İnsanlara hürriyət, millətlərə istiqlal!

Elnurun qələbəsi, Flora Kərimovanın göz yaşları, Gövhər Həsənzadənin təqdiri...

13527 19.02.2015 17:42 Mədəniyyət A A

Azərbaycanı “Eurovision” mahnı yarışmasında ilk təmsil edənlərdən biri olan Elnur Hüseynov “O səs Türkiyə”nin qalibi oldu. Qalibiyyət xəbəri bu gecədən başlayaraq medianın, sosial şəbəkələrin əsas mövzusuna çevrildi. 

Elnurun qələbəsi təkcə ölkəmizdə deyil, Türkiyədə də böyük ajiotaj yaradıb. Qalibi tanınmış həmkarları sosial şəbəkədə təbrik edib, ona inandıqlarını yazıblar.

Türkiyənin böyük səhnəsində qələəb qazanan həmyerlimiz barəsində “Yeni Müsavat”ın əməkdaşna danışan xalq artisri Flora Kərimova göz yaşlarını saxlaya bilməyib:



 “Elnur bizə bəxş olunan istedadlı dəyərimizdir. Bu cür gəncləri dəyərləndirməyi bacarmalıyıq. Zamanında möhtəşəm səslər olan Elnurla Samiri unutduq. Niyə bu cür gənclərin itib-batmasına göz yumuruq? Niyə o cür performans, o aktyorluq yaddan çıxdı? Elnur niyə getməliydi başqa ölkəyə, başqa səhnədə nədən çıxış etməli idi? Ayıb olsun ki, biz bunu öz Azərbaycanımızda etmədik. Təsəvvür edirəm ki, Elnur o səhnədə uğur qazanmaq üçün hansı maddi və mənəvi əziyyətlər çəkib. Bəyəm asandır o cür səhnədə qalib gəlmək? Elnurun o səhnədən səsi gələndə, meydan oxuyanda təəccüb etdilər ki, bıy, bu bizimkidir və başladılar onu tərifləməyə. Utanmırıq biz? Səviyyəsi, daxili, mədəniyyəti olmayan bir kəsi qaldırıb dağ başına çıxardırlar və zorla da olsa onu tamaşaçılara qəbul etdirirlər. Biz axı niyə belə koruq?! Mən çox təəəsüf edirəm ki, bizim insanlar həmişə sənəti olanlara basqı edir. Bizimkilər ömründə heç vaxt istəməz ki, kimsə qabağa keçsin. Belələrinin təbiətinə çox təəccüb edirəm. Nə vaxt bu xasiyyətimizə tövbə edəcəyik?”

Flora Kərimova Elnurun səsini “qışqırıq” adlandıranlara belə cavab verdi: “Hər kəsə məlumdur ki, Elnuru bu gün nə qədər qaralayan var. Sual verirəm o kəslərə. Elnur kimin cibinə girdi, kimin çörəyini kəsdi, kimi varından, yoxundan etdi, o, kimə mane olur? Niyə bizə düşən alqışları biz ona etməməliyik? Bəsdirin, qurtarın bəd əməllərinizi! Niyə biz barmağımızı silkələyirik, amma əlimizi uzadıb qalibiyyəti alqışlaya bilmirik?  Bu gün cavanlarımızı qorxuda bilirk, amma onların bu cür qazancını görməzliyə vururuq. Hamımız ona dəstək olmalıyıq”.

Xalq artisti Elnurun səsini “fövqəladə səs” adlandırdı: “Elnur  başdan-ayağa istedaddır. Bunu qəbul etməyənlərin təbii ki, musiqi anlayışı yoxdur. Biz gərək gözə girən qonşularımızdan dərs götürək. O mənfur qonşular bizim mahnımıza, yeməyimizə, bir sözlə incəsənətimizə sahiblənəndə niyə hay çəkmirik? Niyə bağırmırıq?”.

“Dünyada bir azərbyacanlının qapısı açıldı sənət aləmində...”

 2008-ci ildə Eurovision mahnı müsabiqəsi üçün Elnurla  birgə çalışan tanınmış bəstəkar Gövhər Həsənzadə həmyerlimizin qalib olacağını gözləmədiyini bildirdi:


“Böyük qürur hissi keçirtdim. Mən, doğrudur, birinci yeri gözləmirdim, hardasa üçüncü yeri fikirləşirdim. Elnur və Samirin haqlarının sübutu üçün o qədər əziyyət çəkmişəm ki, düşündüm ki, bu uşaq yəqin orda da hardasa haqsızlğa uğraya bilər. Fikirləşirdim ki, birinci yeri ona verməzlər.  Bu səsvermə idi, yəni sms-lə olan bir yarışma idi, heç kim nəyisə sonradan sübut edə bilməzdi. Onun birinci yerə çıxmasının şahidi olanda üstümdən sanki böyük bir yük götürüldü. Və o zaman öz-özümə dedim-axır ki, Elnur doğrudan da layiq olduğu o alqışı təmtəraqı  əldə etdi, layiq olduğu sevgini, ilgini gördü . Mənim yeddi ildə etdiklərimi sübuta yetirirmiş kimi Elnur öz möhürünü vurdu. Yəni mənim dediklərim, tərif, özünü sübut, təsdiqləmək kimi deyil, həqiqət imiş. Dünyada bir azərbyacanlının qapısı açıldı sənət aləmində. Çox sevinirəm ki, Allah bu qapını Elnur üçün açdı.

