İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakinskiy Raboçiy” qəzeti ətrafında qalmaqal

3323 30.11.2016 22:36 Media A A


Tarixçi:  “Bakinskiy Raboçiy” qəzeti heç də Şaumyanın ideyasının təbliğatçısı olmayıb”
Elçin Şıxlı: “Əgər Fazil bəy Bakinskiy Raboçiy” qəzetini yada salırsa, onda gərək “Vışka”nı da, digərlərini də yada salsın”

Deputat Fazil Mustafa sosial şəbəkədəki şəxsi səhifəsində yazaraq "Bakinskiy Raboçiy" qəzetinin bağlanmasını tələb edib. Deputat bildirib ki, bu qəzet bu günə qədər dövlətin maliyyə vəsaiti ilə çıxır: “Maraqlıdır ki, ilk nömrəsi 1906-cı ilin mayında çıxıb, sonra da qadağan olunub. 1917-ci ildə yenidən çapı bərpa olunub. Baş redaktoru həmişə Stepan Şaumyan və ya Əmiryan olublar. Xalq Cümhuriyyəti vaxtında düşmən mövqeyini ifadə edən qəzet olduğuna görə qadağan olunub. Bir də bolşeviklər gələndən sonra- 1920-ci ilin noyabrında bərpa olunub və indiyədək çap olunur. İndi həm də bizim dövlət vəsaiti ilə çap olunan rəsmi qəzet statusu daşıyır. Stepan Şaumyanın irsini, mirasını, yadigarını yaşatmaq doğurdanmı bizim müstəqil Azərbaycan üçün heç bir narahatedici məsələ sayılmır? Bu qəzetin bağlanmasını tələb etdim, ümid edirəm ki, nəzərə alınar”.

Картинки по запросу tarixçi Dilavər Əzimli

Məsələ ilə bağlı tarixçi Dilavər Əzimli “Yeni Müsavat”a bildirib ki, deputatın bu cür yanaşması doğru deyil: “Bakinskiy Raboçiy” qəzeti heç də Şaumyanın ideyasının təbliğatçısı olmayıb. Bu qəzet bolşevik  mətbuatının qəzetidir və onların ideyalarının təbliğatçısı olub. Burada fərqi yoxdur ki, Şaumyan , Məşədi Əzizbəyov və ya digərləri olsun. Yəni konkret olaraq bu qəzetin bir adamla bağlanması mənə elə gəlir ki, məqsədə uyğun deyil. Bu, düzgün baxış deyil. Belə baxış olarsa, o zaman Şaumyana vaxtı ilə nə qədər heykəllər qoyub, adına metro stansiyası açmışıq.  Onlar haqqında da danışmaq olar. Yəni, bir qəzetin Şaumyana bağlanması doğru deyil. İkincisi, nəzərə almaq lazımdır ki, “Bakinskiy Raboçiy” qəzetinin özünün bir yolu var. O qəzetdə yüzlərlə jurnalistlər, qələm adamları yetişib.  Şəxsən mən hər hansı bir mətbuat orqanının bağlanmasının əleyhinəyəm. Niyə bu qəzet bağlanmalıdır ki? Əgər biz bütün qəzetləri bu cür bağlasaq nə baş verər? Onda biri də durub çıxış edər ki, vaxtı ilə “Azərbaycan” qəzeti cümhuriyyətin qəzeti olub və bağlamaq lazımdır. Bu doğru deyil. Lakin bu məsələlərlə bağlı tədqiqatlar, araşdırma aparmaq mümkündür. Deyək ki, “Bakinskiy Raboçiy” qəzetində çap olunan məqalələrin mahiyyətini, onların nə dərəcədə millətin milli yoldan sapdırılmasına və digər məsələlərə xidmətlərini ortaya qoymaq olar. Bu istiqamətdə nələrsə yazmaq olar. Ancaq demək ki, bu Şaumyan irsini daşıyır, bunu bağlayaq, doğru deyil”.

Картинки по запросу elçin şıxlı

Mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirən jurnalist Elçin Şıxlı söyləyib ki,  postsovet ölkələri xaricində heç bir media strukturu dövlət tərəfindən maliyyələşdirilmir: “Əgər Fazil bəy Bakinskiy Raboçiy” qəzetini yada salırsa, onda gərək “Vışka”nı da eyni zamanda bir sıra qəzetləri də yada salsın. Onlar da dövlət tərəfindən maliyyələşirlər.  Sadəcə olaraq başqa bir təkliflə çıxış edərdim ki,  bu qəzetləri bağlamaq lazım deyil. Ancaq dövlət dəstəyindən məhrum etmək istəyirlərsə, etsinlər. Söhbət ondan gedir ki, hər şey sərbəst olmalıdır.  Onlara sərbəstlik verilsin, bəlkə bundan sonra gözəl qəzet buraxacaqlar.  Şaumyan məsələsinə gəlincə isə hesab edirəm ki, bunların hamısı çox populist yanaşmalardır. Onda gərək biz “Azərbaycan” qəzetini, “Kommunist”in yerinə çıxan “Xalq” qəzetini, “Respublika” qəzetini buraxmayaq. Xeyli sayda belə arqumentlər var. Ümumiyyətlə, düşünürəm ki, qəzetlərə dövlət dəstəyi bu şəkildə edilməməlidir. Dövlət büdcəsindən qəzet maliyyələşməməlidir”.

E. Şıxlı bildirib ki, “Bakinskiy Raboçiy” qəzetinin adını da dəyişməyə ehtiyac yoxdur: “Onun adında heç bir qəbahət yoxdur. Sadəcə olaraq, söhbət məğzindən gedir. Məğzinə də gəlincə, məsələ budur ki, indi onu hal hazırda Şaumyan redaktə etmir axı...Yuxarıda da qeyd etdiyim kimi yanaşma hər kəsə eyni cür olmalıdır. Şərait yaradılmalı, ləğv edilmiş satış sistemi bərpa edilməli, indiki xiyar-pomidor satılan press köşklər hazırkı sahibinin əlindən alınmalıdır. Çünki orada qəzetdən başqa hər şey satırlar. Bundan əlavə qəzetlərin küçə satışı, metro keçidlərində satışları da bərpa edilməlidir. Eyni zamanda reklam verənlərin də gözlərini qorxutmamalıdırlar. Reklama qadağa qoyulmamalıdır.  Bax söylədiyim kimi şəraitdə hər kəsi rəqabət yoluna buraxmaq lazımdır. O zaman özünü saxlaya bilən saxlayacaq, bacarmayan da bacarmayacaq. Mən bax bu cür yolun tərəfdarıyam. İndiyə qədər o qədər erməni yazarlar, müəlliflər olub ki. Elə “Bakı-Baku” qəzetinin özündə vaxtı ilə nə qədər ermənilər işləyiblər. Yəni yanaşma ümumi olmalıdır. Təkcə bir qəzetin adı altında yox”.

Mövzu ilə bağlı mövqelərini dərc etmək üçün haqqında sözügedən qəzetin redaktoru və rəhbərliyi ilə bir neçə dəfə telefon əlaqəsi qurmağa çalışdıq. Lakin buna nail ola bilmədik. Buna baxmayaraq, qəzetin rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.

Əli Rais

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR