İnsanlara hürriyət, millətlərə istiqlal!

“FOQTSUN GÜNDƏLİYİ” ARANI QATDI

3266 25.02.2012 09:21 Media A A
Gündəlikdən parçalar işıq üzü görəndən sonra onun real olması barədə fikirlər yarandı. Bəziləri düşündü ki, həqiqətən Foqts yeniyetmə qızlar kimi gündəlik yazıb və bu, hansısa yolla gənc yazarın əlinə düşüb. Üstəlik, orada “İçəndə elə gülürlər ki, ağızları cəhənnəmə bənzəyir. Elə bil içmirlər, ölümə qafiyə axtarırlar” cümləsi də çoxunu duyuq salmadı. Çünki bu, daha çox Qismətin üslubu idi, Foqtsdan belə bir istedadlı bənzətmə gözləmək inandırıcı deyildi.
Q.Rüstəmov özü də təəccüb edir ki, çoxu onun bu yazısını real gündəlik kimi qəbul edib. O, “Yeni Müsavat”a dedi ki, sosial şəbəkədəki dostları da ona tez-tez bu barədə sual verir, dəqiqləşdirmə aparmağa çalışır: “Son bir neçə gündə bu yazının real gündəlik olduğunu düşünənlərin sayı daha çoxdur. Əslində bu, ədəbi priyom kimi düşünülmüş bir şey idi. Elementar bir məqamı deyim. Əgər həqiqi gündəlik olsaydı, onu öz imzam altında çap edərdimmi? Yazını məhz Foqtsu ”qəhrəman" seçərək yazmağımın da səbəbi var. Foqts dünyada tanınmış adamlardandır. Bir əcnəbinin gözü ilə Azərbaycan futboluna, insanlarına baxmaq maraqlı olardı. Bu eksperimentin belə yayılacağına inanmırdım. Maraq böyük oldu. Görünür, insanların içində bir maraq vardı. Başqalarının gözündən özlərinə baxmaq istəyirdilər".
Maraqlıdır, müəllif əsərin gizli qəhrəmanlarından, tutaq ki, AFFA rəhbərliyi, ya da məmurlardan hər hansı təpki alıbmı? Q,Rüstəmov dedi ki, ciddi təpki yoxdur: “Yazı konkret kimlərisə nəzərdə tutaraq yazılmayıb. Hədəf AFFA rəsmiləri və ya məmurlar deyil. Zarafatyana yazılmış yazıdır. Yuxarı instansiyaların reaksiya verməməsinə gəlincə, onlar ya bunu oxumayıb, ya da zarafat olduğunu anlayıb”.
Həmkarımız Foqtsun qəzəblənib onu məhkəməyə vermə ehtimalını istisna edir. Onun fikrincə, Foqts da bunu istedadlı bir adamı yumoru kimi qəbul etməlidir: “Bizdə bunun yumor olduğunu anlamayanlar var. Amma Foqts bunu yumor kimi qəbul etməsə, bu da başqa bir yumorun mövzusu ola bilər”.
Dünən günün sonunda isə məlum oldu ki, Foqts bəzi mətbu orqanları məhkəməyə verməyə hazırlaşır. Bunu affa.az saytına alman mütəxəssis özü deyib. Foqts adını çəkmədiyi mətbu orqanları onunla bağlı dezinformasiya yaymaqda suçlayıb: “Son günlər Azərbaycanın bəzi mətbuat orqanlarında şəxsiyyətimi təhqir etməyə yönəlmiş, həqiqətə uyğun olmayan məlumatlar yer alıb. Bununla əlaqədar artıq Almaniyadakı vəkilimlə əlaqə saxlamışam. Bildirirəm ki, haqqımda yayılan dezinformasiyalarla bağlı məsələ öz həllini hüquqi müstəvidə tapacaq”.
Q.Rüstəmov isə məhkəmə ilə bağlı dedi ki, bu xəbər onda gülüş doğurur, çünki onun müəllif yazısı olduğu altda qoyulan imzadan bəlli idi. “Məhkəməyə qədər anlaşma mümkündürmü” sualına cavabda isə o, bu barədə konkret qərar vermədiyini dedi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR