İnsanlara hürriyət, millətlərə istiqlal!

Payızdan gedəndi... (FOTOLAR, REPORTAJ)

1154 30.10.2014 01:35 Mədəniyyət A A


Bir neçə ay bundan qabaq Azərbaycan respublikasının prezidentinin 2 may tarixli sərəncamına əsasən 90 illiyi dövlət səviyyəsində qeyd olunun xalq şairi, SSRİ Azərbaycanın himninin müəlliflərindən biri olan, şeirləri öz yerində, daim duzlu-məzəli əhvalatları ilə xatırlanan Hüseyn Arifin Ağstafa rayonunda yerləşən Ev Muzeyində olduq. Gəlişimizin məqsədini bildirəndə muzeyin işçi heyəti bizi gülər üzlə, şeirlə, sözlə qarşıladı.

Hüseyn Arif 1924-cü il iyulun 15-də sazın, sözün beşiyi Qazaxda anadan olub. 1951-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olan şair oranı bitirdikdən bir neçə il sonra Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri, "Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor, "Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifələrində işləyib. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilib. Hüseyn Arif 1992-ci ildə Bakıda vəfat edib.
***
Hər zaman öz orijinallığı ilə sevilib seçilən, böyük oxucu kütləsi tərəfindən maraqla oxunan şairin Azərbaycan ədəbiyyatı qarşısındakı fəaliyyətləri danılmazdır. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlayıb. Yaradıcılığının ilk illərindən “Hüseyn Hüseynzadə” imzasıyla yazan şair oğlu Arifin vaxtsız ölümündən sonra onun adını özünə təxəllüs götürüb. H.Arifin ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub.

1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Şeirlərinə onlarla musiqi bəstələnib. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olub.

***

Ölümündən sonra H.Arifin evi onun Ev Muzeyi kimi fəaliyyət göstərir. Son illər rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşşığı belə – olduğu kimi qorunub saxlanılır.

Muzeyin birinci otağının divarını şairin müxtəlif illərdə çəkdirdiyi şəkillər bəzəyir. Yan otaqlarda onun vaxtsız dünyasını dəyişən oğlu Arifin və özünün rəssamlar və xalçaçı rəssamlar tərəfindən işlənmiş portretləri, şairin oxuduğu və yazdığı kitabları, xarici ölkələrdə olarkən aldığı, hədiyyə qəbul elədiyi və ölümündən sonra muzeyə bağışlanan əşyalar mühafizə olunur. Bunlar arasında Türkiyədən gətirdiyi cürə saz, çox gümanki bir zamanlar özünün ifa elədiyi sədəfli sazlar, tar, tarixin müxtəlif dövrlərini özündə əks elətdirən küplər xüsusi diqqət çəkir.

Bizi ekspanatlarla yaxından tanış edən muzeyin elmi işçisi Hürü Namazovanın bildirdiyinə görə, muzeydə “Hüseyn Arif” ədəbi məclisi də fəaliyyət göstərir ki, şairin doğum günlərində, xüsusi günlərdə məclisin sədri, şair Saqif Qaratorpağın rəhbərliyi ilə tədbirlər keçirilir, şeirləşmələr olur. O, şairin 90 illiyi ilə bağlı yubiley tədbirlərinin keçirildiyini, rayon icra strukturunun nümayəndələrinin də həmin tədbirlərdə iştirak etdiyini diqqətimizə çatdırdı.

“Bu yaxınlarda Hüseyn Arifin 90 illiyi ilə bağlı Ağstafa rayon Yazıçılar Evində yubiley tədbiri baş tutdu. Tədbirdə şairlər, yazıçılar, ziyalılar, şəxsən rayon icra başçısı iştirak etdi. Bundan başqa biz, muzey əməkdaşları olaraq müxtəlif tədbirlər keçirdik; məktəblərdə, litseylərdə, muzeylərdə, musiqi məktəblərində, Aşıqlar Evində şairin xatirəsini yad elədik. Şairin adını daşıyan muzeyin özündə açıq qapı günləri keçirildi. Şairin adını uca tutub qapımızı açan insanlara təşəkkürümüzü bildiririk ki, onu unutmurlar, şeirə, sənətə, sənətkara bu qədər yüksək diqqət qayğı göstərirlər”.

P.S. Muzey əməkdaşları ilə sağollaşıb ayrılanda xalq yazıçısı İsmayıl Şıxlının şair Hüseyn Ariflə bağlı yazdığı duzlu-məzəli lətifələrindən biri yadıma düşdü.

Əhvalat təxminən belədi: Yaz qabağı İsmayıl Şıxlı şairin evinə qonaq gedir. Hallalaşıb ayrılanda Hüseyn qağa da onunla çıxır ki, arvad, indi ötürüb qayıdıram. İ.Şıxlı bir də payızda Hüseyn qağanın evinə zəng vurası olur ki, görsün, necədi? Xeyli vaxtdır itirib axtarmırmış. Şairin həyat yoldaşı telefonun o biri başından cavab  verir ki, ay qağa, Hüseyn nə gəzir? Yazdan gedəndi, hələ gəlib çıxmayıb”.

Qapı-bacaya baxdım. İş otağı, qələmi, kitabları, eynəyi, çay istəkanı, hər gün enib qalxdığı pilləkənlər, həyətdəki ağaclar, kölgəsində yatdığı tut ağacı darıxmışdı şair üçün. Kədərli səhnə idi. Özümdən asılı olmayaraq gülümsündüm. (Şair 1992-ci ilin payızında dünyasını dəyişib) “Payızdan gedəndi. Necə darıxmasın”, - dedim.

Hikmət Carçılı Orhun

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR