmayıb. Xüsusi ittihamçı Öndər Tulumbacı Əkrəm Həsənovun Cinayət Məcəlləsinin 147-ci – böhtan maddəsi ilə cəzalandırılmasını tələb edirdi. Tulumbacı Əkrəm Həsənovun Azərbaycanda süni mayalanma zamanı kişilərin aldadılması haqda fikirlərini böhtan hesab edirdi.

Musavat.com xəbər verir ki, vəkil həkimlərin qadınlarla əlbir olaraq cinayətə bərabər əmələ yol verdiklərini, nəticədə “bicbala”ların dünyaya gəldiyi haqda fikirlərini yazmışdı.

Məhkəmə iddiasına gəlincə, Əkrəm Həsənov demişdi ki, “bicbalalığın leqallaşdırılması” yazısındakı fikirlərinə görə orada adı çəkilən həkim Öndər Tulumbacı onu böhtan atmaqda ittiham edib.

ONDER.jpg (52 KB)

Öndər Tulumbacı

Əkrəm Həsənov bildirib ki, Xətai Rayon Məhkəməsi araşdırmalarla xüsusi ittihamın əsassız olduğunu ortaya qoyub.

“Öndər Tulumbacının şikayətində birbaşa böhtan vardı. Yazırdı ki, onu dələduz adlandırmışam, guya demişəm ki, o, Ali Məhkəmənin qərarını rüşvətlə əldə edib. Halbuki, mənim sosial şəbəkədəki hesabımda belə bir şey yoxdur. Öndər Tulumbacı məlum xüsusi ittihamında mənə böhtan atmışdı”.

Xatırladaq ki, iş üzrə Xətai Rayon Məhkəməsində (hakim Sülhanə Hacıyeva) 23 fevralda ilk hazırlıq iclası olub. Öndər Tulumbacının iclasa qatılmaması səbəbindən 1 marta qədər təxirə salınmışdı. Həmin tarixdə olan iclasa da Öndər Tulumbacı gəlməmişdi. O, məhkəməyə xüsusi ittiham qaydasında təqdim etdiyi şikayətində Əkrəm Həsənovun ona böhtan atdığını iddia edir. Əkrəm Həsənov isə bildirir ki, səsləndirdiyi faktlar Ali Məhkəmənin ictimaiyyətə açıq olan qərarından götürülüb. Həmin faktların doğru və ya yalan olmasına da o, cavabdeh ola bilməz.

Əkrəm Həsənovun dediklərindən sitat:

“Bəli, yazımda mən Ali Məhkəmənin Qərarındakı mövqeyə mənfi münasibətimi bildirmişəm. Amma fikir bildirməklə böhtan atmaq mümkün deyil. Şikayətdə faktla fikir kateqoriyaları qarışıq salınıb. Bu, hüququn əlifbasıdır! Qərarda söhbət ondan gedir ki, iddiaçı olan kişi arvadının donordan süni mayalanmasına razılıq vermədiyini və Tulumbacı ilə arvadının onu aldatdığını bildirir. Tulumbacı ilə arvadı isə deyir ki, xeyr, kişinin yazılı razılığı olub. Lakin həmin razılıq məhkəməyə təqdim olunmayıb. Buna baxmayaraq, Ali Məhkəmə kişinin iddiasını rədd edib. O əsasla ki, razılığın olmadığını kişi özü sübut etməlidir və ümumiyyətlə, belə razılıq olmadan donordan istifadə oluna bilməzdi. Yəni məhkəmə Tulumbacı ilə arvadını haqlı çıxarıb, mən də bunu olduğu kimi yazmışam. Sadəcə mən məhkəmənin mövqeyini tənqid etmişəm. Çünki heç kəs etmədiyini sübut edə bilməz, bu, absurddur.

