ANS telekanalı ilə bağlı gedən proseslər medianın gündəmindədir. Milli Teleradio Şurası səviyyəsində verilən açıqlamalar, qarşı tərəfin bunu təkzib edən cavabları müzakirə mövzusudur. Proseslərin gedişi isə telekanalın ciddi şəkildə hədəfə gəldiyini göstərir. Bir-birinin ardınca bağlanan verilişlər, yüksək məbləğdə cərimələr və kanalla bağlı MTRŞ rəsmiləri tərəfindən ciddi tənqidlər... Bunların fonunda isə cəmiyyətdə ANS-lə bağlı dəstək kampaniyası özünü göstərmir. Daha doğrusu, ziyalılar, media kapitanları, siyasətçilərin telekanalı dəstəkləyən bəyanatları, ənənəvi kampaniyalar müşahidə olunmur. Bunun səbəbi nədir?
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirdi ki, ANS-lə bağlı baş verənlər media və söz azadlığının məhdudlaşdırılması prosesi deyil. Onun fikrincə, bu, başqa kateqoriyadan, başqa xarakterdən olan məsələdir: “Ölkədə söz azadlığının məhdudlaşdırılması proseslərində ANS hər zaman hakimiyyətin yanında, mətbuatın qarşısında olub. ”Yeni Müsavat"a və mənə qarşı xüsusi aqressiv, qərəzli mövqe nümayiş etdirib. Bizi dəfələrlə məhkəməyə verib, hətta mən siyasi motivlərlə həbsə alınanda belə, məni orada rahat buraxmayıblar, məhkəməyə veriblər. İndiki halda isə ANS-in söz və mətbuat azadlığına hər hansı bir formada faydalı olduğunu düşünmürəm. Bu telekanal illərdir ki, bizim üzümüzə, o cümlədən də müxalifətin üzünə bağlıdır. Mən zamanında onlara dəstək olmuşam - Cəlal Əliyev Mirşahinə o sözləri deyəndə cavab verməyə cəsarət etmirdilər - mən efirə çıxıb, cavab vermişəm. Lakin vəziyyətləri yaxşılaşan kimi bizi məhkəməyə veriblər, dəfələrlə barəmizdə “qara piar” kampaniyası aparıblar. Mənim şəxsi qənaətim budur ki, bu cür televiziyanın ölkədə fəaliyyət göstərməsindənsə göstərməməsi daha məqsədəuyğundur".
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev isə bu məsələdə fərqli mövqe nümayiş etdirir. O hesab edir ki, ümumiyyətlə, ANS-in müdafiəyə ehtiyacı yoxdur və özü öz problemlərini həll edir: “Özü də maraqlı deyil ki, kimsə bu məsələyə qarışsın. Onlar istəmirlər ki, bu prosesi siyasiləşdirsinlər. Bunu münasibət kimi görürlər”.
M.Əliyev bildirdi ki, Milli Teleradio Şurası ilə onların arasında problemlər var. Müsahibimizin sözlərinə görə, bu məsələdə sözügedən qurumun mövqeyi, münasibəti açıq-aydın hiss olunur: “Bu, hər zaman belə olub. ANS heç vaxt maraqlı olmayıb ki, onu müdafiə etsinlər. Nə bir çağırış, nə də bir istək olub. Mediaya gəlincə, media kimisə müdafiə etmək gücündə deyil. Medianın hərəsi öz işi, öz kiçik biznesi ilə məşğuldur. Heç kim bu məsələlərə qarışmaq istəmir. Media həmrəyliyi geridə alıb”.
Müsavat Partiyasının başqanı Arif Hacılı isə hesab edir ki, ANS-in son dövrlərdə tutduğu mövqe indi həmin televiziya təzyiqlərlə üzləşdiyi məqamda mühüm rol oynayır. Onun fikrincə, bu hadisənin geniş müdafiə kampaniyası ilə müşayiət olunmaması məhz bununla bağlıdır: “İstənilən halda, hakimiyyət strukturlarının mətbuat üzərinə bu şəkildə hücumları hakimiyyətin ölkədə mətbuat orqanlarını, xüsusən televiziya kanallarını öz nəzarəti altında saxlamaq siyasətinin davamıdır”.
“Konkret olaraq Müsavat Partiyası ANS-i müdafiə üçün hansısa addım atacaqmı” sualına cavabda partiya başqanı dedi ki, onun fikrincə, ANS özü bu vəziyyətdən çıxmağın bir yolunu tapacaq.
Sevinc TELMANQIZI