Onun Türkiyədəki uğurunu öz adımla bağlaya bilmərəm. Çünki özü ora gedib və özünü təsdiq edib. Bu yolu o, öz qəlbinin səsini dinləyərək seçib. Bildirim ki, Elnur çıxdığı  səhnədə öz ifasına heç nə əlavə etdmədi. Sadəcə 2008-ci ildə etdiyi çıxışını davam etdirdi. Və ağıllı insanlar gələcəkdə Elnurun onlara nə verə biləcəyini hesablayaraq komandalarında üzv etdilər. Bu gün Elnurla iş görmək üçün başqa şirkətlərlə kontakt bağlayıb layihələrimizi həyata keçirəcəyik, bax bu məsələ məni çox kövrəldir, çünki həmin Elnurdur. 

Həmin Elnurdur ki, 2008-ci ildə  Azərbaycanı bundan da böyük səhnədə layiqli təmsil etmişdi. 7 ilddən sonra isə bunu sübut etmək üçün başqa ölkənin səhnəsi lazım oldu. Onun sənət anası kimi bildirirəm ki, çox istərdim ki, Elnur mənim, bizim yanımızda olsun. O sevgini burda yaşasın. Kaş ki, bu alqışlar, sevgi və ilgilər o zaman olaydı...”

Bəstəkar estradamızın Samir və Elnur kimi istedadlı ifaçılara böyük ehtiyacı olduğunu dedi:
“Samir və Elnur çox istedadlı insanlardır. Dünyaya çıxmaq üçün bu ifaçılar bizə mütləq lazımdır. Onlar bir zamanlar dünyaya çıxdılar və reaksiyanı da gördük. Bu illər ərzində mənim bu barədə dediklərimə görünür bir kimsə əhəmiyyət vermirdi...”

Qeyd edək ki, bu günlərdə bəstəkar “Yeni Müsavat”a açıqlamasında Elnurun çıxışlarından o qədər də razı qalmadığını bildirmişdi:

“Yaxşı ki, mən o səhnədə Elnurun yanında deyildim. Yəqin ki, onu xeyli tənqid edərdim. Çünki Elnur o səhnədə malik olduğu imkanların bəlkə də 30 faizini göstərir. Mən tanıdığım Elnurun imkanları xeyli genişdir. Təbiidir ki, 75 milyonluq əhali arasında bu səsin avazı daha uzaqlara gedib çıxa bilir.  Bizim hələ ki, o cür layihəni həyata keçirəcək gücümüz yoxdur. Buna görə də istedadlılarımızı yetərincə təqdim edə bilmirik.

Elnur o səhnədə ölkəmizi layiqincə qiymətləndirdi, biz buna sevinməliyik. Amma qarşılığında nə oldu? Bizimkilər başladılar onun ailəsi haqqında müzakirələr aparmağa, suallar yağdırdılar “niyə ora getdi, Hadisə kim idi ki, onun qarşısında çıxış etdi?” və.s. Bu gənc öz gücünə gedib ölkəmizi layiqincə təmsil edib dedi “mən azərbaycanlıyam”. Bu barədə danışmaq lazımdır. Onu baltalamaqdansa dəstəkləmək lazımdır. Biz niyə özümüzə gətirilən sevincə şərik çıxa bilmirik? Bunun mənbəyində sırf vətənpərvərlik durur. Vətənini sevən adam Azərbaycanın adına harda alqış gəldiyinə baxmayaq, həmin an böyük sevinc hissi keçirəcək”.

Qeyd edək ki, türkiyəli müğənni Ebru Gündeşin Elnurun qalibiyyəti ilə bağlı sosial şəbəkədə paylaşdığı statusa xoşagəlməz şərhlər yazılıb. Türkiyədə yaşayan azərbaycanlı model  Günay Musayeva olanlara hiddətini bildirib:

""O səs Türkiyə"nin çempionu Elnurdur və bizdən xoşbəxt gecə selfisi... Bütün türkiyə xalqına, həmçinin onu dəstəkləyən hər kəsə çox təşəkkür edirəm.. Sizin dəstəyiniz ilə bu gecə Elnur birinci oldu. Ötən gün mənim doğum günüm idi. Elnur bu gecə ən böyük hədiyyəni, nadir səsilə sən verdin mənə. Elnur, yolun açıq olsun! Necə oldu azərbaycanlı birinci oldu yazanların diqqətinə çatıdırım ki, biz hamımız türk millətiyik və qardaşıq. Bu insan da öz səsi və bacarığı ilə birinciliyi qazanıb. Təbrik edin. Əgər bu içinizdən gəlmirsə, etməyin və lazımsız şərhlər içinizdə saxlamağı öyrənin”.