Ali Məhkəmənin analoji iş üzrə digər (17.04.2023-cü il tarixli 2(102)-1252/2023 saylı) qərarını da tapmışam. Orada klinika (həkimin adı göstərilməyib) məhkəməyə kişinin razılıq ərizəsini təqdim edib, lakin ekspertiza oradakı imzanın kişiyə məxsus olmadığını müəyyən edib. Buna görə də bu işdə qərar kişinin xeyrinə olub. Deməli, Ali Məhkəmə artıq fərqli mövqe sərgiləyib: sübutetmə yükü kişinin üzərində deyil və süni mayalanma onun razılığı olmadan həyata keçirilib.

Nə isə, qayıdaq Tulumbacıya. Şikayətdə özü mənə böhtan atıb. Yazıb ki, guya mən onu dələduzluqda ittiham etmişəm və yazmışam ki, “məhkəmə tərəfindən müəyyən səbəblərlə (maraqlandırma, rüşvət və s.)” müvafiq qərar verilib. Halbuki, mənim yazımda belə şeylər ümumiyyətlə yoxdur! Tulumbacı şikayətdə yazır ki, guya mənim yazımdan sonra “hazırda gün ərzində yüzlərlə olan pasiyent müraciəti demək olar ki, əhəmiyyətli dərəcədə azalıb”.

Başa düşdüyüm qədər, o, ümumən Ali Məhkəmənin qərarını ictimailəşdirdiyimdən narazıdır. Çünki guya nəticədə potensial müştəri bazası azalıb. Lakin qərarı ictimailəşdirmək mənim hüququmdur. Konkret bu halda isə vətəndaşlıq borcumdur. O cümlədən maarifləndimə kontekstində. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Prezidentin 3 aprel 2019-cu il tarixli 604 saylı Fərmanının preambula hissəsində deyilir ki, “məhkəmələrin fəaliyyətində şəffaflıq artırılmalıdır”. Şəffaflığı təmin etmək üçün biz hüquqşünaslar mühüm qərarlar haqda cəmiyyətə məlumat verməliyik. Mən də bunu etmişəm. Süni mayalanma dövlətimiz, onun təhlükəsizliyi üçün olduqca əhəmiyyətlidir.

Söhbət genofonddan gedir. Hazırda bu sahədə ciddi nəzarət yoxdur. Allah bilir, qadınlarımızın donorları kimlərdir. Onsuz da zəifləyən ailə institutu üçün nəzarətsiz (heç sənədləri sonradan tapmaq olmur!) böyük təhlükədir. Ümumiyyətlə, təsəvvür etmək çətindir ki, Azərbaycan kişisi arvadının başqasından hamilə qalmasına razılıq versin. Görəsən, buna görəmi şəhidlərimiz canlarını qurban verdi ki, indi qadınlarımız naməlum kişilərdən uşaq doğsun?! Cənab Prezident fevralın 14-də keçirilmiş andiçmə mərasimində o cümlədən deyib:

“Əlimi “Qurani-Şərif”ə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq olacağam, onları daim uca tutacağam”. Bundan sonra deyib: “Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir...

Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq...”

Görəsən, donordan süni mayalanma nə dərəcədə milli-mənəvi dəyərlərimizə uyğundur? Bəli, mən bütövlükdə donor vasitəsilə uşağın doğulmasının əleyhinəyəm. Həmçinin ona görə ki, gələcəkdə qardaş və bacının evlənməsini istisna etmir, halbuki həmin əməl qanunsuzdur. Bununla belə, qanunvericiliyimiz bu gün donorluğa imkan verirsə, burada ciddi qaydalar və nəzarət olmalıdır. Ən azı sənədləşdirmə işi qaydasında olmalıdır. Əks halda məhkəmələrdə belə təəccüblü işlər və qərarlar yenə də ola bilər. Odur ki, hamını süni mayalanma məsələsi barədə mövqeyini ortaya qoymağa çağırır, bu sahəni ciddi ictimai nəzarət altına götürməyə səsləyirəm. İrəli!”

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR