İnsanlara hürriyət, millətlərə istiqlal!

Axsaq mətbu(AT)la müharibəyə getmək

1212 15.04.2016 12:22 Media A A
Erməni yalanını təkzib edən,  onların saxtakarlığını aşkarlayan müəllifi niyə bizim saytlar dərc eləmədilər, yaxına buraxmadılar? Əslində bu suala cavab yazmaqdı qəsdim. 

Amma ondan başlayım ki, müasir müharibədə informasiya savaşı səngər döyüşüylə təndi. Məncə, hələ daha artıqdı. İnformasiya davasından qalib çıxmasan, aldığın səngərləri saxlaya bilməzsən! Bəzən lap belə də olur – informasiya müharibəsində düşmənə vurduğun sarsıdıcı zərbə bəs edir, daha səngər döyüşlərinə ehtiyac qalmır.

Üç ilə yaxının söhbətidi. Ermənilərin panorama.am saytı azərbaycanlı oxucunu hədəflədiyim “Xaçaturyanın qələbə suitası” adlı məqaləmi xəbərim olmadan ruscaya çevirib. Kontekstdən çıxarılan həmin yazı “İsveçdə yaşayan azərbaycanlı yazıçının açıq məktubu” adıyla 50-dən artıq erməni-rus saytında yayımlanıb. 

Bu dezo-məktubun saxtalığını sübut eləmək üçün hər erməni-rus saytını güdüb cavablandırmağın uzun və səmərəsiz iş olduğunu biləndə başını buraxdım. Ötənlərdə ermənilərlə virtual davadan qaçan bəzi soydaşımız silahı üstümə tuşlayanda cavablarını verdim. Susdular.

İndi erməni elə edəcək, bizim vətənpərgarlar belə deyəcək deyə doğru bildiyimizi yazmamalıyıq? Mənə yazı yazmağı öyrədənlərə isə xüsusi təbəssümlə təşəkkür edirəm!
“Dördgünlük müharibə” dediyimiz son Qarabağ döyüşləri vaxtı erməni saytları həmin dezo-məktubu təkrar gündəmə gətirdi. Bir neçə narahat dost yazanda xəbər tutdum. Bu dəfə rusca daha ətraflı açıqlama verməyi lazım bildim. 

К армянским манипуляторам”, yəni “Erməni manipulyatorlarına” adlı açıqlama-yazı yazıb bloquma qoydum, feysbukda paylaşdım. Ərinməyib bizim üzdə olan rusdilli portallarımıza və rus bölməli saytlarımıza göndərdim. 

Qəsdim ermənilərin haqqımda yaydıqları, vaxtaşırı gündəmə gətirdikləri saxta xəbərin faş olmasına yardım istəmək idi.

Bizim mətbuat neylədi? 

Redaktor dostlar elə zənn elədilər ki, mən öz şəxsi davamı aparıram. Amma söhbət hansısa Vahiddən, yaxud Əlidən, Vəlidən  getmir. Söhbət ondan gedir ki, ermənilər “azərbaycanlı yazıçı” kimi təqdim etdikləri birinin yazısını saxtalaşdıraraq, ondan öz təbliğatları üçün yararlanırlar. Özü də ustalıqla. İnformasiya savaşına onlarla saytla çıxıb total xəbər müharibəsi aparırlar. 

Xəbərlə manipulyasiya etmə, xəbər yaratma, xarici xəbər institutları – KİV-lərlə əlaqələr qurma işində nə qədər güclü və məkrli düşmənlə üz-üzə olduğumuzu çoxumuz bilmirik. Xəbərin gücü dilindədi – sən onu hansı dildə yayırsan, hansı anlaşıqda yazırsan.
Müharibə dövründə xəbərlə manipulyasiyanın adi hal olduğunu bilirəm – hər kəs informasiyasını öz marağına uyğunlaşdırıb yararlanır. 

Amma biz bu sahədə də ciddi axsayırıq! Çoxumuz siyasi, şəxsi, qrup, ta nə bilim, hansı maraqlardan kənara çıxa bilmirik, heç milli davada da.  Çünki azad deyilik...

Uzatmayım! Hakimiyyətə birbaşa, ya dolayı bağlı rusdilli saytlar yazımı vermədilər. 
Güman edirəm, bu cümləyə görə: “Bildiyim başqa həqiqət də odur ki, hər iki xalq ondan öz məqsədləri üçün istifadə edən siyasi elitanın zombiləşdirilmiş əsirinə çevrilib”.
İstər sərt müxalif mövqeli, istərsə də müstəqil mətbuatı isə anlamağa çətinlik çəkdim. 
Bəlkə də onlar yazının contact.az və minval.az saytlarında getdiyini əsas gətirdiklərini deyəcəklər. Amma bu arqument yox, olsa-olsa bəhanədir. 

Xəbər davasında erməninin 50-dən çox saytnın qabağına iki saytla çıxmaq döyüş meydanında düşmənin 50 tankına qarşı 2 tankla vuruşmağa bənzəyir.

Bax elə “Xaçaturyanın qələbə suitası” yazısında toxunduğum məsələ bu idi. Biz milli davada da mütləq hansısa şərtləri önə çəkirik. 

Siyasi, dini, şəxsi, qrup maraqlarından kənar mətbuat yaranmayınca azad sözdən danışmağın heç bir yeri yoxdu. Ermənilərlə informasiya müharibəsindən isə heç danışmıram. 

Vaxtilə “Oyundankənar mətbuat” yazısında ətraflı yazdığımdan mövzuya təkrar qayıtmıram. Bircə onu deyirəm ki, döyüşə axsaq atla getməyək, ya atımızı dəyişək, ya da onu sağaldaq.

Vahid Qazi

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR