İnsanlara hürriyət, millətlərə istiqlal!

ANS-in İKİ JURNALI BAĞLANDI

“Bu jurnallar nə vaxta qədər dotasiya ilə işləməlidir? Nə vaxta qədər televiziyanın qazancından bu dərgilərə xərcləməliyik?” - deyə əsəbiləşən V.Mustafayev bu layihələrin özünü doğrultmadığını bildirib.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, jurnalların da daxil olduğu “ANS PRESS Nəşriyyat Evi” MMC zərərlə işləyir. Vahid Mustafayevin sərt qərar qəbul etməsinə də bu səbəb olub. Belə ki, ayda bir nəşr olunan jurnalların satışı zəifləyib, bir neçə dəfə redaksiyalarda ixtisarlar aparılıb. Buna baxmayaraq, “Hesabat” və “El” jurnalları gəlir gətirməyib, son bir neçə ili yalnız ANS Şirkətlər Qrupunun dotasiyası hesabına nəşr olunub.
Ümumiyyətlə, bir vaxtlar funksional qurum olan “ANS PRESS Nəşriyyat Evi” MMC son vaxtlar fəaliyyətsiz təşkilata çevrilib. Maaşların ödənilməsində bir neçə dəfə problemlər yaranıb, indiyədək bir neçə jurnalın nəşri (“Elman”, “İstiot” və s.) dayandırılıb. Hər dəfə problem ANS Şirkətlər Qrupunun maliyyə dəstəyi ilə aradan qalxsa da V.Mustafayev şirkətin fəaliyyətindən narazıdır. Son iki-üç il ərzində şirkətdə azı beş dəfə direktor dəyişikliyi də bunun sübutudur. Yeni təyin olunan direktorların heç biri uzun müddət bu vəzifədə qala bilməyib və işdən azad edilib.
Qeyd edək ki, “Hesabat” və “El” jurnalları ANS-in ən uzunömürlü çap layihələrindən idi. “Hesabat” jurnalı 23 aprel, 2005-ci ildə təsis edilib. Jurnalın ilk sayı qalmaqalla müşayiət olundu. Azərbaycanın ən varlı adamlarının siyahısı, siyahıda məmurların, eləcə də hakim ailə üzvlərinin adlarının olması birmənalı qarşılanmadı. Dövlət başçısının əmisi Cəlal Əliyevin Milli Məclisdəki təhqirlə dolu çıxışı da məhz həmin siyahıdan qaynaqlanmışdı.
“El” jurnalı isə 2002-ci ilin noyabrında yaradılıb. O, bir vaxtlar Azərbaycanın ən populyar publisistik dərgisinə çevrilmişdi. “El” bir sıra maraqlı layihələri ilə yadda qalıb.
Şərh yoxdur