İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhəmməd Türkmən sayt rəhbəri oldu - FOTOLAR

“Yeni Müsavat” Media qrupunun tərkibində daha bir sayt - minval.info xəbər saytı fəaliyyətə başlayıb. Gənc reportyor Məhəmməd Türkmən saytın baş redaktoru təyin olunub.

Saytın meydana gəlməsi ideyası, fəaliyyəti, perspektivi ilə bağlı musavat.com-a danışan Məhəmməd Türkmən bildirib ki, əsas hədəfi Azərbaycan media məkanında oxucuların ən çox etibarını qazanmış bir sayt ərsəyə gətirməkdir: “Saytın yaranması ideyası “Yeni Müsavat” Media qrupunun rəhbəri Rauf Arifoğluna məxsusdur. Bunun təməlini təşkil edən minval.az saytı uzun illərdir ki, rus dilində fəaliyyət göstərirdi. Rauf bəy qərara aldı ki, bu saytın Azərbaycan dilli versiyası da olsun və ötən ilin planlaşmasında mənə belə bir iş təklif etdi. Mən də bunu qəbul etdim. 27 yaşımda mənə belə bir şans verildi və dəyərləndirmək niyyətindəyəm. Maksimum çalışıram ki. mənə olan inamı doğruldum və minval.info ən oxunaqlı saytlar sırasında yer alsın”.

Yeni fəaliyyətə başlayan saytın özəlliklərindən bəhs edən M.Türkmən bildirdi ki, kollektiv yalnız gənclərdən ibarətdir və xəbər siyasətində gənclərin maraq dairəsini prioritet tuturlar: “Biz xəbəri axtararkən, hazırlayarkən, oxucuya təqdim edərkən ancaq gəncləri düşünürük. Gənclərin nə istədiklərini də, nəyi istəmədiklərini də bilirik. Kollektiv əsasən 22-24 yaşlı gənclərdən ibarətdir. Onlar hazırda jurnalistika həvəsi ilə qaynayırlar, gözlərində bir işıq var. Bizim üstünlüyümüz, fərqimiz budur. Əsas prinsipimiz odur ki, sarı media olmayacağıq, heç vaxt xəbər başlığı ilə oxucunu aldadıb baxış sayı cəlb etməyəcəyik. Xəbər keyfiyyətlidirsə keyfiyyətli başlıq qoyulacaq, əks halda şişirtmə olmayacaq. Biz agentlik deyilik ki, hər iki dəqiqədə bir xəbər paylaşaq. Xəbər seçimində çox ciddi yanaşacağıq. Digər iş prinsipimiz odur ki, digər saytlardan, hətta bloqlardan götürdüyümüz materiallarda istinad verəcəyik”.

Gənc kollektivin əsas planı qısa müddətdə saytı tanıtmaqdır: “Əsas məqsədimiz qısa müddətdə saytı tanıtmaq və oxucu güvəni qazanmaqdır. Belə bir rəy formalaşsın ki, əgər xəbəri minval.info veribsə, deməli doğrudur. Oxucular arasında belə bir fikir formalaşdıra bilsək, bu bizim ən böyük uğurumuz olacaq. Elə saytlar var ki, 10 ildir fəaliyyət göstərirlər, ancaq onların yazdığı xəbəri kimsə oxuyanda inanmır, gözləyir ki, başqa bir saytda da çıxsın. Biz o ikinci sayt, insanların gözlədiyi sayt olmaq istəyirik. Məqsədimiz budur. Nə gəldi xəbərləyək, çox oxunaq prinsipi yox, zamanla yüksələk, ancaq oxucu etibarını qazanaq prinsipi bizim üçün əsasdır”.

Baş redaktor qeyd etdi ki, minval.info kollektivinin üzvlərin hər biri jurnalistika təhsili olan və universiteti bitirmiş gənclərdir: “Aralarında ən təcrübəlisi Samir Mirzədir, əvvəllər də bir çox saytlarda işləyib. Digərləri universiteti yeni bitirib. Biri isə kinoşünaslıq, foto-video işi üzrə oxuyur. Kollektiv 6 nəfərdən ibarətdir. Çalışacağıq ki, bu gənc jurnalistlər burada yetişsinlər və bizim onlarda gördüyümüz potensialı göstərə bilsinlər. Qarşımızda maksimum 6 ay müddət qoymuşuq. Bu müddət ərzində 10 oxucudan ən azı 5 nəfəri minval.info-dan bəhs etməlidir, oxucu sayımız günlük 10-15 minə qalxmalıdır. Əsas şərt odur ki, bunu keyfiyyətlə qazanmalıyıq”.

Qeyd edək ki, hazırda oxucular www.minval.info saytına və https://www.facebook.com/Minval.info/ facebook səhifəsinə daxil olmaqla saytı izləyə bilərlər. Qısa müddətdən sonra saytın digər sosial şəbəkələrdə də hesabları yaradılacaq

Nərgiz
Musavat.com

Qonaq

Oruc Seyidov 23.05.2018 12:23

Sherh moderator terefinden yoxlanılır