Müğənni Nura Suri də Elnur Hüseynovun "O səs Türkiyə"dəki möhtəşəm qalibiyyəti ilə bağlı sosial şəbəkədə münasibətini bildirib: “Burada ən məşhur müğənnilər gedib Türkiyədə heç nə edə bilmir. Çünki ancaq burada məşhurdurlar və güclü səsləri yoxdur. Eyni mahnını gündə 10 dəfə səsləndirib hamının qulağına yeridirlər. Adlarını dedizdirə-dedizdirə populyarlaşırlar.  Reklam güclüdür. Milyonlar xərclədilər ki, Türkiyədə məşhur olsunlar, alınmadı. Niyə? Çünki Türkiyədə Ebru kimi güclü səsi olan müğənnilər var. Elnurun isə istedadını, səsini bəyənənlər az idi. Zövq korlanıb axı...Elnur, Samir Cavadzadə kimi güclü səslər, istedadlar qulaqlarına yad gəlir.

Elnur pulsuz, parasız getdi müsabiqəyə və ağzını açıb oxuyan kimi, zövqü formalaşmış türkiyə xalqı səsinə valeh oldu. Onu qalib etdilər! Hər dəfə çıxışında təriflədilər, qiymət verdilər və milyon da qazandıracaqlar. Albom da çıxaracaqlar, konsertlər də edəcəklər və daha nələr-nələr... Nə day-dayı var idi, nə də sponsoru. Öz səsinin gücünə qazandı”.
Xatırladaq ki, xalq artisti Azər Zeynalov ifaçı haqda “Yeni Müsavat” a bildirmişdi ki, Elnurun mikst səs diapozonuna nadir hallarda rast gəlinir:

“Elnurun çox gözəl səhnə mədəniyyəti, qəlbi fəth edən səs tembri, geniş səs diapazonu var. Bu cür diapazonlu ifaçı çox az hallarda olur”.


Elnur Hüseynov 1987-ci ildə Aşqabadda hərbçi ailəsində doğulub. Anası isə musiqi nəzəriyyəçisidir. Hələ beş yaşı olarkən konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olaraq fortepiano sinfində üzrə təhsil alır. O, 1999-cu ildə Bakıya gələrək Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olunur. Lakin bir ildən sonra təhsilini yarımçıq qoyaraq yaradıcılığının arxasınca gedir. 

Beləliklə, Asəf Zeynallı adına musiqi məktəbinə üz tutur. Təhsil aldığı müddətdə eyni zamanda istedadı sayəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışır. O, stilist-bərbər peşəsini də öyrənir.

2003-cü ildə Lider TV telekanalında yeni musiqi layihəsi olan “Sing Your Song” yarışması reallaşır. Elnur Hüseynov bu yarışmada ən yüksək pilləni qazanaraq Qran-Pri mükafatına layiq görülür. Bu hadisə gənc ifaçının yaradıcılığında gələcək uğurlara təkan verir. İfaçı ölkəmizin professional, tanınmış vokalistlərindən olan Sevda Məmmədova, Fidan Hacıyevadan dərslər alır. Qarşıdakı illərdə “Prestij” qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış “Bəsdir” mahnısını yazdıraraq klip çəkdirir. 
 
2008-ci ildə Azərbaycan ilk dəfə olaraq “Eurovision” mahnı müsabiqəsində iştirak edir. Təmsilçiləri Samir Cavadzadə və Elnur Hüseynov olur. Onlar duet şəklində “Day After Day” mahnısını oxuyurlar. Təmsilçilərimizi 132 balla 8-ci olurlar. Mahnı bir çox xarici ölkələrdə rəğbətlə qarşılanıb.

Lakin gənc ifaçı haqqında gəzən söz-söhbətlərdən inciyərək bir müddət efirlərdən uzaqlaşır. 2011-ci ildə “Avroviziya” müsabiqəsinə yenidən qoşulur, lakin yarımfinal iştirakından imtina edir. Buna baxmayaraq yaradıcılığını davam etdirir, həmkarları Diana Hacıyeva, İsfar Sarabski ilə birgə yeni mahnılar üzərində işləyir.

O, 2014-cü ildən Türkiyənin “TV 8” kanalında nümayiş olunan “O ses Türkiye” layihəsinə qatılıb. Ötən gün isə yarışmanın birincisi olub.

Xalidə Gəray

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR