İnsanlara hürriyət, millətlərə istiqlal!

DAY.AZ VƏ TODAY.AZ HAKİMİYYƏTİN NƏZARƏTİNƏ KEÇDİ

6436 26.02.2009 09:42 Media A A

A.Məmmədxanovun bildirdiyinə görə, layihələrin satılması ilə bağlı danışıqlar iki ay imış gedirmiş: “Nəhayət, proses başa çatdı və mən artıq təsisçiliyi təhvil verdim”. A.Məmmədxanov day.az-ın yeni baş redaktorunun adını da açıqlayıb: “Layihəyə rəhbərliyi böyük hörmət bəslədiyim İlqar Hüseynov (”Trend" İnformasiya Agentliyinin direktoru-red.) həyata keçirəcək".
Millət vəkili hələlik yeni layihə barədə fikirləşmədiyini də deyib: “Bu barədə hələ düşünmürəm”.

Məmmədxanov bir həftə öncə erməni xakerlərinin hücumundan danışırdı...

A.Məmmədxanovun dünən verdiyi açıqlama ilə ötən həftə səsləndirdiyi sözlər arasında böyük ziddiyyət var. Xatırladaq ki, A.Məmmədxanov ötən həftə - saytın bağlanması xəbəri yayılan gün “Yeni Müsavat”a müsahibəsində day.az-ın bağlanmasının arxasında heç bir siyasi izin olmadığını demişdi. “Bu, sırf texniki problemdir, onu fevralın 25-nə qədər həll edəcəyik”- deyən deputat hətta saytın erməni xakerlərinin hücumuna görə bağlandığını da iddia etmişdi.
Maraqlıdır ki, A.Məmmədxanov həmin gün saytın redaktoru Elnur Baimovun rəhbərlikdə qalıb-qalmayacağı sualına birmənalı cavab verməmişdi. “Yaşayarıq, görərik”- deyən deputat rusiyalı milyarder Berezovskinin müsahibəsinə görə hakimiyyətdən onlara təzyiq edilməsi versiyasını da birmənalı şəkildə inkar etmişdi. Bu arada onu da deyək ki, srağagünə qədər day.az-a girənləri “Sayt fevralın 25-dən fəaliyyətini bərpa edəcək” elanı qarşılayırdısa, dünəndən bu elan “Sayt müvəqqəti bağlanıb” şəklində təzələnib.

day.az-ın yeni rəhbəri - sabiq MTN-çi, Fərhad Əliyevin keçmiş müşaviri, DİP Siyasi Şurasının üzvü...

Bu informasiyanın ən diqqətçəkən tərəfi isə saytın yeni redaktorunun kimliyidir. Xatırladaq ki, İlqar Hüseynov 2004-cü ildən “Trend”in direktorudur. O, Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının üzvüdür. Dosyesi ilə tanışmaq olmaq istəyənlər üçün:
1962-ci il noyabrın 3-də Bakıda anadan olub. 109 saylı məktəbi bitirib. Moskva Aviasiya İnstitutunun iqtisad fakültəsində əyani təhsil alıb. 1986-88-ci illərdə Neftayırma Zavodunun komsomol təşkilatının katibi vəzifəsində çalışıb. 1988-2000-ci illərdə milli təhlükəsizlik orqanlarında qulluq edib. 2000-2004-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışıb. 2004-cü ildən “Trend” analitik-informasiya agentliyinin direktorudur.
Dosyesi kifayət qədər ilginc məlumatlarla zəngin olan İ.Hüseynovun “Trend”dəki fəaliyyəti ilə bağlı redaksiyamıza çoxsaylı məlumat daxil olub. Məlumatlara görə, İ.Hüseynov agentliyin fəaliyyəti ilə sıx maraqlanmır. Yəni gündəlik planlaşdırmalarda iştirak etməyən direktor əsasən redaktorlar və şöbə müdirləri ilə məsləhətləşmələr keçirir. İşinə çox dəqiq və həssas yanaşan İ.Hüseynovun jurnalistlərlə təması nadir hallarda olur. O, hətta saytda və ya bülletendəki hansısa səhvə görə jurnalistləri yox, redaktorları, rəhbərlikdə olan şəxsləri məsul sayır.
Bu arada zəruri bir qeyd olaraq onu da bildirək ki, “Trend”in İ.Hüseynovdan öncəki rəhbəri İnqilab Əhmədov da DİP Siyasi Şurasının üzvüdür. Yəni hər iki direktorun eyni partiyanın rəhbərliyində təmsil olunması təsadüf sayıla bilməz.

“Trend” kimə yaxındır?

Sözügedən xəbərin ardınca apardığımız araşdırmalar zamanı diqqəti ən çox cəlb edən məqam day.az və today.az-ın niyə məhz İ.Hüseynova verilməsi ilə bağlı oldu. Təbii ki, bu tip məsələlərdə “Trend” kimin saytıdır" sualı açar rolunu oynayır. Öncə ondan başlayaq ki, “Trend” saytı Moskva Dövlət Universitetinin Bakı filialının binasında yerləşir. Nərgiz Paşayevanın rektor olduğu ali məktəbin binasında məskunlaşan agentliyin də elə Paşayevlər ailəsinə məxsus olduğu deyilir.
“Sözügedən portallar niyə məhz ”Trend" agentliyinin rəhbərliyinə verildi" sualına cavabında isə sonuncunun rəhbəri olduğu KİV-in hakimiyyətin kursuna daha sadiq olmasını, göstərilən xətdən kənara çıxmamasını göstərmək olar.

MEHMAN ƏLİYEV: ““Trend” agentliyinin ətrafında iri media-holdinq yaratmaq istəyirlər”

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevinsə bu gəlişmə ilə bağlı xüsusi versiyaları var. Müsahibimiz öncə bildirdi ki, ola bilsin saytların satılması ilə bağlı iki aydır danışıqlar gedib: “Amma söhbət bu saytların hansı formada bağlanmasından gedir. Saytın birdən-birə itməsi, rəhbərliyin şərh verməkdən qaçması, öncə ”bağlandıq", ardınca isə “ayın 25-də çıxacağıq” deməsi onu göstərirdi ki, ortada nəsə proses gedir. Bu, onu göstərir ki, əvvəl bu saytların bağlanması ilə bağlı qərar verilib. Sonra deyiblər ki, gedin işləyin. Son məqamda isə deyilib ki, siz bu saytda işləməyəcəksiniz".
M.Əliyev hesab edir ki, saytın belə tale yaşaması təsadüf deyil. Onun sözlərinə görə, bu, day.az-da hökumətin mənafeyinə zidd hansısa ciddi informasiyanın yayılmasından sonra baş verib: “Mən məlumat almışam və bu, təsdiqləyir ki, bizim daha öncə saytın bağlanması ilə bağlı irəli sürdüyümüz versiya tamamilə həqiqətəuyğundur. Şübhəsiz ki, bu, Putinin xahişi ilə bağlanıb. Bilirsiniz ki, saytda Putinin Ermənistana silah verilməsində əli olması, Rusiyanın Qarabağ məsələsinin həllində marağının olmaması və general Rail Rzayevin qətlində Rusiyanın əli olması barədə kifayət qədər ciddi informasiyalar öz əksini tapıb. Bu da onunla bağlı belə bir qərarın verilməsinə səbəb olub”.
M.Əliyev A.Məmmədxanov və E.Baimovun durumuna da toxundu. Onun sözlərinə görə, hər iki şəxsin ordan uzaqlaşdırılması day.az-ın yeni strategiyasının fərqli olacağını göstərir: ““Trend”in saytı ilə day.az bir-birindən fərqlidir. Sonuncu artıq “Trend”in kursuna yaxın olacaq. O ki qaldı İlqar Hüseynov versiyasına, “Trend” agentliyinin keçdiyi yola baxsaq, onun əvvəlki sahibi İnqilab Əhmədov olub. İlqar Hüseynov gələndən sonra son bir ildə bu agentlikdə müsbətə doğru dəyişikliklər hiss olunub. Agentlik jurnalist peşəkarlığı nöqteyi-nəzərindən xeyli inkişaf edib, beynəlxalq standartlara uyğun qurulur".
Müsahibimiz day.az-ın taleyinin bundan sonra necə olacağı ilə bağlı versiyasını da səsləndirdi. Onun sözlərinə görə, çox güman ki, məqsəd bir baza kimi “Trend”in ətrafında genişlənmək, sonuncunu media-holdinqə çevirməkdən ibarətdir: “İndi orada telestudiya yaradıblar. Belə görürəm ki, gələcəkdə telekanalları da olacaq. day.az kimi təsir imkanları geniş bir KİV-in də onlara qatılması bu strategiyadan xəbər verir”.
Gün ərzində göstərdiyimiz saysız-hesabsız cəhdlərə baxmayaraq, nə A.Məmmədxanov, nə E.Baimov, nə də İ.Hüseynov telefon zənglərimizə cavab vermədi.

ƏLİ HƏSƏNOV: “day.az saytı ilə nə mənim, nə də Prezidentin İcra Aparatının heç bir əlaqəsi yoxdur”

day.az saytını mənim almağımla bağlı bir sıra media orqanlarında yayılan məlumatlar tamamilə cəfəng fikirdir. day.az saytı ilə nə mənim, nə də Prezidentin İcra Aparatının heç bir əlaqəsi yoxdur. Bu barədə Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Turan”a bildirib.
O, sayt ətrafında son günlər yaranmış vəziyyətlə bağlı açıqlama verməyib: “Mən bu saytla bağlı açıqlama verə bilmərəm. Saytın sahibi və onun müəyyən açıqlamaları var”.
Ə.Həsənov saytın bağlanmasının səbəblərinin Rusiya baş naziri Vladimir Putinlə bağlı olması barədə sualın cavabında “bununla bağlı məlumatım yoxdur və bu səbəbdən heç nə deyə bilmərəm”,-deyə bildirib.
Mövzuya qayıdacağıq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR