İnsanlara hürriyət, millətlərə istiqlal!

“TELEVİZİYALAR KOSA VƏ KEÇƏL OBRAZINI TƏHRİF EDİRLƏR”

20022 20.03.2009 07:41 Mədəniyyət A A
Azad Nəbiyevin sözlərinə görə, Kosa və Keçəl obrazları qışla yazın mübarizəsini əks etdirir: “Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır. Kosa ilə keçəlin məzhəkəsinin rəmzi bundan ibarətdir. Çox qədim mənbələrdə Novruz mərasimi ilə bağlı bu obrazlardan istifadə olunub. Onlar ta qədim zamanlarda açıq havada keçirilən meydan tamaşasını gözəlləşdiriblər. Bu personajlar barədə Hüseynqulu Sarabskinin ”Köhnə Bakı" əsərində yazılanlar Novruz ənənələrinin orijinal variantına yaxındır, onların oyunbazlığının geniş mətni həmin əsərdə əks olunub. Vaxtilə indiki “Azad qadın”ın heykəli, yerləşdiyi ərazi də daxil olmaqla, “beşmərətəbə”nin yaxınlığında böyük bazarlar olardı, həmin yerdə Novruz şənlikləri keçirilərdi. Sarabski də öz əsərində həmin bazar meydanında Bakının qədim bayram ənənələrindən bəhs edib. Keçəl burada oyunbaz rolundadır. Gözübağlıca, kəndirbaz oyunlarında da keçəlin rolu var. Bəzən Kosanı, Keçəli bu bayramda inkar edirlər, amma bu düzgün deyil. Keçəl bəzi tamaşalarda keçi adı ilə çıxış edir, amma bu şənlikdə keçi, keçəl, kosanın öz yeri var. Novruz Bayramında bu obrazlar təbiətin oyanış dövründə gülüş, səmimiyyət doğurur. Bəzən bu obrazlar adamları sətiraltı tənqid edir, ələ salıb, acıqlandırmaqla onların insanlıq üçün çatışmayan keyfiyyətlərini aşkar edir və belə  tənqid çatışmayan xüsusiyyətlərin bərpa olunması üçündür. İnsanlar arasında paxıllıq, xəbislik, ailədaxili münaqişələrin aradan qaldırılması, insanların münasibətə gəlməsi bu meydan tamaşalarında öz əksini tapır. Onların məzhəkələrində din xadimlərinin, qazilərin tənqidi də var ki, bu bayrama məxsus xüsusiyyətlərdən biridir".
Son vaxtlar Kosa və Keçəl obrazlarıyla bağlı təhriflərə yol verilməsini düzgün saymayan Azad Nəbiyevin fikrincə, bu improvizələr etik normaları pozur və zövqü korlayır: “Axır zamanlar keçirilən tamaşalara əlavələr olunur. Bəzən televiziyalarda Keçəlin, Kosanın dilindən elə ifdələr işlədilir ki, bunlara yol vermək olmaz, amma təəssüf ki, telekanallarda belə təhriflər olur. Sarabski mətnində Kosadan soruşulur, haradan gəlmisən, cavab verir ki, Dərbənddən, bir də soruşulur, nə almısan, deyir qax-qoz. Amma bunun ardına əlavələr olunur, guya onun fikrini bəzəməklə yenilik etmək istəyirlər, bu təhriflər isə estetik normaları pozur. Kosaya, Keçələ qız-gəlinin pay verməsi də qondarmadır. Ənənələrə görə, belə xüsusi bayramlarda, oyunu idarə edənlər oyunbazları mükafatlandırardı. Bundan başqa, bəzən məzhəkənin sonunda Kosa ölür, amma əslində belə deyil. Əslində Kosa torpağın rəmzidi, qışla yazın arasında nə qədər mübarizə getsə də, nəticədə Kosa-torpaq ölmür, dirilir, təbiət oyanır. Axı hər şeydən əvvəl bu şənlik əkinçilik bayramını əks etdirmək üçündür. Yazın gəlişiylə Kosa dirilir. Təbiətin gözəlliklərini göstərmək, torpağı əkmək-becərmək üçün bu oyunlar quraşdırılır və bununla da tamaşa gözəl sonluqla yekunlaşır”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR